5 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Giqi Giqiadze: “Avropanın enerji müstəqilliyinin təmin edilməsində regionumuzun əhəmiyyəti durmadan artır” MÜSAHİBƏ

Ötən həftə Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyev ilə Gürcüstanın ölkəmizdə işgüzar səfərdə olan Baş naziri İrakli Qaribaşvilinin görüşü zamanı iki ölkə arasında əməkdaşlığın qarşılıqlı maraq doğuran məsələləri müzakirə olunub. Görüş təəssüratları ilə əlaqədar “vergiler.az”ın suallarını iqtisadçı ekspert, Gürcüstan xarici işlər nazirinin keçmiş müavini Giqi Giqiadze cavablandırır.

- Cənab Giqiadze, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Qəbələ şəhərinə səfərinin nəticələri fonunda iki ölkə arasında əməkdaşlığın hazırkı səviyyəsi barədə nə deyə bilərsiniz?

- Prezident İlham Əliyevin Qəbələ şəhərində elan etdiyi yeni perspektivli təşəbbüslərin necə həyata keçiriləcəyinin şahidi olacağıq. Şübhəsiz ki, Gürcüstan və Azərbaycan arasında regional əməkdaşlıq daha da genişləndirilə və bu proses hər iki tərəfin maraqlarının müxtəlif aspektlərini özündə birləşdirə bilər. Azərbaycanın Avropaya təbii qaz tədarükünü artırmağa davam edəcəyini eşitmək vacibdir. Bu, enerji daşıyıcılarının alternativ marşrutunun və beləliklə, Avropanın enerji müstəqilliyinin təmin edilməsi baxımından regionumuzun əhəmiyyətini bir daha təsdiqləyir.

Müstəqilliklərini bərpa etdikdən sonra bir-birinə arxa olan Azərbaycan və Gürcüstan Türkiyə ilə birlikdə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və Mərkəzi Asiyadan Avropaya yeganə alternativ tranzit marşrutunu dəstəkləməyə davam edir. Şübhəsiz ki, iki xalq arasında çox yaxın strateji və çox vaxt qardaşlıq adlandırılan bu münasibət üçün şərait çox erkən, 90-cı illərin əvvəllərində yaradılmışdı. O vaxt bir ölkənin uğurunun digərinin nailiyyətləri ilə bilavasitə bağlı olacağı aydın dərk edilmişdi.

Müstəqilliklərini bərpa etdikdən sonra bir-birinə arxa olan
Azərbaycan və Gürcüstan Türkiyə ilə birlikdə
Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır

- Bərpa olunan və alternativ enerji mənbələri sahəsində əməkdaşlıq haqqında nə deyə bilərsiniz?

- Dünyada bərpa olunan enerjiyə tələbatın artması Avropanın enerji təchizatının gələcəyində mühüm rol oynayacaq. Karbohidrogen ehtiyatlarının məhdud potensialını nəzərə alaraq, Tbilisi və Bakı bərpa olunan və alternativ enerji mənbələrinin inkişafına daha çox diqqət yetirməli və onların Avropa qitəsinə tranziti üçün yeni marşrutlar hazırlamalıdır. Avropada bərpa olunan enerji mənbələrinə keçid hələ Rusiya-Ukrayna müharibəsindən və Avropanın Rusiyadan enerji asılılığının yenidən qiymətləndirməsindən əvvəl başlamışdı. Qlobal enerji bazarında bərpa olunan enerjinin payı gələcəkdə davamlı olaraq artacaqdır ki, bu da mövcud təchizatçı və tranzit ölkələr tərəfindən müvafiq yenilənmiş enerji siyasətinin işlənib hazırlanmasına səbəb olmalıdır.

- Bakı-Tbilisi-Qars marşrutunun Gürcüstan üçün potensialını və beynəlxalq nəqliyyat sistemindəki rolunu necə qiymətləndirirsiniz?

- BTQ dəmir yolu Cənubi Qafqaz tranzit dəhlizinin siyasi və iqtisadi əhəmiyyətini geniş miqyasda dəyişdirmək üçün nəzərdə tutulub. Təəssüf ki, müxtəlif səbəblərdən bu marşrutun tutumundan hələ də tam gücü ilə istifadə oluna bilmir. BTQ tam fəaliyyətə başlayanda hər iki istiqamətdə daşınan yüklərin ümumi həcmini artırmaqla yanaşı, Orta Asiya ölkələrini də cəlb edəcəkdir. BTQ Azərbaycan, Gürcüstan və Türkiyə arasında regional əməkdaşlığın ən yaxşı nümunəsidir. Artıq mövcud olan iri regional qaz və neft kəmərləri ilə yanaşı, dəmir yolu əlaqəsi regionun tranzit potensialını və Avropa üçün əhəmiyyətini əsaslı şəkildə artırır.

Artıq mövcud olan iri regional qaz və neft kəmərləri ilə yanaşı, dəmir yolu
əlaqəsi regionun tranzit potensialını və Avropa üçün əhəmiyyətini əsaslı şəkildə artırır

- Gürcüstanla Azərbaycan arasında liman sektorunda əməkdaşlıq hansı səviyyədədir?

- Strateji, eləcə də zamanın sınağından keçmiş iqtisadi tərəfdaşlar kimi Gürcüstan və Azərbaycan hər iki ölkənin mövcud liman imkanlarından tam istifadə etmək üçün ən yaxşı ilkin şərtlərə malikdir. BTQ və Gürcüstanda mövcud dəmir yolu infrastrukturunun inkişafı bu istiqamətdə yeni imkanlar açır. Gürcüstanın Batumi və Poti limanları Azərbaycan, eləcə də Mərkəzi Asiya ölkələri üçün Avropa bazarına giriş qapısı ola bilər.

Avropa ölkələri Bakı limanı vasitəsilə rahatlıqla Mərkəzi və Şərqi Asiya ölkələrinə çata bilirdilər. Təəssüf ki, bu cəhətə lazımi diqqət və əhəmiyyət verilməyib. Lakin regiona marağın artması ilə təzə və innovativ yanaşmaların tətbiqinə ümid etmək olar.

Tamilla MƏMMƏDOVA

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması