11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kəmalə Qurbanova: “Hədəfimiz ödəniş kartları ilə aparılan nağdsız dövriyyənin nisbətini 55%-ə çatdırmaqdır” MÜSAHİBƏ

Nağdsız ödənişlərin genişləndirilməsi “kölgə iqtisadiyyatı”nın aradan qaldırılmasında əhəmiyyətli rol oynayır. Bu istiqamətdə görülən işlər və nəzarət tədbirləri ilə bağlı “vergiler.az”ın suallarını Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova cavablandırıb.

- Kəmalə xanım, Mərkəzi Bankın məlumatına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanda 14,126 milyard manat məbləğində nağdsız əməliyyat aparılıb. Nağdsız ödənişlərin nisbətinin artımında başlıca amil nədir?

- Nağdsız ödənişlərin artımına müxtəlif faktorlar təsir edir. Bunların arasında institusional mühit mühüm rol oynayır. Son illərdə “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması istiqamətində həyata keçirilən vergi islahatları, nağdsız ödənişlərin qəbuluna iqtisadi marağın artırılması üzrə təşviq mexanizmlərinin tətbiqi həm sahibkarları, həm də əhalini nağdsız ödənişlərdən istifadəyə təşviq edib. Təşviq tədbirlərindən “ƏDV geri al” layihəsi xüsusi önəm daşıyır. Bu layihə həm banklar, həm də əhali tərəfindən maraqla qarşılanıb. Banklar bu imkanı öz xidmətlərinə dəyər gətirən bir xidmət kimi aktiv şəkildə istifadəçilərə təqdim edirlər.

Göstəricilərə təsir edən digər faktorlara ölkədə rəqəmsal ödəniş infrastrukturunun və innovativ ödəniş alətlərinin inkişafı, ödəniş xidmətlərinə çıxış imkanlarının genişlənməsi daxildir. Son iki ildə banklar tərəfindən kart məhsullarının çeşidliliyinin artırılması, yeni müştəri seqmentinin cəlb edilməsi üçün beynəlxalq kart təşkilatları ilə birlikdə həyata keçirilən stimullaşdırıcı “cashback” tipli (aparılan nağdsız kart əməliyyatlarına görə vəsaitin bir hissəsinin müştəriyə geri qaytarılması) təşəbbüslər bu istiqamətdə inkişafı dəstəkləyir.

Ölkədə “ApplePay”, “GooglePay” kimi innovativ ödəniş həllərinin aktivləşdirilməsi nağdsız ödənişlərin genişlənməsinə əhəmiyyətli təkan verməkdədir. Smart telefonların penetrasiyasının yüksək olması “token xidməti” adlandırdığımız – mobil telefonlar vasitəsilə ödəniş kartından istifadə etmədən ödənişlərin aparılmasına böyük maraq yaradıb. Təsadüfi deyil ki, 2022-ci ilin 9 ayı ərzində “ApplePay” ödәniş hәlli vasitәsilә aparılan ödәnişlәrin sayı 13 milyon olub, hәcmi isә 390 milyon manat təşkil edib. Bu ödəniş həlli ilə əməliyyatların say və həcm göstəricilərinin qısa müddətdə kəskin yüksəlməsi istifadəçilərin innovativ ödəniş vərdişlərinə çevik uyğunlaşmasını göstərir. Bu ilin sentyabr ayındakı “ApplePay” ödәnişlərinin sayı və həcmi yanvar ayının analoji göstəricilərini müvafiq olaraq 3 və 2,8 dəfə üstələyib.

Nağdsız ödənişlərin artımına müxtəlif faktorlar təsir edir. Bunların arasında
institusional mühit mühüm rol oynayır. Son illərdə “kölgə iqtisadiyyatı”nın miqyasının
azaldılması istiqamətində həyata keçirilən vergi islahatları, nağdsız ödənişlərin
qəbuluna iqtisadi marağın artırılması üzrə təşviq mexanizmlərinin
tətbiqi həm sahibkarları, həm də əhalini nağdsız ödənişlərdən istifadəyə təşviq edib.

Maliyyə savadlılığının artırılması tədbirlərini də xüsusilə qeyd etmək lazımdır. İl ərzində Mərkəzi Bank müxtəlif hədəf qrupları üçün onlayn vebinarlar və əyani seminarlar təşkil edib, rəqəmsal ödənişlərin üstünlükləri barədə ətraflı məlumat verilib və bu tədbirlərdə fərqlənmiş iştirakçılar təltif olunub.

Müxtəlif istiqamətlərdə keçirilən kompleks tədbirlərin məntiqi nəticəsi kimi nağdsız ödəniş göstəricilərinin hər birində artım müşahidə edilir. Ödəniş kartları ilə aparılan ölkədaxili nağdsız əməliyyatların həcmi bu ilin 9 ayında ötən ilin müvafiq dövrünə nəzərən 2,2 dəfə, o cümlədən elektron ticarət əməliyyatlarının həcmi 2,7 dəfə artıb. Ödəniş kartları ilə aparılan əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi 12 faiz bəndi artaraq 42% olub. Müqayisə üçün qeyd edim ki, bu göstərici 2020-ci ildə 23%, 2021-ci ildə isə 32% idi. Təmassız əməliyyatların say və həcm göstəricilərində də yüksək artım tempi müşahidə olunur. Ölkədaxili təmassız ödənişlərin sayı və həcmi 2021-ci ilin analoji dövr göstəricilərini 2,1 dəfə üstələyib. Bu göstəricilər ölkədə nağdsız ödəniş vərdişlərinin formalaşdığını göstərir.

- “Kölgə iqtisadiyyatı”nın qarşısını almağa təkan verən nağdsız ödənişlərin həcminin artırılması üçün hansı addımlar atılır?

- Nağdsız ödənişlərin həcminin genişlənməsi iqtisadi dövriyyələr üzrə şəffaflığı artırmaqla, “kölgə iqtisadiyyatı”nın payının əhəmiyyətli azalmasına və dövlət büdcəsinə toplanılan büdcə gəlirlərinin artımına təkan verir. Nağdsız ödənişlərin inkişafına mane olan problemləri aradan qaldırmaq, yaşayış yerindən asılı olmayaraq ölkəmizin istənilən ərazisində əhali və biznes subyektlərinin ucuz və əlverişli maliyyə xidmətlərindən istifadə imkanını artırmaq və rəqəmsal ödəniş xidmətlərinin əhatəsini genişləndirmək məqsədilə “Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-2023-cü illər üçün Rəqəmsal Ödəniş Strategiyası” hazırlanıb. Strategiya qanunvericilik bazasının təkmilləşdirilməsi, rəqəmsal ödəniş infrastrukturunun əhatə dairəsinin genişləndirilməsi, risk əsaslı tənzimləmə və nəzarət çərçivəsinin formalaşdırılması, bank xidmətlərinə məsafədən qoşulmağın təmin edilməsi, biznes dairələrinin və əhalinin rəqəmsal ödəniş xidmətlərindən aktiv istifadəyə cəlb edilməsi istiqamətləri üzrə müxtəlif tədbirlərin həyata keçirilməsini özündə ehtiva edir və hazırda tədbirlərin icrası yönündə aktiv işlər davam etdirilir. Bu strategiya, eyni zamanda, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrasının təmin edilməsi məqsədilə hazırlanmış “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” layihəsinə də inteqrasiya edilib. Hədəfimiz ödəniş kartları ilə aparılan nağdsız dövriyyənin nisbətini ən qısa müddətdə 55%-ə çatdırmaqdır.

Ödəniş kartları ilə aparılan ölkədaxili nağdsız əməliyyatların həcmi
bu ilin 9 ayında ötən ilin müvafiq dövrünə nəzərən 2,2 dəfə, o cümlədən
elektron ticarət əməliyyatlarının həcmi 2,7 dəfə artıb. Ödəniş kartları
ilə aparılan əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi
12 faiz bəndi artaraq 42% olub. Müqayisə üçün qeyd edim ki,
bu göstərici 2020-ci ildə 23%, 2021-ci ildə isə 32% idi.

- Ənənəvi bankçılıqdan elektron bankçılığa keçid istiqamətində hansı işlər görülür?

- Elektron bankçılıq bank xidmətlərinin səmərəliliyini, effektivliyini artırsa da, əməliyyat və təhlükəsizlik risklərinin, məxfilik siyasətinin təkmilləşdirilməsini zəruri edir. Bu məqsədlə elektron bankçılıq üzrə hüquqi bazanın təkmilləşdirilməsi tədbirləri görülür. Elektron bankçılığın inkişafı üçün beynəlxalq təcrübədən yararlanmaqla qanunvericilik bazasının təhlili aparılır və Bank Nəzarəti üzrə Bazel Komitəsinin tövsiyələri, FATF standartları nəzərə alınaraq təkmilləşdirilməsi istiqamətində zəruri işlər görülür. Qeyd edək ki, cari ildə elektron bankçılıq vasitəsilə məsafədən bank xidmətlərinin əldə olunması imkanlarını genişləndirməklə rəqəmsal müstəvidə bank hesablarının açılması üçün hüquqi bazanın təkmilləşdirilməsi, habelə innovativ həllərin tətbiqinin dəstəklənməsi məqsədilə yenilənmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası” təsdiq edilib.

- “Rəqəmsal manat” konsepsiyasının mahiyyəti nədir? Konsepsiyaya nələr daxildir?

- Müasir dövrün rəqəmsallaşma çağırışlarına cavab olaraq Azərbaycan Mərkəzi Bankı da dünyada rəqəmsal valyutanın tətbiqi üzrə layihələrin icrasını, aparılan tədqiqatları, bu mövzuda müzakirə və diskussiyaları diqqətdə saxlayır. Dünyanın aparıcı mərkəzi bankları kimi rəqəmsal valyutanın qlobal iqtisadiyyatın rəqəmsal transformasiyasına təsiri istiqamətində araşdırmalar davam etdirilir. Hazırda Beynəlxalq Valyuta Fondunun ekspertləri ilə rəqəmsal valyutanın yarada biləcəyi təhdidlər və imkanlar öyrənilir, daxili bazarın hazırlıq səviyyəsinin təhlili aparılır, rəqəmsal valyutaya zərurət qiymətləndirilir.

- Fintexlərə nəzarətin gücləndirilməsi günün aktual məsələsidir. Bu sahədə hansı işlər görülür?

- Fintexlər innovativ maliyyə xidmətləri təklif etməklə, məhsul təkliflərinin çeşidini, əlçatanlığını artırır və bununla bazarda rəqabəti gücləndirir. Bununla yanaşı, istehlakçı hüquqlarının qorunması, maliyyə sabitliyi, təhlükəsizlik kimi məsələləri də ön plana çəkir. Bu gün tənzimləyicilər qarşısında duran ən mühüm vəzifə inkişafın dəstəklənməsi və risklərin tənzimlənməsi arasında düzgün tarazlığın müəyyən edilməsidir. Bir sıra ölkələrdə ödəniş sahəsində fəaliyyət göstərən fintexlər ödəniş təşkilatı və ya elektron pul təşkilatı lisenziyasına malikdirlər. Bu halda həmin fintexlərə tənzimləyicilər tərəfindən müştəri vəsaitlərinin qorunması, daxili nəzarət və risklərin idarəetmə sistemlərinə, informasiya sistemlərinə İT təhlükəsizlik sahəsi üzrə tələblər müəyyən edilir və nəzarət olunur.

Qeyd etmək lazımdır ki, innovativ məhsul və xidmətlərin sınaqdan keçirilməsinə
şərait yaratmaq üçün beynəlxalq təcrübəyə uyğun olaraq formalaşdırılması
nəzərdə tutulmuş xüsusi tənzimləmə rejimi üzrə hüquqi əsaslar
“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun layihəsinə daxil edilib.

Buna paralel olaraq, qanunvericiliklə tənzimlənməyən məhsul və xidmətlər üçün “sandboks” adlanan xüsusi tənzimləmə rejimi tətbiq edilir. Bu rejim fintex təşkilatlarına innovativ məhsul və ya xidmətləri tənzimləyicilərin nəzarəti altında test rejimində sınaqdan keçirməyə imkan verir. Sınaq dövründə məhsul və ya xidmətlərin göstərilməsi meyarları (ərazi, istifadəçi sayı, əməliyyatın həcmi və s.) öncədən tənzimləyicilərlə razılaşdırılır. Sınaqdan uğurla keçmiş innovativ məhsul və ya xidmətlərin real mühitə buraxılmasına icazə verilir.

Qeyd etmək lazımdır ki, innovativ məhsul və xidmətlərin sınaqdan keçirilməsinə şərait yaratmaq üçün beynəlxalq təcrübəyə uyğun olaraq formalaşdırılması nəzərdə tutulmuş xüsusi tənzimləmə rejimi üzrə hüquqi əsaslar “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun layihəsinə daxil edilib. Qanun layihəsində, həmçinin, ödəniş xidmətlərinin növləri, bu xidmətlərin göstərilməsi zamanı ödəniş xidməti təchizatçılarının hüquq və vəzifələri, habelə ödəniş təşkilatları, elektron pul təşkilatları və bu kimi digər fintex təşkilatlarının fəaliyyətlərinin iqtisadi, hüquqi və təşkilati əsasları müəyyən olunub. Layihənin qəbulu fintex təşkilatları üzərində effektiv nəzarət çərçivəsinin formalaşdırılmasına şərait yaradacaq ki, bu da öz növbəsində istehlakçıların hüquqlarının daha təkmil səviyyədə qorunmasını təmin edəcək.

Fərqanə ALLAHVERDİQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?