11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əhməd Əhmədov: “Dövlət-biznes münasibətlərində etimadın artırılması baxımından sahibkarların rəy və təkliflərinin öyrənilməsi xüsusi önəm daşıyır” MÜSAHİBƏ

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin Qanunvericiliyin monitorinqi və sahibkarlıq subyektləri ilə iş idarəsinin rəisi Əhməd Əhmədovla müsahibəni təqdim edirik.

- Əhməd müəllim, son dövrlərdə ölkəmizdə dövlət-biznes münasibətlərində qarşılqlı əməkdaşlıq geniş vüsət almaqdadır. Bu baxımdan, vergi orqanları tərəfindən hansı yeni yanaşmalar tətbiq edilir? Sahibkar birlikləri və assosiasiyaları ilə iş strukturunun əsas fəaliyyəti nədən ibarətdir?

- Ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi və əlverişli biznes mühitinin yaradılması, habelə dövlət-biznes münasibətlərində qarşılıqlı etimadın artırılması baxımından biznes nümayəndələri ilə fikir mübadiləsinin aparılması, onların rəy və təkliflərinin öyrənilməsi böyük əhəmiyyət daşıyır. İstər biznesin qarşılaşdığı çətinliklərin öyrənilməsi, istərsə də qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi prosesində onların təkliflərinin öyrənilməsi məqsədilə biznes assosiasiyaları və digər sahibkar birlikləri ilə görüşlərin keçirilməsi həm ölkə rəhbərliyinin, həm də İqtisadiyyat Nazirliyi və onun tabeliyindəki qurumların diqqət mərkəzindədir. Bildiyimiz kimi, dövlət başçısı bütün çıxışlarında, bir qayda olaraq, ictimai nəzarətin əhəmiyyətini vurğulayır. Bu istiqamətdə dövlət orqanları yanında fəaliyyət göstərən ictimai şuralarla yanaşı, biznes-dövlət münasibətlərində körpü rolu oynayan ictimai təşkilatların dövlət orqanları ilə qarşılıqlı əməkdaşlığını əlaqələndirən strukturların da böyük rolu var.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi prosesində biznes assosiasiyaları və digər sahibkar birlikləri ilə mütəmadi görüşlər keçirərək onların rəy və təkliflərinin öyrənilməsinə həmişə xüsusi diqqət yetirib. Ötən illərdə bu istiqamətdə bir sıra islahatlar həyata keçirilib. Bu məqsədlə DVX-nin Vergi siyasəti baş idarəsinin Qanunvericiliyin monitorinqi və sahibkarlıq subyektləri ilə iş idarəsində iki yeni şöbə - Qanunvericilikdəki dəyişikliklərin monitorinqi şöbəsi və Sahibkar birlikləri və assosiasiyaları ilə iş şöbəsi yaradılıb. Yeni struktur yaradılarkən qarşıya qoyulmuş başlıca məqsəd vergi qanunvericiliyinin və inzibatçılığının biznes mühitinə təsirinin, sahələr üzrə biznesin qarşılaşdığı çətinliklərin bilavasitə sahibkarların özləri və ya birlikləri ilə aparılan görüş və müzakirələr zamanı müəyyənləşdirilməsi, habelə qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi zamanı onların rəy və təkliflərinin də nəzərə alınması olub.

2022-ci ilin əvvəlindən başlayaraq vergi və sığorta qanunvericiliyinə
dair layihələrin sahibkar birlikləri və assosiasiyaları, ictimai
birliklər, ticarət palataları və iqtisadi fəaliyyət sahələrini təmsil edən
vergi ödəyiciləri ilə qarşılıqlı şəkildə müzakirəsi təşkil edilir

Sahələr üzrə sahibkar birlikləri və assosiasiyalarla görüşlərin keçirilməsi, qanunvericiliyin tətbiqinin sahibkarlıq subyektlərinin fəaliyyətində yaratdığı müsbət və mənfi halların araşdırılması, real vəziyyətin təhlili, qarşıya çıxan problemlərin həllinin qanunvericilikdə nəzərə alınması, bu sahədə hərtərəfli maarifləndirmə işlərinin aparılması və s. məsələlərlə bağlı DVX-nin aidiyyəti strukturlarının fəaliyyətinin əlaqələndirilməsi sahibkarlarla iş strukturunun əsas fəaliyyət istiqamətləridir.

2022-ci ilin əvvəlindən başlayaraq vergi və sığorta qanunvericiliyinə dair layihələrin sahibkar birlikləri və assosiasiyaları, ictimai birliklər, ticarət palataları və iqtisadi fəaliyyət sahələrini təmsil edən vergi ödəyiciləri ilə qarşılıqlı şəkildə müzakirəsi təşkil edilir. Qarşılıqlı etimada əsaslanan fəaliyyət prosesində sahibkarlardan gözləntilər də onların diqqətinə çatdırılır.

- Sahibkar birlikləri və assosiasiyaları ilə iş şöbəsi yaradıldığı dövrdən indiyədək qarşıya qoyulan vəzifələrin həlli istiqamətində nə kimi tədbirlər həyata keçirib?

- Şöbə fəaliyyətə başladıqdan, yəni 21 yanvar 2021-ci ildən sonra, ilkin olaraq, vergi-uçot bazasından aktiv fəaliyyət göstərən birliklərin siyahısı müəyyən edilib, sahələr üzrə təsnifləşdirilib. 39 birliyə və DVX-nin aidiyyəti orqanlarına sahələr üzrə mövcud problemlərin həlli üzrə təkliflərin təqdim edilməsi ilə bağlı məktublar göndərilib. İlk görüş ötən il fevralın 22-də yeni yaradılmış struktur və növbəti görüşlər barədə sahibkar birlikləri və assosiasiyaların məlumatlandırılması üçün DVX rəhbərliyinin, 28 aparıcı sahibkar birliyi və assosiasiyanın iştirakı ilə keçirilib.

2021-2022-ci illər ərzində müxtəlif dövlət orqanları və ictimai təşkilatların nümayəndələri ilə çoxsaylı görüşlər keçirilib. Sahibkarlarla keçirilən görüşlərin 25-i bir neçə sahəni əhatə edən ümumi xarakterli, 28-i qida və içki məhsullarının (ət, süd, balıq və məhsulları, meyvə-tərəvəz, çay, düyü, un, çörək, makaron, alkoqollu və alkoqolsuz içki), 8-i qeyri-qida məhsullarının (tikinti materialları, qablaşdırma, mebel və yem) istehsalı, 35-i xidmət (maliyyə, səhiyyə, turizm, informasiya texnologiyaları, nəqliyyat, konsaltinq, mediasiya, ictimai iaşə və digər xidmət), 7-si ticarət, 3-ü isə tikinti sahəsini əhatə edib.

Ötən il ərzində Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərin biznes nümayəndələri ilə müzakirəsi və cəmiyyətin vaxtında məlumatlandırılması üçün “Azərbaycanda Amerika Ticarət Palatası” İctimai Birliyi, “Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası” İctimai Birliyi, "Alman-Azərbaycan Xarici Ticarət Palatası" Hüquqi Şəxslərin İttifaqı, “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası" İctimai Birliyi, "Caspian Energy Club" MMC və İqtisadiyyat Nazirliyinin yanında İctimai Şuranın üzvləri ilə görüşlər keçirilib. Bununla yanaşı, statistik məlumatlar (sahədən asılı olaraq, tələbat, özünütəminetmə səviyyəsi və s.), habelə vergi uçot-baza məlumatlarına əsasən sahələrin göstəriciləri təhlil edilib, idxaldan asılılığın azalması, investisiyaların cəlb olunması üçün gözlənilən təşviq mexanizmləri, eləcə də aşkar edilən kütləvi kənarlaşmaların yaranma səbəbləri və aradan qaldırılması üçün görülməli olan işlər barədə sahibkarlarla geniş müzakirələr aparılıb. Bir sıra görüşlərdən sonra verilmiş təkliflərlə bağlı rəy və statistik məlumatların alınması məqsədilə sahibkarlar arasında könüllü sorğular keçirilib.

Bir sıra görüşlərdən sonra verilmiş təkliflərlə bağlı rəy və statistik
məlumatların alınması məqsədilə sahibkarlar arasında könüllü sorğular keçirilib

Biznesin iştirakı ilə keçirilən bütün görüşlərdə İqtisadiyyat Nazirliyinin və DVX-nin aidiyyəti strukturlarının (o cümlədən KOBİA və AZPROMO), nazirlik yanında İctimai Şuranın, habelə digər aidiyyəti dövlət orqanlarının (Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Mərkəzi Bank, Dövlət Turizm Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və s.) nümayəndələrinin iştirakı təmin edilib, mətbuatda geniş işıqlandırılıb. Görüşlərdə sahibkarlar və onların birlikləri tərəfindən təqdim olunan ümumilikdə 463 məsələ (çətinlik və təklif) müzakirə edilib, təkliflərin bir qismi qanunvericilikdəki dəyişikliklərdə nəzərə alınıb, bir qisminin isə müzakirəsi davam edir.

- Görüşlərdə səsləndirilən və məqbul hesab edilən məsələlərin vergi qanunvericiliyində və müvafiq tədbirlər planında nəzərə alındığını qeyd etdiniz. Təklifin məqbul hesab edilməsi üçün hansı şərtlər tələb olunur? Görüşlərdə sahibkarlar tərəfindən səsləndirilən məsələlərin həlli istiqamətində nə kimi işlər görülüb?

- Əvvəla, qeyd edim ki, təklifin ilkin olaraq məqbul hesab edilməsi üçün onun aktuallığı, dəyişiklik ediləcəyi təqdirdə, əldə oluna biləcək müsbət nəticənin miqyası sahibkarlıq subyektləri ilə müzakirə edilir. Görüşlərdə müzakirə olunan məsələlərlə bağlı alternativ həll mexanizmləri beynəlxalq təcrübələr də nəzərə alınmaqla araşdırılır. Növbəti addım kimi isə təklifin səbəb olacağı mümkün risklər, sui-istifadə halları, vergi inzibatçılığında yarada biləcəyi çətinliklər araşdırılır və büdcə itkiləri təhlil edilir. Qeyd olunan mərhələlərdə məqbul hesab edilən təklif növbəti ilin büdcə layihəsində nəzərə alınır.

Ötən müddət ərzində görüşlərdə səsləndirilmiş və məqbul hesab edilən 12 təklif vergi qanunvericiliyində və inzibatçılığında edilmiş dəyişikliklər zamanı nəzərə alınıb, 19 təklif “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın DVX-yə aid fəaliyyət istiqamətləri üzrə Tədbirlər Planı”na əlavə edilib. Bir sıra təkliflər isə beynəlxalq təcrübənin araşdırılması, daxilolmalara, habelə sahibkarlığın inkişafına təsiri baxımından qiymətləndirilməsi üçün baş idarənin aidiyyəti strukturlarına təqdim edilib. DVX-nin səlahiyyətlərinə aid olmayan təkliflər və çətinliklər isə İqtisadiyyat Nazirliyinə göndərilməklə həmin məsələlərin koordinasiyalı həllinə yardım edilib.

Bəzi biznes assosiasiyalarının aktivliyinin, sahibkarların biznes assosiasiyasında təmsil edilmə istəyinin aşağı səviyyədə olduğu müəyyən edildiyindən, onların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində beynəlxalq təcrübə araşdırılıb, qarşılıqlı müzakirələr aparılıb. Mövcud assosiasiyalarla birgə bu sahənin inkişaf etdirilməsi ilə bağlı beynəlxalq təcrübə və yerli şərait nəzərə alınmaqla hazırlanmış qanun layihəsi İqtisadiyyat Nazirliyinin aidiyyəti strukturlarına təqdim olunub, hazırda müzakirələr davam etdirilir.

Ötən müddət ərzində görüşlərdə səsləndirilmiş və məqbul hesab edilən
12 təklif vergi qanunvericiliyində və inzibatçılığında edilmiş dəyişikliklər
zamanı nəzərə alınıb, 19 təklif “Azərbaycan Respublikasının 2022–
2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın DVX-yə aid
fəaliyyət istiqamətləri üzrə Tədbirlər Planı”na əlavə edilib

- İndiyədək sahibkarlar, onların birlikləri və assosiasiyalar tərəfindən səsləndirilən və qanunvericilikdə nəzərə alınan əsaslı dəyişikliklərə misal olaraq hansıları qeyd edə bilərsiniz?

- İlk növbədə, 2023-cü ildən aqrar emal fəaliyyəti ilə məşğul olan sahibkarlara vergi güzəştlərinin verilməsini qeyd etmək istərdim. Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının istehsalını həyata keçirən vergi ödəyicilərinə 7 il müddətinə gəlirin (mənfəətin) 50 faizi, həmin fəaliyyət prosesində istifadə etdikləri əmlak və torpağa görə gəlir, mənfəət, əmlak və torpaq vergiləri üzrə güzəştlər nəzərdə tutulur.

İdxalı əvəz edəcək məhsulların istehsalının təşviqi ilə bağlı məsələlər dövlət başçısının 2022-ci il 22 iyul tarixli 3378 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulur. Güzəştin verilməsi zəruri hesab olunan sahələrin və vergi növlərinin müəyyən edilməsi aqrar emal məhsullarının istehsalı sahəsi üzrə DVX-də keçirilmiş 6 görüşdə müzakirə edilib. Bu dəyişiklik dünyada son dövrlərdə baş verən geosiyasi və iqtisadi proseslər, iqlim dəyişiklikləri və artan istehlak tələbinin təsirləri fonunda ərzaq məhsulları üzrə kəskin qiymət artımının qarşısının alınmasına və qeyri-neft sektorunun inkişafına hesablanıb.

Daha bir əsaslı dəyişiklik yem və yem əlavələrinin sırasında soya paxlasının idxalının ƏDV-dən azad edilməsi ilə bağlı olub. Bu məsələ yem istehsalçıları, heyvandarlıq və quşçuluq təsərrüfatları ilə keçirilmiş görüşlərdə təklif edilib. Soya cecəsi ilə yanaşı, paxlasının da ƏDV-dən azad olunması bu sahədə fəaliyyət göstərən yerli istehsalçıların maraqlarının qorunması, heyvandarlıq, quşçuluq sahələrində istifadə olunan yem qiymətlərində artımın təsirlərinin azaldılması məqsədilə edilib. Həmçinin, informasiya texnologiyaları sahəsi üzrə keçirilmiş görüşlərdə səsləndirilən texnologiyalar parkından kənarda fəaliyyət göstərməklə parkın rezidenti olmaq imkanının yaradılması, bu şəxslərə vergi və sosial sığorta təşviqlərinin verilməsi ilə bağlı təkliflər də müsbət dəyərləndirilib.

Bundan başqa, əsas vəsaitlərin idxalının ƏDV-dən azad edilməsi, əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən xərclərin icarəçi tərəfindən kapitallaşdırılaraq amortizasiya olunması, nağdsız ödənişlər üzrə qaytarılan ƏDV-nin faizinin artırılması, bank hesablarının birbaşa kredit təşkilatına müraciət edilməklə açılması, borclu vergi ödəyicilərinə bank hesablarının açılması, malların qaytarılması barədə elektron qaimə-fakturanın tərtibi zamanı geri qaytarılan malın hansı qaimə ilə bağlı olması tələbinin ləğv edilməsi və s. bu kimi təkliflər vergi orqanlarına daxil olub. Sahibkarlarla keçirilən görüşlərdə bu təkliflər müzakirə edilərək vergi qanunvericiliyində dəyişikliklər zamanı nəzərə alınıb.

- Sonda sahibkarlara nəsə demək istərdinizmi?

- İlk öncə, birgə işlədiyimiz sahibkar birlikləri və assosiasiyalara təmsil etdikləri sahənin inkişafına və vergi qanunvericiliyinin təkmilləşdirilməsinə verdiyi töhfələrə görə minnətdarlığımızı bildirir, digər ictimai təşkilatları və biznes nümayəndələrini bu proseslərdə daha aktiv iştiraka dəvət edirik (əlaqə üçün: [email protected], 012 403 89 86). Vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi istiqamətində biznesin rəyinin alınmasını, onların çətinliklərinin həlli üçün işlərin davam etdiriləcəyini, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın DVX-yə aid məsələləri əhatə edən tədbirlər planının icrası üzrə işlərin biznes nümayəndələri ilə qarşılıqlı əlaqədə qurulacağını xüsusilə diqqətə çatdırmaq istərdim. Məlumat üçün bildirim ki, yaxın dövr ərzində birgə görülmüş və görülməsi planlaşdırılan işlərin müzakirəsi məqsədilə sahibkar birlikləri və assosiasiyaları ilə ümumi görüşün keçirilməsi planlaşdırılır.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?