15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Pərviz İsgəndərli: “Azad olunmuş ərazilərdə dəymiş ziyanla əlaqədar 14 minə yaxın arxiv qovluğu araşdırılıb” MÜSAHİBƏ

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərdə torpaq tədqiqatlarının aparılması, əmlakların inventarlaşdırılması və dəymiş ziyanın məbləğinin müəyyən edilməsi istiqamətində fasiləsiz tədbirlər həyata keçirir. Həmin tədbirlər çərçivəsində dağıdılmış yaşayış məskənlərinin, meşələrin, kənd təsərrüfatı və digər təyinatlı torpaqların, o cümlədən onların hüdudları daxilində yerləşən bütün komponentlərin koordinatları müasir cihazlarla təyin edilməklə yanaşı, naturada (yerdə) mövcud olan bütün növ daşınmaz əmlakların da qeydiyyatı həyata keçirilir.

ƏMDX-nin Ərazi və tabeli qurumlarla iş şöbəsinin müdiri Pərviz İsgəndərli bu istiqamətdə görülən işlərlə bağlı “vergiler.az”ın suallarını cavablandırıb: 

- Pərviz müəllim, indiyədək işğaldan azad edilmiş ərazilərdə daşınmaz əmlak obyektlərinin inventarlaşdırılması və yerquruluşu işləri çərçivəsində hansı işlər görülüb?

- Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda göstərilən tədbirlər, o cümlədən həmin ərazilərdə yerquruluşu, torpaqların elektron kadastr uçotu, torpaq tədqiqatları, torpaqların idarə edilməsi ilə bağlı işlər Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən davam etdirilir. Həmin ərazilərdə infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırılması çərçivəsində ümumilikdə 14,1 min daşınmaz əmlakın ilkin inventarlaşdırılması işləri tamamlanıb.

İşğaldan azad olunmuş ərazilərdə 2022-ci il ərzində
yerquruluşu işləri çərçivəsində 390.000 ha ərazidə çöl ölçmə
işləri, 283.000 ha ərazidə torpaq tədqiqat işləri aparılıb

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə 2022-ci il ərzində yerquruluşu işləri çərçivəsində 390.000 ha ərazidə çöl ölçmə işləri, 283.000 ha ərazidə torpaq tədqiqat işləri aparılıb. Zəngilan (71.000 ha) və Qubadlı (80.000 ha) rayonları üzrə bütün işlər yekunlaşdırılaraq müvafiq kadastr sistemlərinə miqrasiya edilib. Kəlbəcər rayonu ərazisində (195.000 ha) də bu işlər artıq yekunlaşıb, hazırda əldə olunan nəticələrin müvafiq kadastr sistemlərinə miqrasiyası həyata keçirilir. Bundan başqa, geobotaniki tədqiqatlar üzrə 2022-ci il ərzində bütövlükdə 309.000 ha sahədə irimiqyaslı çöl-geobotaniki tədqiqat işləri aparılıb.

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası işlərində yerquruluşu, kadastr, təmir-tikinti, yol infrastrukturunun tikintisi və digər məqsədlər üçün zəruri olan geodeziya ölçmə işlərinin aparılması ilə bağlı 8 ədəd (Füzuli, Cəbrayıl, Zəngilan, Kəlbəcər 1, Kəlbəcər 2, Ağdam, Şuşa, Laçın) fasiləsiz fəaliyyət göstərən coğrafi istinad məntəqələri (AzPOS) quraşdırılıb. Şərqi Zəngəzur iqtisadi rayonuna aid olan torpaqların kəmiyyət və keyfiyyət göstəricilərinin elektron kadastr uçotu, eləcə də irimiqyaslı çöl-torpaq kadastrı və yerquruluşu işləri görülüb. Ərazilərdəki daşınmaz əmlak və infrastruktur obyektləri barədə məlumatların etibarlı və mərkəzləşdirilmiş elektron mühitdə toplanması və səmərəli istifadəsinin təmin edilməsi məqsədilə Qarabağ Rəqəmsal Geoinformasiya Sistemi hazırlanıb. Hazırkı vəziyyətə 33 dövlət qurum və təşkilatının bu sistemə qoşulması təmin edilib.

164 minə yaxın bina, tikili və qurğudan 145 minə yaxını təsbit
edilib və Qarabağ Rəqəmsal Geoinformasiya Sisteminə yerləşdirilib

- İşğaldan azad olunmuş ərazilərdə dəymiş ziyanın müəyyən edilməsi məqsədilə hansı işlər görülüb?

- Ziyanın müəyyən edilməsi məqsədilə yerli və mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də dövlət müəssisə, idarə və təşkilatlarının nümayəndələrinin iştirakı ilə işğala qədər mövcud olmuş və topoqrafik xəritələr üzərindən rəqəmsallaşdırılması mümkün olan 164 minə yaxın bina, tikili və qurğudan 145 minə yaxını təsbit edilib və Qarabağ Rəqəmsal Geoinformasiya Sisteminə yerləşdirilib. Eyni zamanda, dəymiş ziyanla əlaqədar beynəlxalq məhkəmədə sübut kimi təqdim edilə biləcək sənədlərin toplanması istiqamətində işlər aparılıb. Xidmətin xüsusi işçi qrupu tərəfindən Milli Arxiv İdarəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin arxivində işğaldan azad edilmiş 7 rayon və Şuşa şəhəri əhatə olunmaqla, 1991-ci ilə qədər mövcud olmuş daşınmaz əmlak obyektlərinə dair 14 minə yaxın arxiv qovluğu araşdırılıb. Nəticədə 25 minə yaxın aşkar edilmiş sənədlərin surəti Qarabağ Rəqəmsal Geoinformasiya Sisteminə daxil edilib. Bundan başqa, işğaldan azad edilmiş (sülhməramlı kontingentin xidmət etdiyi ərazilər də daxil olmaqla) 12005 kv.km ərazinin peyk şəkilləri əsasında ortofoto xəritələri hazırlanıb.

Zəngilan, Qubadlı, Kəlbəcər rayonlarında irimiqyaslı çöl-ölçmə
işləri aparılıb, elektron kadastr məlumat bazası hazırlanıb

- Bildiyimizə görə, ƏMDX işğaldan azad edilmiş ərazilərdə çöl geodeziya ölçmə işləri aparmaqla ərazinin vahid torpaq fondunun kadastr məlumat bazasının hazırlanması üçün də işlər aparır. Bu işlərə nə zaman yekun vurulacağı gözlənilir?

- Zəngilan, Qubadlı, Kəlbəcər rayonlarında irimiqyaslı çöl-ölçmə işləri aparılıb, elektron kadastr məlumat bazası hazırlanıb. Mina təhlükəsizliyi ilə bağlı məsələlər təmin olunduğu halda, 2024-ci ilin sonuna kimi işğaldan azad edilmiş ərazilərdə torpaqların elektron kadastr uçotu məlumat bazasının hazırlanıb başa çatdırılması planlaşdırılır.

- Azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlarda aparılan tədqiqatlar nəticəsində iqtisadi qiymətləndirmənin ilkin nəticələri bəllidirmi?

- Zəngilan və Qubadlı rayonları üzrə ümumilikdə 103.439 hektar torpaq sahəsinin təbii münbitlik göstəriciləri əsasında torpaqların keyfiyyət qrupları və bonitet ballarının müəyyənləşdirilməsi işləri həyata keçirilib. Bu göstəricilər əsasında torpaqların normativ qiymətləri, o cümlədən iqtisadi qiymətləndirməsi təsərrüfat fəaliyyətinin ən azı 5-7 illik iqtisadi göstəriciləri (1 hektarın məhsuldarlığı, maya dəyəri, məsarif ödəmə, xalis gəlir və s.) nəzərə alınmaqla aparılmalıdır. Lakin sözügedən ərazilər 30 ilə yaxın işğal altında olduğu üçün yuxarıda qeyd olunan iqtisadi göstəricilərin əldə edilə bilməməsi səbəbindən, hazırda torpaqların iqtisadi qiymətləndirməsi mümkün olmayıb.

İlhamə İSABALAYEVA

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?