13 Noyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İlham Bayramov: “Yeni standart istehlak mallarının keyfiyyətinə əminliyi artıracaq” MÜSAHİBƏ

Bu yaxınlarda Azərbaycanda “Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının istehsalı, emalı, markalanması və satışı. Rəhbəredici tələblər” AZS 921:2022 yeni dövlət standartı qəbul edilib. Bu rəhbəredici tələblər artıq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən Standartlaşdırma üzrə Normativ Sənədlərin Dövlət Fonduna daxil edilib. Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru İlham Bayramov yeni standartlarla bağlı “vergiler.az”a müsahibə verib.

- İlham müəllim, ekoloji təmiz kənd təsərrüfatı və qida məhsulları dedikdə hansı məhsullar nəzərdə tutulur? Standartlar konkret olaraq hansı məhsullara şamil edilir?

- Qəbul olunmuş dövlət standartı ekoloji təmiz kənd təsərrüfatı və qida məhsulları istehsalı prinsiplərinə uyğun üsullarla istehsal olunmuş və konkret inspeksiya-nəzarət qaydaları tətbiq olunan, emal olunmuş və olunmamış bitki və bitkiçilik məhsullarına, ev heyvanları və heyvandarlıq məhsullarına, nohur balıqlarına, bitki xammalı və səpin materialına, qida məqsədilə istifadə olunan mayalara və digər ərzaq məhsullarına şamil edilir.

- Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının istehsalı, emalı, markalanması və satışı sahəsində indiyədək hər hansı standart mövcud idimi?

- Xeyr, indiyədək hər hansı standart olmayıb. Lakin, bildiyiniz kimi, Azərbaycanda qəbul olunan “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunun tətbiqi və icrası mexanizmlərinin yaradılması məqsədilə Nazirlər Kabineti tərəfindən müvafiq qərarlar imzalanıb. Bu standartın işlənməsinə 2015-ci ildən başlanılıb. İndiyədək bu sahə üzrə belə bir standartın olmaması ölkədə ekoloji təmiz kənd təəssüratı və ərzaq məhsullarının istehsalının tənzimlənməsi və istehlakçılar arasında həmin məhsullara dair etibarın formalaşdırılmasını məhdudlaşdırırdı.

- Bu standartların tətbiqi zərurəti nədən yarandı?

- Ölkəmizdə ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı üçün böyük potensial və müvafiq resurslar var. Lakin bu sahənin tənzimlənməməsi, ekoloji məhsul istehsalının təşviq edilməməsi, bu istiqamətdə istehsalçıların, o cümlədən fermerlərin dəstəklənməməsi mövcud potensialdan səmərəli istifadəni məhdudlaşdırırdı. Məlum olduğu kimi, bir çox inkişaf etmiş ölkələrdə ekoloji məhsulların istehsalı və satış mexanizmləri tətbiq edilir və həmin məhsullar ənənəvi üsullarla istehsal edilən məhsulların qiymətindən dəfələrlə yüksək qiymətə satılır. Başqa sözlə desək, ölkə ərazində ekoloji təmiz məhsulların istehsalının təşkili fermerlərin gəlirlərinin artmasını, istehlakçıların təmiz qida məhsullarına olan tələbatının ödənilməsini, xüsusilə ixrac potensialının yüksəlməsini təmin edəcək. Hesab edirəm ki, göstərilən məsələlər kifayət qədər əhəmiyyətlidir. Məhz bu hədəflərə nail olmaq üçün bəhs etdiyimiz standart qəbul edilib. Əlbəttə ki, bu standartı qəbul etmək bu sahədə bütün məsələləri həll etmək üçün kifayət etmir və bu istiqamətdə müvafiq dövlət qurumları, istehsalçıları cəmləşdirən assosiasiyalar və digər maraqlı tərəflər cəlb edilməklə məqsədyönlü kompleks tədbirlərin görülməsinə ehtiyac var.

Ölkəmizdə ekoloji təmiz kənd təsərrüfatı məhsullarının
istehsalı üçün böyük potensial və müvafiq resurslar var.

- Yeni standartlarda ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının istehsalı, emalı, markalanması və satışı üçün müəyyən edilən ən əsas tələblər nələrdir?

- Ekoloji təmiz kənd təsərrüfatı məhsulu istehsal etmək üçün qəbul edilmiş standartda, müxtəlif məhsullara müvafiq olaraq, bir çox kompleks tədbirlərin və proseslərin həyata keçirilməsinə dair tələblər var. İlk növbədə qeyd etmək istərdim ki, hər bir mala (işə, xidmətə), onunla əlaqəli prosesə (o cümlədən idarəetmə sisteminə) və istehsal metodlarına dair müvafiq standart var. Bununla yanaşı, qida məhsullarının istehsalı ilə məşğul olan subyektlərdə idarəetmə sistemlərinə dair HACCP Prinsipləri və AZS İSO 9000:2012, AZS İSO 9001:2020, AZS İSO 14001:2021, AZS İSO 22000:2022 və KODEKS ALİMENTARİUS standartlarının tətbiq edilməsi tövsiyə edilir. Ümumi proseslər və prinsiplərlə bağlı isə aşağıdakıları qeyd etmək olar:

- ekoloji təmiz kənd təsərrüfatının istehsalı ümumi prinsiplərə uyğun olmalıdır;

- ekoloji təmiz kənd təsərrüfatında, ekoloji təmiz istehsal sistemində torpağın gübrələnməsi və ya yaxşılaşdırılması, zərərvericilərlə və xəstəliklərlə mübarizə, heyvanların sağlamlığı, heyvan mənşəli məhsulların keyfiyyətinin yaxşılaşdırılması və ya ərzaq məhsullarının emalı, hazırlanması, konservləşdirilməsi, saxlanılması üçün istifadə olunan bütün maddələr müvafiq normativ sənədlərə uyğun olmalıdır;

- ilkin istehsalda bu maddələrin istifadəsi zəruridirsə, onlar xüsusi ehtiyatla istifadə olunmalıdır, çünki hətta icazə verilmiş maddələr düzgün istifadə edilmədikdə torpağın və ya təsərrüfatın ekosistemi dəyişə bilər;

- yemlər, təbii məhsullar, təbii və qeyri-təbii vasitələr və s. istisna olmaqla, sintetik mineral gübrələrdən, pestisidlərdən, boy hormonlarından (stimulyatorlardan), yeyinti məhsulları istehsalı prosesində istifadə edilən sintetik qida əlavələrindən, anbarların və mal-qaranın saxlandığı binaların, balıqçılıq nohurlarının dezinfeksiyasında ekoloji təhlükə yaradan kimyəvi maddələrdən istifadə olunmasından imtina edilməlidir;

- ekoloji təmiz məhsul kimi sertifikatlaşdırılmış toxumlardan və əkin materiallarından, ekoloji təmiz torpaqlardan istifadə olunmalıdır;

- ekoloji təhlükə yaradan preparatlardan baytarlıq təbabətində istifadəyə yol verilməməlidir;

- ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalında genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələri - gen mühəndisliyi metodlarının tətbiqi ilə yeni genetik kombinasiyaya malik canlı orqanizmlərdən, onların təkrar istehsalından əldə olunmuş törəmə məhsullardan və onların törəmələrindən istifadədən imtina edilməlidir;

- ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının emalında yalnız beynəlxalq və milli standartlarda icazə verilən təbii qida əlavələrindən istifadə olunmalıdır;

- ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının emal şəraiti beynəlxalq və milli sanitariya-gigiyena qaydalarına uyğun olmalı, gigiyena standartlarının norma və tələbləri yerinə yetirilməlidir;

- ekoloji təmiz kənd təsərrüfatı subyektlərində bitki və heyvan xəstəliklərinə, zərərvericilərə və alaq otlarına qarşı, habelə profilaktika məqsədilə kimyəvi-sintetik (süni) maddələrdən məcburən istifadə olunduğu hallarda həmin subyektlər ekoloji təmiz kənd təsərrüfatı subyektləri siyahısından çıxarılmalı və onlar bərpa edilməlidir;

- kimyəvi-sintetik (süni) vasitələrdən məcburən istifadə edildiyi hallarda ekoloji təmiz kənd təsərrüfatı subyektlərində istehsal və emal olunan, həmçinin saxlanan kənd təsərrüfatı məhsullarının ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulu kimi dövriyyəsi dayandırılmalıdır.

Qeyd edim ki, Genetik Modifikasiya Olunmuş Bitkilərin (GMOB), yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından məhsulların istehsalında istifadə olunması qadağan edilib.

“Bitkiçilikdə tətbiq olunan ekoloji tələblər” və “Heyvandarlıqda tətbiq olunan ekoloji tələblər” isə AZS 921-2022 standartının 7-ci və 8-ci bölmələrində ətraflı yazılıb.

Eyni zamanda, yeni standart risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və
idarəolunması mexanizmlərini özündə ehtiva etməklə, istehlakçılarda
istehlak mallarının keyfiyyətinə və təhlükəsizliyə olan əminliyi artıracaq.

- Ekoloji təmiz məhsulların istehsalı zamanı kimyəvi-sintetik (süni) maddələrin istifadəsinin minimuma endirilməsi əsas tələblərdən biri kimi qoyulur. İndiyə kimi belə məhsulların istehsalı zamanı süni maddələrdən daha çox istifadə edilməsi halları baş verirdi? Bu maddələrin hazırda hansı hədd daxilində istifadəsinə icazə verilir?

- Əlbəttə ki, hazırkı dövrdə kənd təsərrüfatı məhsullarının istehsalında məhsuldarlığı artırmaq üçün mineral gübrələr, həmçinin xəstəliklərə və zərərvericilərə qarşı aqrokimyəvi maddələrdən istifadə edilməsi qaçılmazdır. Beləliklə, inteqrir tədbirlər nəzərə alınmadan, ziyanvericilərə qarşı yüksək toksikliyə malik pestisidlərdən, bitkilərin torpaqdan və yarpaqdan qidalanması üçün isə mineral gübrələrdən istifadə olunsa da, bu, lazım olan səviyyədə effektli olmur. Ekoloji təmiz məhsulların istehsalında isə kimyəvi-sintetik maddələrin istifadəsinə, ümumiyyətlə, yol verilmir. Bu maddələrin tətbiqi qaydası bitki ziyanvericilərinə qarşı aparılan mübarizə tədbirlərindən, xarici mühit amillərindən, törədicilərin bioloji xüsusiyyətlərindən, bitkinin növündən, iqlim şəraitindən, relyefdən və s.-dən asılı olaraq müəyyən edilir. İstənilən halda hər bir kimyəvi maddə müvafiq hədd çərçivəsində istifadə edilə bilər.

- Yeni standartlar həm də məhsulların satışına aiddir. Bu baxımdan ölkə bazarına idxal edilən xarici məhsullar üçün də bu standartların tətbiqi şərt kimi irəli sürülür?

- Hər bir ölkədə idxal olunan və ya istehsal olunan məhsul həmin ölkənin qəbul etdiyi texnik-normativ sənədlərin və standartların tələblərinə uyğun olmalıdır. Burada əsas məsələ bu tələblərə riayət edilməsi prosesinin nəzarətdə saxlanılması və bununla bağlı tətbiq edilən mexanizmlərdir. Bütün ekoloji təmiz məhsullar bu standartın tələblərinə cavab verməlidir.

Ekoloji təmiz məhsulların istehsalında isə kimyəvi-
sintetik maddələrin istifadəsinə, ümumiyyətlə, yol verilmir.

- Standartların tətbiqindən nələr gözlənilir? Sizcə, yeni standartlar istehlak bazarının sağlamlaşdırılmasına əhəmiyyətli təsir göstərə biləcək?

- Bu standartın istehsal və emal sahələrinə tətbiqi yeyinti və kənd təsərrüfatı məhsullarının istehlak keyfiyyəti və təhlükəsizlik risklərinin minimuma endirilməsinə, bunların nəticəsində insan həyatı sağlamlığının təmin olunmasına, ətraf mühitin, biomüxtəlifliyin, genefondun qorunmasına, qlobal bazara rəqabətqabiliyyətli məhsul ixrac edib ölkəyə əlavə valyutanın gətirilməsinə, məhsulun markalanmasında EKO loqosunu oxuyan istehlakçıda əminliyin olmasına, torpaqda strukturun, münbitliyin və humus qatının yaxşılaşmasına zəmin yaradacaq. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlər alıcılıq qabiliyyətini artırmaq üçün istehsal və emal etdikləri məhsulları nə üçün yox, kim üçün istehsal etmək üçün sağlam rəqabət aparacaqlar və bunun üçün münbit şərait yaranacaq.

Eyni zamanda, yeni standart risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarəolunması mexanizmlərini özündə ehtiva etməklə, istehlakçılarda istehlak mallarının keyfiyyətinə və təhlükəsizliyə olan əminliyi artıracaq. Torpaq-iqlim şəraiti geniş spektrli olan Azərbaycanda yüksək ekoloji və bioloji dəyərlərə malik kənd təsərrüfatı bitkilərinin (meyvə-tərəvəz, üzüm, gərzəklilər, dərman bitkiləri və s.) becərilməsi üçün olduqca əlverişli şərait yaranacaq. Kənd təsərrüfatında kimyəvi maddələrin istifadəsinin məhdudlaşdırılması nəticəsində torpaqların ekoloji vəziyyəti yaxşılaşdırılacaq. Keyfiyyətli su resursları torpaqların çirklənməsinə, deqradasiyasına və kənd təsərrüfatı məhsullarının keyfiyyətinə təhlükə yaratmayan suvarmanın aparılmasına imkan yaradacaq. Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərdən müdafiəsi aqrosenozlarda təbii müxtəlifliyin və tarazlığın dəstəklənməsi, bioloji mübarizə vasitələrinin və növbəli əkinlərin istifadəsi yolu ilə təmin olunacaq.

Bu sahədə yaradılmış elmi-texniki potensial ekoloji kənd təsərrüfatı məhsullarının istehsalı və emalı proseslərini təmin etməyə imkan yaradacaq.

Ölkədə mövcud olan kənd təsərrüfatı təcrübəsi və əmək resursları ekoloji kənd təsərrüfatı məhsulları istehsalının davamlı inkişafını təmin edə biləcək. Coğrafi baxımdan əlverişli mövqedə yerləşən və müasir nəqliyyat infrastrukturuna malik olan ölkəmizin ekoloji kənd təsərrüfatı məhsullarının Avropa və körfəz ölkələrinin bazarlarına ixrac imkanlarının yüksəlməsinə zəmin yaranacaq.

İlhamə İSABALAYEVA

VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ VergiMMC-də rəhbər dəyişikliyi üçün tələblər VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir?