Ulriç Harmes Liedtke: “Azərbaycan Almaniya ilə keyfiyyət infrastrukturunun bir neçə istiqaməti üzrə əməkdaşlıq edə bilər” MÜSAHİBƏ
“vergiler.az”ın suallarını beynəlxalq inkişaf əməkdaşlığı sahəsində almaniyalı mütəxəssis, keyfiyyət infrastrukturu üzrə məsləhətçi Ulriç Harmes Liedtke cavablandırır.
- Cənab Ulriç Harmes, əvvəlcə terminologiyadan başlayaq. Keyfiyyət infrastrukturu nədir?
- Keyfiyyət infrastrukturu dövlət və özəl təşkilatlarda malların, xidmətlərin və proseslərin keyfiyyətini, təhlükəsizliyini və ətraf mühitə uyğunluğunu qorumaq və təkmilləşdirmək üçün zəruri olan siyasətlər, müvafiq normativ bazalar və təcrübələr sistemidir.
Keyfiyyət infrastrukturu daxili bazarların səmərəli işləməsi üçün vacibdir. Onların beynəlxalq səviyyədə tanınması xarici bazarlara yolunu açır. Bu, iqtisadi inkişafın və ətraf mühitin, sosial rifahın təşviq edilməsində və davam etdirilməsində mühüm elementdir.
Keyfiyyət infrastrukturu, adından da göründüyü kimi, infrastrukturdur. Bu da yol və ya telekommunikasiya kimidir. Türkiyə və ya Avropa kimi yüksək standartlara malik çox tələbkar bir bazara girmək istədiyiniz zaman onların standartlarına cavab verməlisiniz.
Keyfiyyət infrastrukturu daxili bazarların səmərəli işləməsi üçün vacibdir
Eyni zamanda, keyfiyyət infrastrukturu Azərbaycan şirkətlərinə, məsələn, enerji və ya biznesin ən yaxşı şəkildə necə idarə olunması ilə bağlı mütərəqqi təcrübələrin ötürülməsinə kömək edir və bununla biznes səviyyəsində innovasiyalara təkan verir.
Azərbaycanda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nəzdində fəaliyyət göstərən AZSTAND standartlaşdırma, metrologiya və akkreditasiya sahələrini özündə birləşdirərək keyfiyyət infrastrukturu funksiyasını yerinə yetirir.
- Keyfiyyət infrastrukturu iqtisadiyyatın “yaşıllaşmasına” necə təsir edir?
- Ənənəvi olaraq keyfiyyət infrastrukturu şirkətlərə, qarşı tərəfin keyfiyyət tələblərinə cavab verməkdə kömək edir və iqtisadiyyatı bir sistem kimi işlədir. Ona görə də keyfiyyətin təməli sayılır. İkincisi, keyfiyyət infrastrukturu sənayedə çalışan, eləcə də məhsullardan istifadə edən insanların sağlamlığına və təhlükəsizliyinə töhfə verir.
İndi Azərbaycanda təbiətdəki harmoniyanı qorumaq və karbon emissiyalarını azaltmaq üçün transformasiyalar gedir. Keyfiyyət infrastrukturu iqtisadiyyatın enerjiyə daha qənaətli olması və təbiətin qorunması üçün standartlar təyin etməklə bu prosesi dəstəkləyir. Sınaq laboratoriyaları, təftiş və sertifikatlaşdırma orqanları hər üç sahədə tələbləri qiymətləndirir.
Keyfiyyət infrastrukturu Azərbaycan şirkətlərinə, məsələn,
enerji və ya biznesin ən yaxşı şəkildə necə idarə olunması ilə
bağlı mütərəqqi təcrübələrin ötürülməsinə kömək edir
- İnkişaf etməkdə olan ölkələrdə keyfiyyət infrastrukturunun inkişafı üçün hansı addımların atılması zəruridir?
- Keyfiyyət infrastrukturunun inkişafının müxtəlif mərhələləri var. Azərbaycanda artıq əsas keyfiyyət infrastrukturu qurumları, yəni Milli Metrologiya İnstitutu, milli standartlaşdırma, akkreditasiya orqanları yaradılıb. Bununla yanaşı, laboratoriyalar və ya sertifikatlaşdırma və təftiş orqanları adlandırdığımız uyğunluğun qiymətləndirilməsi xidmətləri də var. Beləliklə, ölkə artıq keyfiyyət infrastrukturunun zəruri komponentləri ilə təchiz olunub.
Növbəti addım bugünkü iqtisadiyyat üçün zəruri olan bütün sınaqları və sertifikatlaşmanı həyata keçirə bilməkdir. İnsanlar maarifləndirilməli, düzgün avadanlıqlarla təchiz edilməlidir. İnsanlar maarifləndirildikdən sonra bu xidmətlər üçün akkreditasiya olunmalıdır. Akkreditasiya orqanının özü də beynəlxalq səviyyədə tanınmalıdır. Buna görə də bütün xidmətlərin keyfiyyətinin yüksəldilməsi çox vacibdir. Eyni zamanda, dövlət idarəçiliyində tənzimləməni ən yaxşı təcrübələrə əsaslanaraq aparmaq səriştəsi tələb olunur.
- AZSTAND-ın işi və ümumiyyətlə, ölkəmizdə bu istiqamətdə aparılan işlərlə tanışsınızmı?
- Bu, mənim Azərbaycana ilk səfərimdir. Aydındır ki, əvvəlcədən keyfiyyət infrastrukturunun inkişafı ilə bağlı sənədləri nəzərdən keçirmişəm. Metrologiya İnstitutu ilə bağlı qeyd edə bilərəm ki, Azərbaycan artıq müxtəlif sahələrdə ən yüksək beynəlxalq səviyyədə texniki səriştə nümayiş etdirib. Bununla belə, ənənəvi QOST ölçmə standartlarından yeni İSO texniki standartlarına keçid də var ki, bu, Azərbaycanın metrologiya və keyfiyyət infrastrukturu baxımından uyğunlaşmalı olduğu prosesdir.
Azərbaycanda artıq əsas keyfiyyət infrastrukturu
qurumları, yəni Milli Metrologiya İnstitutu, milli
standartlaşdırma, akkreditasiya orqanları yaradılıb
- Azərbaycanda təlimləriniz tikinti sektorunu, o cümlədən Calidena metodologiyası alətinin tikinti sənayesində tətbiqini əhatə edir. Bu işin üstünlüklərini qısaca təsvir edə bilərsinizmi?
- Biz hələ hazırlıq mərhələsindəyik və may ayında Calidena metodologiyası üzrə seminarın keçirilməsi planlaşdırılır. Buraya tikinti, hasilat, xammal, emal, istehsaldan binalarda quraşdırmaya qədər məhsulun dəyər zəncirinin müxtəlif elementlərinin qiymətləndirilməsi daxildir.
Bundan əlavə, biz materialların təkrar emalına diqqət yetirmək istəyirik, mən dairəvi iqtisadiyyatı və dövrü necə bağlamaq lazım olduğunu nəzərdə tuturam.
- Sizcə, Azərbaycan Almaniyadan hansı təcrübəni öyrənə bilər?
- Hesab edirəm ki, Azərbaycan Almaniya ilə keyfiyyət infrastrukturun bir neçə istiqaməti – metrologiya, standartlaşdırma, akkreditasiya, eləcə də uyğunluğun qiymətləndirilməsi üzrə əməkdaşlıq edə bilər. Azərbaycan Keyfiyyət İnfrastrukturu İnstitutu, həmçinin biznes sektoru ilə əməkdaşlıq təcrübəsindən, sənaye üçün standartların formalaşdırılmasında və inkişaf etdirilməsində biznes sektorunun mühüm rolu üzrə təcrübələrdən öyrənə bilər.
Tamilla MƏMMƏDOVA