7 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ramiz İsayev: “Tikinti şirkətlərimiz azad edilmiş ərazilərdə 300-dən çox kənd və qəsəbənin qurulmasında iştirak edir” MÜSAHİBƏ

Bu gün ölkədə iqtisadiyyatın dayanıqlığının güclənməsində xüsusi paya malik olan tikinti sektoru həyata keçirilən əhəmiyyətli tədbirlər sayəsində özünün dinamik inkişafını qoruyub saxlaya bilir. Bu sektorun inkişafı istiqamətində atılan addımlar sayəsində tikinti sektoru Azərbaycanda investisiyaların daha çox yatırıldığı sahələrdən birinə çevrilib. Son illər ərzində yeni yaşayış binalarının tikilməsi ilə mənzil fondunun genişləndirilməsi, yeni obyektlərin istismara verilməsi ölkəmizdə daşınmaz əmlak bazarının inkişafı üçün münbit şəraitin formalaşdığını bir daha sübut edir.

“Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası” (ATİA) Kommersiya Hüquqi Şəxslərinin İttifaqı İdarə Heyətinin sədri Ramiz İsayev tikinti bazarındakı vəziyyətlə bağlı “vergiler.az”a müsahibə verib.

- Azərbaycanda tikinti sektoru son illərdə ən çox inkişaf etmiş sahələrdən biridir. Bu baxımdan ölkənin tikinti sektorundakı hazırkı vəziyyəti necə qiymətləndirirsiniz? Hansı problemlərin həllinə nail olunub?

- Ölkəmizdə son 10 il ərzində istehsal və sosial infrastruktur sahələrinin, eləcə də yaşayış binalarının tikintisi sürətlə davam etdirilib. Tikinti sektorunun real həcmində hər il orta hesabla 5,1 faiz artım qeydə alınıb, sahə üzrə yerinə yetirilən işlərin ümumi həcminin 35 faizə qədəri yaşayış və qeyri-yaşayış binalarının tikintisinin payına düşüb.

Tikinti sektoru subyektlərinin ödədikləri vergilərlə bağlı
son dövrlər Vergi Məcəlləsinə mühüm dəyişikliklər edilib ki, bu da
sektor iştirakçılarının fəaliyyətinin daha da genişlənməsinə kömək edib.

Çoxmənzilli binaların istismarına icazələrin verilməsi və tikintidə təhlükəsizliyə nəzarət mexanizmi sadələşdirilib. Çoxmənzilli binaların kommunal sistemlərə qoşulması və təchizatı təkmilləşdirilib, bu sahədə tələb olunan vaxt, prosedurlar və xərclər əhəmiyyətli şəkildə azaldılıb. Tikinti sektoru subyektlərinin ödədikləri vergilərlə bağlı son dövrlər Vergi Məcəlləsinə mühüm dəyişikliklər edilib ki, bu da sektor iştirakçılarının fəaliyyətinin daha da genişlənməsinə kömək edib.

- Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasında necə tikinti şirkəti cəmlənib və assosiasiya bu şirkətlərin fəaliyyətinə hansı formada dəstək olur?

