Cüzeppe Sakko: “Azərbaycan-Çin münasibətlərində yeni dinamika müşahidə olunur” MÜSAHİBƏ
İqtisadi-ticari, nəqliyyat-logistika, telekommunikasiya, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq edən Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında son 30 ildə münasibətlər yüksələn xətlə inkişaf edib, əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Azərbaycan Çin rəhbərliyinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən olub.
Bakı ilə Pekin arasında münasibətlərin hazırkı səviyyəsi haqqında “vergiler.az”ın suallarını beynəlxalq münasibətlər üzrə professor, iqtisadçı ekspert, “The European Journal of International Affairs”in keçmiş redaktoru, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Paris ofisinin sabiq rəhbəri Cüzeppe Sakko cavablandırır.
- Məlumdur ki, bu gün Çin beynəlxalq iqtisadi arenada mühüm oyunçuya çevrilib. Sizcə, bu amilə təsir edən əsas ilkin şərtlər hansılardır?
- Hələ 1978-ci ilin dekabrında, Pekində Çin Kommunist Partiyasının XI Qurultayı zamanı Mərkəzi Komitənin plenumu tərəfindən iki qərar qəbul edildi. Birinci qərar özünü yalnız milli sənayeləşmə hesabına təmin etmək strategiyasından imtina etmək, ikinci qərar isə Pekin və Vaşinqton arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində işlərin başa çatdırılması idi. Məhz bundan sonra Qərb investisiyalarına açılan Çin ABŞ-ın nəhəng istehlak bazarına sürətli çıxış əldə etdi. Əsas məqsəd böyük həcmdə Qərb kapitalı resurslarını cəlb etmək və ilk növbədə əmək xərclərinin ən çox olduğu sektorlarda fəaliyyət göstərən investorlar tərəfindən Çinin maddi resurslarına diqqəti artırmaq idi. Beləliklə, bu, Çinin 2001-ci ildə Ümumdünya Ticarət Təşkilatına rəsmən daxil olması ilə yekunlaşan prosesin başlanğıcı oldu. Onilliklər sonra isə Çin Xalq Respublikası qlobal iqtisadi güc kimi özünü təsdiq etdi.
Hazırda Bakı və Pekin arasında geoiqtisadi maraqların uzlaşması
mövcuddur və bu baxımdan hər iki ölkə dünya ticarət
nəqliyyatı şəbəkəsində mühüm qovşaqlar hesab edilir.
- Azərbaycan və Çin arasında iqtisadi-ticari əməkdaşlığın mövcud vəziyyəti və potensialını, qarşılıqlı investisiyaların artımını necə qiymətləndirirsiniz?
- Bu istiqamətdə Azərbaycan və Çin arasında əməkdaşlıq üçün heç bir maneə görmürəm. Şübhəsiz ki, Azərbaycan təbii sərvətlərlə zəngin ölkə kimi, əsasən, karbohidrogen ixracatçısıdır. Ona görə də onun xarici ölkələrə, o cümlədən Çinə investisiya yatırmaq üçün böyük potensialı var. Hazırda Bakı və Pekin arasında geoiqtisadi maraqların uzlaşması mövcuddur və bu baxımdan hər iki ölkə dünya ticarət nəqliyyatı şəbəkəsində mühüm qovşaqlar hesab edilir.
- Çindən Avropaya ən qısa yol Azərbaycandan keçir. Bu marşrut üzrə tranzit yük dövriyyəsi son illər ərzində necə dəyişir? Azərbaycan üzərindən yükdaşımaların artırılması perspektivlərini görürsünüzmü?
- Bu ölkələrin bir çox sahələrdə əməkdaşlığa və investisiya ticarətinə, eləcə də real mal və xidmətlərə böyük maraq göstərməsinin əsas səbəbi təkcə onların resurslar baxımından bir-birini tamamlaması deyil. Unutmayaq ki, Azərbaycan Çin və Avropa arasında ən yaxşı marşrutlardan birini təklif edir. Bu məsələnin aktuallığı hazırkı dövrdə - xüsusilə pandemiya və Ukraynada gedən müharibə fonunda daha aydın görünür. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar bir tərəfdən Qərbi Avropa, digər tərəfdən Avrasiya məkanı arasında iqtisadi əlaqələr üçün ciddi və çox güman ki, uzunmüddətli problemlərə yol açır. Aydındır ki, qlobal təchizat zəncirləri şəbəkəsini formalaşdıran iqtisadi qüvvələr təkcə böhranlara uyğunlaşmağın yollarını axtarmır, həm də əsas marşrutlara alternativləri nəzərdən keçirir.
- Sizcə, Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin mövcud səviyyəsi qaneedicidirmi? Bu sahədə gələcək üçün hansı proqnozları vermək olar?
- Hər iki ölkənin bir-birinə çox yaxın olan iqtisadi strukturu var. Məlumdur ki, Azərbaycan təbii sərvətlərlə zəngin ölkədir və iqtisadiyyatı əsasən neftə və neftlə bağlı digər malların ixracına əsaslanır. Öz növbəsində, Çin, gördüyümüz kimi, son otuz ildə “dünyanın emalatxanası”na çevrilib. Bu ölkələr arasındakı ticarət dövriyyəsi son beş ildə nəzərəçarpacaq dərəcədə artıb və 2021-ci ildə onun dəyəri 2 milyard ABŞ dolları təşkil edib. Azərbaycandan Çinə, əsasən, xam neft, eləcə də bir sıra neft məhsulları, məsələn, etilen və propilen polimerləri ixrac edilir. Çin də öz növbəsində Azərbaycana bütün növ istehsal məhsulları, o cümlədən kompüterlər, müasir elektronika və yayım avadanlığı kimi yüksək texnologiyalı məhsullar ixrac edir. Bütün bunlar onu deməyə əsas verir ki, yaxın gələcəkdə hər iki ölkə arasında ticarət dövriyyəsinin səviyyəsi yüksək dinamika ilə inkişaf edəcək.
2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, həmçinin
Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi və digər regional nəqliyyat və enerji
layihələrinin həyata keçirilməsi Azərbaycan-Çin münasibətlərinə yeni dinamika verib.
- “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsində Azərbaycanın rolunu necə qiymətləndirirsiniz?
- Azərbaycan hökuməti “Bir kəmər, bir yol” təşəbbüsünə böyük önəm verir və haqlı olaraq hesab edir ki, bu layihənin həyata keçirilməsi ölkə iqtisadiyyatının inkişafında əhəmiyyətli rol oynaya bilər. Onu da qeyd etmək lazımdır ki, indiyədək Azərbaycanla Çin arasında olan isti münasibətlər bu nəhəng layihənin gerçəkləşməsi ilə daha da dərinləşməyə və ciddi siyasi-iqtisadi xarakter almağa başladı. 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi və digər regional nəqliyyat və enerji layihələrinin həyata keçirilməsi Azərbaycan-Çin münasibətlərinə yeni dinamika verib.
- Bildiyimiz kimi, Çin bərpa olunan enerji üzrə dünya liderlərindəndir. Azərbaycan da öz növbəsində bu istiqamətdə önəmli addımlar atır. Bu sahədə əməkdaşlıq məsələləri müzakirə olunurmu?
- Əvvəldə də qeyd etdiyim kimi, ölkəniz dünya iqtisadiyyatında hələ də əsasən karbohidrogen istehsalçısı kimi mühüm mövqe tutur. Lakin buna baxmayaraq, Azərbaycan dünyanın digər ölkələri, o cümlədən Çinlə post-karbon iqtisadiyyatının inkişafında əməkdaşlıqda ümumi marağı bölüşür.
Tamilla MƏMMƏDOVA