Emil Məmmədov: "KOB-ların satış imkanlarının genişləndirilməsi məqsədilə yeni dəstək alətləri nəzərdən keçirilir" MÜSAHİBƏ
Azərbaycanda mikro və kiçik sahibkarlıq subyektlərinin satış imkanlarının genişləndirilməsinə dəstək göstərən qurumlardan biri də Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir (KOBİA). KOBİA-nın satışa dəstək mexanizmləri barədə suallarımızı Agentliyin Biznesə xidmətlər departamentinin KOB-ların bazarlara çıxışına dəstək şöbəsinin müdiri Emil Məmmədov cavablandırıb.
- Kiçik və Orta Biznesin İnkişafı Agentliyi mikro və kiçik sahibkarlıq subyektlərinin ticarət şəbəkələrinə çıxışına necə dəstək göstərir?
- Əvvəlcə qeyd etmək istəyirəm ki, KOBİA tərəfindən 2018-ci ildən etibarən sahibkarların çətinliklərinin, biznesin qurulması və inkişafı üçün ehtiyaclarının öyrənilməsi məqsədilə müxtəlif istiqamətlər, o cümlədən sahibkarların bazarlara çıxışına dair sorğular keçirilir. Aparılan sorğuların nəticələri, eləcə də Agentliyə daxil olan müraciətlər göstərir ki, mikro və kiçik sahibkarların ticarət şəbəkələrinə çıxışında müəyyən çətinliklər mövcuddur və bu sahədə dəstəyə ehtiyacları var.
Məhz bu çağırışlara əsasən Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 2021-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası” təsdiq edilib. Bu qayda çərçivəsində mikro və kiçik sahibkarlıq subyektlərinin ticarət şəbəkələrinə çıxışına dəstək göstərilir. Dəstək tədbirlərinin təşkili KOBİA tərəfindən həyata keçirilir. Qaydaya uyğun olaraq KOBİA müxtəlif ticarət şəbəkələrinin mağazalarında icarəyə yer götürür, burada vahid stend qurularaq satış nöqtəsi yaradılır və bu mexanizmdən faydalanmaq istəyən mikro və kiçik sahibkarlıq subyektlərinin məhsulları tanıtım və satış məqsədilə orada yerləşdirilir.
KOB-ların bazarlara çıxışının dəstəklənməsi üçün indiyədək
Azərbaycanda və xarici ölkələrdə keçirilmiş 50 sərgi və yarmarkada
1300-ə yaxın KOB subyektinin ödənişsiz olaraq iştirakı təmin edilib
Bu dəstək çərçivəsində ticarət obyektində sahibkarın istifadəsinə verilən satış yerinin ölçüsü 50 sm, məhsulların satış sahəsində yerləşdirilməsi müddəti isə 3 aydır. Müraciət edənlərin sayı və istehlakçıların satış yerlərində yerləşdirilən məhsullara olan marağı nəzərə alınaraq satış sahəsindən istifadə müddəti daha 3 ayadək uzadıla bilər. Eyni zamanda sahibkarların istifadəsinə verilən satış sahəsinin ölçüsü əlavə olaraq 50 sm-dək artırıla bilər. Mikro sahibkarlıq subyekti onun istifadəsinə verilən satış sahəsinə görə icarə haqqının yalnız 20%-ni, kiçik sahibkarlıq subyekti isə 50%-ni ödəyir.
Satışına dəstək veriləcək məhsullar ticarət şəbəkəsinə uyğun olaraq, həm ərzaq, həm də qeyri-ərzaq məhsulları ola bilər.
- İndiyədək nə qədər sahibkarlıq subyekti KOBİA-nın bu dəstəyindən istifadə edib?
- Bu dəstək çərçivəsində 2022-ci ilin yanvar ayından etibarən Agentlik elektron qaydada mikro və kiçik sahibkarlıq subyektlərinin müraciətlərinin qəbuluna başlayıb. Bugünədək bu dəstəkdən faydalanmaq istəyən sahibkarlardan 117 müraciət daxil olub. KOBİA tərəfindən “Şərq bazarı” ticarət mərkəzində 1 və iri ticarət şəbəkələrində 5 olmaqla, hazırda 6 daimi satış nöqtəsi yaradılıb. Qeyd edilən satış nöqtələrində 25 sahibkarlıq subyektinin məhsullarının satışını həyata keçirməsi üçün şərait yaradılıb. Satış yerlərinin artırılması üçün ticarət şəbəkələri ilə danışıqlar davam etdirilir. KOB subyektləri satış yerləri barədə məlumatı və bu dəstəkdən faydalanmaq üçün müraciət qaydası ilə KOBİA-nın www.smb.gov.az saytından tanış ola bilər.
- Agentlik mikro, kiçik və orta sahibkarlıq subyektlərinin müxtəlif ixtisaslaşmış sərgilərdə iştirakına da dəstək göstərir. Sərgilərdə iştirak üçün KOB subyektlərindən nələr tələb olunur? Bir sahibkar KOBİA-nın bu dəstəyindən neçə dəfə istifadə edə bilər?
- Agentlik mikro, kiçik və orta sahibkarlıq subyektlərinin daxili və xarici bazarlara çıxışına, satış imkanlarının genişləndirilməsinə və istehsal etdikləri məhsulların tanıdılmasına dəstək məqsədilə ödənişsiz olaraq onların sərgi və yaramarkalarda iştirakına kömək edir. Bu dəstək mexanizminin məqsədi KOB-ların məhsul və xidmətlərini daha geniş kütləyə təqdim etməklə satış imkanlarını genişləndirmək, yeni biznes əlaqələri qurmasına dəstək olmaqdır. Bu mexanizmdən faydalanmaq istəyən KOB subyekti satışa tam hazır olan məhsul və ya xidmət təqdim etməlidir.
