17 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mustafa Rifat Hisarcıklıoğlu: “Zəngəzur dəhlizindən təkcə türk dünyası deyil, Şərq-Qərb ticarətinin bütün iştirakçıları faydalanacaq” MÜSAHİBƏ

Dünyada böyük enerji və nəqliyyat layihələrinin fəal iştirakçıları olan Azərbaycanla Türkiyə hər sahədə əməkdaşlığı daha da möhkəmləndirmək, ticarət dövriyyəsinin həcmini artırmaq əzmindədirlər. Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB), Türk Ticarət və Sənaye Palatasının sədri Mustafa Rifat Hisarcıklıoğlu iki dövlət arasındakı iqtisadi əlaqələrin mövcud durumu ilə bağlı “vergiler.az”a müsahibə verib.

- Mustafa bəy, Azərbaycana bu ilin sentyabrında etdiyiniz səfərinizin yekunları barədə nə deyə bilərsiniz?

- Türkiyə Palatalar və Birjalar Birliyi uzun illərdir ki, Azərbaycanın özəl sektorunun ilk növbədə institusional potensialını gücləndirmək, sonra isə bu sektoru inkişaf etdirərək rəqabət qabiliyyətini artırmaq üçün müxtəlif qurumlarla, eləcə də Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə əməkdaşlıq edir. Əsas məqsədimiz Azərbaycanda özəl sektorun çox güclü təmsilçiliyini reallaşdırmaqdır. Əməkdaşlığımızın digər istiqamətləri isə Türk Dövlətləri Təşkilatı çərçivəsində qurduğumuz Türkiyə Ticarət və Sənaye Palatası (TTSP) ilə bağlıdır. TTSP yarandığı gündən daha çox Azərbaycanda fəaliyyət göstərir. 2019-cu ildə VII Liderlər Sammiti münasibətilə Bakıda biznes forum keçirdik. İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin regional ticarət və sənaye palatalarının sədrləri və onların nümayəndə heyətləri ilə Bakıya gəldik. Qələbə ilə nəticələnən şərəfli azadlıq mübarizənizdən sonra 2021-ci ildə Qarabağda investisiya və maliyyə tələb edən layihələri investorlarımızın diqqətinə çatdırdıq. O vaxt Şuşada da türk dünyası üçün investisiya və biznes forumu keçirəcəyimizi vəd etdik. Çox şükür ki, vədimizi yerinə yetirdik, 2022-ci il sentyabrın 16-da Şuşada çox uğurlu biznes forumu təşkil etdik. Bu, asan deyildi. Ermənistan eyni vaxtda sərhəd xəttində təxribata cəhd etdi və təəssüf ki, Azərbaycan şəhidlər verdi…

Strateji mövqeyi, inkişaf edən infrastrukturu və sabit idarəçiliyi olduğundan
Azərbaycanda hər sahədə mühüm investisiya imkanlarının ortaya çıxdığını görürük

- Siz Azərbaycan Prezidenti İlham Əliyevin 25 aprel 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycanın iqtisadi inkişafına verildiyiniz töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətinizə, Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinin inkişafında göstərdiyiniz səylərə görə “Dostluq” ordeni ilə təltif edilmisiniz...

- Bu, mənim həyatım boyu aldığım ən qiymətli təltiflərdən biri olacaq və onu hər zaman fəxrlə daşıyacağam…

“Qarşılıqlı sərmayələr çoxaldıqca ticarət dövriyyəmizin artdığını müşahidə edəcəyik”

- Azərbaycanın xarici iş adamları üçün biznes və investisiya imkanlarını necə qiymətləndirirsiniz?

- Enerji qiymətləri və enerji təchizatının təhlükəsizliyi dünyanın ən vacib məsələlərindən biri olaraq qalmaqdadır. Bu baxımdan, hesab edirəm ki, indiki konyuktur Azərbaycanın tərəfindədir. Qərbdə enerji qiymətləri artdıqca istehsal xərclərinin də sürətlə artdığını görürük. Azərbaycan bu fürsəti çox yaxşı dəyərləndirməli, biznes və investisiyaların asan yatırılması indeksində daha ön səviyyələrə yüksəlməlidir. Çünki xarici investorlar bu indekslərə baxaraq sərmayə qoyurlar. TOBB-nin bu sahədə ciddi təcrübəsi olduğundan biz Azərbaycana lazımi yardımı göstərməyə hazırıq. Strateji mövqeyi, inkişaf edən infrastrukturu və sabit idarəçiliyi olduğundan Azərbaycanda hər sahədə mühüm investisiya imkanlarının ortaya çıxdığını görürük.

TANAP və SOCAR-ın Türkiyədəki sərmayələri
dünyanın ən mühüm layihələri sırasındadır

- Türk dövlətləri arasında ticarət əlaqələrinin genişləndirilməsində Azərbaycanın rolu nələr ola bilər?

