Vüsal Arzumanlı: “Bu il “ABAD”ın satış dövriyyəsinin 3 milyon manatı keçməsi gözlənilir” MÜSAHİBƏ
2016-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış “ABAD” - Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxsin əsas məqsədi ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, mikro, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir.
Özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərən “ABAD” mərkəzləri tərəfindən dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələri həyata keçirilir. “ABAD” mərkəzləri ailə təsərrüfatlarına biznes-planlaşdırma, marketinq, təlimlər, brendinq və dizayn, maliyyə-mühasibat xidmətləri, hüquqi yardım, logistika və satışları həyata keçirir.
Qurumun fəaliyyəti ilə bağlı suallarımızı “ABAD” publik hüquqi şəxsin direktor müavini Vüsal Arzumanlı cavablandırır.
- Ötən illər ərzində ABAD mikro, kiçik və orta sahibkarlığın inkişafına hansı formada dəstək göstərib?
- Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq sektorunun inkişafına dəstək göstərmək məqsədilə yaradılmış “ABAD” publik hüquqi şəxs ötən illər ərzində qeyd olunan istiqamətlərdə sahibkarlara dəstək göstərib:
Regional inkişaf mərkəzləri. “ABAD” mikro sahibkarlıqda ilk addımlarını atanlar üçün bir növ vahid inkişaf mərkəzi kimi çıxış edir. Bu mərkəzlər potensial sahibkarlara ideyalarını dəyərləndirməkdə, biznes-plan hazırlamaqda, sahibkarlıq prosesinə dəstək verməklə bilik və bacarıqlarını artırmaqda kömək edir.
Məhsul və istehlakçı bazarlarının təşkili. “ABAD” sahibkarlara məhsul və istehlakçı bazarlarının, başqa sözlə, satış kanallarının təşkili və idarə edilməsi üzrə dəstək olur. Bu kanallar sahibkarlar üçün alıcılara çıxış imkanı yaradır.
Maliyyə tədbirləri. “ABAD” sahibkarlara maliyyə-mühasibat dəstəyi göstərir. Bu dəstək Sahibkarlığın İnkişafı Fondu, müxtəlif holdinq, yerli və beynəlxalq investisiya şirkətləri və s. ilə əlaqələrin qurulmasından başlayır. Yəni “ABAD” sahibkarlara zamin duraraq güzəştli kreditlərin verilməsi, sərmayə qoyuluşu və büdcələndirmə tədbirləri kimi proseslərdə vasitəçi rolunu oynayır. “ABAD” sahibkarların maliyyələşməsində bilavasitə rol oynamasa belə, zamin duraraq onların bizneslərinin daha da sürətli inkişaf etmələrini təmin edir.
Təşviq və brendləşmə dəstəkləri. Bura satışların təşkili üçün yaradılmış etno-butiklər, marketlər daxilində fəaliyyət, “ABAD” tərəfindən təşkil olunan sərgilər, “ABAD”çıların festival və tədbirlərdə iştirakı, məhsulun markalaşdırılması və reklam fəaliyyəti kimi tədbirlər daxildir.
Beləliklə, “ABAD” mikro, kiçik və orta sahibkarların inkişafını təmin etmək üçün geniş spektrli dəstək və imkanlar təklif edən bir qurumdur.
Hazırda “ABAD” prioritet olaraq iki istiqamətdə fəaliyyət
göstərən sahibkarlara dəstək verir: dekorativ-tətbiqi xalq
sənətkarlığı və qida məhsullarının emalı sahəsi
- Hazırda neçə “ABAD”çı var və onların fəaliyyət istiqamətləri hansılardır? Eyni zamanda, onlar daha çox hansı sahə üzrə fəaliyyətlə məşğul olmağa üstünlük verirlər və bunun səbəbi nə ilə izah oluna bilər?
- Hazırda “ABAD” prioritet olaraq iki istiqamətdə fəaliyyət göstərən sahibkarlara dəstək verir: dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının emalı sahəsi. Digər pilot istiqamətlərə bəzi xidmət sahələri, turizm və s. daxildir. “ABAD”çıların sayı isə hazırda 570-i keçib.
İstiqamətlərin seçimi ilə bağlı isə bunu qeyd etmək lazımdır ki, “ABAD” ilkin mərhələdə pilot layihə kimi Masallı rayonunun sakinləri olan fermerlərə və ailə təsərrüfatlarına dəstək göstərməklə fəaliyyətə başlayıb. Daha sonra bu konsepsiya bütün ölkəyə şamil olundu. İkinci prioritet istiqamət də zərurətdən yaranmışdı. Belə ki, 2017-ci ilədək Azərbaycan suvenir bazarı idxal edilmiş və aşağı keyfiyyətli məhsullardan ibarət idi. Turistlər yerli dekorativ-tətbiqi xalq sənət nümunələri ilə tanış olmaq üçün yalnız əntiq dükanlara üz tuta bilirdilər. O zaman sənətkarlara dəstək üçün yarmarkalar yeni-yeni təşkil edilməyə başlamışdı, lakin aydındır ki, onlar daimi xarakter daşımırdı. “ABAD” komandası o zaman regionlara üz tutmaqla unudulmaqda olan sənətlərlə məşğul olan insanlarla görüşür və onları sahibkarlığa təşviq edirdi. Beləliklə də növbəti istiqamət yarandı. Hazırda sənətkarlıq istiqaməti üzrə “ABAD”çıların sayı digər istiqamətləri üstələyib. 440 sənətkar “ABAD”çı dəstək proqramına daxildir. Qida sahəsi üzrə “ABAD”çıların sayı 117 nəfərdir. 17 sahibkarın fəaliyyəti isə digər istiqamətlərə aiddir.
