30 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rauf Tağıyev: “İşğaldan azad edilmiş bölgələrdə KOB dostlarının fəaliyyətə başlaması nəzərdə tutulur” MÜSAHİBƏ

Sahibkarlara yerində dəstək və xidmətlər göstərən mexanizmlərdən biri də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB dostu şəbəkəsidir. Hazırda ölkənin 40-dan çox şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları, yerlərdə nümayəndələri olmaqla, sahibkarlara və biznes fəaliyyətinə başlamaq istəyənlərə çevik dəstək göstərir. Mövzu ilə bağlı “vergiler.az”ın suallarını KOBİA-nın KOB dostu departamentinin müdir müavini Rauf Tağıyev cavablandırıb. 

- KOB dostu kimdir və əsas fəaliyyəti nədən ibarətdir?

- Mikro, kiçik və orta biznesin inkişafına dəstək olmaqla KOBİA KOB subyektlərinin ölkə iqtisadiyyatında rolunu, o cümlədən məşğulluqda və ixracda payını artırmağı, rəqabət qabiliyyətini gücləndirməyi hədəfləyir. Bu istiqamətdə Agentlik KOB-ların bilik və bacarıqlarının artırılmasına, maliyyə resurslarına və bazarlara çıxışına, qanuni maraqlarının müdafiəsinə dəstək göstərir, xidmət səviyyəsinin yaxşılaşdırılmasında yaxından iştirak edir. Qeyd olunan məqsədlərə çatmaq üçün ölkənin şəhər və rayonlarında KOB inkişaf mərkəzləri, KOB evləri və KOB dostu ofisləri kimi geniş infrastruktur şəbəkəsi fəaliyyət göstərir. Onların sırasında dövlət-sahibkar əməkdaşlığına öz töhfəsini verən KOB dostu şəbəkəsi xüsusilə qeyd edilməldir. KOB dostu şəbəkəsi hazırda ölkənin 40-dan çox şəhər və rayonunu əhatə edir.

KOB dostları fəaliyyət göstərdiyi bölgədə yeni mikro, kiçik və orta sahibkarlıq subyektlərinin yaradılmasına, mövcud biznesin inkişafına, sahibkarların investisiya təşəbbüslərinin reallaşdırılmasına dəstək olur, yerlərdə potensial investisiya layihələrinin KOB-lar vasitəsilə həyata keçirilməsini təşviq edir. Sahibkarların qanuni maraqlarının qorunması və problemlərinin həllinə dəstək olmaq, bu sahədə yeniliklər, mövcud dövlət dəstəyi mexanizmləri, o cümlədən KOBİA-nın xidmətləri barədə maarifləndirmə-məlumatlandırma işləri aparmaq və onlardan yararlanmağa kömək etmək, KOB-ları dövlət və özəl qurumlarla əlaqələndirmək də KOB dostlarının fəaliyyətləri sırasındadır. Bu fəaliyyətin daha bir mühüm istiqaməti sorğu və monitorinqlərin keçirilməsidir. Sahibkarlarla sıx əlaqədə olan KOB dostları, həmçinin, səyyar xidmətlər də göstərir, onların inkişaf ehtiyaclarını sorğular və digər vasitələrlə öyrənir.

KOB dostları fəaliyyət göstərdiyi bölgədə yeni mikro, kiçik və orta
sahibkarlıq subyektlərinin yaradılmasına, mövcud biznesin inkişafına,
sahibkarların investisiya təşəbbüslərinin reallaşdırılmasına dəstək olur

- KOB dostu şəbəkəsinin əhatə dairəsinin daha da genişləndirilməsi üçün hansı tədbirlər nəzərdə tutulur?

- İlk KOB dostu ofisinin 2019-cu ildə Masallı rayonunda fəaliyyətə başladığı tarixdən bugünədək KOB dostu şəbəkəsi genişlənərək ölkənin əksər iqtisadi regionlarını əhatə edib. Hazırda Bakı, Sumqayıt, Gəncə, Yevlax, Mingəçevir, Ağdam, Zəngilan və s. kimi 44 şəhər və rayonda 46 KOB dostu ofisi fəaliyyət göstərir. KOB dostu şəbəkəsinin genişləndirilməsi tədbirləri davamlı xarakter daşıyır. Məsələn, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə kiçik və orta biznesə yönəlik zəruri dəstəyin və xidmətlərin göstərilməsi məqsədilə Zəngilan rayonunun Ağalı kəndində yerləşən Dövlət Xidmətləri Mərkəzində KOB dostu pəncərəsi fəaliyyətə başlayıb. Yeri gəlmişkən, KOB dostları arasında Vətən müharibəsinin iştirakçıları da var. 2023-cü ilin aprel ayından isə Naxçıvan Muxtar Respublikasında KOB dostları fəaliyyətə başlayıb. Ümumiyyətlə, fəaliyyətdə olan KOB dostları yalnız həmin rayon və ya şəhərə deyil, həmçinin ətraf bölgələrdə fəaliyyət göstərən sahibkarlara da xidmət göstərir.

