Mateo Villamil-Valensiya: “Azərbaycanın Sakit Okean Alyansında müşahidəçi rolu böyük nəticələr verə bilər” MÜSAHİBƏ
Kolumbiya bütün sahələrdə - ticarət, enerji, infrastruktur və dəmir yolu sistemi sektorlarında təcrübə mübadiləsi, elmi və mədəni əlaqələrin inkişafı sahəsində əməkdaşlığı təşviq etməklə Azərbaycanla yaxınlaşmaq imkanlarını nəzərdən keçirir. “vergiler.az”ın suallarına iqtisadçı ekspert, İsveçin Malmö Universitetinin Qlobal siyasi tədqiqatlar fakültəsinin əməkdaşı Mateo Villamil-Valensiya cavab verir.
- Kolumbiya ilə Azərbaycan arasında bugünkü əməkdaşlıq səviyyəsini necə xarakterizə edə bilərsiniz?
- Kolumbiya və Azərbaycan 1994-cü ildən – münasibətlərin başlanğıcından bəri xüsuilə mədəni sahədə geniş əməkdaşlıq edir. Kolumbiya 2012-ci ildə Xocalı soyqırımını tanıyıb və 2018-ci ildə Dağlıq Qarabağın işğalını insanlığa qarşı cinayət elan edən qətnamə qəbul edib.
1994-cü ilin dekabrından biz mədəniyyət sahəsində əməkdaşlıq üçün sabit, güclü mühit yaratmışıq. Hər iki ölkə keçid mərhələsini arxada qoyub. Enerji, kənd təsərrüfatı, turizm və iqlim dəyişikliyinin azaldılması ilə bağlı sahələrdə əməkdaşlığın davam etdirilməsi zəruridir.
Enerji, kənd təsərrüfatı, turizm və iqlim dəyişikliyinin azaldılması ilə
bağlı sahələrdə əməkdaşlığın davam etdirilməsi zəruridir
Belə hesab edirəm ki, ölkələrimizin əməkdaşlıq üçün böyük imkanları var. Qlobal siyasi vəziyyət hər iki ölkə üçün böyük fayda verəcək bir məkan aça bilər. Azərbaycan və Kolumbiya dünyanın fərqli istiqamətlərində yerləşir, Sakit Okean üzərindən əməkdaşlıq edirlər. Latın Amerikası, Çin və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya prosesləri güclənən çoxqütblü sistem çərçivəsində respublikalarımızı logistika və nəqliyyatın inkişafının nüvələri səviyyəsinə qaldıracaq.
Digər tərəfdən, Kolumbiya meşələrin bərpası və bərpa olunan enerji üçün böyük potensiala malikdir və bu sahədə ölkələrimiz əməkdaşlıq edə bilər.
- Bakıda Sakit Okean Alyansının ofisi açılıb. Sakit Okean Alyansı ölkələri ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf perspektivləri necə görünür? Azərbaycanın Sakit Okean Alyansında müşahidəçi kimi rolunu necə qiymətləndirirsiniz?
- Regionlarımız, dediyim kimi, çoxqütblü nizamın formalaşmasında çox mühüm rol oynayır və ölkələrimiz arasında yaranan əməkdaşlıq çox vacibdir. Alyans dünyanın səkkizinci ən böyük ixracatçısıdır, Latın Amerikası və Karib hövzəsi ölkələrində birbaşa xarici investisiyaların təxminən 40%-i Alyansın payına düşür və bu onu yüksək səviyyəli oyunçu edir. Ona görə də Azərbaycanın müşahidəçi rolu yaxın gələcəkdə böyük nəticələr verə bilər.
Alyansın məqsədi iş yerləri yaratmaqla yanaşı, investisiya cəlb etməkdir. Digər siyasi və ya monetar inteqrasiya təşəbbüslərindən fərqli olaraq, bu, əsasən, kommersiya prosesidir. Latın Amerikasının inteqrasiya bazarı dörd ölkə birjalarının əməliyyatlarını birləşdirir. Bu, regionda investisiyaları bir araya gətirir, Azərbaycan kimi digər region və ölkələrdən kapitalın gəlməsini təmin edir. Alyansın 2022-ci ildən Sinqapurla sərbəst ticarət müqaviləsi var. Bu, həm də yeni İpək Yolunun təsir zonasına giriş qapısıdır.
Alyans dünyanın səkkizinci ən böyük ixracatçısıdır, Latın Amerikası və
Karib hövzəsi ölkələrində birbaşa xarici investisiyaların təxminən 40%-i
Alyansın payına düşür və bu onu yüksək səviyyəli oyunçu edir
Bu il mayın ortalarında Barranquilla şəhərində keçiriləcək 95-ci İşgüzar Əlaqələr Forumuna Azərbaycandan aqrobiznes, sənaye, istehlak malları, rəqəmsal sənayelər, tekstil və geyim sektorlarını təmsil edən şirkətlər dəvət olunub.
Alyansın ticarət təşəbbüsləri Latın Amerikasının sülh və iqlim balansı regionu kimi rolunu gücləndirmək üçün ekoloji və sosial səylərlə müşayiət olunur.
Tamilla MƏMMƏDOVA