15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Seymur Həsənov: “Tarixçədə gecikmə günlərinin olması şəxsin kreditə çıxış imkanlarını məhdudlaşdırmır” MÜSAHİBƏ

Azərbaycan Mərkəzi Bankının son hesabatına əsasən, bu ilin iyun ayında problemli kreditlərin həcmi may ayına nixbətən 2,5% artıb. Bu il iyulun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 502,3 milyon manat təşkil edib. Ancaq bu rəqəm ilin əvvəli ilə müqayisədə 15,4%, son 1 ildə isə 24% azalıb. Burada vətəndaşların kredit tarixçələri ilə bağlı məlumatların maliyyə qurumlarına açıq olmasının rolu danılmazdır. Bəs kredit tarixçəsinin pisləşməsindən necə yan keçmək olar? Bununla bağlı kimlərə güzəşt edilir? “vergiler.az”ın bu və digər suallarını Azərbaycan Kredit Bürosunun baş direktor müavini Seymur Həsənov cavablandırıb.

- Seymur müəllim, bankların kredit risklərinin minimallaşdırılması yönündə Azərbaycan Kredit Bürosunun (Büro) bank sektorundakı rolunu necə dəyərləndirirsiniz?

- Banklar öz potensial müştərilərinin ödəmə qabiliyyətini qiymətləndirmək və düzgün kredit qərarları qəbul etmək üçün bir sıra məlumatlara sahib olmalıdırlar. Büro məlumat təchizatçılarından topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, təhlilini aparır və istifadəçilərin sorğusu əsasında onlara təqdim edir. Büro borcalanın maliyyə öhdəlikləri barədə ən dəqiq və son məlumatlardan istifadə edərək kredit təşkilatlarını etibarlı məlumatlarla təchiz edir və beləliklə, maliyyə assimetriyasını azaltmaqla kredit risklərinin azaldılmasına xidmət edir. Bununla da Büro kredit qərarlarının qəbul edilməsi prosesinin ən əhəmiyyətli hissəsi olmaqla maliyyə və bank sektorunun inkişafında mühüm rol oynayır.

- Azərbaycan Kredit Bürosu neçə təşkilatla tərəfdaşlıq edir?

- Büro 2018-ci ildə fəaliyyətə başlayıb və ilk olaraq yalnız bank və bank olmayan kredit təşkilatları ilə məlumat mübadiləsi həyata keçirıb. Növbəti dövrlərdə Büro tərəfindən aparılan marifləndirmə tədbirləri nəticəsində tərəfdaş təşkilatların sayı artıb. 2023-cü il iyulun 1-nə olan məlumata görə, Büro ümumilikdə 219 təşkilat ilə məlumat mübadiləsi həyata keçirməkdədir. Bu təşkilatlara ölkədə faəliyyət göstərən bütün növ maliyyə institutları ilə yanaşı Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu daxildir.

Müvafiq ödəniş qrafikində qeyd edilən tarixlərdə və məbləğdə ödənişləri
aparmadıqda, yəni müqavilənin ödəniş qrafikindən kənarlaşdıqda
borc verən təşkilat tərəfindən şəxsə gecikmə günləri hesablanmağa başlayır

- Vətəndaşın kredit tarixçəsi hansı halda pisləşmiş sayılır?

- Kredit üçün təşkilata yaxınlaşan şəxsin müraciəti ilə bağlı qərar müsbət olduğu halda borc/kredit müqaviləsi bağlanır. Müvafiq müqavilədə kreditin bütün digər şərtləri ilə yanaşı özündə geri ödəniş şərtləri və tarixlərini əks etdirən ödəniş qrafiki də yer alır. Müvafiq ödəniş qrafikində qeyd edilən tarixlərdə və məbləğdə ödənişləri aparmadıqda, yəni müqavilənin ödəniş qrafikindən kənarlaşdıqda borc verən təşkilat tərəfindən şəxsə gecikmə günləri hesablanmağa başlayır. Müvafiq gecikmə günlərinin hesablanması müştərinin ödəniş qrafiki üzrə zəruri ödənişini tam edən ana qədər hesablanır və təşkilatın sistemində qeyd edilir. Daha sonra borcun ödəniş tərzini əks etdirən tarixçə (pozitiv və neqativ məlumatlar) “Kredit büroları haqqında” Qanunun tələblərinə uyğun olaraq ayda ən azı bir dəfə olmaqla Büronun məlumat bazasına təqdim olunur.

Təqdim olunan məlumatların tərkibində gecikmə günlərinin mövcudluğu öz əksini taparsa, bu məlumatlar Büronun məlumat bazasına təqdim olunan andan etibarən sorğu edən təşkilatlar üçün əlçatan olur və şəxsin kredit ödəmə qabiliyyətinin qiymətləndirilməsi zamanı nəzərə alınan əsas faktorlardan biri olur.

Qeyd edilənləri nəzərə alaraq, şəxsin ödənişləri qrafikə uyğun olaraq vaxtında və tam aparması, eyni zamanda öz kredit tarixçəsinə ən azı ayda bir dəfə olmaqla mütəmadi nəzarət etməsi tövsiyə edilir.

- Kredit tarixçəsinin pisləşməməsi üçün hansı halda vətəndaşa güzəşt oluna bilər?

- Büro kredit verən təşkilatlardan gündəlik və aylıq əsaslarla borcalanların ödəniş tərzi ilə bağlı daxil olan məlumatları emal edir və kredit tarixçəsi formasında məlumat istifadəçiləri ilə paylaşır. Qanunun tələblərinə müvafiq olaraq borcalanın məlumatları 10 il ərzində tarixçə formasında sistemdə saxlanılır və məlumat istifadəçilərinə sorğu əsasında təqdim edilir. Büroda məlumat təchizatçıları tərəfindən daxil olan məlumatlar yalnız texniki emal edilir və bu məlumatlar üzərində hər hansı dəyişiklik aparmaq Büronun səlahiyyətləri xaricindədir.

- Hansı müddətdən və şərtlərlə kredit tarixçəsi normallaşa bilər?

- Borc məlumatları tarixçədə 10 il ərzində icmal hesabat formasında saxlanılır. Gecikmə günlərinin tarixçədə əks olunması ilə bağlı iki ssenari mövcuddur: Birinci ssenaridə müştəri kredit müqaviləsi aktiv olduğu müddətdə ödənişlərində gecikmələrə yol verir və daha sonra, müqavilə müddəti bitməmiş qrafik üzrə tələb olunan vaxtlarda ödənişlərini həyata keçirir və sonuncu ödənişini qrafik üzrə vaxtında edib borcunu bağlayır. Belə olan halda şəxsin tarixçəsində yalnız son 24 ayın tarixçəsi əks olunur və sonuncu edilmiş gecikmə günləri iki ildən sonra şəxsin tarixçəsində əks olunmur.
İkinci ssenaridə isə müştəri kredit müqaviləsi üzrə tələb olunan sonuncu ödəniş tarixində ödənişini tam həyata keçirmir və gecikmə günləri yaranır. Bu halda isə şəxsin kredit hesabatında müvafiq məlumat (sonuncu ödəniş üzrə gecikmə günlərinin sayı) 10 il müddətində öz əksini tapır və sorğu əsasında məlumat istifadəçilərinə təqdim edilir.

Təqdim olunan məlumatların tərkibində gecikmə günlərinin mövcudluğu
öz əksini taparsa, bu məlumatlar Büronun məlumat bazasına təqdim
olunan andan etibarən sorğu edən təşkilatlar üçün əlçatan olur

- Devalvasiya və 2020-ci ildəki Vətən Müharibəsi ilə əlaqədar yaşadığı məkandan uzaqlaşan və bu barədə banklara məlumat verən vətəndaşların kredit tarixçələri də pisləşib. Bəzən onlara güzəşt olunmur. Bunun səbəbi nədir?

- Büro tərəfdaş təşkilatların da dəstəyi ilə 44 günlük Vətən müharibəsində iştirak etmiş şəxslərin kredit tarixçələrində xüsusi qeydin qoyulması ilə bağlı ayrıca layihə həyata keçirib. Belə ki, məlumat təchizatçılarının müraciəti əsasında müharibə iştirakçılarının tarixçəsində xüsusi qeyd yerləşdirilir və müvafiq qeyd şəxsin tarixçəsini əldə edən bütün istifadəçilər üçün açıq olur. Beləliklə, borc verən təşkilat şəxsi sorğu edən zaman onun Vətən Müharibəsi iştirakçısı olması ilə bağlı məlumat əldə edir. Növbəti mərhələdə isə şəxsə kredit ayrılması barədə yekun qərar kredit təşkilatı tərəfindən verilir. Eləcə də “COVID-19” pandemiyasından əziyyət çəkən vətəndaşlar üçün də müvafiq yanaşma tətbiq edilib.

