9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dastan Tokoldoşev: “Azərbaycan Avropa ilə Asiya arasındakı ticarət sistemində mühüm həlqəyə çevrilməyə qadirdir” MÜSAHİBƏ

Türk Dövlətləri Təşkilatının üzvləri olan Azərbaycan və Qırğızıstan respublikaları arasında ötən il dövlətlərarası münasibətlər intensivləşərək strateji tərəfdaşlığın yeni səviyyəsinə yüksəlib. İki ölkə arasında iqtisadi əlaqələrin aktual məsələləri ilə bağlı “vergiler.az”ın suallarını Qırğızıstanın Strateji Təhlil və Proqnozlaşdırma İnstitutunun elmi işçisi və aparıcı eksperti Dastan Tokoldoşev cavablandırır.

- Cənab Tokoldoşev, Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisi ilə yük dövriyyəsi artacaq, yükdaşımaların maya dəyəri azalacaq. Bu marşrutun perspektivlərini necə qiymətləndirirsiniz?

- Yeni dəmir yolu xəttinin siyasi və iqtisadi əhəmiyyəti barədə Azərbaycanın, Qırğızıstanın və Özbəkistanın dövlət rəhbərləri yüksək fikirlər səsləndiriblər. Dünya iqtisadi və siyasi arxitekturasının aktiv transformasiya prosesləri fonunda Mərkəzi Asiya dövlətlərinin üzləşdiyi mühüm çətinlikləri nəzərə alanda digər dövlətlərlə ticarət-iqtisadi əməkdaşlığın stimullaşdırılması zəruridir. Bu, son nəticədə regionun iqtisadiyyatını gücləndirə bilər. Bununla yanaşı, dəmir yolunun tikintisi planının həyata keçirilməsinin çətinliklərini də nəzərdən qaçırmaq olmaz. Bütün çətinliklər, əsasən, nəzərdən keçirilən layihənin artan maliyyə dəyəri ilə bağlıdır, çünki təklif olunan marşrutun əhəmiyyətli hissəsi dağ silsilələrindən keçir, kifayət qədər uzun tunellər tikmək lazım gələcək. Bununla belə, maliyyə resurslarının layihədə iştirak edən bütün tərəflər arasında bərbər və ədalətli bölüşdürülməsi bu problemi həll edəcək.

- Ölkələrimiz arasında yükdaşımanın hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

- Uzunmüddətli perspektivdə Mərkəzi Asiya və Cənubi Qafqazın nəqliyyat-logistika xəritəsində yeni marşrutun yaranması yükdaşımaların maya dəyərinin azalmasına təsir edəcək, sahibkarlarımız arasında ticarət əlaqələrini asanlaşıracaq. Bu, son nəticədə beynəlxalq iqtisadi mühitin transformasiya modelində biznes mühitinin inkişafı üçün yeni imkanlar açacaq.

Uzunmüddətli perspektivdə Mərkəzi Asiya və Cənubi Qafqazın nəqliyyat-
logistika xəritəsində yeni marşrutun yaranması yükdaşımaların maya dəyərinin
azalmasına təsir edəcək, sahibkarlarımız arasında ticarət əlaqələrini asanlaşıracaq

- Hazırda Azərbaycan və Qırğızıstan arasında iqtisadi əlaqələr hansı səviyyədədir?

- Bu dövlətlərin Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması planını iqtisadi əməkdaşlığın gücləndirilməsinə misal kimi göstərmək olar. Fikrimcə, MDB ölkələri arasında iqtisadi əlaqələrin qurulması yolunda inkişaf səviyyələrinin tarixən formalaşmış heterogenliyini və coğrafi çətinlikləri nəzərə almaqla, maliyyə və investisiya tərəfdaşlığının möhkəmləndirilməsi prosesi sosial-iqtisadi əlaqələrin qurulması üçün real prioritet ola bilər.

- Azərbaycanın tranzit potensialı, sizcə, region iqtisadiyyatına nələri vəd edir?