Bir təqvim ili ərzində hər bir KOB subyektinin 1 sərgidə və ya 1 yarmarkada iştirakına dəstək göstərilə bilər. Lakin yarmarkaların təşkili zamanı iştirakla bağlı müraciətlərin sayı və digər amillər nəzərə alınmaqla eyni KOB subyektinə təkrar dəstəyin göstərilməsi də mümkündür. KOB-ların bazarlara çıxışının dəstəklənməsi üçün indiyədək Azərbaycanda və xarici ölkələrdə keçirilmiş 50 sərgi və yarmarkada 1300-ə yaxın KOB subyektinin ödənişsiz olaraq iştirakı təmin edilib.
Sahibkarların məhsullarının rəqabətqabiliyyətliyinin artırılması
üçün brendləşdirmə, müvafiq qablaşdırma və etiketləmə
istiqamətlərində mütəmadi olaraq məsləhət xidmətləri göstərilir
- Sahibkarların məhsullarının satışına dəstək məqsədilə www.kobmarket.az elektron platforması da fəaliyyət göstərir. Bu platforma necə işləyir?
- KOBİA-nın satışa dəstək alətlərindən biri də www.kobmarket.az platformasıdır. Portalın yaradılmasında məqsəd KOB-ların satış imkanlarını genişləndirməklə yanaşı, ölkədə onlayn ticarətin inkişafına, KOB-ların və istehlakçıların rəqəmsallaşdırılması prosesinin sürətləndirilməsinə, nağdsız ödənişlərin artırılmasına dəstək olmaqdır. Portal satıcılara, yəni KOB-lara şəxsi internet mağazanın yaradılması üçün öz maliyyə vəsaitlərindən istifadə etmədən məhsul və xidmətlərini tanıtmağa, satışını həyata keçirməyə imkan yaradan internet-mağaza şəklində fəaliyyət göstərir. Portalda istifadəçilər üçün vahid ödəniş sistemindən və çatdırılma xidmətlərindən istifadə imkanı mövcuddur.
- Sahibkarların məhsullarının satışına dəstək məqsədilə Agentlik daha hansı tədbirləri həyata keçirir?
- KOB-ların ticarət şəbəkələrinə çıxışına, sərgi və yarmarkalarda iştirakına və onlayn satışa (“kobmarket.az”) dəstək mexanizmlərindən başqa, müxtəlif istiqamətli təlimlər təşkil olunur və məsləhət xidmətləri göstərilir. Belə ki, son illər onlayn ticarət həcminin artmasını nəzərə alaraq xüsusən sosial şəbəkələrdəki səhifələrin idarə olunmasına dair təlimlər keçirilir. Həmçinin, sahibkarların məhsullarının rəqabətqabiliyyətliyinin artırılması üçün brendləşdirmə, müvafiq qablaşdırma və etiketləmə istiqamətlərində mütəmadi olaraq məsləhət xidmətləri göstərilir.
Yeni məhsul və xidmətin yaradılması üçün sahibkarın bazarın mövcud vəziyyətini bilməsi vacibdir. Bu sahədə Agentlik sahibkarlara daxili bazar araşdırmasının aparılmasında dəstək göstərir. Biznesə başlamaq və mövcud fəaliyyətin genişləndirilməsində önəmi nəzərə alınaraq indiyədək sahibkarların müraciəti əsasında 21, Agentlyin təşəbbüsü ilə isə 26 daxili bazar araşdırması aparılıb. Agentliyin təşəbbüsü ilə aparılan daxili bazar araşdırmaları barədə hesabatlarla KOBİA-nın saytından (www.smb.gov.az) tanış olmaq olar. Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50%-i dövlət tərəfindən qarşılanır. Orta sahibkarlıq subyektləri isə bu dəstək mexanizmi çərçivəsində ödənişsiz təlim və seminarlardan, informasiya dəstəyindən yararlana bilər. Dəstəyin maksimal məbləği 20 min manata qədərdir.
KOB-ların satış imkanlarının genişləndirilməsi məqsədilə
mövcud dəstək alətlərinin daha da təkmilləşdirilməsi
istiqamətində tədbirlər görülür, qabaqcıl ölkələrin təcrübəsi
nəzərə alınmaqla yeni dəstək alətləri nəzərdən keçirilir
- Sahibkarların ticarət şəbəkələrinə çıxışına dəstək üçün hansı yeni tədbirlərin görülməsi nəzərdə tutulur?
- “Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası” çərçivəsində sahibkarlara bir neçə istiqamət üzrə dəstək göstərilməsi nəzərdə tutulur. Hazırda bu dəstək alətlərinin də reallaşdırılması istiqamətində iş aparılır. Belə ki, satış yerlərində ticarət fəaliyyətinin təşkilinə dəstək çərçivəsində sahibkar tərəfindən alınan rəsmi sənədlərə ödənilmiş rüsum və xidmət haqlarının 50%-nin (min manatdan artıq olmamaqla) KOBİA tərəfindən ödənilməsi nəzərdə tutulur. Eyni zamanda KOB-ların satış imkanlarının genişləndirilməsi məqsədilə mövcud dəstək alətlərinin daha da təkmilləşdirilməsi istiqamətində tədbirlər görülür, qabaqcıl ölkələrin təcrübəsi nəzərə alınmaqla yeni dəstək alətləri nəzərdən keçirilir.
İlhamə İSABALAYEVA