Devalvasiya ilə bağlı olaraq yaranan gecikmə günlərini isə kredit tarixçəsində mövcud olan məlumatlar əsasında müəyyən etmək mümkündür. Belə ki, tarixçə məlumatlarında kreditin verilmə və bitmə tarixi ilə yanaşı, onun valyutası da əks olunur və kredit qərarı mütəxəssis tərəfindən müəyyən edilməsi olduqca rahatdır. Əlavə olaraq qeyd edilməlidir ki, hər üç hal Büro tərəfindən analitik xidmətlər və hesabatlar hazırlanarkən xüsusi hal kimi nəzərə alınır və şəxslərə skor hesablanarkən müvafiq gecikmə günlərinin mənfi təsirinə yol verilmir.

- Kredit tarixçəsi pisləşən vətəndaşlar üçün digər alternativlər varmı? Yenidən kredit götürmək istəyən şəxslər həmin tarixçəni necə yaxşılaşdıra bilərlər?

- Ümumilikdə tarixçədə gecikmə günlərinin olması şəxsin kreditə çıxış imkanlarını məhdudlaşdırmır. Borc verən təşkilatlar risk qiymətləndirməsi apararaq kreditin ayrılıb-ayrılmaması ilə bağlı qərarlarında sərbəstdirlər. Kreditorlar bir qayda olaraq tarixçəyə baxırlar və gecikmə günləri mövcud olduğu halda da onun səbəbini araşdırırlar. Müvafiq gecikmə günlərinin səbəbi ilə bağlı kredit hesabatında xüsusi qeydin olub-olmamasına müvafiq olaraq hər bir borc alan təşkilat öz daxili siyasətini formalaşdırır və müvafiq siyasətə uyğun olaraq kredit qərarlarını qəbul edir. Gecikmə günlərinin əsassız səbəbdən yaranması halında da kreditor öz daxili siyasətinə uyğun olaraq müştəriyə daha aşağı məbləğli kredit təklif edə bilər və bu zaman ödənişlərin müqavilə üzrə vaxtında və tam ödənilməsinə xüsusilə nəzarət edilməlidir.

Qanunun tələblərinə müvafiq olaraq borcalanın məlumatları
10 il ərzində tarixçə formasında sistemdə saxlanılır və
məlumat istifadəçilərinə sorğu əsasında təqdim edilir

- Bəs vətəndaşlar öz kredit tarixçələrini necə əldə edə bilərlər?

- Vətəndaşlar kredit tarixçələrini bir neçə üsullar əldə edə bilərlər. Ötən ildən (2022-ci il) etibarən istismara verilmiş Findoc platforması vasitəsilə şəxslərə tamamilə elektron qaydada qeydiyyatdan keçərək öz kredit tarixçələri ilə bağlı məlumatları onlayn qaydada əldə etmək hüququ təmin edilmişdir. Müvafiq portal vasitəsilə şəxslərə ildə 2 dəfə ödənişsiz sorğu hüququ təmin edilib. Müvafiq platformadan qeydiyyatdan keçərək SİMA və ya ASAN imza ilə razılıq ərizəsini imzalamaqla istifadəçilər özləri barədə Büroda toplanmış məlumatlara rəqəmsal çıxış əldə edirlər. Platformada qeydiyyatdan keçmiş şəxslər aşağıdakı xidmətlərdən yararlana biləcək:

- kredit hesabatına baxış;

- skor hesabatına baxış;

- kredit hesabatının PDF formatında əldə edilməsi;

- kredit hesabatının Asan İmza ilə imzalanmış formada əldə edilməsi;

- kredit hesabatının Büronun rəsmi "e-mail"indən digər "e-mail" ünvanına yönləndirilməsi;

- kredit hesabatında yanlış hesab edilən məlumatla bağlı onlayn şikayət imkanı.

Ödənişsiz sorğu limiti bitdikdən sonra göstərilən xidmətlərdən yararlanmaq üçün hər bir məhsul üzrə fərdi qaydada ödəniş və ya daha sərfəli olan abunəlik paketlərindən istifadə imkanı mövcuddur. Xidmətə qoşulmaq üçün https://findoc.az/ linkindən istifadə edilir. Hazırda müvafiq portaldan qeydiyyatdan keçərək aktiv formada istifadə edən vətəndaşların sayı 47 min nəfərə çatıb.

Əlavə olaraq, 1 saylı ASAN kommunal xidmət mərkəzində xidmət pəncərələri qurulub və müvafiq xidmət mərkəzində vətəndaşların kredit hesabatlarını kağız daşıyıcıda əldə etməsi üçün müvafiq imkan yaradılıb. Habelə, elektron imza və ya notarial təsdiq olunmuş ərizə forması ilə müraciət etməklə də şəxslər özləri barədə məlumatları poçt vasitəsilə əldə edə bilərlər.

Fərqanə ALLAHVERDİQIZI

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?