Məmməd Kərim: “Özünü doğruldan startaplara üstünlük verəcəyik” MÜSAHİBƏ
Uzun illər ərzində vençur kapitalı sürətlə inkişaf edən startapların əsas maliyyə mənbəyi olub. Qismən vençur kapitalistlərinin sərmayəsi və məsləhətləri sayəsində “Amazon”, “Apple”, “Google”, “Microsoft” və s. kimi şirkətlər tez bir zamanda uğur qazanıblar. İqtisadi dəyərin əsas hərəkətverici qüvvəsinə çevrilmiş bu maliyyələşdirmə formasının Azərbaycanda da əsası qoyulub. “Caucasus Ventures” vençur fondunun rəhbəri Məmməd Kərim “vergiler.az”a müsahibəsində ölkədə innovativ biznesin inkişaf tendensiyaları, startapların hansı maliyyə dəstəyinə arxalana biləcəyi haqqında danışıb.
- Məmməd müəllim, Fondun yaxın planları barədə nə deyə bilərdiniz? Qarşınızda duran əsas hədəflər hansılardır?
- İlk növbədə qeyd edim ki, "Caucasus Ventures" dövlət-özəl sektor tərəfdaşlığı formatında yaradılan ilk vençur fondudur. Fondun büdcəsi 11,3 milyon manat təşkil edir. Bu büdcə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə “PAŞA Holdinq” tərəfindən ayrı-ayrılıqda yatırılan 5 milyon manat, eləcə də fərdi sahibkarlar tərəfindən yatırılan 1,3 milyon manat vəsait hesabına formalaşıb. Fondun beşillik müddəti əhatə etməsi nəzərdə tutulsa da, payçıların razılığı ilə bu müddət daha 2 il uzadıla bilər.
Toplanan məbləğ, böyük ehtimal ki, Fondun fəaliyyət dövrünün üçüncü və dördüncü ilində startap layihələrə yönəldiləcək. İlk 2 il ən aktiv illər olacaq. Fondların təcrübəsi göstərir ki, büdcənin yarısını təşkil edən yatırımlar ilk 2-3 ilə yekunlaşır, büdcənin digər yarısı isə növbəti mərhələdə, əldə olunan təcrübəyə və perspektivlərə uyğun olaraq xərclənir. Ümid edirik ki, bu vəsaitlər uğurlu layihələrə yönəldiləcək. Ümidlərimiz doğrulsa, geridönüşlər müsbət olsa, Fondun fəaliyyətinin üçüncü və dördüncü ilində büdcə artırıla bilər ki, fəaliyyət dayanmasın.
Fondların təcrübəsi göstərir ki, büdcənin yarısını təşkil edən yatırımlar
ilk 2-3 ilə yekunlaşır, büdcənin digər yarısı isə növbəti mərhələdə,
əldə olunan təcrübəyə və perspektivlərə uyğun olaraq xərclənir
- Maliyyələşdiriləcək layihələrə dair tələblər müəyyənləşibmi? Maliyyə resurslarına iddialı olan startaplar hansı meyarlara uyğun olmalıdırlar?
- Fondun fəaliyyət istiqamətləri ciddi şəkildə dəqiqləşdirilib. Təsadüfi seçimlərə yol verilməyəcək. Startapların inkişaf mərhələlərinə uyğun meyarlarımız mövcuddur: “layihə ideya mərhələsindədirmi?”, “hazır prototip varmı?” kimi suallar dəyərləndiriləcək, eləcə də startap kommersiya baxımından qiymətləndiriləcək.
Layihənin inkişaf mərhələsi üçün ölkədə kifayət qədər resurslar var, inkubasiya mərkəzləri fəaliyyət göstərir. Onların hamısı ilkin mərhələdə vəsait yatırmağa hazırdırlar və növbəti ildən İnnovasiyalar Agentliyi də belə bir təşəbbüslə çıxış edəcək.
İnkubasiya mərhələsində olan startaplar üçün belə alternativlər əmələ gəldiyinə görə biz özümüzü bu sahədə görmürük. Biz daha çox özünü doğruldan, bazar tərəfindən qəbul edilən və müəyyən mənada satışları olan startaplara üstünlük verəcəyik. Konkret kateqoriyalara gəlincə, söhbət maliyyə, təhsil, kənd təsərrüfatı, qida, süni intellekt, bulud texnologiyaları və s. sahələrə aid layihələrdən gedir. Hətta kifayət qədər çətin olsa da, müstəsna hallarda yüksək texnologiyalı məhsulların istehsalı layihələri də nəzərdən keçirilə bilər. Əsasən, Azərbaycan, Orta Asiya və Şərqi Avropa ölkələrini əhatə edən coğrafiyalara sərmayə qoyacağıq. Əsas meyarlar bunlardır.
- Layihələrə yatırılacaq məbləğin minimal və maksimal həddi olacaqmı?
- Bəli, belə qərara gəlmişik ki, investisiyanın minimal məbləği 50 min dollar, maksimal məbləğ isə 250 min dollar müəyyənlədirilə bilər. Fondun büdcəsinin təqribən yarısını 50 min dollarlıq layihələrə yönəltməyi, digər hissəni isə böyüməkdə olan və artıq “A” kateqoriyaya çatan şirkətlərə yatırmağı düşünürük. Məqsədimiz “toxum” mərhələsində yatırım etdiyimiz startapları üç ilə məhz bu kateqoriyaya aid şirkətlər səviyyəsinə çatdırmaqdır. Bu o demək deyil ki, biz bu üç ili boş oturacağıq. Yaxşı şərtlərlə “A” kateqoriyalı startap olsa, əlbəttə, ona da yatırım edəcəyik.
Fondun büdcəsinin təqribən yarısını 50 min dollarlıq layihələrə
yönəltməyi, digər hissəni isə böyüməkdə olan və artıq
“A” kateqoriyaya çatan şirkətlərə yatırmağı düşünürük
- Məlumdur ki, biznes mühitinin və iş adamlarının təşəbbüsləri startap hərəkatının inkişafı üçün əsas amillərdir. Bu istiqamətdə son zamanlar hansı tendensiyalar müşahidə edilir?
- Sevindirici haldır ki, yeni iştirakçılar meydana gəlib, müəyyən mənada, ixtisaslaşma gedir. Dövlət qurumları artıq tematik, özlərinə uyğun “hackathon”lar, “workshop”lar, müəyyən inkubasiya proqramları keçirirlər. Belə təşəbbüslərin sayı artır və bu, xaotik baş vermir.
Digər əlamətdar hal odur ki, həm özəl sektor, həm dövlət qurumları öz fəaliyyətlərində hansısa prosesləri optimallaşdırmaq üçün şirkətlərlə yanaşı, startaplara da müraciət edirlər. Onlar, əsasən, xarici startaplara üstünlük versələr də, bunu müsbət hal hesab edirəm. Çünki bu, yerli startaplar üçün də müəyyən mənada perspektivlər açır. Yəni bu o deməkdir ki, artıq bir neçə ildən sonra yerli startaplar da sifarişlər qəbul edə biləcəklər.
Daha bir məqam da odur ki, startapların sayında kütləvilik olmasa da, artım müşahidə olunur. Korporativ sektorda işləyib startapa keçənlərin sayının artması nikbinlik yaradır. Keyfiyyət baxımından bu, əlbəttə, önəmlidir. Bu bizim işimizi də sağlamlaşdırır. Bildiyiniz kimi, bu sahəyə ilk növbədə daha çox tələbələr və təcrübəsi olmayanlar gəlirlər. Lakin illərlə bu sektorda çalışan təcrübəli insanların gəlməsi bizim üçün daha faydalıdır. Belə deyərdim ki, kəmiyyət deyil, keyfiyyət dəyişikliyi baş verir. Kəmiyyət cəhətdən kütləviliyə nail ola bildiyimizi hələ deyə bilmərəm. Düşünürəm ki, həm kəmiyyət, həm də keyfiyyət paralel inkişaf etməlidir.
- Vençur maliyyələşdirməsinin hüquqi tənzimlənməsi haqqında nə deyə bilərsiniz? Qanun layihəsinin hazırlanması nə zaman tamamlanacaq?
- Bu gün Azərbaycanda vençur maliyyələşdirilməsi və ya innovasiya ilə bağlı qanun yoxdur. Bu sektor köhnə qaydalarla idarə olunur. Bildiyim qədər, gələn il bununla bağlı məsələlər öz həllini tapacaq.
Qeyd edim ki, bu heç də asan deyil. İnnovasiya qanunu radikal dəyişikliklər tələb edir. Bu isə vaxt tələb edir. Bizim qurduğumuz Fondun hüquqi çərçivəsi Kommandit ortaqlığıdır. Bu, illər əvvəl qəbul olunan, Azərbaycan hüququnun dəstəklədiyi formatdır. Bununla belə, biz çox uzun prosesdən keçdik. Kommandit ortaqlığı formasında vençur maliyyələşdirməsi ilə startaplara yatırım etmək istəyən qurum bunu edə bilər.
Hüseyn VƏLİYEV