13 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Cəmilə Mustafazadə: “Hamının yalnız bir ambisiyası vardı - qalib gəlmək” UĞUR YOLU

İqtisadiyyat Nazirliyi artıq ikinci ildir ki, əməkdaşlarının potensialından səmərəli istifadə, onların hərtərəfli inkişafı, peşə hazırlığının artırılması, yeni nəsil idarəçilərin hazırlanması və yüksək potensiallı əməkdaşlardan rəhbər vəzifələr üçün ehtiyat kadrlar bazasının formalaşdırılması məqsədilə “Uğur yolu” karyera inkişafı proqramını həyata keçirir.

Müsabiqə iştirakçıları seçim mərhələlərində qabiliyyət, sosial intellekt, idarəçilik potensialı testlərindən keçib, onlayn və əyani formada komanda daxilində biznes tapşırıqların həllində iştirak edərək müvafiq səriştələr üzrə qiymətləndirilib və təqdimatlarla çıxış ediblər. Bu il nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların müsabiqənin finalında iştirak edən 47 əməkdaşından 16 nəfəri "Uğur yolu" karyera inkişafı proqramının qalibi olub.

Həmin qaliblərdən biri də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsinin Qeydiyyat şöbəsinin hüquqşünası Cəmilə Mustafazadədir. Orta təhsilini 2013-cü ildə bitirmiş C.Mustafazadə həmin il Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. 2017-ci ildə SABAH qruplarından məzun olduqdan sonra həmin universitetdə İnsan hüquqları ixtisası üzrə magistr təhsili alıb. Artıq 1 ilə yaxındır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində çalışır.

“Uğur yolu” bir sıra önəmli bacarıqlarımızı tətbiq etmək imkanı verir”

C.Mustafazadə deyir ki, “Uğur yolu” müsabiqəsi ilə ilk dəfə 2021-ci ildə - Dövlət Vergi Xidmətində yeni fəaliyyətə başladığı vaxtlarda tanış olub. Elə o zaman da qərara gəlib ki, növbəti il bu müsabiqəyə qoşulsun və qalib gəlsin: “Nəticə arzuladığım kimi oldu. Özünü sübut etmək, bilik və bacarıqlarını geniş auditoriya qarşısında nümayiş etdirmək və karyera yüksəlişinə təkan verə biləcək uğurlu bir addım atmaq baxımından “Uğur yolu” mənim kimi gənclər üçün çox böyük əhəmiyyətə malikdir. Hər birimiz çalışdığımız sahədə müəyyən nəzəri və praktiki biliklərə sahibik və bu bilikləri gündəlik iş prosesində tətbiq edirik. Ancaq uğurlu karyera, fərqlənmək, önə çıxmaq üçün təkcə bunlar kifayət etmir. “Uğur yolu” hər birimizə liderlik, çətin situasiyalardan çıxma, həllyönümlü düşünmə, qarşındakıları inandırma, rəqabətədavamlılıq kimi bir sıra önəmli bacarıqlarımızı tətbiq etmək və onları inkişaf etdirmək imkanı verir. Əminəm ki, qarşıda bizi gözləyən bir sıra təlimlər vasitəsilə bu bilik və bacarıqlarımızı möhkəmləndirəcəyik”.

Özünü sübut etmək, bilik və bacarıqlarını geniş auditoriya qarşısında nümayiş
etdirmək və karyera yüksəlişinə təkan verə biləcək uğurlu bir addım
atmaq baxımından “Uğur yolu” mənim kimi gənclər üçün çox böyük əhəmiyyətə malikdir.

Öz təcrübəsini bölüşən qalib qeyd edir ki, müsabiqə zamanı təqdim edilən tapşırıqların əhatə dairəsi olduqca geniş idi. Belə ki, əgər ilkin mərhələlərdə daha çox dünyagörüşü, məntiq yönümlü testlər üstünlük təşkil edirdisə, yarımfinal və final mərhələsi biznes kazuslar, özünü təqdimetmə, inandırma bacarıqları, psixoliji testlər üzərində qurulmuşdu. Ona görə müsabiqədə iştirak etmək istəyən namizədlər analitik düşüncə, məntiqi analiz, dünyagörüşü, komandada işləmə, liderlik, təqdimat kimi bacarıqlarının inkişafı üzərində daha çox işləməlidirlər.

