Kadırbek Janar: “Qazaxıstan və Azərbaycan ticarət dövriyyəsini 1 mlrd. dollara çatdırmağı planlaşdırır” MÜSAHİBƏ
Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasında rəsmi səfərdə olub və iki ölkənin dövlət başçıları arasında dialoq altı mühüm sənədin imzalanması ilə nəticələnib. Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli iqtisadi əməkdaşlığın əsas istiqamətləri haqqında “vergiler.az”ın suallarına qazaxıstanlı iqtisadçı, İctimai Siyasət İnstitutunun baş eksperti Kadırbek Janar cavab verir.
- Xanım Janar, sizcə, Prezident İlham Əliyevin Qazaxıstana rəsmi səfəri iki ölkənin iqtisadi əlaqələrinin gələcək inkişafına necə təsir edəcək?
- Bu səfər ölkələrimiz arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafında mühüm mərhələnin başlanğıcıdır. Səfər çərçivəsində strateji əhəmiyyətli sənədlərin imzalanması, şübhəsiz ki, ikitərəfli münasibətlərin dinamikasını artırır. Qazaxıstanın Xarici Ticarət Palatası ilə Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında imzalanmış Anlaşma Memorandumu iqtisadi əlaqələrin möhkəmləndirilməsi baxımından xüsusilə əhəmiyyətlidir. Bu, Qazaxıstan və Azərbaycan arasında tərəfdaşlıq münasibətlərini gücləndirəcək. Bu tərəfdaşlığın gələcəyi ümidverici görünür: iqtisadiyyatın müxtəlif sektorlarında artım və diversifikasiya üçün böyük potensial var.
Azərbaycan bu gün Qazaxıstanın əsas ticarət-iqtisadi
tərəfdaşlarından biridir, bunu ticarətin müsbət dinamikası da sübut edir
- Hazırda Qazaxıstanda Azərbaycan kapitallı nə qədər müəssisə var, onların fəaliyyətində və sayında hansı təmayül müşahidə olunur?
- Azərbaycan bu gün Qazaxıstanın əsas ticarət-iqtisadi tərəfdaşlarından biridir, bunu ticarətin müsbət dinamikası da sübut edir. Son 5 ildə iki ölkə arasında ticarət dövriyyəsi 2,1 dəfə artaraq 221,2 milyon dollardan 461,9 milyon dollara yüksəlib.
Bundan başqa, Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayevin də qeyd etdiyi kimi, Qazaxıstan və Azərbaycanın iqtisadi potensialının tam inkişafı nəticəsində ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq mümkündür. Təkcə son bir ildə Azərbaycandan mal idxalının 2 dəfə artması diqqəti çəkir.
İndiyədək Qazaxıstanda qeydiyyatdan keçmiş Azərbaycan kapitallı 1.170-ə yaxın müəssisə, əsasən, topdan və pərakəndə ticarət, eləcə də tikinti ilə məşğuldur. 2018-ci ildən bəri bu müəssisələrin sayı 29,3% artıb ki, bu da proseslərin ticarət-iqtisadi əməkdaşlıq yolunda müsbət istiqamətə yönəldiyindən xəbər verir. Bundan əlavə, hazırda Qazaxıstanda 213 birgə müəssisə fəaliyyət göstərir və prezident Tokayevin vurğuladığı kimi, onların sayı artacaq.
Dövlət başçıları arasında görüşdən sonra iki ölkə hökumətlərinə birgə işə başlamaq üçün iri layihələri müəyyən etmək tapşırılıb.
Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının yaradılması iki ölkənin işgüzar
dairələri və iş adamları arasında birbaşa əlaqələr qurmağa imkan verəcək
- Qazaxıstandakı azad iqtisadi zonalar azərbaycanlı investorlara hansı imtiyazları təqdim edir?
- Qazaxıstan gəlirli investisiyalar üçün yeni imkanlar yaradır. Bu sahəni tənzimləyən mühüm sənədlər imzalanıb. Bundan əlavə, ölkədə fiskal tənzimləmənin yenidən qurulması çərçivəsində yeni Vergi Məcəlləsi hazırlanır.
Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının yaradılması iki ölkənin işgüzar dairələri və iş adamları arasında birbaşa əlaqələr qurmağa imkan verəcək. Bu platformanın əsas məqsədlərindən biri həm Qazaxıstanda, həm də Azərbaycanda investisiya layihələri üçün şirkətin yaradılmasına yardım etməkdir.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycandan Qazaxıstana ümumi investisiya axını 69,7 milyon ABŞ dolları həcmində olub.
- “Orta dəhliz” nəqliyyat marşrutu çərçivəsində əməkdaşlığın inkişaf perspektivlərini necə qiymətləndirərdiniz?
- Dünyada baş verən geosiyasi təlatümlər fonunda Transxəzər nəqliyyat dəhlizi və ya “Orta dəhliz” xüsusi əhəmiyyət kəsb edir. Qazaxıstan dəmir yolu şirkətinin məlumatına görə, 2022-ci ildə bu marşrutla yükdaşımaların həcmi 2,5 dəfə artaraq 1,5 milyon ton təşkil edib. Növbəti illərdə yükdaşımaların həcminin artırılması və bütövlükdə “Orta dəhliz”in nəqliyyat-loqistika potensialının inkişafı üçün ölkələr arasanda müzakirələr aparılır.
2022-ci ildə Qazaxıstan, Azərbaycan və marşrutun digər iştirakçıları arasında dəhliz potensialının inkişafı üzrə 2022-2025-ci illər üçün yol xəritəsinin imzalanması yeni imkanlar yaradır.
Beləliklə, bu marşrutun hər iki ölkə üçün cəlbediciliyi və əhəmiyyəti artmaqdadır. Qazaxıstan və Azərbaycan bu dəhlizin potensialını və imkanlarını inkişaf etdirmək üçün birgə səylər göstərməyə hazırdır və bu, əməkdaşlıq üçün yeni məqamların ortaya çıxmasına şərait yaradır.
Dünyada baş verən geosiyasi təlatümlər fonunda Transxəzər
nəqliyyat dəhlizi və ya “Orta dəhliz” xüsusi əhəmiyyət kəsb edir
- 2023-cü ildə qarşılıqlı investisiyalar və ticarətdə hansı göstəricilərə nail olmaq gözlənilir?
- Qazaxıstan və Azərbaycan əməkdaşlığı inkişaf etdirməklə ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı planlaşdırır. Hazırda Qazaxıstandan 110 adda və dəyəri 304 milyon dollardan artıq qeyri-əmtəə malının Azərbaycan bazarlarına tədarükü məsələsi müzakirə olunur. Qazaxıstan həmçinin Azərbaycan üzərindən neft tədarükünü artırmağı planlaşdırır.
Ümumiyyətlə, əməkdaşlığın inkişafına dair 2022-2026-cı illər üçün Kompleks Proqram çərçivəsində ticarət-iqtisadi sahədə layihələrin təşviqində mühüm nəticələr əldə edilib. Azərbaycan-Qazaxıstan-Azərbaycan və Qazaxıstan-Türkiyə-Avropa-Qazaxıstan istiqamətləri üzrə Azərbaycan ərazisindən tranzit keçən intermodal dəmir yolu yükdaşımaları sahəsində əməkdaşlıq genişləndirilib. Bundan başqa, Aktau limanı bazasında “konteyner qovşağı”nın tikintisinə başlanılıb, bərə parkının inkişafı üçün tədbirlər görülür...
Belə hesab edirəm ki, ölkələrimiz arasında ticarət-iqtisadi, nəqliyyat və loqistika sektorlarında qarşılıqlı faydalı əməkdaşlıq üçün böyük potensial mövcuddur.
Tamilla MƏMMƏDOVA