9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şadi Abozayid: “Misir şirkətləri Azərbaycan iqtisadiyyatına investisiya yatırmaqda maraqlı ola bilərlər” MÜSAHİBƏ

Azərbaycan ilə ərəb dünyası arasında böyük tarixi bağlılıq var və bu baxımdan Misirlə əlaqələr mühüm əhəmiyyət daşıyır. Misirli ekspert, Davamlı İnkişaf üçün Qlobal Strategiya İnstitutunun (GSISD) Baş direktoru Şadi Abozayid "vergiler.az"a müsahibəsində diqqəti iki ölkə arasında əlaqələrin aktual aspektlərinə yönəldib.

- Son vaxtlar bir sıra xarici şirkətlər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərmək marağında olduqlarını bildiriblər. Misir şirkətlərinin həmin ərazilərdə fəaliyyət göstərmək perspektivinə necə baxırsınız?

- Bildiyimə görə, müxtəlif ölkələr, o cümlədən Türkiyə, Rusiya, İsrail və Birləşmiş Ərəb Əmirliyi bu bölgələrə investisiya yatırmaqda maraqlı olduqlarını bildiriblər və həmin səyləri dəstəkləmək üçün müqavilələr imzalayıblar. Misir şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə investisiya qoymaqda maraqlı olub-olmaması qeyri-müəyyən olaraq qalsa da, Azərbaycanın xarici investorlarla işləmək istəyini nəzərə alsaq, bu, əlbəttə, mümkündür. Fikrimcə, Misir şirkətləri Azərbaycanda iqtisadiyyatın müxtəlif sektorlarında, o cümlədən tikinti, kənd təsərrüfatı, turizm və sənaye sahələrində investisiya qoymaq imkanlarını araşdıra bilərlər.

Bakı və Qahirə beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə inkişaf,
əməkdaşlıq və sülhlə bağlı məsələlərdə müsbət və konstruktiv əlaqələr saxlayır

- Bakı ilə Qahirə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq sizin baxış bucağınızdan hansı səviyyədə görünür?

- Bakı və Qahirə bir sıra məsələlərdə müxtəlif beynəlxalq təşkilatlarda əməkdaşlıq edir. İslam Əməkdaşlıq Təşkilatı və Birləşmiş Millətlər Təşkilatı çərçivəsində əməkdaşlıq sabitliyin və inkişafın təmin olunması məqsədini daşıyır. Bundan əlavə, hər iki ölkə insan hüquqlarına hörmətlə yanaşmaqla sülhün və davamlı inkişafın təşviqi səylərini dəstəkləyir. Tərəfdaşlığın əhatə dairəsi Qoşulmama Hərəkatına və İqtisadi Əməkdaşlıq Təşkilatına qədər uzanır. Ümumiyyətlə, Bakı və Qahirə beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə inkişaf, əməkdaşlıq və sülhlə bağlı məsələlərdə müsbət və konstruktiv əlaqələr saxlayır.

- Misir Azərbaycanla turizm sahəsində əlaqələrin inkişafında maraqlıdır. Bu məsələdə iki ölkənin potensialını necə qiymətləndirirsiniz?

- İndiyədək həm Misir, həm də Azərbaycan turizm sahəsində ciddi irəliləyişlər edib. Misir 2024-cü ilə qədər hər il 20 milyon turist cəlb etmək məqsədilə turizmi fəal şəkildə təşviq edir. Təşviq təşəbbüslərinə yeni turizm obyektlərinin inkişafı, təkmilləşdirilmiş infrastruktur və yüngül viza tələbləri də daxildir.

Azərbaycan da 2023-cü ilə qədər ildə 5 milyon turist cəlb etmək üçün turizm təkliflərini diversifikasiya etmək, infrastrukturu təkmilləşdirmək və viza prosedurlarını sadələşdirmək üzərində işləyir. Hər iki ölkənin turizm sənayesindəki potensialını nəzərə alsaq, əməkdaşlıq, təcrübə mübadiləsi, turizm məhsullarının birgə təbliği, o cümlədən dünyanın hər yerindən turistlərin cəlb edilməsi üçün yeni təşəbbüslərin hazırlanması imkanları mövcuddur.

Hər iki ölkənin turizm sənayesindəki potensialını nəzərə alsaq,
əməkdaşlıq, təcrübə mübadiləsi, turizm məhsullarının
birgə təbliği, o cümlədən dünyanın hər yerindən turistlərin cəlb
edilməsi üçün yeni təşəbbüslərin hazırlanması imkanları mövcuddur

Bakı ilə Şarm əl-Şeyx arasında uçuşların bərpası, misirlilər üçün Azərbaycan vizasının elektron verilməsi, Qahirə ilə Bakı arasında birbaşa hava marşrutunun açılmasının mümkünlüyü Azərbaycan və Misir arasında turizm, mədəniyyət və iqtisadiyyat sahəsində əməkdaşlığı gücləndirəcək.

- Ölkələrimiz arasında əməkdaşlıqda enerji sektorunun mühüm yeri var. Bu sahənin perspektivinə sizin münasibətiniz?..

- Misir və Azərbaycan enerji sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsində maraqlıdır. 2019-cu ildə neft-qaz sektorunda uzunmüddətli tərəfdaşlığı təşviq etmək üçün ölkələr arasında anlaşma memorandumu imzalanıb. Hər iki ölkə enerji sahəsində təcrübə və texnologiyalar mübadiləsinə hazır olduqlarını nümayiş etdiriblər.

Qeyd edim ki, Xəzər regionundan təbii qazın Avropaya nəqli üçün böyük infrastruktur layihəsi olan Cənub Qaz Dəhlizi Azərbaycanın və Avropanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb edir.

Xəzər regionundan təbii qazın Avropaya nəqli üçün böyük
infrastruktur layihəsi olan Cənub Qaz Dəhlizi Azərbaycanın və
Avropanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb edir

- Azərbaycan üç ildən çoxdur, Qoşulmama Hərəkatına rəhbərlik edir. Azərbaycanın bu təşkilata sədrliyini necə qiymətləndirirsiniz?

- Azərbaycanın 2019-cu ildən Qoşulmama Hərəkatına (QHH) sədrliyi dünya miqyasında müsbət qiymətləndirilir. Sülh və beynəlxalq hüquqa hörmət prinsiplərinin təşviqinə diqqət yetirən Azərbaycan sədr kimi xüsusilə COVID-19 pandemiyası zamanı, eləcə də iqlim dəyişikliyi ilə əlaqədar diqqəti beynəlxalq əməkdaşlığın və çoxtərəfli əlaqələrin vacibliyinə yönəldib. Ölkə həmçinin Qoşulmama Hərəkatına üzv dövlətlər arasında iqtisadi inkişafı və Cənub-Cənub əməkdaşlığını təşviq etmək üzərində çalışıb. Onu da qeyd etməliyəm ki, Azərbaycan diqqəti Qarabağ münaqişəsinə yönəldərək nizamlamanın beynəlxalq hüquqa və ölkənin ərazi bütövlüyünə hörmət əsasında sülh yolu ilə tərəfdarı olduğunu dünyaya nümayiş etdirib.

Tamilla MƏMMƏDOVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?