Qarşıdakı dövrdə digər şəhər və rayonlarda, o cümlədən işğaldan azad edilmiş bölgələrdə, Qayıdış planına uyğun olaraq, KOB dostlarının fəaliyyətə başlaması nəzərdə tutulur. İnanırıq ki, KOB dostu şəbəkəsinin genişlənməsi yeni sahibkarlıq subyektlərinin yaranmasına, mövcud KOB-ların inkişafına, eləcə də sahibkarlığa dövlətin mövcud dəstəyi alətləri barədə məlumatlandırma işinə öz töhfəsini verəcək.

KOB dostu şəbəkəsinin genişlənməsi yeni sahibkarlıq subyektlərinin
yaranmasına, mövcud KOB-ların inkişafına öz töhfəsini verəcək

- KOB dostları yeni KOB-ların yaranmasına necə dəstək göstərir?

- Sahibkarlıq fəaliyyətinə başlamazdan əvvəl bu sahədə müvafiq araşdırmaların aparılması, bunun əsasında ilkin qərarların verilməsi və məqsədlərin təyin edilməsi, habelə bu məqsədlərə nail olmaq üçün müvafiq planın tərtib olunması dayanıqlı biznes fəaliyyətinin əsasını təşkil edir. KOB-ların müvafiq fəaliyyət sahəsinə uyğun olaraq ehtiyac duyulan zəruri vasitələr, onları əldə etmək üçün lazımi maliyyə vəsaiti və müvafiq ixtisasa malik işçi qüvvəsi barədə məlumatlı olması zəruridir. Həmçinin, KOB-ların təklif edəcəyi məhsul və xidmətin potensial müştəriləri haqqında məlumatlı olması, onları tanıması, oxşar məhsul və xidmət təklif edən rəqib sahibkarları analiz etməsi və əldə etdiyi məlumatlar əsasında öncədən müvafiq qərarlar verməsi onlara rəqibləri qarşısında bir sıra üstünlüklər verir. Müşahidələrimiz onu deməyə əsas verir ki, qeyd olunan məqamlar bir sıra KOB-lar tərəfindən əksər hallarda məlumatsızlıq, maliyyə çatışmazlığı və digər səbəblərdən nəzərə alınmır. Belə olan halda, KOB dostlarının göstərdiyi çoxsayılı ödənişsiz xidmətlər potensial sahibkarların işini daha da asanlaşdırmaqla biznes fəaliyyətinin qurulmasında əhəmiyyətli rol oynayır. KOB dostları yeni KOB-ların yaranması məqsədilə onları dəstək mexanizmləri barədə məlumatlandırır, bilik və bacarıqlarının artırılması üçün təlimlərə cəlb edir, eyni zamanda hüquqi prosedurların izah edilməsi, müvafiq sənədlərin hazırlanması və icazələrin alınması istiqamətində ödənişsiz hüquqi yardım və məsləhət xidmətləri göstərir. KOB dostu şəbəkəsi vasitəsilə indiyədək bir sıra önəmli layihələr və tədbirlər, ümumilikdə 40-dan çox layihə həyata keçirilib.

- KOB dostları dövlət-sahibkar əməkdaşlığı platformasının aktiv iştirakçısı olaraq, bu istiqamət üzrə fəaliyyətini necə təşkil edir?

- KOB dostu şəbəkəsi tərəfindən mütəmadi olaraq sahibkarlar arasında əlaqələrin qurulması, biznes subyektlərinin üzləşdiyi çətinliklərin və təkliflərin dinlənilməsi, müzakirələrin aparılması məqsədilə aidiyyəti dövlət qurumlarının və sahibkarlıq subyektlərinin iştirakı ilə görüşlər keçirilir. Ötən dövr ərzində müvafiq icra və yerli orqanların iştirakı ilə, Bakı və regionları əhatə etməklə, kənd təsərrüfatı, maliyyə, vergi, idxal-ixrac, qadın sahibkarlığına dəstək, turizm və digər istiqamətlər üzrə əyani və onlayn formatda 15.000-dən çox sahibkarın iştirakı ilə 400-dən çox sahəvi və maarifləndirmə görüşləri təşkil edilib. Görüşlər zamanı sahibkarları maraqlandıran suallar yerindəcə cavablandırılır, əlavə araşdırma tələb edən müraciətlər və səsləndirilmiş təkliflər müvafiq qurumların diqqətinə çatdırılır və ya əlaqələndirilir.

KOB-ların təklif edəcəyi məhsul və xidmətin potensial müştəriləri haqqında
məlumatlı olması, onları tanıması, oxşar məhsul və xidmət təklif edən
rəqib sahibkarları analiz etməsi və əldə etdiyi məlumatlar əsasında öncədən
müvafiq qərarlar verməsi onlara rəqibləri qarşısında bir sıra üstünlüklər verir

- Qeyd etdiniz ki, KOB dostları sahibkarların inkişaf ehtiyaclarını sorğular və digər vasitələrlə öyrənir. Bu sorğuların nəticələrindən hansı məqsədlər üçün istifadə edilir?

- Sorğuların keçirilməsində əsas məqsəd sahibkarların üzləşdikləri çətinlikləri, ehtiyaclarını və inkişaf meyillərini öyrənmək, biznes mühitinin daha da yaxşılaşdırılması üçün müvafiq təkliflər hazırlayaraq aidiyyəti üzrə təqdim etməkdir. Bu sorğular müxtəlif vasitələrdən istifadə etməklə, o cümlədən peşəkar şirkətlər və KOB dostlarının iştirakı ilə aparılır. Ötən dövr ərzində sahibkarlıq suyektlərinin təlim və ixtisaslı kadr ehtiyaclarının, habelə İKT-yə olan tələbatının müəyyən edilməsi, idxal-ixrac əməliyyatları zamanı çətinliklərinin öyrənilməsi, pandemiya və post-pandemiya dövründə ölkədə biznes mühitinin, həmçinin korporativ idarəetmənin qiymətləndirilməsi, ənənəvi qida məhsullarının təşviqinin və marketinqinin inkişafı, klasterləşmə imkanlarının araşdırılması və digər istiqamətlər üzrə KOB dostu şəbəkəsi vasitəsilə əyani və onlayn şəkildə ölkə üzrə bir çox sorğular keçirilib. Bu sorğuların nəticələri aidiyyəti üzrə təqdim edilib.

- Sorğuların nəticələri sahibkarların ehtiyaclarının daha çox nə ilə bağlı olduğunu göstərir?

- Aparılan sorğuların nəticələrinə əsasən, sahibkarların dəstək mexanizmləri, tətbiq edilən güzəştlər və hüquqi prosedurlar barədə maarifləndirilməsinə, innovasiyaların və rəqəmsal həllərin tətbiqi barədə məlumatlılıq səviyyəsinin artırılmasına, habelə müasir trendlərdən xəbərdar olan və çalışdığı sahə üzrə bilik və bacarıqlara malik mütəxəssislərə ehtiyacın ön sıralarda qərarlaşdığını qeyd edə bilərik. Bununla yanaşı, sorğularda iştirak edən sahibkarlar kreditlər üzrə faiz dərəcələrinin yüksək olduğunu, xüsusilə regionlarda kreditləşmə üçün girov təminatının onların maliyyələşdirilməsində çətinlik yaratdığını bildirirlər…

İlhamə İSABALAYEVA

VergiYerli investisiyalı MMC-nin dövlət qeydiyyatı necə aparılır? VergiMənzil alarkən ƏDV-nin bir hissəsi hansı qaydada geri qaytarılır? VergiGəlir vergisi ödəyicisi olan fiziki şəxs mükəlləfiyyətini dəyişə bilərmi? VergiFiziki şəxs öz istifadəsi üçün ət idxalı zamanı ödədiyi ƏDV-ni əvəzləşdirə bilərmi? VergiDividendlərə tətbiq edilən vergi güzəşti ilkin emissiyadan sonra öz aralarında alğı-satqı edən fiziki şəxslərə aiddirmi? VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli?