15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Marqarita Assenova: “Azərbaycan nəqliyyat və azad ticarət potensialından səmərəli istifadə edir” MÜSAHİBƏ

Şuşada ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfrans keçirilib. “vergiler.az” əməkdaşının konfrans iştirakçısı, iqtisadçı ekspert, ABŞ-ın Ceymstaun Fondunun baş elmi işçisi Marqarita Assenova ilə söhbəti konfransda müzakirə olunan məsələlərə həsr olunub.

- Şuşada təşkil olunmuş dördüncü beynəlxalq konfransla bağlı təəssüratlarınızı qısaca necə bölüşə bilərsiniz?

- Avrasiyada baş verən ən aktual geosiyasi hadisələri müzakirə etmək üçün ADA Universitetinin təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans 60-dan çox iştirakçını - alimləri, analitikləri, jurnalistləri bir araya gətirdi. Uğurla keçən konfrans zamanı iştirakçılar üçün Azərbaycanın Böyük Avrasiyanın strateji əhəmiyyətli dövlətinə çevrildiyini öz gözləri ilə görmək çox vacib idi.

Avropa, Qafqaz və Mərkəzi Asiya arasında mühüm mövqeyə malik Azərbaycan, Rusiya-Ukrayna müharibəsi nəticəsində tədarük zəncirlərinin ciddi şəkildə pozulduğu bir şəraitdə həyati əhəmiyyət daşıyan körpüyə çevrilir. Ölkənin coğrafi mövqeyi və enerji ehtiyatları ona regionda strateji rol oynamağa imkan verir. Daha bir kritik amil də rəsmi Bakının ticarət və nəqliyyat əlaqələrinin genişləndirilməsinə sərmayə qoymaq və bununla Böyük Avrasiyada sülh və sabitliyə töhfə vermək üçün siyasi iradə göstərməsidir.

Avropa, Qafqaz və Mərkəzi Asiya arasında mühüm mövqeyə malik
Azərbaycan, Rusiya-Ukrayna müharibəsi nəticəsində tədarük zəncirlərinin ciddi
şəkildə pozulduğu bir şəraitdə həyati əhəmiyyət daşıyan körpüyə çevrilir

- Dünyanın hazırkı nəqliyyat əlaqələrində Azərbaycanın imkanlarını necə qiymətləndirirsiniz?

- Azərbaycanın nəqliyyat və azad ticarət potensialı böyükdür. Ən mühüm amil isə odur ki, Azərbaycan bu imkanlardan səmərəli istifadə edir və onları reallığa çevirmək yönündə ciddi iş aparır. Artıq Bakı yaxınlığında tikilmiş dəniz limanı Orta Asiyadan gübrələrin tranzitinə şərait yaradır, Türkmənistanda və Özbəkistanda isə yeni gübrə zavodları inşa edilir. Bizə məlumdur ki, Rusiya-Ukrayna müharibəsi nəticəsində gübrə çatışmazlığı bir neçə qitəyə təsir edib və qlobal ərzaq təhlükəsizliyini zərbə altında qoyub. Bakı azad iqtisadi zonalar yaratmaq, Xəzər dənizi ilə daşımaları genişləndirməklə bir sıra ölkələrdən öndədir.

- Sizcə, Zəngəzur dəhlizinin açılması Qafqaz regionunun iqtisadi inkişafına necə təsir edəcək?

- Zəngəzur dəhlizi həm daşıma məsafələrini azaldacaq, Azərbaycandan Türkiyəyə birbaşa əlaqə yaradacaq, həm də Ermənistana Mərkəzi Asiyadan taxıl, meyvə-tərəvəz, gübrə və digər malları rahat daşımaq imkanı verəcək mühüm marşruta çevriləcək.

Erməniastan Rusiya üzərindən idxal və ixraca ehtiyac olmadan Avropa bazarları ilə daha qısa məsafəli nəqliyyat əlaqəsi yaratmağa nail olacaq. Ermənistan mövcud geosiyasi şəraiti nəzərə alaraq iqtisadi baxımdan strateji düşünməli və təhlükəsiz alternativ ticarət yolları yaratmaq üçün Azərbaycan və Türkiyə ilə birlikdə çalışmalıdır.

Bakı azad iqtisadi zonalar yaratmaq, Xəzər dənizi ilə
daşımaları genişləndirməklə bir sıra ölkələrdən öndədir

- Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın perspektivləri barədə fikirləriniz maraqlı olardı...

- Azərbaycan mühüm neft və qaz ixracatçısıdır və 2021-ci ildən Cənub-Şərqi Avropaya enerji daşıyıcılarının mühüm ixracatçısına çevrilib. Bu, gələcəkdə Mərkəzi və Şərqi Avropanı da əhatə edəcək. Ötən il Azərbaycanın Balkanlara nəql etdiyi təbii qaz Bolqarıstanın qaz çatışmazlığı ilə üzləşməməsinə kömək edib.

Avropanın bu hissəsi Rusiya təbii qazından asılıdır və regionda mayeləşdirilmiş təbii qaz (LNG) terminalları yoxdur. Buna görə də Azərbaycandan Cənub Qaz Dəhlizi ilə qaz tədarükü əsas alternativ olaraq qalmaqdadır. Dəhliz Türkiyə sərhədindən Bolqarıstana, Serbiyaya, oradan da Macarıstana uzanan Balkan qaz kəmərinə (“Türk axını-2”) birləşdirilərsə, Azərbaycan qazı Mərkəzi və Şərqi Avropanın bir neçə ölkəsinə, eləcə də əks istiqamətdə Trans-Balkan boru kəmərindən istifadə etməklə Moldova və Ukraynaya çatdırıla bilər.

Rəsmi Bakı Türkmənistanın təbii qaz yataqlarını mövcud infrastrukturla əlaqələndirmək və Avropaya daha çox qaz ötürmək üçün Türkmənistanla işləyir. Təbii qaz enerji mənbəyi kimi növbəti 30 ildə də Avropa üçün öz əhəmiyyətini saxlayacaq...

Tamilla MƏMMƏDOVA

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?