14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əvəz Quliyev: “Vergi güzəştləri media subyektlərinin dayanıqlı iqtisadi əsaslarının yaradılmasına xidmət edir” MÜSAHİBƏ

Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə 2023-cü il yanvarın 1-dən media subyektlərinə bir sıra vergi güzəşt və azadolmaları verilib. Bu dəyişikliklər həm ictimaiyyət, həm də media nümayəndələri tərəfindən kifayət qədər maraqla qarşılanıb, eyni zamanda, azadolma hansı media subyektlərinə və onların hansı gəlirlərinə aiddir, hansı müddətə verilib və s. kimi çoxlu sayda suallar da doğurub. Bütün bu suallara İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev Dövlət Vergi Xidmətinin ATV kanalı ilə birgə layihəsi olan “İqtisadi zona” proqramında aydınlıq gətirib:

- Əvəz müəllim, öncə bu dəyişikliyin ümumilikdə mahiyyətinə bir nəzər salaq. Media subyektlərinə vergi güzəşt və azadolmaları hansı məqsədlə verilir və hansı media subyektlərinə aid olunur?

-Bilirsiniz ki, 2023-cü ilin əvvəlində, “Media haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələrək, Vergi Məcəlləsində dəyişiklik edilib. “Media haqqında” Qanunun qəbul edilməsi ilə mövcud media subyektləri arasında olan bir sıra hüquqi tənzimləmələr və təkmilləşdirmələr həyata keçirilib, habelə media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsasları müəyyən edilib. Sözsüz ki, dövlətin media sahəsinə bu yanaşmasının dəstəklənməsi məqsədilə Vergi Məcəlləsində də bir sıra dəyişikliklər olunub.

Vergi güzəştlərinin verilməsi media subyektlərinin maliyyə dayanıqlığının
təmin olunması və vergi güzəştlərinin verilməsi nəticəsində qənaət
olunacaq vəsaitlərin də medianın inkişafına yönəldilməsi məqsədi daşıyır

Bununla da, media subyektlərinin vergi güzəştləri məsələsi ortaya çıxıb. Həmin vergi güzəştlərinin verilməsi media subyektlərinin maliyyə dayanıqlığının təmin olunması və vergi güzəştlərinin verilməsi nəticəsində qənaət olunacaq vəsaitlərin də medianın inkişafına yönəldilməsi məqsədi daşıyır. Ümumilikdə güzəştlər media subyektlərinin mənfəət və gəlir vergilərinə, o cümlədən sadələşdirilmiş vergi ödəyiciləri üçün sadələşdirilmiş vergiyə cəlb olunan gəlirlərinə tətbiq olunur. Eləcə də, media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsinə əlavə dəyər vergisinin azad olunmasının tətbiqi nəzərdə tutulur.

- Bir məqama xüsusilə diqqət yetirməyinizi xahiş edirik. Bəs həmin güzəştlər hansı media subyektlərinə tətbiq olunur?

- Bayaq da qeyd etdiyim kimi, “Media haqqında” Qanunda media subyektlərinin anlayışları verilib. Bu media subyektləri audiovizual media subyektlərinə, onlayn media və çap media subyektlərinə bölünür. Vergi Məcəlləsi ilə verilən güzəştlər isə audiovizual media subyektləri istisna olmaqla, digər media subyektlərinə şamil olunur. Yəni audiovizual media subyektləri dedikdə qanunun məqsədləri üçün televiziya və radio yayımını həyata keçirən şəxslər nəzərdə tutulur. Bu vergi güzəştləri audiovizual media subyektlərinə aid edilmir. Güzəştdən onlayn və çap media subyektləri, eyni zamanda informasiya agentlikləri faydalana bilir.

- Bəs bura biz prodakşnları daxil etsək, onlara yanaşmada qanunvericilik nə deyir?

- Prodakşnlara gəldikdə, onlar birbaşa olaraq media subyekti anlayışı ilə əhatə olunmursa, yəni sadəcə olaraq media subyektlərində müxtəlif formatda yayımlanan proqramların və s. hazırlanması ilə məşğul olurlarsa, bu güzəştin əhatə dairəsinə düşmürlər. Burada yenə də qeyd edirəm, əsas məqsəd “Media haqqında” Qanundan irəli gələrək, media subyektlərinə yaranan yeni münasibətlərdən çıxış edərək, yalnız media subyektlərinə dəstəyin verilməsindən ibarətdir. Digər subyektlər, o cümlədən də televiziya və radio yayımını həyata keçirən media subyektləri əhatə olunmur. Burada bir məsələni də xüsusilə qeyd edək ki, Vergi Məcəlləsi ilə güzəştin təsir dairəsinə düşən media subyektlərinin istehsal etdikləri media məhsullarının təqdim edilməsindən əldə olunan gəlirləri mənfəət, gəlir vergisi, sadələşdirilmiş vergidən azaddır. Eyni zamanda, həmin gəlirlərin dairəsinə bu media subyektlərinin reklam gəlirləri, habelə Medianın İnkişafı Agentliyi tərəfindən verilən maddi yardımlar da aid edilir. Bununla yanaşı, əlavə dəyər vergisinin məqsədləri üçün media subyektlərinə azadolma isə onların yalnız istehsal etdikləri media məhsullarının təqdim edilməsindən əldə etdikləri gəlirlərə tətbiq olunur. Reklam gəlirləri isə əlavə dəyər vergisindən azad olunmur. Həmin reklam gəlirləri mövcud qaydada olduğu kimi ƏDV-yə cəlb olunur.