- Tikinti sektorunu özündə birləşdirməyi qarşısına hədəf qoyan Assosiasiya üzv təşkilatların maraqlarını qoruyan, onları zəruri məlumat və xidmətlərlə təmin edən, tikinti sektorunun inkişafına xidmət edən, təcrübə, ideya və təşəbbüslərin müzakirə edildiyi bir platformadır. Nəzərinizə çatdırmaq istəyirəm ki, İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə yaradılan “Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası” (ATİA) Kommersiya Hüquqi Şəxslərinin İttifaqı təsis edildiyi gündən bu günədək dövlət və özəl sektor arasında körpü rolunda çıxış edib, tikinti sektorunda fəaliyyət göstərən subyektlərin problemləri və təklifləri ilə bağlı dövlət orqanları ilə mütəmadi görüşlər və tədbirlər keçirib və bu prosesi davam etdirməkdədir. Belə ki, Assosiasiya olaraq tikinti sektorunun nümayəndələrinin təklif və iradlarını daim dövlət orqanlarına çatdırır və bu məqsədlə bu günədək Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, KOBİA, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, Fövqəladə Hallar Nazirliyinin müvafiq struktur bölmələri, Azərbaycan Standartlaşdırma İnstitutu, İqtisadiyyat Nazirliyi yanında İctimai Şura, eləcə də Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Mediasiya Şurası, Sosial Tədqiqatlar Mərkəzi və digər qurumlarla müntəzəm görüşlər keçirir və əməkdaşlıq edirik. Görüşlərin və keçirilən tədbirlərin nəticəsi olaraq bir sıra qurumlarla əməkdaşlıq müqavilələri imzalanıb və görüşlərin müntəzəm keçirilməsi qərara alınıb. Hazırda Assosiasiya olaraq Azərbaycan Banklar Assosiasiyası ilə tikinti sektorunun kreditləşdirilməsi, Sosial Tədqiqatlar Mərkəzi ilə birgə isə tikintidə vahid müqavilə formasının tətbiqi üzərində işləyir və bu sahəyə də yeniliklər gətirmək istəyirik. Hazırda Assosiasiyaya üzv olan şirkətlərin sayı 70-dir və gələn ilədək bu sayı 100-ə çatdırmaq niyyətindəyik.

- Azərbaycanın tikinti şirkətləri beynəlxalq tikinti bazarlarına daxil ola biliblərmi? Onların beynəlxalq tikinti bazarındakı fəaliyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycanda fəaliyyət göstərən tikinti şirkətlərinin peşəkarlığı və yüksək kvalifikasiyası beynəlxalq bazarda, o cümlədən Mərkəzi Asiya, Şərqi Avropa, Cənubi Qafqazda müəyyən layihələr həyata keçirməyə imkan verir və bu fəaliyyət yüksək qiymətləndirilir. Lakin beynəlxalq bazarlarda fəaliyyət göstərən yerli tikinti şirkətlərinin sayı kifayət qədər deyil. Bu baxımdan “Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası”nın qarşısında duran əsas hədəflərdən biri tikinti şirkətlərimizin mövcud potensialını xarici bazarda daha da artırmaqdır. Bu istiqamətdə gördüyümüz işlərdən biri Moskvada Mərkəzi Asiya ölkələri, eyni zamanda Çin, Türkiyə və bir çox ölkələrin inşaat assosiasiyaları ilə birgə təşkil olunan konfransda “Beynəlxalq Tikinti Assosiasiyaları Konqresi”nin yaradılması ilə bağlı ilkin anlaşma memorandumu imzalamaqdır. Bu əməkdaşlıq tikinti şirkətlərimizin xarici bazara çıxışına genişmiqyaslı zəmin yaradacaq.

- Bu gün özəl sektorun ən çox investisiya yatırdığı sahələrdən biri də məhz tikinti sektorudur. Özəl sektor tərəfindən bu sahəyə indiyədək hansı həcmdə investisiya yatırılıb? Ötən illər ərzində bu sahədə vəziyyət necə dəyişib?

- Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-avqust aylarında əsas kapitala 10864,8 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,4% çox vəsait yönəldilib. Qeyd edək ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 12,2%, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 17,1% artıb. İstifadə olunmuş vəsaitin 6199,6 milyon manatı və ya 57,1%-i məhsul istehsalı sahələrinə, 4116,1 milyon manatı (37,9%-i) xidmət sahələrinə, 549,1 milyon manatı (5%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 8336,5 milyon manatını və ya 76,7%-ni daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 7928,4 milyon manatı və ya 73%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əlavə edək ki, əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 46,1%, büdcə vəsaitləri 39,3%, əhalinin şəxsi vəsaitləri 6,5%, bank kreditləri 2,8%, sair vəsaitlər isə 5,3% təşkil edib.