- Türk Dövlətləri Təşkilatının üzvləri arasında ən çox qarşılıqlı sərmayə yatıran ölkələr Türkiyə və Azərbaycandır. Söhbət ümumilikdə 35 milyard dollarlıq investisiya həcmindən gedir. Azərbaycan son illər Türkiyəyə investisiyalarını artırıb. Bu, çox yaxşı bir təmayüldür. TANAP və SOCAR-ın Türkiyədəki sərmayələri dünyanın ən mühüm layihələri sırasındadır. Qarşılıqlı sərmayələr artdıqca ticarət dövriyyəmizin artdığını müşahidə edəcəyik və tezliklə bunun müsbət bəhrəsini görməyə başlayacağıq. TANAP-ın tam gücü ilə işləməsi sayəsində iqtisadi göstəricilər əhəmiyyətli dərəcədə yüksələcək.

“Dünya iqtisadiyyatındakı ləngimə və durğunluğu o qədər də hiss etmirik”

- Dünyada müşahidə edilən qlobal iqtisadi böhran Azərbaycanla Türkiyənin iqtisadi əlaqələrinə təsir edibmi?

- Biz dünya iqtisadiyyatındakı ləngimə və durğunluğu o qədər də hiss etmirik. Qlobal miqyasda enerji və əmtəələrə görə inflyasiya artır. Bundan əlavə, COVID-dən sonra ölkələrin iqtisadiyyatının asimmetrik bərpası, istehsal və tədarük zəncirlərində axsamaların davam etməsi də qiymətləri artırır. Yüksək likvidlik və monetar ekspansiya aktivlərin qiymətlərinin həddindən artıq artmasına səbəb olur. Bütün bunlarla mübarizə aparmaq üçün dövlətlərin, xüsusilə inkişaf etmiş ölkələrin mərkəzi bankları faiz dərəcələrini artırır. Ancaq faiz dərəcələrinin artması ilə iqtisadiyyatlarda tənəzzül olacaq. Bundan əlavə, Rusiya ilə Ukrayna arasında gedən müharibə enerji problemini də ortaya çıxarır. Enerji ilə zəngin Azərbaycan həm Türkiyəni, həm də bölgəni bir növ sığortalayır. Ona görə də qlobal problemlər, iqtisadi böhranlar Türkiyə ilə Azərbaycanı bir-birinə daha da yaxınlaşdırır. Amma biz də öz üzərimizə düşən vəzifələri yerinə yetirməliyik.

Zəngəzur dəhlizi regional sülh və əməkdaşlığı gücləndirəcək nəqliyyat layihəsidir.
Bu dəhlizin açılması təkcə iqtisadi deyil, həm də siyasi və strateji baxımdan vacibdir

- Sizcə, Zəngəzur dəhlizinin açılması türk dünyasının iqtisadiyyatına, ölkələrarası ticarətin inkişafına nə kimi töhfələr verəcək?

- Zəngəzur dəhlizi regional sülh və əməkdaşlığı gücləndirəcək nəqliyyat layihəsidir. Bundan Azərbaycan, Ermənistan, Türkiyə, Rusiya dördlüyü, türk dünyası ilə yanaşı, Şərq-Qərb ticarətinin, demək olar ki, bütün iştirakçıları faydalanacaq. Bu dəhlizin açılması təkcə iqtisadi deyil, həm də siyasi və strateji baxımdan vacibdir. Bununla Azərbaycan həm də Qarabağdakı qələbəsini növbəti dəfə nümayiş etdirmiş olacaq. Bu layihənin yerinə yetirilməsi nəqliyyat baxımından mühüm mərhələ olacaq və bizim daşıma xərclərimiz xeyli azalacaq.

- Transxəzər Təbii Qaz Boru Kəməri ölkələrin enerji təminatının güclənməsinə necə təsir göstərə bilər?

- Biz uzun illərdir ki, bu barədə danışırıq. Bu hər zaman gündəmimizdə olan çox əhəmiyyətli enerji layihəsidir. Yaxın keçmişdə əlimizə düşən bəzi imkanları dəyərləndirməmişik. Bununla belə, hazırkı şəraitdə, xüsusən Qərbdə enerji böhranı yaşandığı üçün Transxəzər Təbii Qaz Kəmərinin tikintisi çox tez həyata keçirilə bilər. Türkmənistan təbii qazının Xəzər dənizindən keçməkdə Azərbaycanda Trans-Anadolu Qaz Boru Kəmərinə ötürülməsi həyati əhəmiyyət kəsb edir. Türkmənistan keyfiyyətli qaz yataqlarına malikdir, qaz ehtiyatlarına görə dünyada 4-cü yerdədir. Ölkənin Şərqində kəşf edilmiş qaz da Qərb xəttinə, yəni Xəzər dənizinə gətirilə bilər. Biz son illərdə Azərbaycan-Türkmənistan münasibətlərindəki yaxınlaşmaya, Xəzərdəki bəzi enerji yataqları ilə bağlı problemin həll edilməsinə görə çox məmnunuq.

İlhamə İSABALAYEVA

VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur? VergiHansı vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi ola bilməz? Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı? İqtisadiyyatEldəniz Əmirov: “Dövlət zəmanəti ilə verilən kreditlər daha etibarlıdır” VergiFaizsiz borclar hansı formada vergiyə cəlb olunur? VergiHansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər?