14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Viktor Kipiani: “Zəngəzur dəhlizi region ölkələrinin maraqlarını birləşdirə biləcək layihədir” MÜSAHİBƏ

Şuşada ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfrans keçirilib. “vergiler.az” əməkdaşının konfrans iştirakçısı, gürcüstanlı ekspert Viktor Kipiani ilə söhbəti konfransda müzakirə olunan məsələlərə həsr olunub.

- Mayın 3-də Şuşada təşkil olunmuş dördüncü beynəlxalq konfransla bağlı təəssüratlarınızı qısaca necə bölüşə bilərsiniz?

- Azərbaycan Diplomatik Akademiyasının (ADA) Şuşada təşkil etdiyi konfransda müxtəlif ölkələrdən müxtəlif sahələr üzrə mütəxəssislərin iştirakının əhəmiyyətini xüsusi qeyd etmək istərdim. Konfrans böyük Avrasiya məkanının geosiyasəti, keçdiyi yolun qiymətləndirilməsi və gələcəyi barədə fikir mübadiləsi aparmaq üçün faydalı zəmin yaratdı.

Konfransı yüksək səviyyədə təşkil edən ADA komandasının mükəmməl işini xüsusi qeyd etmək istərdim. Belə görüşlər regionda və Avrasiya məkanında gedən proseslərin dinamikasını anlamaq üçün son dərəcə vacibdir.

Konfransda həm Qərbdən, həm də Cənubi Qafqaz ölkələrindən – Azərbaycandan və Gürcüstandan, eləcə də Mərkəzi Asiyadan olan görkəmli alim və ekspertlərin iştirakı praktiki tövsiyələrin və şərhlərin mübadiləsi üçün çox yaxşı zəmin və format yaratdı. Tədbirin təşkilatçılarına bir daha təşəkkür etmək və bu cür görüşlərin gələcəkdə də davam edəcəyinə ümidvar olduğumu bildirmək istəyirəm.

Orta Dəhliz layihəsində iştirak edən ölkələr arasında Azərbaycan əsas rola malikdir

- Konfrans zamanı ölkələrimizin fəal iştirak etdiyi nəqliyyat layihələrinin, eləcə də Orta Dəhlizin müzakirəsinə xüsusi yer verildi…

- Orta Dəhliz layihəsində iştirak edən ölkələr arasında Azərbaycan əsas rola malikdir. Bu təkcə iqtisadi deyil, həm də geosiyasi xarakter daşıyan layihədir. Gömrük prosedurlarının unifikasiyası, tariflərin uyğunlaşdırılması, yüklərin səmərəli daşınması üçün ilkin şərtlərin yaradılması həm Azərbaycan, həm də layihədə iştirak edən digər ölkələr üçün tamamilə yeni imkanlar yaradır.

Gürcüstana gəlincə, həm tarixən, həm də indiki mərhələdə ölkə bu layihənin əsas iştirakçılarından biridir. Azərbaycan ilə Gürcüstan arasında tarixi tərəfdaşlığı qeyd etməmək mümkün deyil. Bu tandem olmadan həyata keçirilən və gələcəkdə həyata keçiriləcək layihələrdən hər hansı birini, o cümlədən Orta Dəhlizi təsəvvür etmək çətindir.

- Zəngəzur dəhlizinin açılması, sizcə, Qafqaz regionunun iqtisadi inkişafı baxımından hansı perspektivi vəd edir?

- Zəngəzur dəhlizi, sözsüz, həm Bakının, həm də İrəvanın maraqlarına xidmət etməlidir. Cənubi Qafqaz ölkələri arasında kommunikasiyalar, ticarət əlaqələri nə qədər çox olarsa, regionda sabitlik və sülh üçün ilkin şərtlər də bir o qədər dayanıqlı olar. Ona görə də hesab edirəm ki, Zəngəzur dəhlizinə yanaşma reallığa əsaslanmalıdır.

Biz ümumi iqtisadi məkanın yaradılması ilə bağlı bir sıra halları nəzərə almalı, irəliyə ümumi maraqlar şərti ilə baxmalıyıq. Hesab edirəm ki, Zəngəzur dəhlizi region ölkələrinin maraqlarını birləşdirə biləcək layihələrdən biridir.

Cənubi Qafqaz ölkələri arasında kommunikasiyalar, ticarət əlaqələri nə qədər
çox olarsa, regionda sabitlik və sülh üçün ilkin şərtlər də bir o qədər dayanıqlı olar

- Regionumuz üçün böyük əhəmiyyət daşıyan Cənubi Qafqaz və Bakı-Tbilisi-Ceyhan boru kəmərləri təcrübəsi bu məsələdə müsbət nümunə sayıla bilərmi?

- Şübhəsiz ki, bu layihələr yaxın keçmişdə regional əməkdaşlığın əsasını qoydu, onların faydaları bu gün də hiss olunur və ümid edirik ki, gələcək onilliklər ərzində də davam edəcəkdir. Əslində, bu, Prezident Heydər Əliyevin və onun həmkarı Prezident Eduard Şevardnadzenin böyük irsidir. Bunun üçün biz çox minnətdar olmalıyıq.

- Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından Azərbaycanın perspektivləri barədə fikirlərinizi bilmək maraqlı olardı...

- Regionun iqtisadi və enerji resurslarının inkişafı baxımından, heç kimə sirr deyil ki, Azərbaycanla Aİ arasında Avropanın təbii qaz resursları ilə təmin edilməsinə dair imzalanmış saziş regionun enerji sabitliyi ilə bağlıdır.

Bu istiqamətdə rəsmi Bakının kardinal xarakter daşıyan imkanları həm ölkənin enerji sektoru üçün tamamilə fərqli inkişaf perspektivini təmin edir, həm də Aİ-nin enerji təhlükəsizliyinin ümumi mənzərəsində Cənubi Qafqazın, xüsusən də Azərbaycan və Gürcüstanın daha böyük rola malik olduğunu göstərir.

Tamilla MƏMMƏDOVA

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?