Saymon Kimber: "Böyük Britaniya vergi məsələləri ilə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır" MÜSAHİBƏ
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Böyük Britaniyanın Vergi və Gömrük Administrasiyası (HMRC) ilə ikitərəfli əlaqələri genişləndirir. Qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi çərçivəsində HMRC mütəxəssislərinin Bakıya səfəri başlayıb. Məqsəd vergi orqanları əməkdaşları üçün təlimlər keçmək və təcrübə mübadiləsi aparmaqdır. Mövzuların aktuallığını nəzərə alaraq, təlimlərin 2-ci hissəsinin noyabr ayında da davam etdirilməsi nəzərdə tutulur.
- Azərbaycanın inklüziv struktura qoşulması bu sahədə beynəlxalq standartlara uyğunlaşmaqla yanaşı, innovasiyaları tətbiq etməyə sövq edəcək.
- Azərbaycan, o cümlədən Dövlət Vergi Xidməti hər hansı yardıma ehtiyac duyarsa, Böyük Britaniya dəstək göstərməyə hazırdır.
- Biz gələcəkdə də bu sahədə birgə fəaliyyətimizi davam etdirəcəyik.
Təlimlərdə Böyük Britaniya Vergi və Gömrük Administrasiyasının ölkələrarası hesabatlılıq üzrə mütəxəssisi Saymon Kimber və məlumat mübadiləsi üzrə mütəxəssisi Con Sverdlov iştirak edirlər. Qurumun baş təhlilçisi Dan Arçer, texniki mütəxəssis Canet Hopkins, araşdırma məlumat mübadiləsi mütəxəssisi Nikola Maykok, avtomatik məlumat mübadiləsi siyasətinin rəhbəri David Smit prosesə onlayn qaydada qoşulublar.
Mövzu ilə bağlı “vergiler.az”ın suallarını Saymon Kimber cavablandırır:
- Cənab Kimber, Sizcə, bu gün beynəlxalq vergitutma sahəsində ən aktual problemlər hansılardır? Azərbaycanın vergi əməkdaşları üçün keçirdiyiniz təlimlər əsasən hansı mövzuları əhatə edir?
- Bakıda keçirdiyimiz təlimlərin ilk həftəsində əsasən məlumat mübadiləsi, avtomatlaşdırılmış məlumat və ölkə hesabatları üzrə müzakirələr apardıq. Hesabatlar təqdim olunarkən beynəlxalq standartlara əsaslanmaqla yanaşı, həmçinin, müvafiq məlumatlardan ən yaxşı şəkildə istifadə etmək çox vacibdir. Beləliklə, bu həftə İngiltərənin məlumatlardan necə istifadə etdiyini paylaşdıq. Məqsədimiz həmin məlumatların Azərbaycanın Dövlət Vergi Xidmətində necə istifadə olunduğunu anlamaq idi. Məlum oldu ki, Azərbaycan həqiqətən də bu məlumatlardan çox yaxşı istifadə edir. Böyük Britaniyanın bu istiqamətdə necə işlədiyini azərbaycanlı həmkarlarımızla müzakirə edərkən çox maraqlı diskussiyamız oldu.
Hazırkı təlimlər Böyük Britaniyanın Azərbaycanda
vergilərlə bağlı üzərinə götürdüyü öhdəliklərdən biridir.
Beynəlxalq vergiyə gəldikdə, biz konkret mövzulara çox diqqət yetiririk. Lakin beynəlxalq vergitutmada əsas problemlər əksər ölkələri narahat edən rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsidir. Hesab edirəm ki, Azərbaycanın inklüziv struktura qoşulması bu sahədə beynəlxalq standartlara uyğunlaşmaqla yanaşı, innovasiyaları tətbiq etməyə sövq edəcək.
- Bu təlimlər davam etdiriləcəkmi?
- Hazırkı təlimlər Böyük Britaniyanın Azərbaycanda vergilərlə bağlı üzərinə götürdüyü öhdəliklərdən biridir. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirmək niyyətindəyik və transfer qiymətləri kimi xüsusi mövzularda təlim təşkil edəcəyik. Qeyd edim ki, Azərbaycan, o cümlədən Dövlət Vergi Xidməti hər hansı yardıma ehtiyac duyarsa, Böyük Britaniya dəstək göstərməyə hazırdır.
Onu da vurğulamaq istərdim ki, bu, təkcə birtərəfli yardım deyil,
elə məsələlər var ki, Böyük Britaniya da vergi məsələləri ilə
bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır.
- Hər iki ölkənin müvafiq strukturları arasında birgə layihələrin həyata keçirilməsi ilə bağlı hansısa gözləntiləriniz varmı?
- Hesab edirəm ki, gələcək birgə iş baxımından Böyük Britaniya çox açıqdır. Biz OECD və IOTA kimi təşkilatlarda çox fəallıq və bir sıra ölkələrlə tərəfdaşlıq etməkdən məmnunuq. Əgər Azərbaycanın Böyük Britaniya ilə işləmək istədiyi mövzular və ya məsələlər varsa, biz buna çox şad olarıq. Onu da vurğulamaq istərdim ki, bu, təkcə birtərəfli yardım deyil, elə məsələlər var ki, Böyük Britaniya da vergi məsələləri ilə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır. Beləliklə, ümidvaram ki, biz gələcəkdə də bu sahədə birgə fəaliyyətimizi davam etdirəcəyik.
Tamilla MƏMMƏDOVA