Məhz sənətkarların digər sahələrərlə müqayisədə daha çox olması “ABAD”ın “Hobbini biznesə çevir” siyasətinə əsaslanır. 440 sənətkarın əksəriyyəti (250) xanımlardan ibarətdir ki, bura da evdar xanımlarla yanaşı, daimi əmək fəaliyyəti olan və əlavə gəlir mənbəyi qazanmaq üçün “ABAD”a qoşulan bacarıqlı xanımlar daxildir.
- “ABAD”çılar daha çox hansı bölgələrin payına düşür?
Böyük əksəriyyəti Bakıya aiddir – 301 “ABAD”çı. Sonrakı ardıcıllıq isə belədir:
Şəki-Zaqatala – 84;
Quba-Xaçmaz – 40;
Abşeron-Xızı – 40;
Lənkəran-Astara – 31;
Dağlıq Şirvan – 30;
Mərkəzi Aran – 12;
Qarabağ – 8;
Şərqi Zəngəzur – 8;
Mil-Muğan – 7;
Gəncə-Daşkəsən – 6;
Qazax-Tovuz – 5;
Şirvan-Salyan – 1;
Naxçıvan – 1.
Konsepsiyaya uyğun olaraq, “Bir ailə - bir brend”
siyasəti seçilib. Lakin bir neçə məhsul çeşidi var ki,
onlar vahid “ABAD” brendi altında satışa çıxarılır
- Mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstəyi gücləndirmək üçün hansı yeni tədbirlərin görülməsi nəzərdə tutulur?
- Bazar araşdırmaları, yeni bazarların və ixracın təşviqi, dəstək istiqamətlərinin genişləndirilməsi və s. nəzərdə tutulur. Məsələn, turizm sahəsi “ABAD”ın dəstək proqramının yeni istiqamətidir. Bu sahənin inkişafı sayəsində turizm sektorunda çalışan sahibkarlar təşviq olunaraq, özünüməşğulluğun təmin edilməsi, turizmə dəstək və vətəndaşların rifahının yaxşılaşdırılması məqsədlərinə nail olunacaq.
Bu sahədə də dəstək “İdeyadan rəflərə”, yəni satışlardan mənfəət əldə edilənədək göstəriləcək. Bu dəstək üçün həm fərdi hostel/hotel, həm də “Bed&Breakfast” xidməti göstərən qonaq evlərinin sahibləri müraciət edə biləcəklər.
- “ABAD” kiçik ailə bizneslərinin inkişafına lazımi dəstək verməklə həm də ailələrin brendlərini yaradır. “ABAD”ın bu istiqamətdə gördüyü işlər öz nəticəsini verir?
- Markalaşma dəstək proqramına daxil olan xidmətdir. Konsepsiyaya uyğun olaraq, “Bir ailə - bir brend” siyasəti seçilib. Lakin bir neçə məhsul çeşidi var ki, onlar vahid “ABAD” brendi altında satışa çıxarılır. Bu kooperativlərin yaranması eyni məhsul istehsal edən müxtəlif “ABAD”çı brendlərinin bir-biri ilə rəqabət deyil. Bu, ümumi bazara rəqabətqabiliyyətli məhsul çıxararaq, “ABAD”çıların gəlirini artırdı. Qeyd olunmalıdır ki, bu kooperativləşmə könüllü surətdə baş tutur.
Nəticələrlə bağlı isə qeyd edə bilərik ki, 2017-ci ildən 2023-cü ilədək ümumi satış dövriyyəsi təqribən 8 milyon 483 min manat təşkil edib. Bu rəqəmin 7 milyon 271 min manatı “ABAD”çılara köçürülmüş vəsaitdir. Satışların yeni başlandığı 2017-ci ildə dövriyyə 364 min manat, 2018-ci ildə 965 min manat, 2019-cu ildə 1 milyon 679 min manata çatdırılmışdı. COVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin ili olan 2020-ci ildə bu göstərici 1 milyon 219 min manata, 2021-ci ildə 1 milyon 577 min manata endi. İqtisadi sektorların, o cümlədən turizmin bərpası ilə yalnız 2022-ci ildə 2 milyon 677 min manat ümumi dövriyyə ilə “ABAD” 2019-cu ilin göstəricilərini üstələyə bildi. Proqnozlara əsasən, 2023-cü ilin “ABAD”ın satış dövriyyəsinin 3 milyon manatdan artıq olacağı gözlənilir.
İlhamə İSABALAYEVA