13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Baybars Altuntaş: “Azərbaycan biznesin inkişafı üçün böyük imkanlar təklif edir” MÜSAHİBƏ

Azərbaycanın sosial-iqtisadi inkişaf üzrə qəbul etdiyi ortamüddətli strategiyanın məqsədlərindən biri də kiçik və orta biznesin (KOB) ölkədə iqtisadi artımın və məşğulluğun əsas mənbəyinə çevrilməsidir. Dünya Biznes Mələkləri İnvestisiya Forumunun icraçı sədri, G20 Maliyyə Daxiletmə Qlobal Tərəfdaşlığının (GPFI) tərəfdaşı Baybars Altuntaş ilə “vergiler.az” əməkdaşının söhbəti KOB sektorunun aktual məsələlərinə həsr olunub.

- Cənab Baybars Altuntaş, KOB-un müasir iqtisadiyyatdakı yerini necə görürsünüz?

- KOB hər bir ölkənin iqtisadi yüksəlişində və inkişafında mühüm rol oynayır. Bu müəssisələr innovasiyaların mühərrikləridir və xüsusilə inkişaf etməkdə olan ölkələrdə məşğulluq və gəlir imkanları təmin edə bilirlər. KOB-un inkişafını dəstəkləmək üçün ölkədə sahibkarlığı təşviq edən, maliyyə, təlim və bazar imkanları kimi resurslara çıxışı reallaşdıran biznes mühitinin olması vacibdir. Hökumətin dəstəkləyici tənzimləmə bazasının olması, bizneslərin böyüməsinə kömək edə biləcək infrastrukturun və xidmətlərdən faydalana bilmək imkanlarının yaradılması da mühümdür.

- Neft ölkəsi kimi tanınan Azərbaycanda qeyri-neft sektorunu inkişaf etdirmək üçün sahibkarlar öz maraqlarını hansı istiqamətlərə yönəltməlidirlər?

- Azərbaycan dedikdə ağla ilk gələn sahələrdən biri də turizmdir. Ölkəniz zəngin mədəni irsə, bir çox təbii və tarixi abidələrə malikdir, bu isə onu turistlər üçün cəlbedici məkana çevirir. Sahibkarların yerli sənətkarlıq və turizm şirkətləri ilə əməkdaşlıq şəraitində kafe və restoran biznesi ilə məşğul olmaq imkanları var.

Daha bir sahə informasiya texnologiyaları sektorudur. Azərbaycanda informasiya texnologiyaları sektoru inkişaf edib, ona görə də sahibkarların proqram təminatı hazırlayan, bu sahədə konsaltinq xidmətləri göstərən şirkətlərlə biznes qurmaq imkanları var. Sahibkarlar tədris mərkəzləri və təhsil müəssisələri aça bilərlər. Ümumiyyətlə, Azərbaycanda sahibkarlar hansı sektora diqqət ayıracaqlarını seçərkən yerli bazar tələbini və ölkənin rəqabət üstünlüklərini nəzərə almalıdırlar.

KOB-un inkişafını dəstəkləmək üçün ölkədə sahibkarlığı təşviq
edən, maliyyə, təlim və bazar imkanları kimi resurslara
çıxışı reallaşdıran biznes mühitinin olması vacibdir

- İndi dünyada kiçik və orta sahibkarlar daha çox hansı problemlərlə üzləşirlər?

- Dünyada inflyasiya və gəlirlərin azalması hazırda kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətini ağırlaşdıran əsas problemdir. Maliyyə əldə etməkdə böyük çətinlik yaranıb. KOB-lar tez-tez biznesə başlamaq, onu idarə etmək və genişləndirmək üçün lazımi vəsait əldə etməkdə çətinlik çəkirlər. Burada mövcud qaydaların və bürokratiyanın da ciddi təsiri var.

- Sizcə, maliyyə əldə etmək imkanlarını yaxşılaşdırmaq üçün hansı addımlar atıla bilər?

- KOB-ların girovu yoxdursa və ya maliyyə hesabatları ilə bağlı problemləri varsa, onların maliyyə əldə etmək üçün bir neçə variantı var. Bunlardan biri kraudfandinq, vençur kapitalı və qrantlar kimi alternativ maliyyələşdirmə variantlarını araşdırmaqdır. Hökumətin dəstəklədiyi proqramlara da baxa bilərlər. Bəzi dövlət qurumları kiçik biznesin maliyyə əldə etməsinə kömək üçün xüsusi hazırlanmış kredit proqramları təklif edir. Bu proqramlar daha çevik tələblərə malik ola və depozit tələb etməyə bilər. Mən biznes nümayəndələrinə mentor və ya biznes məsləhətçisi ilə işləməyi məsləhət görürəm. Onlar KOB-lara maliyyə hesabatı təcrübələrini təkmilləşdirməyə kömək edə bilər ki, bu da gələcəkdə maliyyələşdirməni asanlaşdırar.

- KOB üçün vacib olan əsas qlobal tendensiya nədir?

- Rəqəmsallaşma mütləqdir. Rəqəmsal texnologiyalardan istifadə edə bilən KOB-ların bugünkü biznes mühitində inkişaf və uğur qazanma ehtimalı daha yüksəkdir. Onlar onlayn mövcudluğunu genişləndirməyi, müştəriləri cəlb etmək üçün sosial media və digər rəqəmsal marketinq vasitələrindən, onlayn alət və platformalardan istifadə etməyi düşünə bilərlər. Rəqəmsal texnologiyaların tətbiqi KOB-lara xərcləri azaltmağa, səmərəliliyi və rəqabət qabiliyyətini artırmağa kömək edə bilər. Sahibkarların ən son rəqəmsal texnologiyalardan xəbərdar olması, bizneslərinin və müştərilərinin dəyişən ehtiyaclarını ödəmək üçün rəqəmsal alətlərdən daim istifadə etməsi vacibdir.

Rəqəmsal texnologiyalardan istifadə edə bilən KOB-ların bugünkü
biznes mühitində inkişaf və uğur qazanma ehtimalı daha yüksəkdir

- KOB təmsilçiləri yeni texnologiyalara necə yiyələnməlidir?

- Kiçik biznes sahiblərini, startapları və sahibkarları rəqəmsal transformasiyaya sərmayə qoymağa dəvət edirik. Məhdud resursları olanlar üçün bu, çətin ola bilər. Kiçik və ya orta müəssisənin rəqəmsallaşdırılması yeni texnologiyalar və avadanlıqların əldə edilməsi, işçilərin təlimi, yeni proses və sistemlərin işlənib hazırlanması kimi məsələlərə əhəmiyyətli həcmdə ilkin xərclər tələb edə bilər.
KOB-ların rəqəmsallaşdırma ilə bağlı maliyyə problemlərini həll etmək üçün istifadə edə biləcəyi bir sıra strategiyalar var. Birincisi, açıq mənbə proqram təminatı, bulud həlləri və abunə əsaslı xidmətlər kimi sərfəli həlləri axtarmaq lazımdır. Ancaq fərdi biznes üçün ən sərfəli həll yolunu tapmaqdan ötrü əvvəlcə müxtəlif variantların xərclərini və faydalarını öyrənmək, onları müqayisə etmək vacibdir.

Bəzən KOB-lara rəqəmsallaşma xərclərini ödəməyə kömək etmək üçün dövlət qrantları və subsidiyaları olur. Bundan əlavə, müxtəlif maliyyələşdirmə variantlarını nəzərdən keçirmək mümkündür. Məsələn, rəqəmsallaşdırma xərclərini ödəmək üçün ilkin vəsait yoxdursa, kredit və ya digər maliyyələşdirmə variantına baxmaq olar. Bu, xərcləri çıxarmaq üçün zaman qazanmağa və rəqəmsal keçidi daha idarəolunan etməyə yarıdmçı ola bilər.

Bununla belə, unutmaq olmaz ki, biznesin rəqəmsallaşdırılması prosesində prioritetlər müəyyənləşdirilməlidir. Əvvəlcə biznesin hansı sahələrinin rəqəmsallaşdırılacağına qərar verilməli, sonra tədricən digər dəyişikliklər edilməlidir. Bu, xərcləri azaltmağa və biznesə maliyyə təsirini minimuma endirməyə kömək edə bilər. Ümumilikdə, rəqəmsallaşmada maliyyə problemlərinə qarşı uğurla mübarizə aparmağın açarı prosesi diqqətlə planlaşdırmaq, büdcə tərtib etmək və biznes ehtiyaclarına cavab verən səmərəli həllər tapmaqdır.

Rəqəmsallaşmada maliyyə problemlərinə qarşı uğurla mübarizə
aparmağın açarı prosesi diqqətlə planlaşdırmaq, büdcə tərtib etmək və
biznes ehtiyaclarına cavab verən səmərəli həllər tapmaqdır

- KOB-lar risklərə böyük müəssisələrdən daha çox məruz qalır və eyni vaxtda bir neçə problemlə üzləşirlər. Qlobal hadisələrin KOB-a təsirini minimuma endirmək üçün nə təklif edərdiniz?

- Onların ata biləcəyi bir neçə addım var. Bunlardan biri təchizat zəncirini diversifikasiya etməkdir. Yeganə təchizatçı zəncirinin kəsilməsinin qarşısını almaq üçün material və məhsulu bir necə satıcıdan almaq barədə düşünülməlidir. Digər tərəfdən, təchizatçılarla əlaqələri gücləndirməlidirlər ki, uğursuzluqlar zamanı həll yollarını tapmaq üçün birlikdə çalışsınlar. Təbii ki, onlar öz pul vəsaitlərinin hərəkətini izləməlidirlər. Bu, gəlirləri artırmağa və xərcləri azaltmağa kömək edə bilər. Mən onlara müştəriləri ilə ünsiyyət qurmağı məsləhət görərdim. Bu addımları atmaqla KOB böhranlara daha yaxşı cavab verə və mənfi proseslərin təsirini minimuma endirməyə hazır ola bilər.

- Öz biznesini qurmaq istəyənlərə nə məsləhət görərdiniz?

- Yeni startaplar üçün məsləhətlər siyahısında tədqiqat aparmaq birinci gəlir. Biznesinizə başlamazdan əvvəl bazarınızı və rəqiblərinizi diqqətlə öyrənmək vacibdir. Bu, məhsul və ya xidmətə tələbatı və qarşılaşa biləcəyiniz çətinlikləri anlamağa kömək edəcək. Daha sonra iş planı hazırlayın. Biznes planı diqqətinizi cəmləməyə və məlumatlı qərarlar qəbul etməyə şərait yaradacaq. Məsləhət və dəstək almaq üçün mentora müraciər etmək və ya biznesə dəstək qrupuna qoşulmaq olar. Ehtiyac olduqda dəyişiklik etməkdən qorxmayın. Həmişə öyrənməyə və dəyişikliklərə uyğunlaşmağa hazır olun.

Tamilla MƏMMƏDOVA

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?