Bəşir Quliyev: “Bol mövsümdə meyvə-tərəvəzin qiyməti həmişə aşağı düşür” MÜSAHİBƏ
Son illər aqrar sahənin dayanıqlı inkişafı istiqamətində mühüm addımlar atılıb. Bu isə meyvə-tərəvəz ixracına da müsbət təsir göstərir. Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyun ayları ərzində Azərbaycan 350 milyon 428 min ABŞ dolları dəyərində 348 min 747 ton meyvə-tərəvəz ixrac edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 6,8%, həcmi isə 13,8% artıb. Cari ilin birinci yarısında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 1,95%-ə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 19,76%-ə bərabər olub.
Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev meyvə-tərəvəz ixracı ilə bağlı “vergiler.az”ın suallarını cavablandırıb.
- Artıq mövsümün bir mərhələsi geridə qalıb. Builki mövsüm necə keçir?
- Artıq şimal zonasında gilas mövsümü sona yetib. İqlimlə bağlı yaranan çətinliklər var. Mövsümün əvvəlində havanın çox yağışlı, daha sonra isə çox isti keçməsi gilas bağlarına ziyan vurdu, gilasın keyfiyyəti pisləşdi. Hazırda demək olar ki, çəyirdəkli meyvə, o cümlədən gilas mövsümünün sonundayıq. Çəyirdəkli meyvələrin həm yığımı başa çatıb, həm də onlar ixrac olunub, amma bu meyvələrin bir hissəsi hələ anbarlarda saxlanılır. İndi alma mövsümünə hazırlaşırıq. Hazırda qış mövsümü üçün istixana şəraitində pomidorların əkini həyata keçirilir. Avqust ayı çox isti keçdiyindən əkinlər təxminən 2 həftə gecikdirilib. Bu, o deməkdir ki, əsas ixrac məhsulu olan pomidorların ixracı da bir qədər gec başlayacaq.
- Meyvə-tərəvəz ixracı getdikcə gəlirli sahəyə çevrilir. İxracla məşğul olan fermerlərin, şirkətlərin sayında hansı dəyişikliklər var?
- Artıq müəssisələr arasında transformasiya keçirilir və sırf bağçılıqla məşğul olan peşəkar şirkətlər, fermerlər digər investorların bağlarını icarəyə götürərək onları birləşdirirlər.
Mövsümün əvvəlində havanın çox yağışlı, daha sonra isə çox isti
keçməsi gilas bağlarına ziyan vurdu, gilasın keyfiyyəti pisləşdi
- Qiymət baxımından daxili bazardakı vəziyyəti necə qiymətləndirirsiniz?
- Azərbaycanda mövsümdə qiymətlər hər zaman düşür. Bol mövsüm dövründə təklif tələbdən yüksək olur. Bunun da nəticəsində qiymətlər aşağı enir. Amma bu enmə yalnız mövsüm dövründə olur, sonrakı aylarda məhsuldarlığın aşağı olması qiymətlərin yüksəlməsinə səbəb olur. Məsələn, istixana şəraitində pomidor istehsalı dövründə qiymətlər çox yüksək olur. Bu, noyabrdan başlayaraq, dekabr, yanvar, fevral, mart, hətta aprel-may aylarına kimi davam edir. Həmin aylarda məhsuldarlığı artırmaq üçün innovativ üsullara əl atmalı, yeni texnologiyalardan istifadə etməliyik. Məsələn, qışda günəş şüasını əvəz edən süni işıqlandırma sistemini tətbiq etməliyik. Bunun hesabına qışda məhsuldarlıq qat-qat yüksələ bilər. Bu üsul bütün dünyada tətbiq edilir. Azərbaycanda da keçən ilin mart ayında Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar İnnovasiya Mərkəzinin dəstəyi ilə Xəzər rayonunun Zirə və Sabunçu rayonunun Maştağa qəsəbəsində iki pilot layihənin icrasına başlanılıb. Azərbaycanda istixana sistemlərində innovativ işıqlandırma texnologiyalarının tətbiqinə start verilib və istixanalar “Signify” şirkətinin süni işıqlandırma sistemi ilə təchiz edilib. Dövlət bu layihə üzrə elektrik enerjisinin təminatına dəstək verir.
