4 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Marko Di Liddo: “Azərbaycan-İtaliya münasibətləri dayanıqlı və uzunmüddətli inkişafa yönəlib” MÜSAHİBƏ

Regionda və Avropada böyük iqtisadi gücə, siyasi təsirə malik ölkələrlə siyasi, iqtisadi, mədəni əməkdaşlıqda maraqlı olan Azərbaycanın ən yaxın tərəfdaşlarından biri də İtaliyadır. Azərbaycan İtaliyaya neft tədarük edən ölkələr arasında birinci, qaz tədarükçüləri arasında isə üçüncü yerdədir. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığının və İtaliyanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynamaqdadır. Hazırda Azərbaycanda müxtəlif sahələrdə 100-dən çox İtaliya şirkəti fəaliyyət göstərir. İqtisadçı ekspert, CESI Beynəlxalq Araşdırmalar Mərkəzinin (Roma) Təhlil şöbəsinin müdiri Marko Di Liddo ilə “vergiler.az”ın əməkdaşının söhbətinin mövzusu Azərbaycan-İtaliya münasibətlərinin bu günü və perspektivləri barədədir.

- Cənab Marko Di Liddo, Azərbaycan-İtaliya iqtisadi əlaqələrində hansı tendensiyalar diqqətinizi daha çox çəkir?

- Roma ilə Bakı arasında həmişə fəal iqtisadi əlaqələr olub və TAP layihəsinin işə salınmasından sonra bu əlaqələr daha da intensivləşib və güclənib.

Ukraynada müharibə başlayandan bəri enerji sektoru iqtisadi münasibətlərdə hərəkətverici qüvvə olaraq qalır. Azərbaycan 7 ildən artıqdır ki, İtaliyanın əsas neft və qaz tədarükçüsüdür, neft idxalının təxminən 19%-i, təbii qaz idxalının isə təxminən 10%-i Azərbaycanın payına düşür. Bu ilin sentyabrında TAP-ın istifadəyə verilməsi ilə keçən illə müqayisədə qaz axını 37%-dən çox artıb.

Bununla belə, iqtisadi əməkdaşlığı daha dərin, daha geniş, daha müxtəlif və daha sabit səviyyəyə çatdırmaq üçün hökumətlərin həll etməli olduğu iki mühüm məsələ var. Birinci mühüm məqam ticarət balansında daha böyük tarazlıq yaratmaq yönündə kommersiya əlaqələrinin enerji sektorundan kənarda genişləndirilməsidir.

Həyati əhəmiyyət daşıyan ikinci məsələ isə İtaliyadakı və Avropadakı maraqlı tərəfləri Azərbaycanla əməkdaşlığın vacibliyinə inandırmaqdır. İstənilən halda İtaliyanın mövqeyi belədir ki, Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqlədiyi və ən əsası konsolidasiya edilmiş infrastruktur çərçivəsində fəaliyyət göstərdiyi üçün Romanın gələcək qaz tədarükçüləri arasında imtiyazlı rol oynamalıdır.

İtaliyanın mövqeyi belədir ki, Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqlədiyi və
ən əsası konsolidasiya edilmiş infrastruktur çərçivəsində fəaliyyət göstərdiyi üçün
Romanın gələcək qaz tədarükçüləri arasında imtiyazlı rol oynamalıdır

- Sizcə, ölkələrimiz üçün əməkdaşlığın ən perspektivli istiqamətləri hansılardır?

- İtaliya üçün digər ölkələrlə tərəfdaşlıq ənənəvi olaraq heç vaxt konkret sektorlarla məhdudlaşmır. Diplomatiyamız həm iqtisadi, həm siyasi, həm də sosial və mədəni sahələrdə güclü əlaqələr qurmağa çalışır. Bu iş üsulu Azərbaycana da aiddir. Hesab edirəm ki, enerji sektoru nə qədər vacib olsa da, daha geniş iqtisadi, elmi və texnoloji əməkdaşlığa doğru ilk addımlar atılır.

İlk növbədə, siyasi nöqteyi-nəzərdən hesab edirəm ki, İtaliya Qafqazdakı bütün oyunçuların etimadını qazanmış, hörmətlə yanaşılan ölkədir. Bu səbəbdən siyasi əməkdaşlığın əhatəsini genişləndirmək üçün ilk addım lokal münaqişələrin həlli, Qafqazı sülh və firavanlıq məkanına çevirməyin təşviqi üçün yeni çoxtərəfli forumların birgə nəzərdən keçirilməsidir.

- Azərbaycanın İtaliyaya ixracatında enerji resurslarının üstünlük təşkil etdiyini görürük. Sizcə, ticarət əlaqələrinin şaxələndirilməsi üçün hansı addımlar atıla bilər?

- Çox çətin sualdır. Hesab edirəm ki, atılmalı olan ilk addım İtaliya-Azərbaycan Ticarət Palatasının fəaliyyətini xüsusən də İtaliyanın Azərbaycanda, Azərbaycanın isə İtaliyada investisiya imkanlarının təşviqi baxımından dəstəkləmək və aktivləşdirməkdir.

İtalyada biznes sektoru öz tipologiyası, texnoloji imkanları, adaptiv ruhu və yeni bazarları kəşf etmək istəyi baxımından son dərəcə müxtəlifdir. Bununla belə, bir çox hallarda biznes təmsilçilərinin qeyri-ənənəvi bazarları araşdırmaq üçün biliyi, məlumatı və adekvat dəstəyi çatışmır. Xarici dövlətin inkişaf planlarına, qanunlarına, imkanlarına, eləcə də iqtisadi, mədəni, sosial, siyasi və təhlükəsizlik xüsusiyyətlərinə bələd olmadan orada necə sərmayə qoymaq olar? İtaliyada xarici ticarətin təşviqi ilə məşğul olan çoxlu qurumlar var, lakin onların səyləri sahibkarları maarifləndirmək üçün kifayət deyil.
Qeyri-enerji sektorlarına gəlincə, İtaliya-Azərbaycan əməkdaşlığı üçün geniş seçim var. Mən xidmət sektorunu, xüsusən də təhsili nəzərdə tuturam. İtaliya biznesin aparılması və ixtisaslaşmış işçi qüvvəsinin dəstəklənməsi sahəsində geniş nou-hauya malikdir. İtaliyanın sahibkarlıq təcrübəsinin mübadiləsi Azərbaycanda iş yerlərinin şaxələndirilməsi və ixtisaslaşması prosesinə kömək edə bilər. Gələcəkdə İtaliya-Azərbaycan əməkdaşlığı üçün ən gəlirli sahələr mühəndislik, yüksək texnologiyalar, səhiyyə, kənd təsərrüfatı məhsulları və əlbəttə, moda və dəbdəbəli mallar ola bilər.

İtaliya Azərbaycanın “yaşıl enerji”yə keçidini dəstəkləyəcək texnologiyaya
malikdir və bu sektorda əməkdaşlıq mühüm siyasi mesaj olacaq

- Bir neçə ay əvvəl Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya səfər etmişdi. Bu cür səfərlərin, yüksək səviyyəli danışıqların ölkələr arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsində rolunu necə qiymətləndirirsiniz?

- İki ölkənin rəhbərlərinin yüksək səviyyəli görüşləri ikitərəfli və çoxtərəfli diplomatiyanın, dövlətlər və xalqlar arasında münasibətlərin zirvə nöqtəsidir. Bu cür görüşlər böyük siyasi əhəmiyyətə və rəmzi mənaya malikdir.

Bununla yanaşı, hesab edirəm ki, yüksək səviyyəli görüşlərə konkretlik verən dövlət bürokratiyası, institutları, iqtisadi, sosial və mədəni səviyyədə azad şəxsi təşəbbüslərdir. Prezidentlər arasında görüşlər çox dəyərli və mediada ətraflı əks olunan hadisələrdir, əməkdaşlığın məqsədlərini, məzmununu, faydalarını müəyyən edən isə müəssisələr, mədəniyyət təşkilatları, dövlət və özəl qurumlardır.

- Son vaxtlar dünyada bərpa olunan enerji mənbələrinə maraq getdikcə aktuallaşır. Sizcə, Azərbaycan və İtaliya bu sahədə əməkdaşlıq yarada bilərmi?

- Bu yalnız iqtisadi deyil, mənəvi imperativdir. İqlim dəyişikliyinin təsirləri dağıdıcıdır, heç bir sərhəd və ya məhdudiyyət tanımır. Bu səbəbdən hesab edirəm ki, hazırda istixana qazı emissiyalarını azaltmaq və enerji səmərəliliyini artırmaq üçün sinergetik tədbirlərə ehtiyac var.

İtaliya Azərbaycanın “yaşıl enerji”yə keçidini dəstəkləyəcək texnologiyaya malikdir və bu sektorda əməkdaşlıq mühüm siyasi mesaj olacaq. Bununla nümayiş etdirəcəyik ki, bizim ikitərəfli münasibətlərimiz təkcə karbohidrogenlərin satışına əsaslanmır, dayanıqlı və uzunmüddətli inkişafa yönəlib.

Tamilla MƏMMƏDOVA

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması