Fərid İsayev: “Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşıdır” MÜSAHİBƏ
Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında əlaqələr müxtəlif istiqamətlər, o cümlədən iqtisadiyyat üzrə uğurla inkişaf edir. Azərbaycandakı münbit biznes mühiti alman şirkətlərinin ölkəmizdə fəaliyyətlərini daha da genişləndirməsinə imkan verir. Qarşılıqlı ticarət dövriyyəsinin getdikcə artması onu deməyə əsas verir ki, artıq Azərbaycan Almaniyanın etibarlı ticarət tərəfdaşlarından birinə çevrilib.
Alman-Azərbaycan Xarici Ticarət Palatasının (“AHK Azərbaycan”) sədri, İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın üzvü Fərid İsayev iki ölkə arasındakı iqtisadi-ticari əlaqələr və bir sıra digər məsələlərlə bağlı “vergiler.az”ın suallarını cavablandırıb.
- Fərid müəllim, Azərbaycan və Almaniya arasındakı mövcud iqtisadi-ticari əlaqələri necə qiymətləndirirsiniz?
- Azərbaycan-Almaniya iqtisadi-ticari əlaqələri müsbət dinamika ilə inkişaf edir. Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşıdır. Pandemiyanın qlobal ticarət üçün yaratdığı fəsadlara, xüsusilə təchizat zəncirində hələ də özünü büruzə verən çətinliklərə baxmayaraq, cari dövrdə iki ölkə arasındakı mövcud iqtisadi dinamika müsbət olub.
Almaniya Federal İqtisadiyyat və Energetika Nazirliyinin məlumatına əsasən, 2020-ci ildə Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsində Azərbaycanın payı təxminən 65 faiz təşkil edib. Eyni zamanda, Almaniyanın Federal İqtisadiyyat və İxraca Nəzarət Ofisinin bildirdiyinə görə, Azərbaycan Almaniyanı neftlə təmin edən ölkələr sırasında 2020-ci ildə 9-cu yerdə olub. 2020-ci ildə Azərbaycandan Almaniyaya təqribən 2,5 milyon ton xam neft ixrac edilib. Eyni zamanda, qeyd olunmalıdır ki, Almaniyada Azərbaycanın bir sıra şirkətləri, bəzilərinin isə həmin ölkədə daimi nümayəndəlikləri fəaliyyət göstərir.
Almaniya Federal İqtisadiyyat və Energetika Nazirliyinin məlumatına
əsasən, 2020-ci ildə Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarət
dövriyyəsində Azərbaycanın payı təxminən 65 faiz təşkil edib.
- Almaniyalı investorların Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşlarını artırması üçün hansı işlər görülür?
- Alman investisiyasının Azərbaycana cəlb edilməsi istiqamətində görülən işlərdə Alman-Azərbaycan Xarici Ticarət Palatasının rolunu, məncə, xüsusilə qeyd etmək lazımdır. 2012-ci ildən fəaliyyət göstərən “AHK Azərbaycan”ın hazırda 200-ə yaxın üzvü var. Palata alman iqtisadiyyatının rəsmi nümayəndəliyi kimi alman şirkətlərinə bazar və biznes araşdırmaları ilə bağlı məlumat və dəstək verir. İqtisadi potensialın qarşılıqlı şəkildə təşviq edilməsi məqsədilə iki ölkə arasında mütəmadi qaydada biznes yönümlü səfərlər və tədbirlər təşkil olunur. Təkcə 2022-ci il ərzində “AHK Azərbaycan” tərəfindən Almaniya Federativ Respublikasının bəzi vilayətlərini təmsil edən iş adamlarından ibarət nümayəndə heyətlərinin Azərbaycana bir neçə səfəri təşkil olunub. Bundan əlavə, bu ilin oktyabr ayında “AHK Azərbaycan” üzvlərinin Qarabağ iqtisadi rayonunun işğaldan azad olunmuş ərazilərinə səfəri baş tutub. Bir sıra alman şirkətləri həmin dövrdə keçirilən “Rebuild Karabakh” beynəlxalq sərgisində fəal şəkildə iştirak edib. 2022-ci ilin sentyabr ayında Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun rəhbərliyinin Almaniyaya işgüzar səfəri çərçivəsində qeyd olunan zonanın imkanları və üstünlükləri alman investorların diqqətinə çatdırılıb. İcra olunan birgə layihələrlə bağlı qeyd etmək lazımdır ki, 2015-ci ildən etibarən Almaniyanın "Uniper" və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında yaradılmış müştərək müəssisə fəaliyət göstərir. Cari ildə Azərbaycan Sənaye Korporasiyası ilə Almaniyanın “Achenbach Buschhütten” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, alüminium məhsullarının istehsalı üzrə müştərək müəssisə təsis edilib. Layihə çərçivəsində Gəncədə illik istehsal gücü 105 min ton olan alüminium yayma məhsullarının istehsalı planlaşdırılır. Layihənin birinci mərhələsində Azərbaycan iqtisadiyyatına 132 milyon dollar həcmində sərmayə qoyulması nəzərdə tutulur. Bu, 800-dən çox yeni iş yerinin yaradılmasına, ölkəmizdə alüminium sənayesinin inkişafı və rəqabət qabiliyyətinin artırılmasına, eləcə də ixrac imkanlarının genişləndirilməsinə mühüm töhfə verəcək.
