13 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Telman Məmmədov: “Uğur yolu”nda məğlub olan yoxdur” UĞUR YOLU

Artıq ikinci ildir ki, İqtisadiyyat Nazirliyi öz əməkdaşlarının potensialından səmərəli istifadə etmək, onların hərtərəfli inkişafı, peşə bacarıqlarının artırılması, yeni nəsil idarəçilərin hazırlanması və yüksək potensiallı əməkdaşlardan rəhbər vəzifələr üçün ehtiyat kadrlar bazasının formalaşdırılması məqsədilə “Uğur yolu” karyera inkişafı proqramını həyata keçirir.

Müsabiqə iştirakçıları seçim mərhələlərində qabiliyyət, sosial intellekt, idarəçilik potensialı testlərindən keçir, onlayn və əyani formada komanda daxilində biznes tapşırıqlarının həlli ilə bağlı müvafiq səriştələr üzrə qiymətləndirilir və təqdimatlarla çıxış edirlər. Bu il nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların müsabiqənin finalında iştirak edən 47 əməkdaşından 16 nəfəri "Uğur yolu" karyera inkişafı proqramının qalibi olub.

Həmin qaliblərdən biri - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət baş idarəsinin Risklərin təhlili şöbəsinin rəisi Telman Məmmədov müsabiqə ilə bağlı təəssüratlarını “vergiler.az”la bölüşüb.

2004-cü ildə yüksək bal toplayaraq ali məktəbə daxil olan və Prezident təqaüdünə layiq görülən T.Məmmədov bakalavr və magistr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə alıb. Artıq 12 ildən artıqdır ki, vergi orqanlarında çalışır. Bu müddətin 4 ildən artıq bir dövründə rəhbər vəzifələrdə işləyib.

“İştirakçıların hər biri bu müsabiqədə yeni bilik və bacarıqlar əldə edib”

“Uğur yolu” müsabiqəsində iştirak zamanı özündə mübarizə əzmi, yeni çağırışların öhdəsindən gəlmək kimi keyfiyyətləri kəşf edən qalib deyir ki, keçənilki müsabiqədə iştirak etsə də, ikinci mərhələdə mübarizəsini dayandırıb: “Bu nəticə mənim ikinci müsabiqədə iştirak etməyim üçün yeni bir stimul oldu. Bir çoxları mənimlə razılaşmaya bilər, amma mən düşünürəm ki, düzgün nəticələr çıxaracağımız halda həyatımızdakı məğlubiyyət və uğursuzluqlar bizə qələbələrdən daha çox şey öyrədir. Belə ki, bu uğursuzluqlar bizə özümüzün zəif tərəflərimizi düzgün qiymətləndirməyə və şəxsi inkişafımızı hansı istiqamətə doğru yönləndirməli olduğumuz haqda aydın fikir formalaşdırmağa imkan verir”.

Ümumiyyətlə isə T.Məmmədov belə hesab edir ki, hər bir yarışmada həm qaliblər, həm də məğlublar olur. Amma “Uğur yolu”nda məğlub olan yoxdur və iştirakçıların hər biri bu müsabiqədə yeni bir bilik, yeni bacarıq əldə edib.

“Uğur yolu” hər bir iştirakçı üçün yeni bir çağırış, yeni bir
sınaq, adi həyatın gündəlik axarından çıxıb özünü yeni
platformada sınamağa imkan verən uğurlu bir müsabiqədir.

“Bütün əməkdaşlarımıza bu müsabiqədə iştirak etməyi tövsiyə edərdim”

T.Məmmədovun sözlərinə görə, “Uğur yolu” hər bir iştirakçı üçün yeni bir çağırış, yeni bir sınaq, adi həyatın gündəlik axarından çıxıb özünü yeni platformada sınamağa imkan verən uğurlu bir müsabiqədir: “Gündəlik təkrarlanan işlərlə məşğul olmaq bir çox əməkdaşlarımızda digər qabiliyyətlərin üzə çıxmasına imkan vermir. Eyni zamanda, bu cür müsabiqələr şaquli idarəetmə sistemində kadrların şəxsi inkişafı və obyektiv qiymətləndirilməsi ilə bağlı yarana biləcək subyektiv problemlərin qarşısını almağa imkan verir. Əlbəttə ki, çalışdığımız dövlət qurumunda struktur vahidlərinin sayının məhdud olması hər kəsin rəhbər vəzifələrə təyin edilməsinə imkan vermir. Lakin bu cür müsabiqələr fərqlənən və müvafiq səriştələrə sahib olan kadrların müəyyən edilməsinə, onların gələcəkdə rəhbər vəzifələrə təyin edilmələri üçün kadr ehtiyatına daxil edilməsinə imkan verir. Belə müsabiqələrin keçirilməsində əsas məqsəd məhz bu cür kadrların üfüqi istiqamətdə inkişafına imkan yaratmaqdır”.

İştirakçının fikrincə, bu müsabiqə gənclər üçün fərqli, yeni bir inkişaf yolunun açılmasına imkan yaradır. “Uğur yolu” iştirakçılara yeni insanlarla tanışlıq, fərqli ünsiyyət mühiti və İqtisadiyyat Nazirliyinin müxtəlif strukturlarında çalışan, öz ixtisaslaşma sahələrində müvafiq biliklərə malik əməkdaşlarla birgə iqtisadi problemlərə fərqli prizmadan baxmaq imkanı verir. Belə ki, məhz eyni problemlərə yeni yanaşmalar bu cür problemlərin həll yollarının tapılmasına yardımçı olur. Eyni zamanda, hər bir şəxsin əsas şəxsi inkişaf yolunun təhsil və təlimlərdən keçdiyini nəzərə alaraq, müsabiqə qalibləri üçün gələcəkdə təşkil olunacaq təlimlərin onların şəxsi inkişafında, karyera yüksəlişinə imkan verəcək müvafiq bilik və bacarıqlara yiyələnməsində mühüm rol oynayacağını söyləmək olar: “Mən bütün əməkdaşlarımıza bu müsabiqədə iştirak etməyi və özlərini sınamağı tövsiyə edərdim. Düşünürəm ki, ümumi dünyagörüşünə malik, məntiqli düşüncə qabiliyyəti olan, insanlarla rahat ünsiyyət qurmağı bacaran və müsbət enerjili istənilən əməkdaşımız bu müsabiqədə müvəffəqiyyətlə iştirak edə bilər. Xüsusilə gənc əməkdaşlarımıza bu cür müsabiqələrdə daha aktiv iştirak etmələrini tövsiyə edərdim. Belə platformalar sıralarımıza yeni qoşulmuş əməkdaşlara özlərinin real bilik və bacarıqlarını qısa müddətdə nümayiş etdirməyə imkan verir. Eyni zamanda, fərqli mühitdə digər strukturlarda çalışan əməkdaşlarımızla kommunikasiya qurmağa imkan yaradır. Bu cür əlaqələrin qurulması işin keyfiyyətinə də öz müsbət təsirini göstərir”.

Qalib “Uğur yolu”nun gələcək iştirakçılarına özlərinə əmin olmağı, öz biliklərinə arxalanaraq və emosiyalarına sahib çıxaraq tam gücləri ilə bu müsabiqəyə qatılmağı tövsiyə edir. Eyni zamanda, gələcəkdə müsabiqədə iştirak edəcək şəxslərin hər birinə yarışmanın bütün mərhələlərində qarşılaşacaqları situasiyalardan asılı olmayaraq, özlərini olduqları kimi aparmalarını, sağlam rəqabət şəraitində mübarizə apararaq layiq olduqları nəticəni əldə etmələrini arzu edir.

Belə platformalar sıralarımıza yeni qoşulmuş əməkdaşlara özlərinin
real bilik və bacarıqlarını qısa müddətdə nümayiş etdirməyə imkan verir.

“Müsabiqə mühiti çox rəqabətli olmaqla yanaşı, qarşılıqlı hörmət əsasında formalaşmışdı”

T.Məmmədov deyir ki, çox yüksək rəqabət mühitinin formalaşdığı “Uğur yolu” müsabiqəsinin hər bir mərhələsində əksəriyyəti qalibiyyətə layiq, yüksək intellektual səviyyəyə malik olan iştirakçılar yarışıb: “Mən bir daha əmin oldum ki, aramızda çoxlu sayda yüksək məntiqi düşüncəyə malik, sağlam rəqabət mühitində mübarizə aparmaq qabiliyyəti olan əməkdaşlarımız var. Ölkə rəhbərliyi tərəfindən müəyyən olunan iqtisadi siyasətin həyata keçirilməsində əsas rollardan birini oynayan strukturun - İqtisadiyyat Nazirliyinin və onun tabeli qurumlarından birinin əməkdaşı olmaq özü elə yüksək rəqabətli mühitdən seçilmiş olmaq deməkdir. Bu baxımdan müsabiqənin mühiti çox rəqabətli olmaqla yanaşı, sağlam və etik cəhətdən qarşılıqlı hörmət əsasında formalaşmışdı”.

Qalib müsabiqənin ən çətin və məsuliyyətli mərhələsinin final olduğunu düşünür. Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyinin rəhbərliyi və onun tabeliyində olan müvafiq struktur bölmələrin rəhbərliyi qarşısında “Sahibkarların rəqabət qabiliyyətinin yüksəldilməsi” mövzusunda təqdimatla çıxış etmək çox məsuliyyətli və çətin idi.

T.Məmmədov deyir ki, İqtisadiyyat Nazirliyinin hər bir struktur vahidinin rəhbəri olduqca geniş məlumatlara və biliklərə malik olduğu üçün onları qeyd olunan mövzuda hər hansı yeniliklə təəccübləndirmək olduqca çətindir. Belə olan halda bu mövzuda təqdimatla çıxış etdikdə işlədilən hər bir ifadəyə, hər bir sözə xüsusi diqqət yetirmək lazımdır.

İştirakçının qənaətincə, müsabiqənin məzmunu və keçirilmə formatı hər bir yarışmacının gerçək potensialının üzə çıxarılmasına imkan verir. Amma belə düşünür ki, müsabiqədə müzakirə olunan mövzuların İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan və ya digər dövlət qurumlarından təkliflərin təqdim edilməsi üçün daxil olan layihələr üzərindən olması daha səmərəli olardı: “Hesab edirəm ki, müxtəlif strukturlarda çalışan əməkdaşların fikir mübadiləsi zamanı hazırlayacaqları təkliflər daha məhsuldar ola bilər. Bu baxımdan müzakirə olunacaq mövzular üzrə əldə olunacaq nəticələrin daha praktik əhəmiyyətli və müvafiq strukturların işinə daha faydalı olacağını düşünürəm. Müsabiqənin potensialından bu baxımdan istifadə olunması “Uğur yolu”nun bir müsabiqə çərçivəsindən çıxıb daha önəmli mövqelər tutmasına səbəb ola bilər”.

İlhamə İSABALAYEVA

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?