Lidiya Parxomçik: “Azərbaycanla əməkdaşlıq Qazaxıstanın milli nəqliyyat strategiyasının mühüm elementidir” MÜSAHİBƏ
Xəzər dənizi region xalqlarının rifahının yaxşılaşdırılmasına yönəlmiş bir çox beynəlxalq və regional layihələrin əsas tərkib hissəsidir. Tarixən Xəzər dənizi hövzəsi Avropa ilə Cənubi Asiya ölkələri arasında ticarət üçün mühüm tranzit mərkəzi olub. Son hadisələr fonunda Xəzəryanı ölkələr arasında əməkdaşlığın əsas istiqamətləri nəqliyyat infrastrukturunun inkişafı, bu sahədə xidmətlərin keyfiyyətinin yüksəldilməsi və multimodal daşımalardır.
Nursultan Nazarbayev Fondunun nəzdində Dünya İqtisadiyyatı və Siyasəti İnstitutunun (IMEP) eksperti, Avrasiya Araşdırmalar İnstitutunun baş elmi işçisi, Siyasət, Beynəlxalq Münasibətlər və Təhlükəsizlik üzrə Qrupun rəhbəri Lidiya Parxomçik bu istiqamətdə Azərbaycanla Qazaxıstanın mümkün əməkdaşlığı barədə “vergiler.az”ın suallarını cavablandırıb.
- Nəqliyyat və tranzit sahəsində Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə və istismarına başlanması ilə yük dövriyyəsinin artırılması və yükdaşımaların maya dəyərinin aşağı salınması imkanları yaranacaq. Bu marşrutun perspektivlərini necə qiymətləndirirsiniz və o, ölkələrimiz arasında yükdaşımaların səviyyəsinin artırılmasında nə kimi rol oynayacaq?
- Gələcəkdə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xətti layihəsi həqiqətən də Qazaxıstan və Türkmənistanın Xəzər limanlarına yük daşımaları üçün çıxışı təmin edə bilər. Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 2022-ci ilin sentyabrında Səmərqənddə keçirilmiş Zirvə toplantısında əldə olunmuş razılaşmaya əsasən, layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına başlanılıb. Bu istiqamətdə işlərin 2023-cü il iyunun 1-dək başa çatdırılması gözlənilir. Proqnozlara görə, dəhlizin tikintisi 3-4 ilə yekunlaşacaq. Yeni magistralın potensialı ildə 7-13 milyon ton yük həcmində qiymətləndirilir.
Görünən odur ki, indiki vəziyyətdə yükdaşıyıcıların Şərq-Qərb marşrutu üzrə dəhlizlərə marağı Xəzər-Mərkəzi Asiya regionu ölkələrindən keçən nəqliyyat marşrutlarının əhəmiyyətinin durmadan artmasına gətirib çıxaracaq. Yük axınlarının transkontinental hərəkətinin yenidən qurulması fonunda nəqliyyat infrastrukturunun yeni daşıma həcmlərinə əvvəlcədən hazırlanması vacibdir. Belə ki, məsələn, Qazaxıstan üçün ölkənin nəqliyyat-logistika potensialının inkişafı üçün əsas layihə Aktau dəniz limanında konteyner qovşağının yaradılması olacaq. 2025-ci ilə qədər limanın illik ötürücülük qabiliyyətini 40 mindən 215 min fut ekvivalent konteynerə (TEU) çatdırmaqla Xəzər dənizindəki Qazaxıstan limanı tranzit yüklərin həcmini artıra biləcək. Bu yüklər müvafiq qidalanma xətti ilə Bakı-Ələt limanına göndəriləcək və sonradan Avropa ölkələrinə ötürüləcək.
İndiki vəziyyətdə yükdaşıyıcıların Şərq-Qərb marşrutu üzrə dəhlizlərə
marağı Xəzər-Mərkəzi Asiya regionu ölkələrindən keçən nəqliyyat
marşrutlarının əhəmiyyətinin durmadan artmasına gətirib çıxaracaq.
- Azərbaycanla Qazaxıstan arasında ikitərəfli münasibətlərin mövcud səviyyəsini necə qiymətləndirirsiniz?
- 2022-ci il Qazaxıstan və Azərbaycan liderləri arasında ikitərəfli məsləhətləşmələrlə zəngin dövr kimi yadda qalıb. Oktyabrın ortalarında tərəflər Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısı çərçivəsində Astanada görüşüblər. Avqust ayında Prezident Kasım-Jomart Tokayevin Bakıya rəsmi səfəri çərçivəsində dövlət başçıları strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalayıblar.
Qazaxıstan ənənəvi olaraq Azərbaycana Qafqaz regionunda əsas tərəfdaş kimi baxır. Təbiidir ki, Astana və Bakı ticarət-iqtisadi əməkdaşlıq məsələlərində keyfiyyətcə irəliləyiş əldə etməyi qarşılarına məqsəd qoyublar. Beləliklə, tərəflər üçün təxirəsalınmaz vəzifə ikitərəfli ticarətdə rekord səviyyəyə - 1 milyard ABŞ dollarına nail olmaqdır. Bu ilin 8 ayının yekunlarına görə, ikitərəfli dövriyyə 254 milyon dollar təşkil edib ki, bunun da təxminən 200 dolları Qazaxıstan ixracının payına düşüb.
- Ölkələrimiz arasında əməkdaşlığın əsas prioritetlərini açıqlamağınızı istərdik. Sizcə, Qazaxıstan iqtisadiyyatının hansı sahələri azərbaycanlı investorlar üçün maraq kəsb edə bilər?
- Bildiyiniz kimi, ölkələrimiz arasında ticarətə əlavə dinamika gətirmək üçün ilk iclası bu ilin avqust ayında keçirilmiş Qazaxıstan-Azərbaycan İşgüzar Şurası yaradılıb. Bu dövrdə bir sıra sazişlər, o cümlədən AZPROMO ilə Qazaxıstanın Xarici Ticarət Palatası, həmçinin KOBİA və “QazTrade” arasında memorandum imzalanıb. “QazTrade”nin qiymətləndirməsinə görə, Qazaxıstandan 272 milyon dollar dəyərində 105 əmtəə adında ixracın artırılması potensialı var. Qazaxıstandan Azərbaycana qeyri-xammal ixracının artırılması potensialı 169 milyon dollar həcmində qiymətləndirilir ki, bunun da 36 faizi metallurgiya, 23 faizi qida sənayesi, 22 faizi neft-kimya, 20 faizi isə maşınqayırma, kimya və tikinti sənayesinin payına düşür.
Xatırladım ki, 2020-ci ildən Azərbaycanda fəaliyyətə başlayan Qazaxıstan Ticarət Evinin əsas vəzifəsi ölkələrimizin biznes dairələri arasında işgüzar əlaqələr yaratmaqdır. Bu tədbirlər qarşılıqlı ticari əməkdaşlığın lazımi səviyyəyə çatdırılmasını təmin etməlidir.
Astana və Bakı ticarət-iqtisadi əməkdaşlıq məsələlərində keyfiyyətcə irəliləyiş
əldə etməyi qarşılarına məqsəd qoyublar. Beləliklə, tərəflər üçün təxirəsalınmaz
vəzifə ikitərəfli ticarətdə rekord səviyyəyə - 1 milyard ABŞ dollarına nail olmaqdır.
- Dünyadakı mövcud geosiyasi vəziyyəti nəzərə alaraq, bir çox ölkələr Avropa ilə Asiya arasında yüklərin daşınması üçün alternativ yollar axtarırlar. Bu kontekstdə Azərbaycanın tranzit potensialını necə qiymətləndirirsiniz?
- Qazaxıstan tədarükçüləri Azərbaycanın logistik xidmətlərinə böyük maraq göstərirlər. Tərəflər Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” (BTNM) üzrə tranzit yüklərin daşınmasının təşkili istiqamətində mühüm işlər görüblər. Hazırda dəhlizin daşıma qabiliyyəti 6 milyon ton yük və 80 min TEU səviyyəsində qiymətləndirilir. Azərbaycan rəhbərliyi Zəngəzur dəhlizinin tezliklə işə salınması üçün ciddi səylər göstərir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin hesablamalarına görə, marşrut Azərbaycan ərazisindən 5-8 milyon ton yükün əlavə tranziti üçün imkanlar yaradacaq.
Qeyd edim ki, Azərbaycan bu ilin avqustunda Avrasiya Hökumətlərarası Şurasının iclasında qonaq qismində iştirak edib. Rəsmi Bakının Şuranın işinə cəlb olunması onunla şərtlənib ki, iclas çərçivəsində üzv ölkələrin prioritet infrastruktur nəqliyyat layihələrinin siyahısı yekunlaşdırılıb, həmçinin Avrasiya Təkrarsığorta Şirkətinin yaradılması haqqında saziş üzərində iş aparılıb.
Bu ilin 6 ayı ərzində Azərbaycan ərazisindən keçən müxtəlif dəhlizlərlə tranzit daşımaların həcminin 50%-dən çox artması ölkənin tranzit regional qovşağı kimi əhəmiyyətindən xəbər verir. Çin-Avropa-Çin yükdaşıma marşrutu üzrə həm də mərkəzi logistika əlaqəsi olan Qazaxıstan üçün Azərbaycanla əməkdaşlıq milli nəqliyyat strategiyasının mühüm elementidir.
- Ölkələrimizin turizm sənayesi barədə də mövcud vəziyyəti dəyərləndirməyinizi istərdim. Sizcə, Qazaxıstan azərbaycanlı turistləri cəlb etmək üçün hansı potensiala malikdir?
- Məlum pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra iqtisadiyyatlarımız yenidən dirçəlir və bu, turizm sənayesinin inkişafında da özünü göstərir. “Kazakh Tourism” milli şirkətinin məlumatına görə, 2021-ci ildə Qazaxıstanda 6,9 milyon insan istirahət edib ki, bu da 2020-ci illə müqayisədə 35 faiz çoxdur. Turist axını 2022-ci ildə də artım dinamikasını davam etdirib. Qeyd edim ki, Dünya İqtisadi Forumunun qlobal turizm reytinqində Qazaxıstan 117 ölkə arasında 66-cı, Azərbaycan isə 63-cü yerdə qərarlaşıb. Hər iki ölkənin yüksək turizm potensialı olduğundan, hesab edirəm ki, bu sahədə bir sıra birgə layihələrin həyata keçirilməsi üçün səylər göstərilməsi vacibdir. Bu baxımdan, xüsusilə Xəzər dənizində kruiz turizmi təşəbbüsündən yararlanmaq olar. Misal kimi qeyd edim ki, Həştərxandan Xəzər dənizi üzərindən Aktau, Türkmənbaşı, Bakı və Mahaçqalada dayanan laynerlə kruiz marşrutu ildə 30 min turistə xidmət göstərə bilər.
Azərbaycan rəhbərliyi Zəngəzur dəhlizinin tezliklə işə salınması üçün ciddi səylər
göstərir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin hesablamalarına görə, marşrut
Azərbaycan ərazisindən 5-8 milyon ton yükün əlavə tranziti üçün imkanlar yaradacaq.
- Qafqaz və Mərkəzi Asiya regionunda mövcud iqtisadi vəziyyəti necə dəyərləndirirsiniz?
