11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Florian Zenqstşmid: “Əcnəbi turistlərin sayının artım tendensiyası davam edəcək” MÜSAHİBƏ

Son dövrlərdə Azərbaycan iqtisadiyyatı üçün prioritet istiqamətlərdən biri də ölkənin turizm sahəsinin inkişaf etdirilməsidir. Buna nail olmaq üçün respublikamızın turizm potensialının beynəlxalq səviyyədə, xüsusən də hədəf bazarlarda innovativ marketinq üsullarından istifadə edilməklə tanıdılması, ölkədaxili turizmin inkişafı üçün bir sıra tədbirlər həyata keçirilib.

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid bu istiqamətdə görülən işlərlə bağlı “vergiler.az”ın suallarını cavablandırıb:

- Pandemiyadan sonra Azərbaycanın turizm sənayesində vəziyyəti necə qiymətləndirmək olar?

- 2022-ci ildə Azərbaycana gələn əcnəbi vətəndaşların sayı 1.602.600 nəfər olub və 2021-ci il ilə müqayisədə 2 dəfədən çox artıb. Bu nəticə pandemiyadan əvvəlki - 2019-cu il ilə müqayisədə turizmin 50 faiz bərpa olunması deməkdir. 2022-ci ildə ölkəmizə səfər edənlərin sırasında ilk 5-likdə Rusiya Federasiyası (447 min), Türkiyə (312 min), İran (171 min), Səudiyyə Ərəbistanı (96 min) və Gürcüstan vətəndaşları (82 min) qərarlaşıb. 2021-ci il ilə müqayisədə Azərbaycana səfər edən Hindistan vətəndaşlarının sayı 10 dəfə, Pakistan vətəndaşlarının sayı 17 dəfə, Oman vətəndaşlarının sayı isə 20 dəfə artıb. COVID-19 pandemiyasından sonra - 2022-ci ildə Belarus (+25 faiz), Özbəkistan (+12 faiz), Pakistan (+11 faiz), İordaniya (+11 faiz) və Oman (+2 faiz) üzrə turizm göstəriciləri tam bərpa olunub.

2022-ci ildə Azərbaycana gələn əcnəbi vətəndaşların sayı
1.602.600 nəfər olub və 2021-ci il ilə müqayisədə 2 dəfədən çox artıb

- 2023-cü il və qarşıdakı illər üzrə Azərbaycan turizmi üçün hansı irəliləyişlərin olacağı gözlənilir?

- Bu ilin ilk aylarına olan statistika ölkəyə gələn əcnəbi vətəndaşların sayında artım tendensiyasının davam edəcəyini deməyə əsas verir. Yanvar-fevral aylarında respublikamıza 232.567 ziyarətçi gəlib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 55 faiz artım deməkdir. Ölkədə fəaliyyət göstərən hotellərin sırasına yeniləri əlavə edilməkdədir. Bildiyiniz kimi, 2022-ci ilin dekabr ayında “Ritz Carlton Baku” hoteli öz qapılarını ziyarətçilərin üzünə açdı. Yaxın zamanlarda ölkədə ilk “Radisson” hotelinin açılışı gözlənilir. Bununla yanaşı, AZAL-ın birbaşa reyslərinin sayı da artmaqdadır, may ayında Avropanın Vyana, Paris, Barselona kimi böyük şəhərlərinə aviareyslər həyata keçiriləcək.

Yeni turizm məhsullarının inkişaf etdirilməsi və ölkənin turizm potensialının tanıdılması istiqamətində işlər sürətlə davam etdirilir. Beynəlxalq turizm sərgilərində iştirakla yanaşı, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycan Turizm Bürosu tərəfindən Hindistanın Mumbay, Çenay, Əhmədabad və Dehli şəhərlərində, həmçinin ölkəmiz üçün önəmli hədəf bazarları olan Səudiyyə Ərəbistanı, Oman, Qətər və Birləşmiş Ərəb Əmirliklərində yol səyahət şousu təşkil edilib.

Yeni turizm məhsullarının inkişaf etdirilməsi və ölkənin turizm
potensialının tanıdılması istiqamətində işlər sürətlə davam etdirilir

- Azərbaycan turizminin beynəlxalq səviyyədə daha yaxşı tanıdılması üçün hansı işlərin görülməsi nəzərdə tutulur?

- Bildiyiniz kimi, 2021-ci ildə baş qərargahı İtaliyada yerləşən “Slow Food International” beynəlxalq təşkilatı ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə “Slou Fud” səyahət marşrutu yaradılıb. İlk dövrlərdə respublikamızın şimal-qərb regionlarını əhatə edən bu marşrutun 2023-cü ildən etibarən genişləndirilməsi istiqamətində işlər görülür. Bundan başqa, beynəlxalq media və səyahət platformaları ilə də əməkdaşlıq davam etdirilir. Ötən illər ərzində BBC, CNN, “Euronews” kimi beynəlxalq televiziya kanalları, o cümlədən “Skyscanner”, “Tripadvisor”, “Expedia” səyahət platformaları ilə yaxından əməkdaşlıq edilib. Bununla yanaşı, yerli tur-operatorlar və tur-agentliklərlə birgə ölkənin turizm potensialının və təklif edilən məhsulların hədəf bazarlarında tanıdılması davam etdirilir. Qeyd etdiyim kimi, artıq Hindistan və Körfəz ölkələrində yol səyahət şousu keçirilib. İlin sonuna qədər bu tipli tədbirlərin bir sıra digər ölkələrdə də təşkil olunması planlaşdırılır.

