12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Orxan Əlican-zadə: “Uğur yolu” şəxsi inkişafımda katalizator rolunu oynayacaq” UĞUR YOLU

İqtisadiyyat Nazirliyi artıq ikinci ildir ki, əməkdaşlarının potensialından səmərəli istifadə, onların hərtərəfli inkişafı, peşə hazırlığının artırılması, yeni nəsil idarəçilərin hazırlanması və yüksək potensiallı əməkdaşlardan rəhbər vəzifələr üçün ehtiyat kadrlar bazasının formalaşdırılması məqsədilə “Uğur yolu” karyera inkişafı proqramını həyata keçirir.

Müsabiqə iştirakçıları seçim mərhələlərində qabiliyyət, sosial intellekt, idarəçilik potensialı testlərindən keçib, onlayn və əyani formada komanda daxilində biznes tapşırıqların həllində iştirak edərək müvafiq səriştələr üzrə qiymətləndirilir və təqdimatlarla çıxış edirlər. Bu il nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların müsabiqənin finalında iştirak edən 47 əməkdaşından 16 nəfəri "Uğur yolu" karyera inkişafı proqramının qalibi olub.

Həmin qaliblərdən biri - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin İqtisadi təhlil və uçota nəzarət İdarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsinin dövlət vergi müfəttişi Orxan Əlican-zadə müsabiqə ilə bağlı təəssüratlarını “vergiler.az”la bölüşüb.

O.Əlican-zadə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsili alıb. Hazırda Massaçusets Texnologiya İnstitutunun (MIT) “Data, iqtisadiyyat və inkişaf siyasəti” mikromaster proqramı üzrə təhsil alır. 2013-2019-cu illərdə özəl sektorda hüquqşünas işləmiş O.Əlican-zadə üç ildən çoxdur ki, vergi orqanlarında çalışır.

“İqtisadiyyat Nazirliyinin təlimləri sayəsində bu il daha uğurlu çıxış edə bildim”

O.Əlican-zadə “Uğur yolu” müsabiqəsində artıq ikinci dəfədir ki, iştirak edir. Dediyinə görə, keçənilki müsabiqədə iştirak ona peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində düzgün istiqamətlənmə, həmçinin özünüqiymətləndirmə üçün yol göstərib. Qalib olmaq üçün çatışmayan cəhətlərinin üzərində çalışdığından bu il müsabiqədə daha uğurlu çıxış edə bilib.

“Uğur yolu”nun şəxsi inkişafında katalizator rolu oynayacağı qənaətində
olan qalibin fikrincə, müsabiqədə iştirak etmək istəyən namizəd daha çox
milli prioritetlər, qlobal trendlər, iqtisadiyyat üzrə zəruri biliklərə sahib olmalıdır.

“Uğur yolu”nun şəxsi inkişafında katalizator rolu oynayacağı qənaətində olan qalibin fikrincə, müsabiqədə iştirak etmək istəyən namizəd daha çox milli prioritetlər, qlobal trendlər, iqtisadiyyat üzrə zəruri biliklərə sahib olmalıdır. Namizəd, eyni zamanda, əsaslı fikir formalaşdıraraq onu ifadə etmək, həmin fikrin digər şəxslər tərəfindən qiymətləndirilməsindən asılı olaraq, lazım gələrsə, ondan imtina etmək və ya müdafiə edərək başqalarını ona inandırmaq, digər iştirakçıların fikirlərini hərtərəfli qiymətləndirmək kimi zəruri bacarıqlara malik olmalıdır. O, “Uğur yolu” müsabiqəsində iştirak etməklə sadaladığı bu zəruri bacarıqların özündə olduğunu ilk növbədə özünə sübut edib: “İqtisadiyyat Nazirliyinin dəstəyi ilə keçirilən təlimlərin sayəsində çatışmayan cəhətlərim üzərində çalışıb bu il daha uğurlu çıxış edə bildim. Ümumiyyətlə, nazirilikdə tez-tez təşkil olunan belə karyera inkişafı, şəxsi inkişaf proqramları, təlimlər, işçilərin bilik və bacarıqlarına uyğun rotasiyası, rəhbərliyin işçilərə tez-tez vaxt ayırması, eləcə də başqa formada təzahür edən diqqət və qayğısı bizdə məmnunluq hissi yaradır, işə daha da həvəsləndirir”.

“Uğur yolu”nun əhəmiyyətini bir necə aspektdən dəyərləndirən O.Əlican-zadə deyir ki, bu müsabiqə insana özünüqiymətləndirməyə, faydalı təcrübə əldə etməyə imkan verir, iştirakçını motivasiya edir: “Bu tip müsabiqələrin sayəsində iştirakçı özünün imkan və bacarıqlarına daha yaxşı bələd olur. İnsan bəzən özünün və ya ətrafdakıların qərəzli qiymətləndirməsi nəticəsində özünü olduğundan ya daha aşağı, ya da daha yüksək qiymətləndirir. “Uğur yolu” müsabiqəsinin obyektiv qiymətləndirmə sistemi isə şəxsə özü barəsində əsaslı fikir formalaşdırmağa yardım edir. Digər tərəfdən, müsabiqədə iştirakçının düşdüyü çətin vəziyyətlər zamanı qazandığı təcrübə onda real həyatda, xüsusilə iş prosesində bu çətinliklərin öhdəsindən gəlmə qabiliyyətini inkişaf etdirir. Maraqlı və fərqli mühit iştirakçını öz üzərində işləməyə motivasiya edir”.

Bu tip müsabiqələrin sayəsində iştirakçı özünün
imkan və bacarıqlarına daha yaxşı bələd olur.

Müsahibimizin sözlərinə görə, “Uğur yolu” müsabiqəsinin qalibi olaraq, bu müsabiqədə iştirakdan gözlədiyi ən əsas nəticə mentorla əks əlaqənin qurulması və kouçinqdir.

“Qələbənin təməli komanda yoldaşlarımın fərqli fikirlərə açıq olması və bir-birlərinə qarşılıqlı dəstək göstərməsi olub”

Digər qaliblərdən fərqli olaraq, O.Əlican-zadə üçün müsabiqənin ən çətin və daha məsuliyyətli mərhələsi qeydiyyat mərhələsi olub. Bunun səbəbini izah edən iştirakçı deyir ki, qeydiyyatdan keçdiyin zaman məğlub olub özünə olan inamın azalmasından, subyektiv fikirlər əsasında beynində yaranmış obrazı sarsıtmaqdan qorxursan.

“Uğur yolu” müsabiqəsində güclü rəqabətin olduğunu vurğulayan O.Əlican-zadə iştirakçıların əksəriyyətinin qalibliyə layiq olduğunu düşünür. Onun fikrincə, komanda yoldaşlarının fərqli fikirlərə açıq olması və bir-birlərinə qarşılıqlı dəstək göstərməsi qələbənin təməli olub.

Müsahibimiz qalib olaraq “Uğur yolu”nun gələcək iştirakçılarına tövsiyə edir ki, müsabiqə zamanı verilən tapşırıqları həll etməyə fokuslanmaq lazımdır: “Düzgün həll yolunun tapşırığın ilk dəqiqələrində tapılması mütləq deyil. İnformasiya resursu yalnız iştirakçının öz beyni ilə məhdudlaşmır, orada əlavə olaraq, dörd və ya beş “beyin” olur. Qiymətləndirmə fərdi olsa da, tapşırıq müddətində sizin yeganə dostlarınız həmin 4-5 nəfər olur”.

İlhamə İSABALAYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?