Zaal Kasrelişvili: “Cənub Qaz Dəhlizi Gürcüstan, Azərbaycan və Avropa üçün böyük iqtisadi və siyasi əhəmiyyət kəsb edir” MÜSAHİBƏ
Bu il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Bu mühüm hadisə fonunda “vergiler.az”ın suallarını Qafqaz Xalqları Konfederasiyasının sədri, gürcüstanlı ekspert Zaal Kasrelişvili cavablandırır.
- Cənab Kasrelişvili, coğrafi mövqeyinə görə Gürcüstan Azərbaycan üçün, Azərbaycan da Gürcüstan üçün xüsusi əhəmiyyət daşıyır. Məsələyə bu rakursdan yanaşsaq, ölkələrimiz arasında iqtisadi əlaqələrin hazırkı vəziyyətini necə qiymətləndirmək olar?
- Ölkələrimiz təkcə coğrafi baxımdan deyil, həm də tarixi və iqtisadi baxımdan bir-birinə bağlıdır. İki ölkə arasındakı əlaqələr məzmunca Cənubi Qafqaz münasibətləri çərçivəsindən kənara çıxır, nəzərdə tutulan meqalayihələr regional xarakter daşıyır.
Gürcüstan-Azərbaycan münasibətləri Cənubi Qafqazda regional siyasətə və təhlükəsizliyə təsir edən əsas amillərdən biridir. Bakı ilə Tbilisi arasında ikitərəfli əlaqələr iki ölkə arasında qarşılıqlı fəaliyyətin müxtəlif sahələrini, xüsusilə iqtisadi, ticarət, kommunikasiya və enerji layihələrinin həyata keçirilməsini əhatə edir.
Bu gün Gürcüstanla Azərbaycan arasında iqtisadi əlaqələr heç vaxt olmadığı qədər yüksək səviyyədədir. Bir çox birgə iqtisadi, infrastruktur və biznes layihələri həyata keçirilir.
Enerji sahəsində əməkdaşlığın təxminən 6 dəfə artacağı təxmin edilir. İqtisadi əlaqələrimizə hava yük daşımaları da əlavə olunacaq və ehtiyacların ödənilməsinin coğrafi dairəsi genişlənəcək.
Gürcüstanda Azərbaycan kapitallı 700-dən çox şirkət fəaliyyət göstərir, ölkəmizdə həm birgə işgüzar fəaliyyət, həm də Azərbaycan biznesi üçün çox yaxşı şərait yaradılıb.
2022-ci ilin ilk 9 ayı ərzində Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı ticarətin həcmi 1 milyard dollar həddinə yaxınlaşıb və ticarət dövriyyəsinin artması bizi sevindirməyə bilməz. Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyalar 3 milyard dolları ötüb və bu investisiyalar hər iki tərəfin maraqlarına cavab verdiyi üçün qarşılıqlı faydalıdır.
Gürcüstan-Azərbaycan münasibətləri Cənubi Qafqazda regional
siyasətə və təhlükəsizliyə təsir edən əsas amillərdən biridir
- Azərbaycan, Gürcüstan Rumıniya və Macarıstan hökumətlərinin imzaladıqları yaşıl enerji haqqında saziş əməkdaşlığın yeni istiqamətini müəyyənləşdirir. Bu əməkdaşlığın gələcəyini necə görürsünüz?
- Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında imzalanmış yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişi Qara dəniz vasitəsilə sualtı elektrik kabelinin çəkilməsini nəzərdə tutur. Bu saziş ölkələrimiz arasında bir sıra çox mühüm sektorlarda, ilk növbədə enerjinin istehsalı, nəqli və satışı, sonra isə yeni infrastrukturun inkişafı sahəsində uzunmüddətli əməkdaşlıq üçün çərçivə yaradır. Bu, Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, regionda əməkdaşlığın uzunmüddətli inkişafına töhfə verə biləcək birgə layihədir.
Qara dənizdən keçən elektrik kabeli bir çox imkanlar yaradır. Bu layihə Gürcüstana ciddi fayda verə, ölkəni elektrik enerjisi mərkəzinə çevirə və Avropa İttifaqının elektrik enerjisi bazarına inteqrasiya edə bilər.
- Region üçün aktual məsələ bütün kommunikasiyaların, o cümlədən nəqliyyat qovşaqlarının blokadadan çıxarılmasıdır. Zəngəzur dəhlizinin açılması bu kontekstdə hansı rolu oynaya bilər?
- Şərqi Avropa regionunda geosiyasi ziddiyyətlərin kəskinləşməsi, enerji və ərzaq böhranları fonunda Asiyanı “köhnə dünya” ilə birləşdirən alternativ nəqliyyat marşrutlarına tələbat dəfələrlə artıb. Söhbət xüsusilə Azərbaycanın ərazisindən keçən, son iki ildə ən yüksək beynəlxalq səviyyədə dəstəklənən Orta Dəhlizdən gedir.
Trans-Xəzər dəhlizinin imkanlarını genişləndirmək məqsədilə Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə 2022-2027-ci illər üçün Orta Dəhlizinin inkişafı üzrə “yol xəritəsi” müəyyənləşdiriblər, bu barədə sənəd imzalayıblar. Eyni zamanda, yükdaşıyıcıların Çin və Avropaya artan marağını nəzərə alaraq Bakı Türkiyənin, Cənubi Qafqaz və Mərkəzi Asiyadakı digər tərəfdaşlarının fəal dəstəyi ilə Orta Dəhliz imkanlarını şaxələndirməyə çalışır. Orta Dəhlizin genişlənmə potensialına əhəmiyyətli təsir göstərə biləcək Zəngəzur dəhlizinin açılması regionun nəqliyyat xəritəsində əsaslı dəyişikliklərə töhfə verəcək.
Şərqi Avropa regionunda geosiyasi ziddiyyətlərin kəskinləşməsi,
enerji və ərzaq böhranları fonunda Asiyanı “köhnə dünya” ilə
birləşdirən alternativ nəqliyyat marşrutlarına tələbat dəfələrlə artıb
- SOCAR Gürcüstanın ən böyük investorlarından biridir. İki ölkəni Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi mühüm enerji xətləri birləşdirir. Dünyada baş verən hadisələr fonunda ölkələr üçün enerji əməkdaşlığının genişləndirilməsinə necə baxırsınız?
- SOCAR Gürcüstanın ən böyük investorlarından biri olmaqla yanaşı, həm də uzun illərdir ki, bu ölkədə ən böyük vergi ödəyicisidir. Şirkətin həyata keçirdiyi layihələr iki qonşu dövlət arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. SOCAR-ın Azərbaycandan kənarda ilk yanacaqdoldurma məntəqəsi Gürcüstanda açılıb və SOCAR brendi ilə fəaliyyət göstərən məntəqələrin şəbəkəsi getdikcə genişlənir.
Burada enerji sahəsində əməkdaşlıq müstəsna əhəmiyyət kəsb edir. Biz birgə səylər sayəsində Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi çox mühüm layihələri həyata keçirmişik. Mövcud infrastrukturu - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Supsa layihələrini genişləndirməklə regional əməkdaşlığı və inkişafı təmin edəcəyik. İqtisadi inkişafa mühüm töhfə veriləcək, əlavə iş yerləri açılacaq və bununla da yoxsulluğun səviyyəsi azalacaq. Bunlar bizim üçün çox önəmli layihələrdir.
Trans-Xəzər dəhlizinin imkanlarını genişləndirmək məqsədilə
Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə 2022-2027-ci illər
üçün Orta Dəhlizinin inkişafı üzrə “yol xəritəsi” müəyyənləşdiriblər
- Cənub Qaz Dəhlizinin Gürcüstan üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Cənub Qaz Dəhlizinin başlıca məqsədlərindən biri Avropa bazarında rəqabəti artırmaqdır. Bu dəhlizlə Rusiyanın qaz idxalından yüksək dərəcədə asılı olan Balkan ölkələrinə kommersiya baxımından cəlbedici və ekoloji cəhətdən təmiz təbii qazın tədarükü təmin ediləcək.
Cənub Qaz Dəhlizi bu gün Gürcüstan, Azərbaycan və Avropa üçün böyük iqtisadi və siyasi əhəmiyyət kəsb edir. Bu layihə uğurla həyata keçirilir. Təbii ki, Gürcüstan və Azərbaycanın birgə fəaliyyəti, mövqelərimizin üst-üstə düşməsi gələcəkdə bu dəhlizin daha böyük etibarlılığını nümayiş etdirəcək. Beləliklə, ölkələrimizin geosiyasi əhəmiyyəti artacaq. Təbii ki, gəlirlərimiz də artacaq. Düşünürəm ki, Qazaxıstan və Türkmənistan hökumətləri yaxın zamanlarda Azərbaycan və Gürcüstanla öz enerji daşıyıcılarının nəqli ilə bağlı danışıqlara başlayacaqlar.
Tamilla MƏMMƏDOVA