11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşğaldan azad olunmuş bölgələrimizdə KOB evlərinin yaradılması nəzərdə tutulur MÜSAHİBƏ

Biznes fəaliyyətinin müxtəlif dövrlərində sahibkarların dəstək və xidmətlərə ehtiyacı yaranır. Bu xidmətlərin ayrı-ayrı dövlət qurumları və özəl subyektlər tərəfindən müxtəlif məkanlarda təqdim edilməsi, bunun üçün sərf olunan vaxt sahibkarlar üçün müəyyən çətinlik yaradır. Biznesə göstərilən dövlət xidmətlərinin yaxşılaşdırılması, bu xidmətlərə asan və rahat çıxışın təmin olunması, sahibkar məmnunluğunun artırılması məqsədilə Azərbaycan Prezidentinin 2017-ci il 28 dekabr tarixli və 2018-ci il 26 iyun tarixli fərmanlarına əsasən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərkibində kiçik və orta biznes evləri (KOB evləri) yaradılıb. KOB evlərinin fəaliyyəti və burada sahibkarlara göstərilən xidmətlər barədə “vergiler.az”ın suallarını KOBİA-nın Biznesə xidmətlər departamentinin G2B, B2B xidmətlərin təşkili şöbəsinin müdiri Yalçın Ağamalı cavablandırıb. 

- Yalçın müəllim, hazırda ölkədə Bakı, Yevlax və Xaçmaz şəhərlərində olmaqla üç KOB evi fəaliyyət göstərir. KOB evlərinin məhz bu şəhərlərdə yaradılması nə ilə bağlıdır?

- Əvvəlcə qeyd etmək istərdim ki, KOB evlərinin əsas məqsədi sahibkarlıq subyektlərinə operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə uyğun olaraq dövlət (“G2B”) və özəl (“B2B”) qurumların xidmətlərinin vahid məkanda təqdim edilməsidir. Bu, sahibkarın vaxtına qənaet edir, əməliyyat xərclərini azaldır, xidmətlərin şəffaf və operativ təşkili sahibkar məmnunluğunu artırır, xidmət səviyyəsini ölçüləbilən edir. Sahibkarlar biznes fəaliyyəti üçün zəruri olan sahibkarlıq fəaliyyətinin qeydiyyatı, lisenziya və icazələrin alınması, biznes planın hazırlanması, güzəştli maliyyə vəsaitlərinə çıxış, vergi, gömrük, kommunal, bank, sığorta, notarius və digər xidmətlər üçün KOB evlərinə müraciət edə bilərlər.

Əlbəttə, KOB evləri yaradılmazdan əvvəl yerin müəyyənləşdirilməsi üçün araşdırmalar və təhlillər aparılır. KOB evlərinin yerləşəcəyi ərazi seçilərkən burada fəaliyyət göstərən sahibkarların sayı, iqtisadi aktivlik, dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlər, bölgənin infrastrukturu və ən əsası, KOB evinə olan ehtiyac və digər məsələlər nəzərə alınır. Bu prinsiplər əsas götürülməklə KOB evləri hazırda Bakı, Xaçmaz və Yevlax şəhərlərində fəaliyyət göstərir. Ancaq KOB evləri qeyd edilən şəhərlərlə yanaşı, onların yaxınlığında yerləşən bölgələrin sahibkarlarına da xidmət göstərir. Bu isə o deməkdir ki, KOB evləri əslində üç deyil, daha çox şəhər və rayonun biznes subyektinə xidmət edir.

KOB evlərinin yerləşəcəyi ərazi seçilərkən burada fəaliyyət
göstərən sahibkarların sayı, iqtisadi aktivlik, dövlət və özəl
qurumlar tərəfindən göstərilən xidmətlər, bölgənin
infrastrukturu və ən əsası, KOB evinə olan ehtiyac nəzərə alınır

- Fəaliyyət göstərdiyi ərazidən asılı olmayaraq, istənilən sahibkar istənilən KOB evinin xidmətindən yararlana bilər, yoxsa bununla bağlı hər hansı məhdudiyyət var?

