6 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sübhan Şirinov: "Sığorta hadisəsi haqda məlumatın verilməməsi fermeri qanuni ödənişlərdən məhrum edir" MÜSAHİBƏ

Qanunvericiliyə əsasən, aqrar sığorta üzrə təsərrüfatlara və fermerlərə təminat verilən risklərdən biri də üçüncü şəxslərin hərəkətləridir. Bəs bu şəxslər kimlərdir? Onlar təsərrüfatlara hansı formada zərər vura bilərlər və həmin zərərə görə ödənişlər necə həyata keçirilməlidir? “vergiler.az”ın bu və digər suallarını Aqrar Sığorta Fondunun Hüquqi təminat şöbəsinin əməkdaşı Sübhan Şirinov cavablandırır.

- Sübhan müəllim, sığortada üçüncü şəxs dedikdə, kim nəzərdə tutulur?

- Ümumiyyətlə, “Aqrar sığorta haqqında” Qanuna, eyni zamanda Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta qaydaları”na əsasən, üçüncü şəxslərin hərəkəti dedikdə - aqrar sığortalının, sadə desək, fermerin özü və ailə üzvləri istisna olmaqla, digər şəxslərin hərəkət və ya hərəkətsizliyi nəticəsində dəyən zərərlər başa düşülür. Ailə üzvləri - valideynlər, uşaqlar, həyat yoldaşıdır. Yəni, fermerin özü və ya bu şəxslərdən başqa, qalan hər kəs 3-cü şəxs sayılır və onun təsərrüfata vurduğu zərər qarşılanır. Qeyd edim ki, üçüncü şəxs dedikdə yalnız fiziki şəxs deyil, hüquqi şəxs də nəzərdə tutulur. Bu, şirkət, müəssisə və təşkilatlar, hətta bəzi dövlət qurumları da ola bilər.

- Bəs üçüncü şəxsin hərəkəti nə deməkdir və onlar təsərrüfata hansı zərərlər vura bilərlər?

- Üçüncü şəxslərin hərəkətləri, əslində, çoxsaylı halları əhatə edir, bu, özünü həm hərəkət, həm də hərəkətsizlik formasında göstərə bilər. Məsələn, əkin sahəsinə heyvanların və ya nəqliyyat vasitələrinin daxil olması ilə ziyan vurma, bilərəkdən suyun verilməməsi, yaxud qrafik üzrə verilməməsi kimi hallar var. Hətta abadlıq işləri aparan təşkilatın əkin sahəsinə daxil olaraq vurduğu zərər də üçüncü şəxsin hərəkəti kimi qiymətləndirilir. Məsələn, müəyyən qurum əkin sahəsinin yanında iş görür, bu zaman traktor və ya yük maşını əkin sahəsindən keçirsə, sahəyə ziyan vura bilər. Eləcə də ağacların kəsilməsi, tinglərin və meyvə-tərəvəzin oğurlanması da bu kateqoriyaya aiddir.

Üçüncü şəxs dedikdə yalnız fiziki şəxs deyil, hüquqi şəxs də nəzərdə tutulur.
Bu, şirkət, müəssisə və təşkilatlar, hətta bəzi dövlət qurumları da ola bilər

- Üçüncü şəxsin vurduğu zərərin qeydə alınması üçün onu hansısa qurum təsdiq etməlidirmi?

- Bəli, üçüncü şəxslərin hərəkətlərinin sığorta hadisəsi sayılması üçün onu müvafiq səlahiyyətli dövlət orqanı təsdiq etməlidir. Məsələn, oğurluq halı varsa, polisdən sənəd verilə bilər ki, oğurluq hadisəsi baş verib. Yol çəkilişi zamanı traktor bilmədən əkin sahəsindən keçərək ona ziyan vurursa, səlahiyyətli dövlət orqanı - Avtomobil Yolları Dövlət Agentliyi təsdiq edə bilər ki, həqiqətən də burada yol çəkilişi həyata keçirilib. Bununla yanaşı, həmin hadisə barədə inzibati ərazi dairəsinin nümayəndəliyi, icra hakimiyyəti, icra nümayəndəliyi, bələdiyyənin ərazisi olduqda isə bələdiyyə təsdiq edə bilər. Bundan başqa, qonşunun heyvanlarının əkin sahəsinə zərər vurması da üçüncü şəxsin hərəkəti sayılır. Bu zaman sığorta hadisəsi kimi zərərçəkən tərəfə sığorta ödənişi edilir.

Onu da qeyd etmək lazımdır ki, vurulan zərər bilərəkdən və ya bilməyərəkdən olduğu halda belə, bu, müvafiq məsuliyyətə səbəb ola bilər.

- Üçüncü şəxsin hərəkətləri nəticəsində sığorta hadisəsi baş verdiyi halda ödəniş prosesi necə aparılır?

- İstənilən sığorta hadisəsi barədə sığortalı, yəni fermer Aqrar Sığorta Fonduna və müştərək sığorta şirkətinə məlumat verir. Bundan sonra müstəqil ekspertlər təyin olunur və onlar yerindəcə baxış keçirərək dəyən ziyanı müəyyən edir, hesablayır və digər zəruri sənədləri toplayır. Sənədlər təqdim olunduqdan sonra müəyyən edilsə ki, həqiqətən də baş verən sığorta hadisəsidir, fermerə müvafiq ödəniş edilir. Zərərin ödənilməsi ilə bağlı müvafiq sənədlər tam qaydasında toplandıqdan sonra 7 iş günündə sığorta ödənişi həyata keçirilir.

Qaydalara görə, üçüncü şəxsin hərəkətləri nəticəsində dəyən ziyana görə fermerə ödəniş edildikdən sonra Fond sığorta ödənişini üçüncü şəxsdən məhkəmə qaydası ilə tələb edə bilər. Gördüyünüz kimi, artıq bu məhkəmə mübahisəsinin fermerə aidiyyəti olmur, o, Fonddan ödənişini alıb öz fəaliyyətinə davam edir. Aqrar sığortanın üstünlüklərindən biri də odur ki, fermerə dəyən zərəri qarşılamaqla onu məhkəmə prosesindən də azad edir.

Abadlıq işləri aparan təşkilatın əkin sahəsinə daxil olaraq
vurduğu zərər də üçüncü şəxsin hərəkəti kimi qiymətləndirilir

- Sübhan müəllim, indiyədək Aqrar Sığorta Fondu tərəfindən üçüncü şəxsin hərəkətlərinə görə nə qədər ödəniş edilib?

- İndiyədək üçüncü şəxsin hərəkətləri ilə bağlı çoxsaylı ödənişlərimiz olub və davam etməkdədir. Bərdə, Tərtər, Kürdəmir, Hacıqabul və sair rayonlar üzrə ödənişlər edilib. Məbləğlər fərqlidir, burada 1800 manatdan 5000 manatadək ödənişlər həyata keçirilib. Məsələn, Kürdəmirdə üçüncü şəxsin hərəkəti üzrə arpa sahəsinə dəyən zərərə görə hesablamalardan sonra fermerə 1900 manat həcmində sığorta ödənişi verilib. Hacıqabulda 3 hektar arpa sahəsi üzrə bir fermerə 3118 manat, başqa bir fermerə isə 2000 manatlıq ödəniş edilib. Ərazidən və vurulmuş ziyanın həcmindən asılı olaraq, fərqli ödənişlər həyata keçirilib.

- Sadaladığınız hadisələr zamanı fermerlərə ən çox hansı formada zərər vurulub?

- Ən çox rast gəlinən belə hadisələr sudan istifadə ilə bağlıdır. Yəni, suyun vaxtında və ya qrafik üzrə verilməməsi, heyvanların nəzarətsiz buraxılması nəticəsində əkin sahələrinə daxil olması halları olub. Hətta belə bir hadisə də olmuşdu - qeyri-sabit hava şəraiti nəticəsində kəndin körpüsü uçmuş və yol kimi əkin sahəsindən istifadə edilmişdi. Nəticədə həmin əkin sahəsinin sahibinə dəyən zərərə görə ödəniş həyata keçirilmişdi.

Lakin burada suvarma ilə bağlı bir vacib məqama aydınlıq gətirmək lazımdır. İlk növbədə, fermer sudan istifadə birlikləri ilə müqavilə bağlamalıdır. Bu müqavilənin forması Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənib. Həmin müqaviləyə uyğun olaraq, əraziyə qrafik üzrə su verilməlidir. Göründüyü kimi, burada fermerin özünün məsuliyyəti var ki, ilk növbədə, sudan istifadə haqqında müqavilə bağlasın. Bundan sonra isə əgər suvarmadan asılı olaraq hadisə baş verərsə, burada məsuliyyət fermerin deyil, üçüncü şəxsin üzərinə düşür.

Sahibkarlar bu sahədə maariflənmədən çəkinməməli,
üçüncü şəxsin zərərinə məruz qaldıqda qarşılaşdıqları
hadisə ilə bağlı dərhal Fonda məlumat verməlidirlər

- Bəzi hallarda fermer ona zərər vuran şəxsin kimliyindən xəbərsiz olur. Bu zaman hadisə üçüncü şəxsin hərəkəti kimi sayılır, yoxsa hökmən həmin şəxsin kimliyi məlum olmalıdır?

- Həmin şəxsin bilinməsi vacib deyil, faktın təsdiqlənməsi kifayət edir ki, ödəniş həyata keçirilsin. Məsələn, fermer əkin sahəsinə gəlib görür ki, əraziyə kənd təsərrüfatı heyvanları tərəfindən zərər vurulub, lakin o, həmin heyvanın sahibinin kim olduğunu bilmir. Amma buna baxmayaraq, yenə də 3-cü şəxsin hərəkəti olaraq fermerə ödəniş edilir. Bundan başqa, qəsdən və ya ehtiyatsızlıqdan baş verməsindən asılı olmayaraq, burada qarşı tərəfin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi var və bu öhdəliyi yerinə yetirməlidir. Əgər öhdəlik yerinə yetirilmirsə, demək, həmin əkin sahəsinə ziyan vurulub və ödəniş edilir.

- Son olaraq, sığorta hadisələri ilə bağlı fermerlərə nə tövsiyə edərdiniz?

- Bəzən məlumatsızlıq ucbatından bu kimi hadisələr baş verərkən fermerlər Aqrar Sığorta Fondunu xəbərdar etmirlər, nəticədə isə qanuni ödənişdən məhrum olurlar. Bu baxımdan, əsas tövsiyəmiz odur ki, sahibkarlar bu sahədə maariflənmədən çəkinməməli, üçüncü şəxsin zərərinə məruz qaldıqda qarşılaşdıqları hadisə ilə bağlı dərhal Fonda məlumat verməlidirlər ki, hadisə sistemdə qeydə alınsın və bundan sonra zəruri prosedurlar həyata keçirilsin.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?