12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dulatbek Qıdırbekulı: “Orta dəhliz Qazaxıstan və Azərbaycan üçün prioritetdir” MÜSAHİBƏ

İyunun 22-də Azərbaycan Prezidenti İlham Əliyev Bakıya rəsmi səfərə gələn Qazaxıstanın Baş naziri Əlixan Smailov ilə görüşüb. Bu görüş fonunda “vergiler.az”ın suallarına qazaxıstanlı ekspert, siyasi elmlər doktoru, Beynəlxalq İnformasiya Texnologiyaları Universitetinin professoru Dulatbek Kıdırbekulı cavab verir.

- Qazaxıstanın Baş naziri Əlixan Smailovun Bakıya səfərinin nəticələrini iqtisadi baxımdan necə qiymətləndirirsiniz?

- Səfərin əsas nəticəsi ikitərəfli əməkdaşlığa təməl yaradan sahələrdəki işlərin davam etdirilməsi ilə yanaşı, həm də Qazaxıstan şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş rayonlarının bərpası və inkişafında iştirakı kimi yeni istiqamətin müəyyənləşdirilməsi oldu. Bu, həm iqtisadi əməkdaşlığın dərinləşməsinə, həm də mədəniyyətlərarası əlaqələrin intensiv inkişafına töhfə verir.

Prezident İlham Əliyevin Baş nazirlə görüşündə 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin ötən illə müqayisədə 40 faiz artdığı vurğulanıb. Ümid edirik ki, növbəti illərdə bu rəqəm daha da artacaq. Bu görüşü Prezident K.Tokayevin ötənilki səfərinin davamı adlandırmaq olar.

Azərbaycan və Qazaxıstan arasında əlaqələrin inkişafı
iki ölkənin infrastrukturlarının birləşdirilməsi və
regionda əməkdaşlıq kontekstində mühüm yer tutur

- Görüşdə Azərbaycan ilə Qazaxıstan Orta Dəhlizin rəqəmsallaşdırılması sahəsində əməkdaşlıq barədə razılığa gəliblər. Bunun hər iki ölkəyə hansı faydası olacaq?

- Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun və ya Orta Dəhlizin rəqəmsallaşdırılması hər iki istiqamətdə yük axınını tənzimləyəcək. Çindən Qazaxıstan və Azərbaycan, eləcə də Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanan yol geoiqtisadi baxımdan təkcə iki ölkə iqtisadiyyatı üçün deyil, həm də yeni və modernləşdirilmiş İpək Yolunun keçdiyi ölkələr üçün faydalıdır. Qazaxıstan mallarını Xəzər dənizi ilə, sonra quru yolu ilə həm Azərbaycana, həm də Gürcüstan və Türkiyəyə çatdıra bilər. Gələcəkdə Özbəkistan və Qırğızıstan da buraya qoşula bilər, Çin onların ərazisi ilə tarixi Kaşqar şəhərindən Qazaxıstanın Aktau limanına birbaşa yol çəkmək niyyətindədir.

Orta dəhlizin inkişafı hər iki dövlət üçün prioritetdir. Maneələrin eyni vaxtda aradan qaldırılması üçün 2027-ci ilə qədər yol xəritəsi imzalanıb. Növbəti addım bu marşrut üçün vahid operatorun yaradılması olacaq. Gürcüstana gəlincə, neft və qazın Türkiyə və Avropaya bu ölkənin ərazisindən keçməsini qeyd etmək lazımdır. Gürcüstan Qazaxıstan və Azərbaycan tərəfindən dost ölkə kimi yüksək qiymətləndirilir.

Azərbaycan və Qazaxıstan arasında münasibətlərin
müsbət dinamikası Mərkəzi Asiya və Cənubi
Qafqaz regionlarının maraqlarına uyğundur

- Azərbaycanla Qazaxıstan arasında iqtisadi əlaqələrin gələcək inkişaf perspektivlərini necə görürsünüz?

- Azərbaycan və Qazaxıstan arasında əlaqələrin inkişafı iki ölkənin infrastrukturlarının birləşdirilməsi və regionda əməkdaşlıq kontekstində mühüm yer tutur. Hər iki ölkə bütün regionun davamlı iqtisadi artımını və inkişafını təmin etmək üçün münasibətləri və əməkdaşlığı gücləndirmək zərurətini dərk edir. Bu gün Azərbaycan və Qazaxıstan regional mərkəzlərdən dünya mərkəzlərinə çevrilirlər. Azərbaycan və Qazaxıstan arasında münasibətlərin müsbət dinamikası Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının maraqlarına uyğundur. Liderlərin qarşılıqlı səfərləri ikitərəfli münasibətlərin inkişafına əlvarişli zəmin yaradır.

Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Qazaxıstan-Azərbaycan Hökumətlərarası Komissiyasının fəaliyyətini qənaətbəxş hesab edirəm.

- Enerji xammalının Azərbaycan üzərindən Avropaya nəqli Qazaxıstan üçün daha aktualdır. Bu sahədə hansı layihələrin əhəmiyyətinə diqqət yönəltmək istərdiniz?

- 2006-cı ildə neftin Aktaudan Avropaya Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli haqqında saziş imzalanmışdı. 2022-ci ildə Rusiya Qazaxıstan neftinin Novorossiysk üzərindən nəqlini məhdudlaşdırmağa başlayandan sonra bu saziş çərçivəsində neftin daşınması reallaşmağa başladı.

2023-cü ilin aprel ayında Aktau limanından Bakı limanına nəql olunan Qazaxıstan neftinin həcmi əvvəlki ayla müqayisədə 75 faiz artaraq 312,6 min tona çatdı. Bundan başqa, Qazaxıstan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə qaz hasilatına birgə investisiya yatırmağı müzakirə edir. Azərbaycan artıq Qazaxıstanın qaz sənayesində konkret layihələrə maraq göstərir və tərəflər birgə əməkdaşlıq imkanlarını araşdırmağa davam edəcəklər.

Qazaxıstan Azərbaycanla birlikdə Xəzər dənizinin dibi ilə yüksək
gərginlikli kabel xəttinin çəkilməsi layihəsini həyata keçirməyə başlayıb

Bundan əlavə, ölkələrimiz bərpa olunan mənbələrdən alınan enerjini Avropa bazarına ixrac etməyə çalışır. Bununla əlaqədar, Qazaxıstan Azərbaycanla birlikdə Xəzər dənizinin dibi ilə yüksək gərginlikli kabel xəttinin çəkilməsi layihəsini həyata keçirməyə başlayıb.

- “Bir kəmər, bir yol” layihəsi ölkələrimiz üçün hansı perspektivləri açır?

- Çindən Avropaya uzanan nəqliyyat dəhlizi Qazaxıstandan keçir. Böyük İpək Yolu dirçəldilir və genişləndirilir. Rusiya ərazisindən keçmək imkanı məhdudlaşdığından nəqliyyat dəhlizinin Azərbaycan hissəsinin fəaliyyəti intensivləşir. Böyük İpək Yolunun üstündə yerləşən Azərbaycan “Bir kəmər, bir yol” layihəsinin növbəti iştirakçısına çevrilir.

Tamilla MƏMMƏDOVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?