- Sahibkarlar yerləşmə yerindən asılı olmayaraq istənilən KOB evində göstəriən xidmətlərdən faydalana bilərlər. Bununla bağlı hər hansı məhdudiyyət yoxdur. Lakin dövlət qurumlarının regional strukturuna görə bəzi xidmətlər konkret olaraq müvafiq region üzrə göstərilə bilir. Bu hallar istisna olmaqla sahibkarlar yaşadıqları ərazidən asılı olmayaraq, “G2B” və “B2B” xidmətlər üçün Bakı, Yevlax və Xaçmaz KOB evlərinə müraciət edə bilərlər.

- KOB evlərinin sayının artırılması nəzərdə tutulur?

- Azərbaycan Prezidentinin müvafiq fərmanları ilə ölkənin iri şəhər və rayonlarında KOB evlərinin yaradılması tapşırılıb. İlk KOB evi 2020-ci ilin fevral ayından Xaçmaz şəhərində, ikinci KOB evi 2021-ci ilin aprel ayından Yevlax şəhərində fəaliyyət göstərir. “Bakı KOB evi” isə cari ilin yanvar ayından sahibkarların istifadəsindədir. Ölkənin digər şəhər və rayonlarında, o cümlədən işğaldan azad olunmuş bölgələrimizdə də KOB evlərinin yaradılması nəzərdə tutulur. Hazırda Gəncə şəhərində KOB evinin yaradılması istiqamətində zəruri işlər görülür. Sayca 4-cü olacaq “Gəncə KOB evi”nin tezliklə açılması gözlənilir.

- Hazırda KOB evlərində sahibkarlara neçə adda xidmət göstərilir və bu xidmətlərin siyahısı nəyə əsasən müəyyən edilir?

- Azərbaycan Prezidentinin 2018-ci il 26 iyun tarixli Fərmanı ilə dövlət qurumları tərəfindən KOB evlərində göstərilən xidmətlərin siyahısı təsdiq edilib. Bu xidmətlərlə yanaşı, vahid məkan prinsipinə uyğun olaraq, KOB evlərində sahibkarlara özəl qurumlar tərəfindən də xidmətlər (“B2B”) göstərilir. Hazırda KOB evlərində dövlət və özəl qurumlar tərəfindən 100-dən çox “G2B” və 70-dən çox “B2B” xidmətlər göstərilir.

Sahibkarlar yerləşmə yerindən asılı olmayaraq istənilən
KOB evində göstərilən xidmətlərdən faydalana bilərlər

- Sahibkarlar KOB evlərinin daha çox hansı xidmətlərindən istifadə edirlər?

- Vahid məkanda müxtəlif xidmətlərin operativlik, şəffaflıq prinsipləri əsasında göstərildiyi məkan olaraq, sahibkarların KOB evlərinə marağı artmaqdadır. Bunun nəticəsidir ki, KOB evlərinə sahibkarlar tərəfindən olunan müraciətlərin sayında davamlı artım müşahidə edilir. Məsələn, cari ilin yanvar - iyun aylarında KOB evlərində sahibkarlara 197 mindən çox xidmət göstərilib. Göstərilmiş xidmətlərin 155 mindən çoxu “Bakı KOB evi”nin, 29 mindən çoxu “Yevlax KOB evi”nin, 13 mindən çoxu isə “Xaçmaz KOB evi”nin payına düşür. Xidmətlərin 190 mindən çoxu dövlət qurumları (“G2B”), 7300-ə yaxını isə biznes qurumları (“B2B”) tərəfindən göstərilib. KOB evlərində sahibkarların daha çox müraciət etdiyi xidmətlər malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi, vergi, nəqliyyat daşımaları, bank, poçt, kommunal və s. xidmətlərdir.

- Sahibkarların KOB evlərinin xidmətlərindən istifadə, eyni zamanda bu xidmətlərdən məmnunluq göstəricisi necə qiymətləndirilir?

- KOB evlərinə müraciətlər müvafiq növbə sistemi üzərindən həyata keçirilir. Xidmətlərdən istifadə üzrə statistik göstəricilər bu sistemdən əldə olunan məlumatlar əsasında formalaşır. Eyni zamanda xidmətlərdən məmnunluq göstəricisi elektron qaydada və sahibkarlar arasında aparılan sorğular vasitəsilə müəyyən edilir. Aparılan hesablamalara əsasən, sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98% təşkil edir. Qeyd edilən statistik və məmnunluq göstəricilərinin təhlili və qiymətləndirilməsi əsasında xidmətlərin göstərilməsinin genişləndirilməsi, optimallaşdırılması siyasəti həyata keçirilir.

İlhamə İSABALAYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?