Əlavə dəyər vergisinin məqsədləri üçün media subyektlərinə
azadolma isə onların yalnız istehsal etdikləri media məhsullarının
təqdim edilməsindən əldə etdikləri gəlirlərə tətbiq olunur

- Yəqin ki, bu məsələlər Medianın İnkişafı Agentliyi ilə birgə müzakirə olunub. Vergi güzəştlərinin iqtisadi baxımdan faydasını necə qiymətləndirirsiz?

- Sözsüz ki, vergi güzəştlərinin əsas məqsədi hansısa bir konkret sahənin müəyyən müddət ərzində inkişafına nail olmasından ibarətdir. Digər stimullaşdırıcı tədbirlərlə yanaşı, iqtisadi mühitdə ən əsas istifadə olunan alətlərdən biri də vergi güzəştlərinin verilməsidir. Bununla həmin sahənin bəlli müddət ərzində müəyyən inkişafa nail olunmasına təkan verilir. Burada da qeyd etdiyim kimi, əsas məqsəd media subyektlərinin dayanıqlı iqtisadi əsaslarının yaradılması və vergi güzəştləri nəticəsində formalaşacaq sərbəstləşən vəsaitlərin də medianın inkişafına yönəltməsidir. Qanunda dəyişiklik aparılandan sonra bəzi media subyektləri tərəfindən vergi orqanlarına müxtəlif müraciətlər daxil olur. Əsas suallardan da biri ondan ibarətdir ki, media subyektləri hesab edirlər ki, alışları üzrə, yəni digər şəxslərdən mal alışı, iş, xidmət alışı həyata keçirərkən onlar əlavə dəyər vergisindən azad olunurlar. Bu fikir yanlışdır, çünki qanunla onlara verilən azadolma onların istehsal etdikləri media məhsullarının təqdim edilməsindən əldə etdikləri gəlirlərə tətbiq olunur. Onların alışları üzrə çəkdiyi xərcləri isə, yəni fəaliyyətləri üzrə müxtəlif növ mal (iş, xidmət) aldıqları zaman ödəməli olduqları əlavə dəyər vergisindən azadolma nəzərdə tutulmur. Həmin əlavə dəyər vergiləri alış üzrə xərclərdə ümumi qaydada ödənilir və onun təqdim edilməsi və satışı media subyektləri tərəfindən sonrakı mərhələdə hazır məhsul olaraq ƏDV-dən azad olunduğu üçün burada artıq alış zamanı ödənilmiş əlavə dəyər vergisi əvəzləşdirilmir. Və ümumiyyətlə, bir məsələni mən xüsusilə qeyd etmək istərdim. Vergi Məcəlləsində dəyişiklik layihəsi hazırlanarkən vergi orqanları ilə Medianın İnkişafı Agentliyi arasında da bu sahədə müzakirələr aparılıb.

Hər bir halda media subyekti vergi orqanına həm vergiyə
cəlb olunan gəlirlərini, eyni zamanda, vergidən azad olunan
gəlirlərini və ümumilikdə, bütün gəlirlərini bəyan etməlidir

Qanunun dəqiq tətbiq olunacağı media subyektləri, gəlirlərin növləri, əməliyyatlar Agentliklə də qarşılıqlı şəkildə razılaşdırılıb. Bu məqsədlə media subyektləri məxsusi olaraq qanunla tənzimlənən münasibətlərin iştirakçıları olduğuna görə bəzi məsələlərdə Medianın İnkişafı Agentliyi ilə dəqiqləşdirmələri tövsiyə olunur. Çünki həmin media subyektlərinin apardıqları əməliyyatlar müxtəlif olur. Qanunda isə, yenə deyirəm, verilən güzəştlər onların istehsal etdikləri media məhsullarının satışından əldə etdikləri gəlirlərə, reklam gəlirlərinə, o cümlədən Medianın İnkişafı Agentliyi tərəfindən həmin subyektlərə verilən maddi yardımlara şamil edilir. Bu səbəbdən həmin qanunun tətbiqi və Vergi Məcəlləsindən irəli gələn güzəştlərin tətbiqi dairəsi ilə bağlı da ilk öncə Medianın İnkişafı Agentliyi ilə müəyyən məsləhətləşmələr aparılmalı, onlara müraciət etməlidirlər. Vergi orqanları da təbii ki, bu sualların hamısına açıqdır və bizim müxtəlif kanallar vasitəsilə, eyni zamanda 195 Çağrı Mərkəzi vasitəsilə də suallarını ünvanlaya bilərlər.

- Vergi güzəştləri əldə edən media subyektləri vergidən azad olunan gəlirlərini bəyan etməlidirlər. Eyni zamanda hesabatlarını təqdim etməlidirlər.

- Tam doğrudur. Burada bir məsələni də media subyektlərinin diqqətinə çatdırmaq istərdim. Vergi qanunvericiliyi ilə həmin gəlirlərə güzəşt və azadolma verilməsinə baxmayaraq, bu gəlirlərin vergi orqanına bəyan edilməsindən azadolma nəzərdə tutulmur. Hər bir halda media subyekti vergi orqanına həm vergiyə cəlb olunan gəlirlərini, eyni zamanda, vergidən azad olunan gəlirlərini və ümumilikdə, bütün gəlirlərini bəyan etməlidir. Vergidən azad olunan gəlirlərin də vergi orqanına bəyan edilməməsinə görə vergi qanunvericiliyində maliyyə sanksiyası nəzərdə tutulur. Bu da bəyan edilməyən dövriyyənin və yaxud azaldılmış gəlirin 6%-i miqdarında sanksiya təşkil edir.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?