İstixana şəraitində pomidor istehsalı dövründə qiymətlər çox yüksək olur.
Bu, noyabrdan başlayaraq, dekabr, yanvar, fevral, mart, hətta aprel-may
aylarına kimi davam edir. Həmin aylarda məhsuldarlığı artırmaq üçün
innovativ üsullara əl atmalı, yeni texnologiyalardan istifadə etməliyik
- İxrac üçün logistika zəncirində problemlər müşahidə edilirmi?
- Bizim əsas ixrac istiqamətimiz Rusiyadır. Əvvəlki mövsümlərdə Rusiyaya ixrac zamanı keçiddə maşınların böyük növbələri yaranır, maşınların sərhəd keçməsi 7- 8 günə mümkün olurdu. Digər tərəfdən, əvvəllər Ukrayna üzərindən keçən bir çox yüklər indi Azərbaycandan keçərək Rusiyaya gedir, ona görə də sərhədlərdə bir qədər tıxaclar yaranırdı. Bu da sözsüz ki, malların keyfiyyətinə ziyan vururdu. Bu il bu problemlər müşahidə edilmədi və məhsulların daha rahat keçidi baş tutdu.
- Rusiya rublunun ucuzlaşması meyvə-tərəvəz ixrac edənlərin gəlirlərinə təsir edib?
- Bəli, göstərir. Rublun ucuzlaşması satış qiymətlərinin aşağı düşməsi və mənfəətin aşağı düşməsi deməkdir.
- Azərbaycanın Rusiyaya böyük miqdarda ixrac həyata keçirməsi daxili bazarda çatışmazlığa gətirib çıxarmır ki?
- Azərbaycan öz məhsullarının 90-95 faizini Rusiyaya ixrac edir. Təbii ki, çatışmazlıq müşahidə edilmir. Bu, biznesin bir qanunudur: əvvəlcə yerli bazar meyvə-tərəvəzlə təmin edilir, fermerlər yaxındakı bazarlar üçün mal istehsal edib satır, daha sonra ixrac potensialının olduğunu, xaricdən mal istənildiyini görəndə istehsalı artırıb məhsulu xaricə göndərirlər. Azərbaycanın daxili tələbatından qat-qat çox, hətta mən deyərdim ki, yüz dəfələrlə çox məhsul istehsal edirik.
Azərbaycan öz məhsullarının 90-95 faizini Rusiyaya ixrac edir
- Azərbaycanın yeni bazarlara çıxması üçün hansı işlər görülür?
- Bu, deyərdim ki, daha çox hansısa işlərin görülməsindən asılı deyil. Bazar iqtisadiyyatı elə açıq sistemdir ki, tələblə təklif həmişə bir-biri ilə uyğunlaşır. Yeni bazarlara çıxıb-çıxmamaq bizim coğrafi və logistik mövqeyimizdən daha çox asılıdır. Bizim coğrafi və logistik mövqeyimiz imkan verir ki, tez xarab olan məhsullar üçün məsafə baxımından ən yaxın olan bazar kimi Rusiyanı seçək. Orta və gec xarab olan məhsullar üçün daha uzun istiqamətlər üzrə satışları həyata keçirmək olur və keçirilir də. Hər bir ixracatçı ölkə üçün coğrafi baxımdan yaxın olan meyvə-tərəvəz istehsalçısı və idxalçısı olan ölkələr var. Avropanı belə məhsullarla Afrikanın şimalı və Avropanın cənubu təmin edir. Bəzi hallarda biz də ora məhsul göndərə bilirik, amma bu, qış aylarında çox qısa zaman ərzində mümkün olur.
İlhamə İSABALAYEVA