11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Fəridun Usmonov: “Zəngəzur dəhlizi Avropa və Asiyanın birləşməsində mühüm rol oynayacaq” MÜSAHİBƏ

Azərbaycanla Tacikistan arasında istər iqtisadi, istərsə də siyasi və mədəni sahələrdə əməkdaşlıq qədim ənənələrə əsaslanır. Tacikistanda nəşr olunan “İktisodçi” jurnalının baş redaktoru Fəridun Usmonovla “vergiler.az”ın müsahibəsi ölkələrimiz arasındakı iqtisadi əməkdaşlığın bugününə həsr olunub.

- Cənab Fərudin Usmonov, Azərbaycan və Tacikistan arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsini necə səciyyələndirmək olar?

- Azərbaycan-Tacikistan münasibətlərinin çox böyük tarixi var, bu əlaqələr hələ 10-cu əsrdən formalaşmağa başlayıb.Tacikistan Respublikasının yaranmasında azərbaycanlıların əhəmiyyətli rolunun olduğunu unutmaq olmaz. Sovet dövründə - 1930-1933-cü illərdə Tacikistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi azərbaycanlı Mirzə Davud Hüseynov olub. Müstəqil Azərbaycan və Tacikistan dövlətləri arasında münasibətlərə gəlincə, bu il ölkələrimiz diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdilər. Bu gün ölkələrimiz arasında münasibətlər siyasi əməkdaşlığın müsbət dinamikası ilə səciyyələnir. İki ölkə arasında parlamentlərarası əməkdaşlıq inkişaf edir. Bundan əlavə, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir. Hazırda Tacikistanda azərbaycanlıların diasporu kifayət qədər geniş fəaliyyət göstərir, burada çox sayda azərbaycanlı yaşayır.

Asiya regionunun bir çox ölkələri üçün Bakının logistik imkanları faydalıdır

- Bu gün bir çox ölkələr Avropa ilə Asiya arasında yüklərin çatdırılması üçün alternativ yollar axtarırlar. Bu kontekstdə Azərbaycanın tranzit potensialı Tacikistan üçün hansı əhəmiyyəti kəsb edir?

- Azərbaycan uzun illərdir ki, yüklərin daşınması üçün etibarlı tranzit dəhlizi kimi fəaliyyət göstərir. Təkcə son bir neçə ildə ölkə öz nəqliyyat infrastrukturuna milyardlarla dollar sərmayə qoyub. 2017-ci ilin oktyabrında Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrini birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Asiya regionunun bir çox ölkələri üçün Bakının logistik imkanları faydalıdır. İndiki mərhələdə Tacikistanda böyük istehsal həcmi yoxdur ki, biz mallarımızı Avropaya göndərək. Bu gün Tacikistan istehsalı olan bir sıra mallar Azərbaycan ərazisindən Türkiyəyə keçir. Türkiyədən də Tacikistana tranzitlə kifayət qədər mal gəlir.

Siyasi vəziyyətin iqtisadi vəziyyətə necə təsir etdyinin şahidiyik, bu, loqistika və nəqliyyat şirkətləri üçün böyük itkilərə səbəb olur. Ona görə də alternativ dəhlizləri inkişaf etdirmək lazımdır və burada Azərbaycanın rolu böyükdür. Azərbaycanın Xəzərdə ən böyük donanmaya malik olması onu göstərir ki, Bakı Xəzərdən keçən ticarətin inkişafında çox maraqlıdır. Azərbaycan hökuməti regional ticarəti kifayət qədər səmərəli şəkildə inkişaf etdirməyi bacarır.

Azərbaycanın Xəzərdə ən böyük donanmaya malik olması onu
göstərir ki, Bakı Xəzərdən keçən ticarətin inkişafında çox maraqlıdır

- Zəngəzur dəhlizinin açılması, sizcə, region ərazisindən keçən marşrutların cəlbediciliyini artırmaq üçün hansı imkanları yarada bilər?

- Zəngəzur dəhlizinin açılması kommunikasiyaları canlandıracaq. Azərbaycanı Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək bu dəhliz regionumuz üçün yeni imkanlar yaradacaq. Bu, ilk növbədə, Azərbaycanın iqtisadiyyatı üçün vacibdir. Azərbaycanın regional nəqliyyat qovşağına çevrilməsinə sərf etdiyi səyləri nəzərə alsaq, 10 ildən sonra bu dəhliz daha fəal fəaliyyət göstərəcək və əsas yük axınları oradan keçəcək. Zaman keçdikcə daha çox loqistika şirkətləri bu dəhlizin xidmətlərindən istifadə edəcəklər.

Son hadisələr fonunda Xəzər regionunun Rusiya Federasiyası üçün əhəmiyyəti artır, ona görə də yaxın gələcəkdə bu regiona daha aktiv investisiya axını baş verəcək, Xəzəryanı ölkələr arasında liman sektorunda əməkdaşlıq güclənəcək və daha çox ölkə Xəzər hövzəsinin dəhlizindən istifadə edəcək. Zəngəzur dəhlizi dünyanın müxtəlif regionlarının, ilk növbədə, Avropa və Asiyanın birləşməsində mühüm rol oynayacaq. Biz bu layihənin reallaşmasını səbirsizliklə gözləyirik.

Azərbaycan ilk neft quyusunun qazıldığı ölkədir, neft
hasilatı və emalı sahəsində kifayət qədər güclü oyunçudur

- Ölkələrimizin arasında əməkdaşlığın hansı prioritet sahələrini qeyd edə bilərsiniz? Tacikistan iqtisadiyyatının hansı sahələri azərbaycanlı investorları maraqlandıra bilər?

- Hazırda Tacikistan alüminium zavodu Azərbaycandan alüminium oksidi alıb, istehsal etdiyi məhsulu Azərbaycan vasitəsilə üçüncü ölkələrə göndərir. Bu baxımdan, Bakı Tacikistan məhsullarının dünya bazarlarına çıxışı üçün loqistika mərkəzi kimi çıxış edir. Tacikistan hidroenergetika resursları baxımından zəngin ölkədir və bu, Azərbaycan üçün faydalı ola bilər. Orta Asiyanın su ehtiyatlarının təxminən 60%-i Tacikistanda yerləşir.

Azərbaycan ilk neft quyusunun qazıldığı ölkədir, neft hasilatı və emalı sahəsində kifayət qədər güclü oyunçudur. Azərbaycan şirkətlərinin neft hasilatı sahəsində təcrübəsi Tacikistan üçün faydalı olardı. Bundan əlavə, Azərbaycanın İT şirkətlərinin təcrübəsi maraqlıdır. Bunun bariz nümunəsi - Azərbaycanın elektrik enerjisi şirkəti ödənişlərin toplanması səviyyəsini 100 faizə çatdıra bilmişdir. Azərbaycanda aqrar-sənaye kompleksinin fəaliyyəti yaxşı qurulub, kənd təsərrüfatı müəssisələrinin kifayət qədər uğurlu nümunələri var.

Tacikistan Azərbaycanın sərmayə qoymasında və müxtəlif iqtisadi layihələrin, xüsusən də hidroenergetika sahəsində kiçik və böyük su-elektrik stansiyalarının tikintisinin qarşılıqlı faydalı şərtlərlə birgə həyata keçirilməsində maraqlıdır.

Azərbaycan şirkətlərinin və maliyyə institutlarının ticarət, tikinti, nəqliyyat, telekommunikasiya və aqrar sektorlarda birgə layihələrin həyata keçirilməsində iştirak imkanlarını iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün mühüm hesab edirik.

Tamilla MƏMMƏDOVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?