13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mahmud Ul-Həssan Xan: “Pakistan şirkətlərinin Azərbaycan iqtisadiyyatına sərmayə qoymaq üçün böyük imkanları var” MÜSAHİBƏ

Pakistanlı iqtisadçı, Azərbaycan və Cənubi Qafqaz üzrə regional ekspert Mahmud Ul-Həssan Xan “vergiler.az”ın suallarını cavablandırır.

- Sizcə, Azərbaycan-Pakistan iqtisadi əməkdaşlığı üçün prioritet sahələr hansılardır?

- Pakistanla Azərbaycan arasında ikitərəfli münasibətlər son iki ildə daha sürətlə inkişaf edir. Əlaqələrin inkişafında hər iki tərəfin siyasi rəhbərliyi, iqtisadi diplomatiyası, mətbuatı və səfirlikləri mühüm rol oynayıb. Bunun sayəsində iqtisadiyyatın müxtəlif sahələrində insanlarla biznes münasibətlərinin və hökumətlərarası təmasların inkişaf tempi xeyli genişlənib. Nəticədə tərəflər arasında ticarət həcmi əhəmiyyətli dərəcədə artıb. Müxtəlif yüksək səviyyəli görüşlər zamanı hər iki ölkənin liderləri ticarət, biznes, müdafiə, təhlükəsizlik, enerji və digər sahələrdə əməkdaşlığın intensivləşdirilməsi barədə razılığa gəliblər. Bundan əlavə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində birgə fəaliyyətin daha da gücləndirilməsi istiqamətləri nəzərdən keçirilir.

Hazırda ölkələrimiz üçün yeni imkanlar açan sıfır rüsum kateqoriyasına
daha çox ərzaq məhsullarının daxil edilməsi istiqamətində səylər davam etdirilir

- Ölkələrimiz arasında bağlana biləcək güzəştli və tranzit ticarət sazişlərinin imkanlarını necə qiymətləndirirsiniz?

- Preferensial Ticarət və Tranzit Ticarət Sazişlərinin bağlanması yaxın gələcəkdə ölkələrimiz arasında ikitərəfli ticarətin həcmini, sürətini və faydalılığını daha da artıracaq.

Gömrük rüsumlarının sıfır olması səbəbindən, Pakistandan düyü ixracı xeyli artıb. Hazırda ölkələrimiz üçün yeni imkanlar açan sıfır rüsum kateqoriyasına daha çox ərzaq məhsullarının daxil edilməsi istiqamətində səylər davam etdirilir. Bu kontekstdə Yüksək Səviyyəli Birgə İşçi qrupun yaradılması faydalı olardı.

Artıq Preferensial Ticarət Sazişinin bağlanması üzrə danışıqlar başa çatıb. 2023-cü il iyunun 14-də Pakistan tərəfi Azərbaycanla 103 adda sorğuların siyahısını paylaşmışdı. Azərbaycan da öz növbəsində, 84 addan ibarət sorğu siyahısını paylaşıb və hazırda Pakistanın Ticarət Nazirliyi bu maddələr üzrə maraqlı tərəflərlə məsləhətləşmələr aparır. Ümid edirəm ki, bu sazişlər üzrə işlər tezliklə tamamlanacaq və bu il imzalanacaq.

Pakistan Ticarət Nazirliyi 2022-ci il sentyabrın 15-də Azərbaycanla tranzit ticarəti haqqında saziş layihəsini maraqlı tərəflərin konsensusu ilə paylaşıb. Saziş avtomobil, dəmir yolu, hava və dəniz daxil olmaqla bütün nəqliyyat növlərini əhatə edir. Azərbaycan və Pakistan arasında ticarətin daha da asanlaşdırılması üçün tariflərin azaldılması şərtlərinin ən qısa zamanda yekunlaşdırılması təklif edilir.

Bakı Pakistanın günəş enerjisinə sərmayə qoymaqla yanaşı,
neft və qaz sahəsində İslamabada kömək edəcək ki, bu da
bizim enerji sahəsindəki problemlərimizi azaldacaq

- Energetika ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın mühüm sahələrindən biridir. Bununla bağlı hansı aspektləri qeyd edə bilərsiniz, bu sahə üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün mövcud potensial yetərlidirmi?

- Energetika sahəsində əməkdaşlıq ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi üçün aktual mövzuya və hərəkətverici qüvvəyə çevrilib. Bildiyiniz kimi, Azərbaycan Pakistana güzəştli qiymətlə mayeləşdirilmiş təbii qaz (LNG) tədarük etməyə razılaşıb. Bakı Pakistanın günəş enerjisinə sərmayə qoymaqla yanaşı, neft və qaz sahəsində İslamabada kömək edəcək ki, bu da bizim enerji sahəsindəki problemlərimizi azaldacaq.

Hazırda Azərbaycandan Pakistana hər tədarük üçün güzəştli tariflər tətbiq edilməklə, aylıq əsasda LNG tədarükünə başlamaq qərarına gəlinib. Enerji resursları sahəsində əməkdaşlığı asanlaşdırmaq üçün Pakistan Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) hökumət səviyyəsində əməkdaşlıq edir.

Onu da qeyd edim ki, Pakistan hökuməti Azərbaycanla neft-kimya və günəş enerjisi sahəsində əməkdaşlıq etmək arzusunu ifadə edib. Bununla əlaqədar olaraq, hökumət iqtisadi, ticarət, aviasiya və enerji sektorlarına xüsusi diqqət yetirərək, Azərbaycan nümayəndə heyətlərini Pakistana səfərə dəvət edib.

- Azərbaycan iqtisadiyyatının hansı sahələri pakistanlı sahibkarları daha çox maraqlandırır? Onlar ölkəmizin sənaye sahələrinə sərmayə qoymağa hazırdırlarmı?

- Pakistanın özəl sektoru və şirkətlərinin Azərbaycan iqtisadiyyatına sərmayə qoymaq üçün böyük imkanları var. İnfrastruktur, ağıllı şəhərlər, yaşıl enerji, rəqəmsallaşma, e-ticarət, süni intellekt, kvant texnologiyaları, KOB-lar, mikromaliyyə, əczaçılıq, bağçılıq, balıqçılıq, səhiyyə, aviasiya, turizm, islam bankçılığı, kənd təsərrüfatı, bərpa olunan enerji mənbələri və s. kimi iqtisadi sektorlar xüsusi maraq doğurur. Beləliklə, pakistanlı iş adamları və investorlar bu fürsətdən yararlanmalı və Azərbaycana sərmayə qoymalıdırlar.

Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə sürətli
yenidənqurma işləri aparır, ağıllı kəndlər və şəhərlər salınır və
bu proseslərə Pakistanın İT şirkətləri kömək edə bilər

- Ölkələrimiz arasında enerji əməkdaşlığının mühüm aspekti bərpa olunan enerji mənbələri ilə bağlıdır. Bu sahədə əməkdaşlıq potensialını necə qiymətləndirirsiniz?

- Pakistan şirkətləri Azərbaycanın bərpa olunan enerji sektoruna investisiya qoymağa dəvət edilib. Bu təklifi Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktoru Cavid Abdullayev ölkəmizə səfəri zamanı Pakistan Energetika Nazirliyinin Alternativ Enerjinin İnkişafı Şurasının baş icraçı direktoru, Özəl Enerji və İnfrastruktur Şurasının icraçı direktoru Şah Cahan Mirzə ilə görüşdə səsləndirib. Bununla bağlı Azərbaycanın bərpa olunan enerji potensialı, bu potensialın reallaşdırılması tədbirləri və ixrac imkanları barədə zəruri məlumatlar təqdim olunub. Pakistan şirkətləri bərpa olunan enerji hərraclarında iştirak etmək üçün Azərbaycana dəvət olunublar. Bu, iki ölkə arasında əməkdaşlığın artırılması istiqamətində səylərin bir hissəsidir.

- Ölkələrimiz arasında informasiya texnologiyaları sahəsində əməkdaşlıq hansı səviyyədədir?

- Pakistanın İT şirkətləri ilə Azərbaycanın dövlət və özəl tərəfdaşları arasında əlaqələrin qurulması məqsədilə Bakıda Azərbaycan-Pakistan Texnologiya Forumunun keçirilməsi yaxşı əlamətdir. Forumda süni intellekt, blokçeyn, bulud texnologiyaları və İKT sektorunun bir sıra sahələri üzrə fəaliyyət göstərən 35 Pakistan şirkətinin nümayəndələri iştirak ediblər. Forum çərçivəsində ölkəmizin İT şirkətləri də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərməyə və sərmayə qoymağa dəvət olunub.

Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə sürətli yenidənqurma işləri aparır, ağıllı kəndlər və şəhərlər salınır və bu proseslərə Pakistanın İT şirkətləri kömək edə bilər.

- Son bir neçə ildə Azərbaycanda pakistanlı turistlərin sayı xeyli artıb. Gələcəkdə turist mübadiləsi perspektivlərini necə qiymətləndirirsiniz?

- Bu ay Azərbaycan Hava Yolları Bakı ilə İslamabad arasında birbaşa uçuşlara başlamaq niyyətindədir ki, bu da turizmi daha da inkişaf etdirəcək və iki ölkə arasında mədəni əlaqələri gücləndirəcək. 2022-ci ildən etibarən ölkələrimiz arasında birbaşa uçuşlar bu əlaqələrə böyük töhfə verib. Ötən il Azərbaycana 50 minə yaxın pakistanlı turist gəlib və bu rəqəm ilbəil artır. Hər iki ölkədə müxtəlif korporativ sektorlara böyük səyahət paketlərinin təklif edilməsi yaxın günlərdə daha çox turist cəlb etmək üçün təsirli vasitə ola bilər.

Tamilla MƏMMƏDOVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?