“Bu müsabiqədə hər kəs rəqibinin mübarizəsinə hörmət etməyi bacarırdı”

C.Mustafazadə əlavə edir ki, rəqabət səviyyəsi çox yüksək olan müsabiqədə müxtəlif qurumlar, yaş qrupları və təcrübəyə malik bir çox namizəd iştirak edirdi. Eyni zamanda, təcrübəsi daha çox olan, müəyyən struktur vahidlərinin rəhbərləri də yeni əmək fəaliyyətinə başlamış gənc namizədlərlə birlikdə yarışırdı: “Ancaq hamının yalnız bir ambisiyası vardı - qalib gəlmək. Rəqabət mühiti nə qədər güclü olsa da, bir o qədər də sağlam idi. Hər kəs özünü sübut etməyə çalışmaqla yanaşı, həm də rəqibini dinləməyi, onun mübarizəsinə hörmət etməyi bacarırdı”.

C.Mustafazadə düşünür ki, müsabiqədə verilən tapşırıqların çətinlik səviyyəsi hər bir iştirakçı üçün müxtəlif ola bilər: “Bir hüquqşünas kimi inandırma, psixoloji yönümlü tapşırıqlar mənə daha asan və maraqlı, biznes kazuslar, iqtisadi yönümlü tapşırıqlar isə nisbətən daha çətin gəlirdisə, maliyyəçi, iqtisadçı namizədlər üçün bu vəziyyət əksinə ola bilər. Ancaq tapşırıqları sadəcə asan, orta və ya çətin şəklində qiymətləndirmək doğru olmazdı. Məsələn, final mərhələsində komanda üzvlərinin hər birinə görmə, eşitmə və danışma qabiliyyəti məhdud birini təmsil etdiyi tapşırıq verilmişdi. Olduqca maraqlı və qeyri-adi kazus idi. Məhdudiyyətlərimizə baxmayaraq, komanda şəklində bir-birimizə kömək etməklə tapşırığı müzakirə edib nəticəyə gəlməli idik. Buradakı əsas çətinlik tapşırığın məğzində deyil, həmin situasiyanı idarəetmə qabiliyyətimizi nümayiş etdirməkdə idi. Bu, bizim üçün bir növ təlim, dərs səviyyəsində düşünülmüş bir tapşırıq idi”.

Rəqabət mühiti nə qədər güclü olsa da, bir o qədər də sağlam idi.
Hər kəs özünü sübut etməyə çalışmaqla yanaşı, həm də rəqibini
dinləməyi, onun mübarizəsinə hörmət etməyi bacarırdı”.

“Auditoriya qarşısında çıxış etməkdən zövq aldım”

Qalib bildirir ki, müsabiqə zamanı komanda işini nə qədər çox sevdiyinə, bununla yanaşı, önə çıxmağa, idarəçilik qabiliyyətlərini göstərməyə çalışmaqdan heç vaxt çəkinmədiyinə bir daha əmin olub. Onun sözlərinə görə, nə qədər həyəcanlı və məsuliyyətli olsa da, auditoriya qarşısında çıxış etməkdən zövq alıb: “Müsabiqənin ən çətin hissəsi olan finalın 2-ci günündə məsuliyyətdən doğan o həyəcan, narahatlıq iş təcrübəsindən, yaşından, vəzifəsindən asılı olmayaraq, hər bir namizədin üzündən oxunurdu. Səbəbi isə çıxışlarımızı müxtəlif dövlət qurumlarından gələn rəhbər şəxslərin izləməsi idi. “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nı təsvir edən müxtəlif mövzuları peşəkarlar qarşısında təqdim etmək, təkliflər vermək olduqca məsuliyyətli və qürurverici hiss idi. “Uğur yolu”nun gələcək iştirakçılarına da çətinlikdən qorxmamağı, çəkinməməyi, bütün mərhələlərdə sona qədər əzmlə, səbirlə mübarizə aparmağı, özlərini - xüsusilə də yarımfinal və final mərhələlərində - ən yaxşı, ən sərbəst, ən inamlı şəkildə təqdim etməyi və liderlik qabiliyyətlərini nümayiş etdirərkən komanda yoldaşlarına qarşı son dərəcə nəzakətli münasibəti qoruyub saxlamağı tövsiyə edərdim. Bu addımlar sonda onlara qalibiyyətlə yanaşı, yeni həmkarlarla tanış olmaq, yaxşı dostluqlar qura bilmək imkanı da verəcək. “Uğur yolu”nun təşkilatçılarına, müsabiqə boyunca iştirakçıların çətinliklərini səbirlə aradan qaldırmağa çalışan hər kəsə, mentorlara çox təşəkkür edirəm. Bu müsabiqə olduqca şəffaf, peşəkar səviyyədə təşkil olunmuşdu”.

İlhamə İSABALAYEVA

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?