- Tikinti sahəsinə investisiya yatıranlar arasında xarici iş adamlarının payı necədir?

- Ölkənin əsas sahələrindən biri olan tikinti sektoru bir çox xarici sərmayələri cəlb edir ki, bu da yeni müəssisələrin və iş yerlərinin açılmasına şərait yaradır. Hazırda dövlətimiz işğaldan azad edilmiş ərazilərə xarici investorların cəlbi istiqamətində fəal iş aparır, bir çox ölkələr ərazilərin bərpasında və infrastruktur layihələrinin həyata keçirilməsində fəal iştirak edir.

Ümumiyyətlə, ölkəmizdə investisiya mühitinin optimallaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir və bütün bunların uğurlu nəticələri respublikamıza müxtəlif mənbələrdən cəlb edilən investisiyaların həcminin artmasında özünü göstərir. ATİA olaraq biz də xarici investorların cəlbi istiqamətində böyük uğura imza atmışıq. Çexiya, Almaniya, İsveçrə və bu kimi bir çox ölkələrdə alternativ enerjinin istehsalı ilə məşğul olan “CZECH ENGINEERING” şirkəti ilə imzalanan memorandumda ortaq yeni şirkət yaradılması qərara alınıb.

Hazırda dövlətimiz işğaldan azad edilmiş ərazilərə xarici investorların
cəlbi istiqamətində fəal iş aparır, bir çox ölkələr ərazilərin bərpasında
və infrastruktur layihələrinin həyata keçirilməsində fəal iştirak edir.

Qeyd etmək istərdim ki, Naxçıvan Muxtar Respublikasında “yaşıl enerji” konsepsiyasının həyata keçirilməsində iştirak edəcək “CZECH ENGINEERING” şirkəti 500 MVt-a qədər günəş enerjisi istehsal edən stansiyaların tikintisi, bərpası, quraşdırılması işlərini ATİA ilə birgə əməkdaşlıq şəklində görəcək.

- Bu gün Azərbaycanda fəaliyyət göstərən tikinti şirkətləri tikintinin daha çox hansı istiqamətləri üzrə ixtisaslaşıblar?

- Ölkəmizdə fəaliyyət göstərən tikinti şirkətləri yaşayış və ictimai binaların tikintisi və həmin tikintiyə lazım olan infrastruktur və yol üzrə gedən tikinti işlərində daha çox ixtisaslaşıb. Əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial infrastrukturun müasir tələblər səviyyəsində yenidən qurulması istiqamətində son illər ardıcıl tədbirlər həyata keçirilir. "Müasir infrastruktur və yol olmadan iqtisadi inkişaf mümkün deyil" deyən Azərbaycan Prezidenti İlham Əliyev ölkənin bütün regionlarını və yaşayış məntəqələrini birləşdirən avtomobil yollarının yenidən qurulması və tikintisi üzrə irimiqyaslı layihələr həyata keçirilməsinə hər zaman dəstək olub. Əvvəlki illərdə paytaxtdan cənub, şimal, qərb və şimal-qərb istiqamətlərinə iri magistralların çəkilişi uğurla reallaşıb. Şəhər və rayon mərkəzlərini qəsəbə və kəndlərlə birləşdirən yollar, eləcə də qəsəbə və kəndlərin daxili yolları yenilənir. İşğaldan azad olumuş ərazilərdə avtomobil yollarının layihələndirilməsi və tikintisi işləri də davam edir.

- Azərbaycanın tikinti şirkətləri Qarabağın yenidənqurulmasında hansı formada iştirak edirlər?

- Azərbaycan öz iqtisadi imkanları hesabına Qarabağın yenidənqurulmasında misli görünməmiş quruculuq modeli tətbiq edir. Azərbaycan tikinti şirkətləri 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbənin qurulması, təmir-tikinti işlərində yaxından iştirak edir. Geniş tikinti-quruculuq meydanına çevrilən bölgədə bütün infrastruktur yenidən qurulur və yeni avtomobil və dəmir yolları, körpülər, tunellər, hava limanları, elektrik və su xətləri, müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, su-elektrik stansiyaları tikilir. Həmçinin tikinti şirkətlərinin iştirakı ilə işğaldan azad olunmuş torpaqlarda 11 su elektrik stansiyası inşa edilib.

Ümumi uzunluğu 2241 kilometr təşkil edən 19 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri, Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar işlərin yerinə yetirilməsi davam etdirilir. Azərbaycan tikinti şirkətlərinin azad olunmuş torpaqlarda gördüyü möhtəşəm işlər göz qabağındadır.

- Tikinti sektorunun maliyyələşdirilməsi daha çox hansı mənbələr hesabına baş verir? Bu sahədə hansı təkmilləşdirmə işlərinin aparılmasına ehtiyac var?

- Pilot dövlət layihələrini çıxmaq şərtilə tikinti sektorunun maliyyələşməsi əsasən sahibkarların hesabına, eləcə də bank kreditləri hesabına həyata keçirilir. Bu sahədə təkmilləşmə işlərinin aparılması, tikinti şirkətlərinə güzəştli kreditlərin ayrılması daha məqsədəuyğun olardı. Bununla bağlı ATİA olaraq Azərbaycan Banklar Assosisiasiyası ilə əməkdaşlığa dair bir çox görüşlərimiz olub və sektorun maliyyələşdirilməsi mexanizminin daha da təkmilləşdirilməsi, bu sahədə potensial imkanların araşdırılmasına dair müzakirələr aparılıb.

ATİA-nın təklifi ilə irəli sürülən tikintidə vahid müqavilə formasının
tətbiq edilməsi və notarial qaydada təsdiq edilməsi etibarlı şirkətlərin
fəaliyyətinə müsbət təsir göstərəcək və bu da bir çox banklarda
rahat şəkildə ipoteka və kreditlərdən yararlanmaq imkanı yaradacaq.

Bununla yanaşı, ATİA-nın təşəbbüsü ilə Sosial Tədqiqatlar Mərkəzində “Tikinti sektoru subyektləri arasında vahid müqavilə formasının tətbiq zərurəti, tənzimlənməyən münasibətlərin sektorda yaratdığı problemlər və onların həlli yolları” mövzusunda konfrans keçirildi. ATİA-nın təklifi ilə irəli sürülən tikintidə vahid müqavilə formasının tətbiq edilməsi və notarial qaydada təsdiq edilməsi etibarlı şirkətlərin fəaliyyətinə müsbət təsir göstərəcək və bu da bir çox banklarda rahat şəkildə ipoteka və kreditlərdən yararlanmaq imkanı yaradacaq.

- Türkiyədə baş verən sonuncu zəlzələ göstərdi ki, bütün hündürmərtəbəli yaşayış binaları heç də eyni keyfiyyətlə tikilmir. Bəzi binalar zəlzələyə davamlı olduğu halda, bir sıra tikililər haqda bu fikri söyləmək mümkün deyil. Azərbaycanda da narahatlıq yaradan əsas məsələlərdən biri hündürmərtəbəli binaların zəlzələyə davamlılığı, onların standartlar əsasında tikilib-tikilməməsidir. Beləliklə, ölkəmizdə tikilən hündürmərtəbəli binalar zəlzələyə davamlıdırlarmı və tələb olunan standartlara cavab verirlərmi?

- Ölkəmizin böyük hissəsi 8, 20 faizdən bir qədər artıq hissəsi isə 9 ballıq ərazidə yerləşdiyinə görə tikinti sektorunda fəaliyyət göstərən subyektlərin üzərinə böyük məsuliyyət düşür.