- Əgər söhbət Mərkəzi Asiya ölkələrindən gedirsə, regionda qarşılıqlı ticarətin artımında kifayət qədər sabit tendensiya hökm sürür. 2017-2021-ci illər ərzində regiondaxili ticarət 84 faiz - 4,6 milyard dollardan 8,5 milyard dollara qədər artıb. 2022-ci ilin 7 ayı ərzində Qazaxıstanın region ölkələri ilə ticarət dövriyyəsi artıq 4,1 milyard dollar təşkil edib. Bununla yanaşı, güclü xarici şoklar Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistanda iqtisadi artımın yavaşlamasına səbəb olub. Avrasiya İnkişaf Bankının (EABR) proqnozlarına görə, 2022-ci ilin sonuna Qazaxıstanda ÜDM-in artımı təxminən 2,5 faiz, Qırğızıstan və Tacikistanda isə 1,9 faiz təşkil edəcək. Region üzrə inflyasiyanın təxminən 15,5 faiz civarında olacağı gözlənilir. Lakin çətinliklərə baxmayaraq, region ölkələri əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində müəyyən edilmiş tendensiyanı davam etdirmək niyyətindədirlər. 2022-ci ilin iyulunda Qırğızıstanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının IV Məşvərət Görüşü buna sübut oldu. Təəssüf ki, bölgədə davam edən həll olunmamış münaqişələr səbəbindən Qafqaz regionu ölkələri qarşılıqlı fəaliyyətin inteqrasiya potensialından tam istifadə etməkdə çətinliklərlə üzləşirlər.
- Son illərdə “yaşıl enerji” dünya ölkələrində aktual məsələ kimi gündəmə daxil olub. Sizcə, Qafqaz və Mərkəzi Asiya ölkələrində alternativ enerji mənbələrindən istifadə potensialı nə dərəcədə yüksəkdir?
- 2021-ci ildə bərpa olunan enerji mənbələrinin qlobal enerji balansında xüsusi çəkisi 2019-cu ildəki 26,3 faizlə müqayisədə 28,1 faiz təşkil edib. Beynəlxalq Enerji Agentliyinin proqnozlarına görə, 2022-ci ildə dünyada bərpa olunan enerji istehsalı rekord səviyyəyə - 320 GW-ə çatacaq. Mövcud qlobal enerji böhranı “yaşıl enerji”yə keçid tendensiyasını əsaslı şəkildə dəyişməyib. Bununla belə, Qazaxıstan və Azərbaycan kimi karbohidrogen ehtiyatlarının ixracatçıları öz yanacaq-energetika kompleksinin transformasiyası üçün bərpa olunan enerji mənbələrindən maksimum səmərəli istifadə etmək niyyətindədirlər.
Qazaxıstan Mərkəzi Asiya dövlətləri ilə 2060-cı ilə qədər karbon neytrallığına nail olmaq niyyətini bəyan edib. Bu vəzifə iqtisadiyyatın dərin karbonsuzlaşdırılmasını, o cümlədən enerji kompleksində bərpa olunan enerji mənbələrinin əhəmiyyətinin artırılmasını tələb edəcək. 2022-ci ilin birinci yarısının sonuna bərpa olunan enerji mənbələrindən istifadə edən elektrik stansiyalarının (böyük su elektrik stansiyaları istisna olunmaqla) ümumi gücü 2,3 QVt-ni ötüb, bərpa olunan enerji mənbələri tərəfindən istehsal olunan elektrik enerjisinin ümumi elektrik enerjisi istehsalında xüsusi çəkisi isə 4,24 faiz təşkil edib. 2030-cu ilə qədər bu rəqəmin 15 faizə yüksələcəyi proqnozlaşdırılır. İri su elektrik stansiyaları da nəzərə alınmaqla, Azərbaycanın enerji balansında bərpa olunan enerji mənbələrinin gücü 1,3 QVt və ya 17 faiz təşkil edir. 2030-cu ilə qədər ölkə rəhbərliyi “yaşıl eneji”nin payını 30 faizə çatdırmağı planlaşdırır. Beləliklə, hər iki ölkə “yaşıl” transformasiya üçün əlverişli şərait yaratmaqda davam etmək niyyətindədir.
Tamilla MƏMMƏDOVA