11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elnur Allahverdiyev: “Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın təsiri getdikcə artacaq” MÜSAHİBƏ

Texnologiyaların sürətlə inkişafı və ekoloji amil dövrümüzün əsas trendlərindən olan “yaşıl enerji”yə marağı artırıb. Son 10 ildə dünyada alternativ enerji istehsalında iki dəfədən çox artım müşahidə edilib. Azərbaycan da qarşıya 2030-cu ilə qədər bərpa olunan enerji istehsalını 30%-ə yüksəltmək hədəfi qoyub. “vergiler.az”ın bu mövzuya dair suallarını millət vəkili Elnur Allahverdiyev cavablandırıb:

- Elnur müəllim, Azərbaycanda istehsal olunan alternativ enerji resurslarının ölkənin elektrik enerjisinin ixracı potensialına təsiri hansı səviyyədədir?

- Biz hələlik bərpa olunan enerjinin ixracat üçün nəzərdə tutulan həcminin istehsalına başlamamışıq. Ancaq təbii ki, bu istiqamətdə Azərbaycanın böyük potensialı mövcuddur. Bildiyiniz kimi, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan bizim istehsal etdiyimiz “yaşıl enerji”nin bu ölkələrdən keçməklə Qara dənizin dibi ilə Avropaya çatdırılmasına dair razılıq əldə ediblər. Bu layihənin son ünvanı hələlik Macarıstandır. Mən şübhə etmirəm ki, bütün Avropa Azərbaycanın alternativ enerji potensialından yararlanmaq istəyəcək.

Bərpa olunan enerjiyə ilkin olaraq ekoloji problemlərdən doğan mövzu kimi baxılırdı

Bərpa olunan enerjiyə ilkin olaraq ekoloji problemlərdən doğan mövzu kimi baxılırdı. Tədricən alternativ enerji mənbələri vasitəsilə təbiətin çirklənməsinin qarşısının alınmasına töhfə verə biləcəyimiz haqda təsəvvürlər formalaşmağa başladı. Sonra məlum oldu ki, bu, olduqca ciddi iqtisadi faktordur. Azərbaycanın böyük həcmdə günəş, külək, su enerjisi ehtiyatları vardır. Məsələn, küləyin sürətinin saniyədə 3-4 metr olması ondan elektrik enerjisi əldə etmək üçün kifayətdir. Bakıda isə küləyin orta illik sürəti saniyədə 11 metrdən çoxdur. Paytaxtətrafı ərazilərdə ilin orta hesabla 250 günü küləkli olur. Bu, böyük göstəricidir və onu ixraca yönəltsək, kifayət qədər gəlir əldə edə bilərik. Bu proses artıq başlayıb, Bakı yaxınlığında külək enerjisi istehsal edəcək stansiyanın təməli qoyulub. Eyni zamanda Cəbrayılda günəş enerjisi stansiyası tikiləcək.

Azərbaycanda il ərzində 2500-3200 saat günəşli gün qeydə alınır. Bu göstərici günəş enerjisinin istehsalı üçün olduqca əlverişlidir. Beləliklə, biz iri ixracatçıya çevriləcəyik.

Eyni zamanda, alternativ enerji mənbələrinin inkişafı və istismarı daxildə böyük vəsaitlərə qənaət etməyimizə şərait yaradacaq. İşğaldan azad edilmiş ərazilərimizdə ancaq “yaşıl enerji”dən istifadə ediləcək. Bu, həmin bölgənin ekoloji durumundan tutmuş turizm potensialınadək həyatın bütün sferalarına öz təsirini göstərəcək. Bu həm də bir cəlbedicilik, təbliğat, reklam amilinə cevriləcək. Dünyada belə təcrübə çox deyil. Bu, həm də qənaət baxımından büdcəmizə müsbət təsir göstərəcək.

Alternativ enerji mənbələrinin inkişafı və istismarı daxildə
böyük vəsaitlərə qənaət etməyimizə şərait yaradacaq

- "Yaşıl enerji" istehsalı ilə bağlı iki xarici şirkətlə müqavilə bağlanıb, daha bir şirkətlə danışıqlar aparılır. Xarici investorların bu sahəyə cəlb olunması yerli iqtisadiyyata nə qazandıracaq?

- Üçüncü şirkət dedikdə söhbət neft nəhəngi “bp”dən gedir. Əgər bu gün “bp” “yaşıl enerji” mənbələrinə sərmayə yatırırsa, deməli, gələcək bərpa olunan enerjidədir. İnvestorlara gəlincə, mən bu prosesi ötən əsrin 90-cı illərinin əvvəlləri ilə müqayisə edərdim. O vaxt bizim böyük həcmdə neft ehtiyatlarımız, mütəxəssislərimiz var idi, ancaq o nefti hasil etmək üçün vəsaitimiz, texnologiyamız, nəql etmək üçün kəmərlərimiz yox idi. Ulu öndər Heydər Əliyev tarixi əhəmiyyətli addım atdı, beynəlxalq konsorsiumlarla, transmilli şirkətlərlə “Əsrin müqaviləsi”ni imzalandı. Bununla Azərbaycana həm kapital axını başladı, həm də Qərb şirkətləri özləri ilə texnoloji yenilikləri gətirdilər. Nəticə bu gün göz önündədir. Mən əldə etdiyimiz maddi gəlirə toxunmuram, görün bizim nə qədər yeni, gənc, müasir, istedadlı neft mütəxəssislərimiz yetişib. Yəni xarici investisiya həm də intellektual potensialımıza yatırılmış oldu. Eynilə indiki vəziyyətdə də bizim bərpa olunan enerji potensialımız var, ancaq texnologiyamız yoxdur. Texnologiya özü ilə investisiya gətirəcək, büdcəmizə vəsait daxil olacaq, elmi-intellektual potensialımız yüksələcək, kadrlarımız yetişəcək, bu sahədə çalışan milli özəl şirkətlərimiz yaranacaq.

Texnologiya özü ilə investisiya gətirəcək, büdcəmizə vəsait daxil
olacaq, elmi-intellektual potensialımız yüksələcək, kadrlarımız
yetişəcək, bu sahədə çalışan milli özəl şirkətlərimiz yaranacaq

- Almaniya şirkətlərinin də alternativ enerji sahəsinə marağını müşahidə edirik. Bu nəyin göstəricisidir?

- Almaniya texnoloji cəhətdən dünyanın ən öndə gedən ölkələrindəndir. Prezident İlham Əliyevin Almaniyaya səfəri zamanı alman iş adamları ilə görüşünün böyük hissəsi məhz bərpa olunan enerji sahəsində ixtisaslaşmış şirkətlərlə müzakirələrə həsr olundu. Həmin şirkətlərin bir qismi xeyli vaxtdır Azərbaycanda işləyir, müxtəlif layihələrin iştirakçısıdır. Reallıq ondan ibarətdir ki, Azərbaycan xarici kapital üçün cəlbedici ölkədir. Xarici investorlar burada özünü rahat hiss edir. Onlar mövcud şəraitin hansısa layihəyə etibarlı şəkildə vəsait yatırılmasına və ondan gəlir əldə edilməsi tələblərinə cavab verdiyini müşahidə edirlər. Yəni potensial, mənbələr öz yerində, ancaq təminat olmayan yerə xarici kapitalın gəlməsi mümkünsüzdür. Fikrimcə, alman şirkətlərinin aktiv marağının başlıca və əsas səbəbi budur.

- Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın nüfuzunun yüksəlməsi ölkəmizə nələr vəd edir?

- Biz özümüzü artıq etibarlı tərəfdaş kimi sübut etmişik. Xüsusilə son bir ildə Azərbaycan özünü Avropanın sabit tərəfdaşı kimi göstərməyə davam edir. Bizim Avropanın enerji təhlükəsizliyində öz yerimiz var. Bu istiqamətdə imkanlarımız və təsir dairəmiz getdikcə artacaq və genişlənəcək. Bu reallıq Prezident İlham Əliyevin ardıcıl xarici siyasəti və enerji diplomatiyasının məhsuludur. Azərbaycanın etibarlı tərəfdaşlığı müxtəlif sahələrə öz müsbət təsirini göstərir. İqtisadi əməkdaşlıqdan tutmuş xarici siyasət problemlərinədək qarşımızda duran çətinliklərin çözülməsinə, əngəllərin dəf edilməsinə nail oluruq. Avropada və dünyada nüfuzumuz artır. Bu, ölkəmizin imkanlarının, xalqımızın potensialının təbliği baxımından çox önəmlidir.

Fərqanə ALLAHVERDİQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?