Ölkənin beynəlxalq səviyyədə tanınmış turizm destinasiya zonasına çevrilməsi istiqamətində görülən işlərdən biri də nüfuzlu beynəlxalq qurumlarla əlaqələrin genişləndirilməsidir. Bu yaxınlarda Azərbaycan Beynəlxalq Səyahət və Turizm Təşkilatının “Hotel dayanıqlığının əsasları” proqramının destinasiya tərəfdaşı olmaqla hotellərdə dayanıqlı turizm inkişafının əsas meyarlarının tətbiq edilməsi öhdəliyini öz üzərimizə götürdük. Hesab edirəm ki, bu layihə Azərbaycanın dayanıqlı turizm ölkəsi kimi inkişaf etdirilməsi istiqamətində çox mühüm addımdır.

- Ölkəmizin turizm potensialının daha yaxından tanıdılması üçün əsas hədəf bazarları hansılardır?

- Azərbaycanın turizm potensialının tanıdılması istiqamətində əsas hədəf bazarları bunlardır: Avropa ölkələri (Almaniya, Avstriya, İsveçrə, Polşa, Böyük Britaniya, Türkiyə); Yaxın Şərq ölkələri (BƏƏ, Səudiyyə Ərəbistanı, İsrail, Qətər, Küveyt, Bəhreyn, Oman); MDB ölkələri (Rusiya, Qazaxıstan, Özbəkistan, Belarus); Asiya ölkələri (Çin, Hindistan, Pakistan); Uzaq Şərq ölkələri (Yaponiya, Malayziya, Sinqapur, İndoneziya, Cənubi Koreya).

Ölkənin beynəlxalq səviyyədə tanınmış turizm destinasiya
zonasına çevrilməsi istiqamətində görülən işlərdən biri də
nüfuzlu beynəlxalq qurumlarla əlaqələrin genişləndirilməsidir

- Azərbaycanın hotel sənayesinin beynəlxalq rəqabət qabiliyyətinin qorunması üçün hotellərin ulduz təsnifatlaşdırılması istiqamətində aparılan işlər nə yerdədir?

- Azərbaycan Turizm Bürosu Hotel Assosiasiyası ilə birlikdə hotel sənayesinin beynəlxalq rəqabət qabiliyyətini artırmaq və qorumaq üçün şəffaf monitorinq sistemi olan “Milli Ulduz Təsnifatı”nı təsis edib. Bu layihə hotel və yerləşdirmə müəssisələrinə özlərini təqdim etməyə və bununla da satış inkişafını stimullaşdırmağa imkan verir. Qeyd olunan təsnifat çərçivəsində hotellər əhəmiyyətli rəqabət üstünlüyü əldə edir, qonaqlara Avropa səviyyəsində tətbiq olunan standartları təqdim edir. Eyni zamanda, hotellər “Avropa Ulduz Təsnifatı” Birliyinin marketinq və ictimaiyyətlə əlaqələr fəaliyyətindən də faydalanırlar. Qeyd edim ki, Avropa daxilində artıq 17 ölkə vahid standartlardan istifadə edərək təsnif olunur.

Hazırda ölkə ərazisində fəaliyyət göstərən 18 hotel 5, 11 hotel 4, 12 hotel isə 3 ulduzla qiymətləndirilib. Qeyd edək ki, təsnifatlaşdırılma işinə başlanılan iki il ərzində ümumilikdə 150 müraciət daxil olub, 100 hotel ulduz təsnifatından keçib və 44 hotelə ulduz sertifikatı təqdim edilib.

Hazırda ölkə ərazisində fəaliyyət göstərən 18 hotel 5,
11 hotel 4, 12 hotel isə 3 ulduzla qiymətləndirilib

- İşğaldan azad edilmiş ərazilərdə turizmin canlandırılması üçün nə kimi işlərin görülməsi planlaşdırılır?

- Bildiyiniz kimi, 2022-ci ildə Qarabağın və Şərqi Zəngəzurun turizm potensialının öyrənilməsi, konseptual sənədlərin və layihələrin hazırlanması işləri aparılıb. Ötən il martın 20-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində Turizmin İnkişafı Konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin təməli qoyulub. Eyni zamanda, Hadrut, Tuğ və Daşaltıda turizm konsepsiyalarına uyğun infrastrukturun qurulması üçün layihələndirmə işləri davam etdirilir. Artıq bu ilin mart ayının 18-dən etibarən həftədə bir dəfə olmaqla işğaldan azad edilmiş ərazilərə turist səfərləri təşkil olunur. Növbəti mərhələdə, tələbat nəzərə alınmaqla, turların sayının artırılması nəzərdə tutulur.

İlhamə İSABALAYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?