27 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Piotr Kostinski: “Cənub Qaz Dəhlizi Avropa, eləcə də Polşa üçün çox vacibdir” MÜSAHİBƏ

2022-ci ilin oktyabrında Bakıda keçirilən Polşa-Azərbaycan biznes forumunda Polşanın Azərbaycandakı səfiri Rafal Poborski demişdi ki, biznes əlaqələrinin intensivləşməsi Polşa ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığı dərinləşdirəcək. Ölkələr arasında ikitərəfli iqtisadi əlaqələrin hazırkı səviyyəsi və perspektivləri haqqında “vergiler.az”ın suallarını polşalı iqtisadi ekspert, Varşava Vistula Universitetinin dosenti, media eksperti, Varşavadakı VISTULA Biznes və Maliyyə Akademiyasının üzvü Piotr Kostinski cavablandırır.

- Cənab Kostinski, Polşa ilə Azərbaycanın iqtisadi əlaqələrindən danışarkən hansı tendensiyaları önə çəkmək mümkündür?

- Ötən il ölkələrimiz diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdilər. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun Varşavaya səfəri zamanı Polşanın inkişaf və texnologiya nazirinin müavini Qrzeqorz Pixovyak bildirmişdi ki, “biz təkcə ticarətin daha da inkişaf etdirilməsində deyil, həm də qarşılıqlı investisiyaların qoyulmasında maraqlıyıq”. Polşa-Azərbaycan əməkdaşlığının ən perspektivli sahələri infrastruktur və logistika, tikinti, kənd təsərrüfatı və ərzaq emalı, əczaçılıq sektoru, hidroenergetika və yeni texnologiyalardır.

- Ölkələrimiz arasında ikitərəfli ticarətin səviyyəsini necə qiymətləndirmək olar?

- 2021-ci ildə Polşanın Azərbaycana ixracının həcmi 95,41 milyon ABŞ dolları olub, Azərbaycandan isə 105,54 milyon ABŞ dolları həcmində mal idxal edilib. Bununla belə, hesab edirəm ki, ölkələrimiz əməkdaşlığın dərinləşdirilməsi üçün böyük potensiala malikdir.

Polşaya gətirilən və Polşadan yola salınan malların çatdırılması üçün
iki istiqamət - Rumıniya və Türkiyə optimaldır, çünki Ukraynadan
keçən üçüncü istiqamət hazırda məlum səbəblərdən istisnadır

- Ölkələrimiz arasında ixrac və idxalın əsasını hansı mallar təşkil edir?

- Polşa Azərbaycan bazarına ən çox avtomobil, kosmetika, maşın və avadanlıq satır. Polşa Bakıdan gübrələr, tərəvəz və meyvələr, plastik məmulatlar idxal edir. Biz bir çox sahələrdə irəliləyiş görürük, lakin əməkdaşlığı daha da qabağa aparmaq üçün böyük imkanlar var. 2022-ci ilin iyulunda Qdansk və Bakı limanları arasında əməkdaşlığın yaradılması buna yaxşı nümunədir. Regional Şərq-Qərb əlaqəsini yaxşılaşdırmaq üçün yeni alternativ marşrutlar axtarmaq mümkündür.

- Cənub Qaz Dəhlizinin ölkəniz üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Polşa Azərbaycan qazının tədarükünün şaxələndirilməsində çox maraqlıdır, xüsusən də bizim Rusiya qazından imtina etdiyimiz bir vaxtda. Azərbaycan qazı artıq Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqının ərazisinə verilir. Bu dəhliz Avropa, eləcə də Polşa üçün çox vacibdir.

- Polşa Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafında iştirak edir. Ölkəniz bu layihədən hansı faydaları əldə edə bilər?

- Əlbəttə, bu, bizim üçün çox vacibdir, xüsusən ona görə ki, bizə Asiya ölkələrinə əlverişli çıxış imkanı verir. Polşaya gətirilən və Polşadan yola salınan malların çatdırılması üçün iki istiqamət - Rumıniya və Türkiyə optimaldır, çünki Ukraynadan keçən üçüncü istiqamət hazırda məlum səbəblərdən istisnadır. Təbii ki, yüklərin Qara dəniz üzərindən daşınmasının tam təhlükəsizliyi zəruridir. Bu yolla, demək olar ki, bütün növ mallar göndərilə bilər və Polşanın Asiya ölkələri ilə çox dinamik ticarət əlaqələri var.

Azərbaycanın yeni nəqliyyat dəhlizlərinin tikintisində böyük, əhəmiyyətli
rol oynamaq imkanı var və Polşa burada Azərbaycanla əməkdaşlıq edə bilər

- Nəqliyyat sahəsində əməkdaşlıq ölkələrimiz üçün hansı imkanlar açacaq?

- Ukraynadakı müharibə Avropa ilə Asiya arasında bir çox ənənəvi nəqliyyat marşrutlarını sıradan çıxardıb. Süveyş kanalından keçən dəniz yolu uzun, Afrika ətrafından keçən yol isə ondan da uzundur. Ona görə də Azərbaycanın yeni nəqliyyat dəhlizlərinin tikintisində böyük, əhəmiyyətli rol oynamaq imkanı var və Polşa burada Azərbaycanla əməkdaşlıq edə bilər.

- Son illər Azərbaycanda ciddi iqtisadi islahatlar aparılıb. Polşa sahibkarları üçün Azərbaycanda biznes mühitini nə dərəcədə cəlbedici hesab edirsiniz?

- Qarşılıqlı investisiyalar hələ müəyyən hədd daxilində olsa da, bu sahəyə maraq artır. Buna Varşavada keçirilmiş “Azərbaycan Respublikasının Ələt Azad İqtisadi Zonasında biznes imkanları” mövzusunda görüş kimi hadisələr kömək edir. Qeyd edək ki Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi 11 ildir Mərkəzi və Şərqi Avropadan startap istedadlarını cəlb edən “Startup Hub Poland” fondu ilə bu yaxınlarda əməkdaşlıq memorandumu imzalayıb.

Bu tədbir Vişeqrad qrupunun (Polşa, Çexiya, Slovakiya, Macarıstan) fəaliyyətinin bir hissəsidir. Belə tədbirlər zamanı Azərbaycandan olan 80 startap Vişeqrad qrupuna daxil olan ölkələrlə, həmçinin ABŞ, Ukrayna və Türkiyə ilə investisiya zəncirini genişləndirə bilər. Sadəcə, bu imkanlardan ağıllı istifadə etməliyik.

Tamilla MƏMMƏDOVA

VergiGəlir vergisi ödəyicisi olan fiziki şəxs mükəlləfiyyətini dəyişə bilərmi? VergiFiziki şəxs öz istifadəsi üçün ət idxalı zamanı ödədiyi ƏDV-ni əvəzləşdirə bilərmi? VergiDividendlərə tətbiq edilən vergi güzəşti ilkin emissiyadan sonra öz aralarında alğı-satqı edən fiziki şəxslərə aiddirmi? VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub