15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Zemfira Ağayeva: “İşgüzar xanımların verdikləri təkliflərə dövlət qurumları həssaslıqla yanaşırlar” MÜSAHİBƏ

Əhalinin məşğulluğunun təmin olunmasında kiçik və orta sahibkarlıq subyektlərinin, o cümlədən qadın sahibkarlığının rolu artmaqdadır. “vergiler.az”ın suallarını “Qızıl əllər” MMC-nin rəhbəri, Sahibkar Qadınlar Birliyinin sədri Zemfira Ağayeva cavablandırır.

- Zemfira xanım, ölkəmizin hazırkı işgüzar mühitində sahibkar qadınların yeri necə görünür?

- Son illərdə qadınların öz bizneslərini qurmaq meyilləri sürətlə inkişaf edir. Təbii ki, bu irəliləyişlər dövlətin sahibkarlığa dəstəyi sayəsində mümkün olub. Əgər sahibkar sərbəst olaraq biznes əlaqəsi qura bilirsə, biznesi idarə etmək qaydalarına bələddirsə, təlimlər keçərək fəaliyyətini təkmilləşdirirsə, bunlar dövlətin insanlara, biznesin inkişafına münasibətindən doğur.

İş adamlarının dəstəklənməsinin mühüm dayaqlarından biri də
İqtisadiyyat Nazirliyinin tabeliyindəki Sahibkarlığın İnkişafı Fondudur.

Fonda müraciət edən hər bir sahibkara yüksək səviyyədə dəstək verilir. Mən qadın sahibkar olaraq gördüyüm işlərin təxminən 80 faizini Fondun ayırdığı güzəştli vəsaitlər sayəsində həyata keçirmişəm.

- Müəssisənizin fəaliyyət tarixinə qısaca nəzər salanda nəyi vurğulamaq istərdiniz?

- “Qızıl əllər” MMC 1997-ci ildə təsis olunub. O vaxtdan bəri, əsasən, təhsil sektorunda fəaliyyət göstəririk. Eyni zamanda, istehsal və xidmət sahələrində də işlərimiz olur.

Qızlara, qadınlara 30 ixtisas üzrə peşə təlimləri keçirik. Növbəti mərhələdə isə onları sahibkarlıq təlimlərinə cəlb edərək öz işlərini qurmalarına kömək edirik.

İş adamlarına dövlət dəstəyinin verilməsi
ənənəsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Sahibkar Qadınlar Birliyi adlanan təşkilatımız 2001-ci ildə onun dəstəyi və razılığı ilə qeydiyyatdan keçib. Heydər Əliyevlə ilk görüşümüz 2002-ci ildə olmuşdu. Həmin tədbirdə cəmi 8 nəfər qadın sahibkar iştirak edirdi. Heydər Əliyev zala daxil olan kimi göstəriş verdi ki, qadınlar ön sıraya keçsin. Ulu öndər bizə dedi ki, siz çox nahaq arxada oturursuz. Sizin yeriniz öndədir. Siz çətin və şərəfli yoldasınız, bunu heç vaxt unutmayın. İndi isə onun siyasi varisi, prezidentimiz cənab İlham Əliyev o diqqəti, qayğını qadın sahibkarlara göstərir. Bu gün Sahibkar Qadınlar Birliyinin 8 mindən çox üzvü var. Onların 70 faizini gənclər təşkil edir. Gənc xanımların sahibkarlığa gəlməsi hökumətin bu sahəyə göstərdiyi diqqət və qayğı sayəsində mümkün olub. 19 xarici ölkədə fəaliyyət göstərən sahibkar qadınlarla işgüzar əlaqələr qurulub.

-Birliyə üzv olan qadın sahibkarlar daha çox hansı sahələrdə fəaliyyət göstərirlər?

- Qadınlarımız xidmət sektoruna üstünlük verirlər. Eyni zamanda, inşaat, yanacaqdoldurma, hotel, tibb, kənd təsərrüfatı sahələrində çalışan üzvlərimiz də çoxdur. Azərbaycanda fəaliyyət göstərən klinikaların 80 faizi xanım sahibkarlara məxsusdur. Qadınlar daha çox kiçik sahibkarlıqla məşğul olurlar. Bununla yanaşı, iri sahibkarlıq subyektini çalışdıran qadınlarımız da vardır. Bütün bunlar dövlətin bizə dəstəyi, diqqəti və qayğısı sayəsində mümkün olub.

Hazırda istehlak malları sektorunda çalışan qadınlar
istehsal etdikləri bəzi məhsulları ixrac etməyi planlaşdırırlar.

Düşünürəm ki, 2023-cü ildə başqa ölkələrə daha çox istehlak mallarımız göndəriləcək. Xaricə meyvə-tərəvəz kimi kənd təsərrüfatı məhsulları, spirtli içkilər, sular göndərilə bilər.

- İşğaldan azad olunan ərazilərdə işləmək, biznes qurmaq təşəbbüsü göstərən qadın sahibkarlar varmı?

- Dövlət qurumlarının dəstəyi ilə qadın sahibkarların işğaldan azad olunmuş ərazilərə səfərləri təşkil olunub. Onlar imkanları, tələbatı yerində dəyərləndirib, təkliflərini İqtisadiyyat Nazirliyinə, eləcə də Kişik və Orta Sahibkarlığın İnkişafı Agentliyinə təqdim ediblər. Həmin rayonlarda tekstil istehsalına daha böyük ehtiyac var.

Bəzi muzeylərimizin təmiri, eləcə də yeni tikintilərin, məktəblərin, sosial obyektlərin inşa olunması nəzərdə tutulur. Qadın sahibkarlar həmin layihələrin icrası ilə bağlı təkliflərini də hökumətə təqdim ediblər. Məskunlaşmadan sonra bu rayonlarda xidmət sektoruna aid fəaliyyətlərə böyük ehtiyac yaranacaq. İşgüzar xanımların verdikləri təkliflərə dövlət qurumları həssaslıqla yanaşırlar.

Fərqanə Allahverdiqızı

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?