- Dayanıqlı iqtisadi inkişafın təmin olunmasında dövlət-özəl sektor dialoqunu necə dəyərləndirirsiniz?
- Dövlət-özəl (biznes) dialoqu bir sıra sahələrdə təzahürünü tapır. Bəzi hallarda bu cür dialoq bilavasitə, digər hallarda isə bilvasitə gerçəkləşir. Azərbaycanda bu istiqamətdə həyata keçirilən tədbirlərin əhəmiyyəti və rolu bir sıra mühüm strategiya, proqram xarakterli sənədlərdə də əksini tapıb. Belə ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in hədəfləri sırasında ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət-biznes-dövlət üçlüyünün uğurlu əlaqəsinin möhkəmləndirilməsi təsbit olunub. Bundan əlavə, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda birbaşa xarici investisiyaların prioritet iqtisadi sahələrə yönəldilməsi məqsədilə investorlarla birbaşa dialoq mexanizmlərinin tətbiq edilməsi nəzərdə tutulub.
Xüsusən də bu sənədlərdə investorların problem və çətinliklərinin həlli üçün mütəmadi dövlət-biznes dialoqu çərçivəsinin qurulması ehtiva olunur. Mövcud dövlət-özəl dialoqu platformaları sırasında ictimai şuraların fəaliyyətini də qeyd etmək lazımdır. Bu cür qurumlardan biri olan İqtisadiyyat Nazirliyi yanında İctimai Şura aktiv fəaliyyət göstərir və təsdiq olunmuş fəaliyyət planına uyğun olaraq, bu kontekstdə effektiv platforma rolunu uğurla yerinə yetirir. 2016-cı ildə ölkə Prezidentinin sərəncamı ilə yaradılmış “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya” da bu sahədə növbəti mühüm platformadır. Komissiyanın tərkibində fəaliyyət göstərən işçi qruplar həm dövlət qurumları, həm də biznes nümayəndələrindən təşkil olunub.
Dövlət-özəl tərəfdaşlığı həm institusional səviyyədə, həm də individual model
çərçivəsində reallaşa bilər. İndividual modelə misal olaraq, Prezident İlham Əliyevin
müvafiq sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsini qeyd etmək olar.
Dövlət-özəl dialoqunun əməkdaşlıq mərhələsindən birgə fəaliyyət formasına, yəni dövlət-özəl tərəfdaşlığı modelinə keçid yuxarıda bəhs etdiyimiz prosesin növbəti mərhələsi kimi qiymətləndirilə bilər. Bu baxımdan, hazırda Milli Məclisdə müzakirə olunan “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsini qeyd etmək yerinə düşər. Bu qanun layihəsi dövlət-özəl tərəfdaşlığı sahəsində münasibətləri tənzimləyən və ölkə ərazisində dövlət xidmətlərinin göstərilməsi, bununla bağlı müvafiq infrastrukturun yaradılması və idarə edilməsi üzrə nəzərdə tutulan layihələrin icrasında dövlət, səlahiyyətli orqan, dövlət tərəfdaşı və özəl tərəfdaş arasında münasibətlərin tənzimlənməsini nəzərdə tutur. Qanun layihəsinə əsasən, dövlət-özəl tərəfdaşlığının əsas prinsipləri azad rəqabətin qorunması, şəffaflığın, səmərəliliyin artırılması və s.-dir.
Dövlət-özəl tərəfdaşlığı həm institusional səviyyədə, həm də individual model çərçivəsində reallaşa bilər. İndividual modelə misal olaraq, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsini qeyd etmək olar. Həmin müsabiqə iştirakçılarının dövlət və özəl sektorun idarəçiləri sırasından formalaşdığını nəzərə alsaq, bu, digər faydalarla yanaşı, individual səviyyədə müxtəlif qurum və şirkət nümayəndələri arasında təcrübə paylaşımını, problemlərin effektiv həll yolları ətrafında fikir mübadiləsini mümkün edir.
Dövlət-biznes dialoqu qarşılıqlı etimadın möhkəmləndirilməsi baxımından effektiv mexanizm kimi, ölkədə dayanıqlı iqtisadi inkişafın təmin olunması və “dairəvi iqtisadiyyat” (circular economy) modelinə keçid prosesində mühüm əhəmiyyətə malikdir. Bu baxımdan, sözügedən prosesin hər bir iştirakçısı qarşılıqlı etimad şəraitində işgüzar və effektiv kommunikasiya platformalarına, kanallarına sahib olmalıdır.
İlhamə İSABALAYEVA