Kumo Paskal: "Kredit zəmanəti sxemlərindən Azərbaycanda da istifadə oluna bilər" MÜSAHİBƏ
Kiçik və orta biznesin inkişafı Azərbaycan hökumətinin üstünlük verdiyi iqtisadi prioritetlərdəndir. Bəs bu sahədə dünyada gedən proseslərlə Azərbaycandakı biznes həyatı arasında nə kimi oxşarlıqlar və fərqlər var? "vergiler.az" əməkdaşının Konqo iqtisadçısı Kumo Paskal ilə müsahibəsi bu mövzuya həsr olunub.
- Cənab Kumo Paskal, maraqlıdır: uzaq Konqodan baxanda Azərbaycanda kiçik və orta biznesin inkişaf səviyyəsi necə görünür?
- Hər bir ölkənin iqtisadi inkişafı onun təbii ehtiyatları, istehsal strukturu, işçi qüvvəsinin sayı və ixtisası, milli sərvətlərinin çeşidləri, ölkənin ölçüsü, iqtisadi və siyasi strukturu kimi bir sıra amillərlə müəyyən edilir. Hər ölkə özünəməxsus xüsusiyyətləri, milli iqtisadiyyatın əsas sahələri və beynəlxalq iqtisadi əlaqələri ilə fərqlənir.
Kiçik və orta biznesin inkişafına təkan vermək üçün dövlətin müdaxiləsi vacibdir. İnkişaf etməkdə olan digər ölkələrdə olduğu kimi, Azərbaycanda da kənd təsərrüfatı, turizm, xidmətlər və daşınmaz əmlak kimi müxtəlif sektorlarda biznesin inkişafı üçün imkanlar mövcuddur.
- Kiçik və orta biznes sektorunda əsas qlobal tendensiyalar hansılardır?
- Dünya daim dəyişdiyi üçün bizim işimiz də bu dəyişikliklərə uyğunlaşmalıdır.
Kiçik və orta biznes sahəsində qeyd edə biləcəyim əsas qlobal tendensiyalar iqtisadi gücün dəyişməsi, artan divergensiya və qütbləşmə, dəyişən demoqrafik nisbətlər, eləcə də sosial işlərdir. Kiçik və orta sahibkarların üzləşdikləri əsas problemlər isə artan xərclər və azalan gəlirlər, bacarıq və istedad çatışmazlığı, yeni müştərilərin əldə edilməsi, bazar araşdırmaları, fandreyzinq və idarəetmə kimi məsələləri əhatə edir.
Kiçik və orta biznesin inkişafına təkan vermək üçün dövlətin müdaxiləsi vacibdir
- Necə düşünürsünüz, öz mikro, kiçik və ya orta biznesini qurmaq istəyən şəxslər ilk növbədə nələrə diqqət etməlidirlər?
- İlk növbədə ideya olmalıdır. İdeya olmadan heç bir iş mümkün deyil. Böyük və praktik bir ideya biznesinizin inkişafının asılı olacağı yeganə şeydir. Daha bir vacib amil biznesin maliyyələşdirilməsi ilə bağlıdır. Biznesiniz üçün maliyyə əldə edə biləcəyiniz mənbələri düzgün müəyyənləşdirməlisiniz. Biznes planı olmadan işə başlaya bilməzsiniz. Biznes planının yazılması ideyanızın həyata keçməsinin mümkün olub-olmadığını müəyyən etməyə və fəaliyyətinizi istiqamətləndirməyə kömək edə bilər. Bundan əlavə, rəqiblərinizin nə etdiyini və strategiyalarının nə olduğunu bilməlisiniz. Bununla siz şirkətiniz haqqında düzgün qərarlar verə biləcəksiniz. Nəzərə alınmalı olan növbəti amil hüquqi sənədlərin doldurulmasıdır. Biznesi qeydiyyatdan keçirmək ilk addımdır. Bu prosesdə bir çox risk və maneələrlə qarşılaşacaqsınız və sizi xilas edə biləcək tək şey müsbət münasibətdir. Şirkətinizi inkişaf etdirmək üçün çox çalışmalı olacaqsınız. Kiçik biznesə aid proqram təminatına sərmayə qoymaq biznesin icrasını yaxşılaşdırmaq üçün çox vacibdir.
KOB-lar dünyada əlavə dəyərin 60%-dən çoxunu və iş yerlərinin
70%-dən çoxunu təmin edir. Ona görə də bu sektorun geri
qalmaması və rəqəmsal zəmanəyə uyğunlaşması vacibdir
- Çox vaxt kiçik və orta biznesin maliyyə əldə etməsi çətin olur. Sizcə, biznesin maliyyəyə çıxışını yaxşılaşdırmaq üçün hansı addımlar atıla bilər?
