13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Stanislav Mitraxoviç: "Azərbaycanla ticarət dövriyyəsində əsas yeri qeyri-enerji məhsulları tutur" MÜSAHİBƏ

Azərbaycan ilə Rusiya arasında iqtisadi əlaqələr regionda yaranmış geosiyasi reallıq fonunda yeni mərhələyə qədəm qoyub. “vergiler.az”ın suallarına rusiyalı iqtisadçı, Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı eksperti, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetində elmi işçi Stanislav Mitraxoviç cavab verir.

- Bu gün iki ölkə arasında ticarət əlaqələrinin hazırkı səviyyəsini statistikanın dili ilə necə səciyyələndirmək mümkündür?

- Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr yüksələn trayektoriya mərhələsindədir. 2023-cü ilin yanvar-mart aylarında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 1,05 milyard dollar təşkil edib ki, bu da 2022-ci ilin birinci rübü ilə müqayisədə 67,5% çoxdur. Bu ilin ilk rübündə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində Rusiya ilə ticarət əməliyyatlarının payı 8,98 faiz təşkil edib, Rusiya Azərbaycanın üçüncü xarici ticarət tərəfdaşı olub. Bu, əla göstəricidir.

Rusiya-Azərbaycan ticarət dövriyyəsində əsas yeri qeyri-enerji məhsulları tutur, bu səbəbdən enerjinin qiymətlərinin və karbohidrogen xammalına tələbin dəyişməsi ona az təsir göstərir. Son illərin statistikasını və ikitərəfli ticarət-iqtisadi əlaqələrin hazırkı vəziyyətini nəzərə alaraq, 2023-cü ildə qarşılıqlı ticarət dövriyyəmizin xeyli artacağına əminəm.

Eyni zamanda, Rusiya ilə Azərbaycan arasında ixrac-idxal üzrə bir sıra fundamental əhəmiyyətli anlaşma mövcuddur. Məsələn, Azərbaycan və Rusiya OPEK çərçivəsində qərarlara birgə səs verir və bir sıra baza kvotaları üzrə razılığa gəlir.

2023-cü ilin yanvar-mart aylarında Azərbaycan ilə Rusiya
arasında ticarət dövriyyəsi 1,05 milyard dollar təşkil edib ki,
bu da 2022-ci ilin birinci rübü ilə müqayisədə 67,5% çoxdur

- Rusiyanın ayrı-ayrı regionları ilə Azərbaycan arasında əməkdaşlığı necə xarakterizə edərdiniz?

- Regionlarla əməkdaşlıq Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının inkişafının hərəkətverici qüvvəsidir. Hər ay Bakıda Rusiyanın regionlarından nümayəndə heyətləri qəbul edilir. Hazırda Rusiyanın 70-dən çox regionu Azərbaycanla əməkdaşlığı inkişaf etdirir. Onların bəzilərinin iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında müqavilələri var. Azərbaycan ilə regional ticarətdə Moskva, Krasnodar və Stavropol diyarları, eləcə də Moskva və Sverdlovsk vilayətləri öndə gəlirlər.

- Nəqliyyat əməkdaşlığı sahəsində, sizcə, son zamanlar hansı layihələr önə çıxıb?

- Azərbaycanı İran və Rusiya ilə birləşdirən Rəşt-Astara dəmir yolu hissəsinin tamamlanması haqqında sazişin imzalanmasını qeyd etmək istərdim. Bu, Şimal-Cənub dəhlizinin bir hissəsidir ki, gələcəkdə yüklərin Şimal-Cənub istiqamətində Hind okeanından Sankt-Peterburqa və oradan geriyə çatdırılması üçün istifadə oluna bilər.

Rusiya hakimiyyət orqanlarının hesablamalarına görə, bu, yüklərin çatdırılma müddətini bir neçə dəfə azaltmağa imkan verəcək. Hindistan hazırda əhalinin sayına görə dünyanın ən böyük ölkəsidir və belə hesab edirəm ki, onunla ticarət Azərbaycan üçün kifayət qədər maraqlı ola bilər. Rusiya bu yolun tikintisini maliyyələşdirməyə kredit ayırır.

Regionlarla əməkdaşlıq Rusiya-Azərbaycan ticarət-iqtisadi
əməkdaşlığının inkişafının hərəkətverici qüvvəsidir

- Rusiya ilə Azərbaycan arasında investisiya əməkdaşlığı hansı səviyyədədir?

- Bu il Rusiya investisiyalarının axınının artacağı ehtimalı var, Azərbaycan iqtisadiyyatının böyük potensialı, iri infrastruktur, sənaye layihələrinin həyata keçirilməsi bunu deməyə əsas verir. Rusiya Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaların həcminə görə ilk 5 ölkə sırasına daxil olub.

Rusiya və Azərbaycan müəssisələri arasında iqtisadi əlaqələrin inkişafı üçün prioritet sahələrə neft-qaz kompleksi, avtomobil, kimya və yüngül sənaye, kənd təsərrüfatı, yol tikintisi daxildir. Bu gün Azərbaycanda mindən çox müştərək müəssisə fəaliyyət göstərir ki, onlardan üç yüzü 100 faiz Rusiya kapitalı ilə yaradılıb.

İndi bir çox Rusiya şirkətləri üçün Azərbaycan prioritet bazarlardan biri hesab olunur.

Tamilla MƏMMƏDOVA

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?