Tikinti subyektləri Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun fəaliyyət göstərir və buna uyğun olaraq normativ-hüquqi və normativ-texniki sənədlərin əsasında layihələndirmə icraatı, tikintiyə icazə icraatı və tikintinin gedişinə nəzarət icraatı həyata keçirilir.

Azərbaycanda binaların təhlükəsizliyi və zəlzələyə davamlı olub-olmaması ilə bağlı rəy verən qurum Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyidir. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən bina tikintisində istifadə olunan beton qarışdıran maşından nümunələr götürülərək təhlil edilir, həmçinin, armatur materialının keyfiyyəti, markaya uyğunluq məsələləri yoxlanılır. Bundan başqa, gətirilən liftlərin, qapı-pəncərə, santexnik materiallarının və s. sertifikata uyğunluğu tikinti müfəttişliyi tərəfindən təhlil edilir və bundan sonra istifadəsinə icazə verilir.

Bu kimi halları nəzərə alaraq, bildirmək istərdim ki, dövlət tərəfindən tətbiq edilən normativlər ölkəmizdəki binaların zəlzələyə davamlılığını tam təmin edir.

ATİA olaraq biz də bu məsələlərə diqqətlə yanaşırıq və Azərbaycan Standartlaşdırma İnstitutu ilə birgə inşaat sektorunda təhlükəsizliyin və keyfiyyətin yüksəldilməsi, bu sahədə kadr potensialının inkişaf etdirilməsi və dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi məqsədilə anlaşma memorandumu imzalamışıq. Əməkdaşlıq çərçivəsində gələcəkdə istismarı başa çatmış binalarda 2 ildən bir, yeni tikililərdə isə 5 ildən bir texniki baxışın keçirilməsi nəzərdə tutulur.

- Azərbaycanda son illər ərzində çox sayda hündürmərtəbəli binaların tikildiyinin şahidi oluruq. Onların çoxu xarici görünüş baxımından gözoxşayan olsa da, istismara qəbul edilmir. İndiyədək neçə hündürmərtəbəli bina istismara qəbul edilməyib? Onların istismara qəbul edilməməsinin səbəbləri nələrdir?

- Hazırda istismara qəbul edilməmiş 400-ə yaxın bina var. Binaların istismara qəbul edilməməsinin bir neçə səbəbi var. Səbəblərdən biri icraatın tamamlanmaması və tikintinin mərhələlərində sənədlərin qaydaya salınmamasıdır. İkinci səbəb təsdiq olunmuş layihələrdən kənarlaşmaya yol verilməsi və binalarda əlavə tikinti işlərinin aparılmasıdır.

Prezident İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanına əsasən, həmin ilin yanvarın 1-dək tikilmiş, məskunlaşmış, amma tikinti icraçıları tərəfindən şəhərsalma qanunvericiliyi tələblərinin pozulması, yaxud tikinti layihələrinin rəsmiləşdirilməsindəki çatışmazlıqlarla əlaqədar vaxtında istismarına icazə verilməyən çoxmənzilli binalarda yaşayan sakinlərin mənafeləri, humanizm prinsipləri rəhbər tutularaq həmin yaşayış evlərinin konstruksiyalarının dayanıqlığı, digər təhlükəsizlik tələbləri Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturları tərəfindən yoxlanıldı. Aparılmış müayinələrin nəticəsində verilən müsbət rəylər əsasında Bakı şəhəri üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, respublikanın digər şəhərlərinə münasibətdə isə müvafiq yerli icra hakimiyyəti orqanları tərəfindən problemli binaların sadələşdirilmiş formada istismarına icazələr verildi. Sənədin icrası dövründə ümumilikdə sahəsi təxminən 8 milyon 467 min kvadratmetr olan 408 ünvanda çoxmənzilli binaların istismarına icazə verilib.

İlhamə İSABALAYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?