- Effektiv tənzimləmənin inkişafı maliyyə sabitliyini tarazlaşdırır və rəqəmsallaşma da daxil olmaqla yeni maliyyə kanalları açır. Bir sıra hökumətlərin siyasəti KOB-ların maliyyə əldə etmək imkanını asanlaşdırmağa, eləcə də yeni təşəbbüslərə, mövcud tədbirlərin genişləndirilməsinə və yenilərinin sınaqdan keçirilməsinə yönəlib. Kredit zəmanəti sxemləri İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində ən çox istifadə edilən alət olaraq qalır, onlardan Azərbaycanda da istifadə oluna bilər. İxrac zəmanətləri və ticarət kreditlərini dəstəkləmək üçün tədbirlər, birbaşa kreditləşdirmə sxemləri, faiz dərəcəsi subsidiyaları və xarici maliyyələşdirmə axtaran KOB-lara məsləhətlər bu problemi həll etmək üçün geniş istifadə olunan alətlər sırasındadır.
Maliyyə alətlərinin inkişafında tənzimləyici baza əsas rol oynayır. KOB-ların maliyyəsi ilə bağlı risk səviyyələrini daha dəqiq əks etdirmək və investorların iştirakını təşviq etmək üçün informasiya infrastrukturları inkişaf etdirilməlidir.
KOB-ların müştərilərin istəklərindən xəbərdar olması və öz
biznes proseslərini optimallaşdırmaq üçün rəqəmsallaşmanın
verdiyi imkanlardan istifadə etməsi zəruridir
- Bu gün rəqəmsallaşma zamanın tələbidir. Kiçik və orta biznes müasir tendensiyalara və texnologiyalara necə uyğunlaşa bilər?
- KOB-lar dünyada əlavə dəyərin 60%-dən çoxunu və iş yerlərinin 70%-dən çoxunu təmin edir. Ona görə də bu sektorun geri qalmaması və rəqəmsal zəmanəyə uyğunlaşması vacibdir. Bəs rəqəmsallaşmanın KOB-lar üçün faydaları nədən ibarətdir?
Rəqəmsallaşma sahibkarlara biznesi səmərəli və innovativ şəkildə aparmaq imkanı yaradır və onun bir çox üstünlükləri var. Kağızın təhlükəsizliyinə zəmanət vermək getdikcə çətinləşir. Rəqəmsal prosesin işə salınması bir çox KOB-lar üçün böyük addımdır. Bu, xüsusilə kiçik sahibkarlara aiddir. Onlar yeni texnologiyaların xüsusi biznes tətbiqlərinə çevrilməsində çətinlik çəkirlər. Sadəcə, onların bu məsələ ilə məşğul olmağa vaxtı, biliyi və bacarığı çatmır. Bununla belə, KOB-ların müştərilərin istəklərindən xəbərdar olması və öz biznes proseslərini optimallaşdırmaq üçün rəqəmsallaşmanın verdiyi imkanlardan istifadə etməsi zəruridir. İş dünyasında çoxlu problemlər, xüsusən də gözlənilməz problemlər olur.
Xərclərin artması və gəlirlərin azalması KOB-ların üzləşdiyi ən böyük problemlərdəndir. Bu, müxtəlif səbəblərdən milyonlarla şirkət üçün baş ağrısıdır. Bacarıqlı işçi qüvvəsinin itirilməsi də KOB üçün ciddi məsələdir. Həmçinin yeni ofisin açılması bir çox çətinliklər yaradır. Müştəri əldə etmək bütün dünyada böyük və kiçik bizneslərin üzləşdiyi problemdir. Aydındır ki, güclü brend imicinə görə böyük şirkətlər üçün yeni müştərilər cəlb etmək daha asandır.
Bazarda qalmaq istəyirsinizsə, rəqiblərinizi müəyyənləşdirməlisiniz. Vəsaitlərin əldə edilməsi və idarə olunması bugünkü KOB-lar üçün başqa bir problemdir. Hazırda iş adamları biznesə investisiya yatıra, dövriyyə kapitalı üçün kredit, kraudfandinq, vençur kapitalı götürə bilərlər. Beləliklə, burada ən böyük məsələ lazımi vəsaiti toplamağa hazırlaşmaq, sonra isə məqsədə çatmaq üçün vəsaitləri idarə etməkdir.
Tamilla MƏMMƏDOVA