- Hazırda Azərbaycanın tranzit potensialı ölkənin sosial-iqtisadi və infrastruktur inkişafının kifayət qədər perspektivli aspektidir. Mineral sərvətlərlə, neft və qazla zəngin dövlət olmaqla yanaşı, beynəlxalq iqtisadi və siyasi proseslərin kifayət qədər fəal iştirakçısı olan Azərbaycan dünya səhnəsində ciddi aktyor kimi görünür. Azərbaycanın xarici strateji məqsəd və maraqları digər dövlətlər tərəfindən hörmətlə qəbul edilir. Bu hal onun xarici strateji məqsədlərinə çatmaq üçün nəzərdə tutulan planları həyata keçirməsində, o cümlədən nəqliyyat-loqistika sisteminin gücləndirilməsində və inkişafında müsbət rol oynayır. Mövcud geosiyasi vəziyyətin mürəkkəbliyi, nüfuzlu iqtisadi güclərin üzləşdiyi qlobal təlatümlər fonunda Azərbaycan Avropa ilə Asiya arasındakı mübadilə və ticarət sistemində mühüm halqaya çevrilməyə qadirdir. Ölkənin əlverişli coğrafiyası onu, sözün əsl mənasında, Avropa İttifaqı, Rusiya, Gürcüstan, İran, Mərkəzi Asiya, Hindistan və Çin arasında kəsişmə nöqtəsinə çevirib.

Bundan əlavə, Türkiyə Cümhuriyyətinin simasında nüfuzlu müttəfiqinin olması, fikrimcə, Azərbaycanı regionlararası nəqliyyat və loqistika əlaqələrinin potensial “yeni qovşağına” çevrilmək imkanlarına maksimum dərəcədə yaxınlaşdırır. Bu həm də Azərbaycan ilə postsovet məkanının digər ölkələri arasında strateji əməkdaşlığın möhkəmlənməsində müsbət rol oynaya bilər. Bundan əlavə, qeyd olunan amil Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin inkişafına və möhkəmlənməsinə, eləcə də dünya miqyasında bir sıra digər nüfuzlu aktyorlarla qarşılıqlı faydalı balans və konsensus axtarışına təsir göstərə bilər.

Mövcud geosiyasi vəziyyətin mürəkkəbliyi, nüfuzlu iqtisadi güclərin
üzləşdiyi qlobal təlatümlər fonunda Azərbaycan Avropa ilə Asiya arasındakı
mübadilə və ticarət sistemində mühüm halqaya çevrilməyə qadirdir

- Qırğızıstan və Azərbaycan arasında turizm əlaqələri hələ arzuolunan səviyyədə deyil. Qırğızıstan azərbaycanlı turistləri necə cəlb edə bilər?

- Qırğızıstanın turizm potensialı yüksəkdir, ölkənin zəngin təbiətinin təsvirolunmaz gözəlliyi var. Zirvələri buzlaqlar, yamacları meşələr ilə örtülü, çoxlu dağ çayları axan nəhəng Tyan-Şan silsiləsi, İssık-Kul gölü dünyanın hər yerindən turistləri cəlb edir. Bu isə ölkənin turizm sektorunu investisiya mənbəyinə çevirir. Əminəm ki, azərbaycanlı turistlər də hisslərin və müsbət emosiyaların bu parlaq palitrasını bölüşəcəklər.

- Son illərdə “yaşıl enerjiyə” keçid xüsusi aktuallıq qazanmışdır. Bu sahədə Orta Asiyadakı mövcud təcrübəni məqbul hesab etmək olarmı?

- Su elektrik sənayesi bərpa olunan enerjidən istifadənin birbaşa, bariz nümunəsidir. Orta Asiyanın hidroenergetika potensialı ərazilərində buzlaqların və dağ çaylarının maksimum olduğu iki ölkə - Tacikistan və Qırğızıstan arasında bölüşdürülür. Elektrik enerjisi istehsal edən külək dəyirmanlarının nadir nümunəsi yalnız Qazaxıstanın Korday külək təsərrüfatı sayıla bilər. Lakin onun gücü o qədər də böyük deyil. Son illər yay günəş aktivliyinin artması ilə əlaqədar regionun iqliminin dəyişməsinə baxmayaraq, Mərkəzi Asiya ölkələrində günəş enerjisindən tam istifadəyə keçid potensialı, təəssüf ki, hələ də aşağıdır.

Tamilla MƏMMƏDOVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?