7 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Xəyyam Fərzəliyev: "Kəlbəcərdə yeni qızıl və gümüş yataqlarının istismara verilməsi gözlənilir" MÜSAHİBƏ

İşğaldan azad olunmuş ərazilərimiz təbii sərvətlərlə zəngindir. Artıq “AzerGold” Qapalı Səhmdar cəmiyyəti Kəlbəcər rayonu ərazisində ilkin geoloji axtarış işlərinə başlayıb. “AzerGold” QSC-nin sədr müavini Xəyyam Fərzəliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ATV kanalı ilə birgə layihəsi olan “İqtisadi zona” proqramında suallara aydınlıq gətirib.

- Xəyyam müəllim, Kəlbəcər rayonunda aparılan araşdırmalar barədə məlumat vermənizi istərdik. Bu gün orada görülən işlər hansı mərhələdədir?

- Hazırda “AzerGold” QSC işğaldan azad olunan ərazilərdə aktiv axtarış işlərinə başlayıb. Bildiyiniz kimi, həmin ərazilərimiz - Şərqi Zəngəzur iqtisadi zonası, Qarabağ iqtisadi zonası sərvətlərlə çox zəngindir. Kəlbəcər rayonunun ərazisində Tutqun çayının hövzəsində axtarış işlərinə başlanılıb. Artıq ilkin ekspedisiyamız fəaliyyətə başlayıb və ilkin mərhələ bitmək üzrədir. Təbii ki, işğal zamanı həmin ərazilərdə ciddi minalanma aparılıb. Hazırda dövlət tərəfindən həmin ərazilər minalardan təmizlənir. Torpaqlar minalardan təmizləndikcə bizim işlərimiz daha da aktiv olacaq. Paralel olaraq innovativ üsullardan da istifadə edirik. Həmin ərazidə peyk çəkilişlərindən də istifadə edirik ki, o ərazidəki anomaliyaları bizə verə biləcək məlumatları əldə edə bilək. Hazırda Başlıbel, Xallanlı, Oruclu Ağyataq, Çorman sahələrində aktiv işlər aparılmaqdadır. Çəkilişlərlə əhatə olunan ərazi 1.600 kvadratkilometrdən artıqdır. Ümid edirik ki, minaların təmizlənməsi prosesləri davam etdikcə işlərimizi daha da aktivləşdirəcəyik və qısa müddətdə yataqlarla bağlı ciddi nəticələri əldə etməyə nail olacağıq.

- Çəkilişləri aparılan həmin ərazilərdə hansı metalların olduğu ehtimal edilir?

- Hazırda əldə etdiyimiz məlumatlar ancaq sovetlər dövründə, 1958-ci ildən 1990-cı ilə qədər aparılan geoloji axtarış işlərinin nəticələridir. Biz onları rəqəmsallaşdıraraq təhlil edirik. Əldə etyimiz nəticələrə əsasən, adıçəkilən ərazilərdə, əsasən, qızıl və gümüş yataqlarının istismara verilməsi düşünülür. Təbii ki, mis yataqlarının olması ehtimalı da vardır. Bütün bunları dəqiqləşdirmək üçün ciddi geoloji axtarış işləri tamamlanmalıdır ki, resurslar təsdiqlənsin. Bunun üçün qazma işləri mütləqdir. Qazma işlərinə həmin ərazilər minalardan təmizləndikdən sonra başlanacaq.

Hazırda Başlıbel, Xallanlı, Oruclu Ağyataq, Çorman sahələrində aktiv işlər
aparılmaqdadır. Çəkilişlərlə əhatə olunan ərazi 1.600 kvadratkilometrdən artıqdır.

- Bilirik ki, miqyasından asılı olaraq faydalı qazıntı, daha dəqiq desək, qızıl yatağının istismara verilməsi müəyyən müddət tələb edir...

- Çox doğru qeyd edirsiz ki, dağ-mədən şirkətlərindən hasilata qısa müddətdə başlaması gözləntiləri yaranır. Amma yataqların, resurs bazasının böyüklüyündən asılı olaraq ilkin hasilata qədər olan müddəti mərhələlərə bölsək, proses ilkin axtarışlardan başlayır. Böyük sahələrdə axtarış işləri aparılır. Mineralların mərkəzləşmiş bölgələri müəyyən edilir. Bundan sonra geoloji işlər, yəni quru qazma işləri həyata keçirilir. Təbii ki, bunlar hamısı tədqiqat mərhələlərini keçəndən sonra qiymətləndirmə aparılır. Resursların iqtisadi səmərəliliyi müəyyən edildikdən sonra oradakı mineral resursların xüsusiyyətlərinə uyğun olaraq texnoloji proseslər qurulmalı, tikinti işləri həyata keçirilməlidir. Tikintinin nəticəsində ilkin hasilat işlərinə başlamaq olar. Beynəlxalq təcrübəyə baxsaq, resursların həcmindən asılı olaraq bu müddət 5 ildən 8 ilə qədər çəkə bilər. Bizim qısa müddətdə istismara verdiyimiz layihələrimiz olub. Artıq bilirsiz ki, “AzerGold” Çovdar yatağında fəaliyyətə başlayıb, Mələk və Ağyoxuş kimi yataqları istismara verib. Daşkəsən rayonundakı əraziləri yaxşı bildiyimiz üçün bu, qısa müddətə başa gəldi. Ancaq Kəlbəcərdə Tutqun hövzəsindəki sahələr daha az öyrənildiyinə görə ehtimal edirik ki, bu müddət uzun sürəcək. Hər şey orada quru qazma işlərinə başlamağımızdan asılı olacaq. Qazma işlərinə nə qədər tez başlaya bilsək, yerin təkindəki resurslara dair məlumatları əldə etdikdən sonra qısa müddətdə yataqlarda istismara başlaya bilərik

- Qazma işlərinə təxminən nə vaxt başlanacaq?

- Bu, bizdən asılı deyil. Minaların təmizlənməsi prosesi bitsə və bizə həmin əraziyə gəlmək imkanı verilsə, işlərə başlaya bilərik. Çünki təhlükəsizlik bizim fəaliyyətimizdə çox vacib məqamdır. Hazırda biz bəlli bir sahədə iş görürük. Amma dövlət qurumları həmin ərazilərin minalardan və partlamamış silah-sursatlardan təmizlənməsi üçün kifayət qədər ciddi işlər görür. Ümid edirik ki, bu işlər bitdikdən sonra layihə ilə bağlı tam məlumatı əldə edə biləcəyik.

Artıq bilirsiz ki, “AzerGold” Çovdar yatağında fəaliyyətə başlayıb,
Mələk və Ağyoxuş kimi yataqları istismara verib. Daşkəsən rayonundakı
əraziləri yaxşı bildiyimiz üçün bu, qısa müddətə başa gəldi. Ancaq
Kəlbəcərdə Tutqun hövzəsindəki sahələr daha az öyrənildiyinə görə
ehtimal edirik ki, bu müddət uzun sürəcək. Hər şey orada quru
qazma işlərinə başlamağımızdan asılı olacaq.

- Ötən həftə Xurşudbanu Natəvana həsr edilən qızıl sikkə kolleksiyasının təqdimat mərasimi keçirildi. Bu yeni məhsulun özəllikləri barədə məlumat verməyinizi istərdik.

- “AzerGold” 2018-ci ildən başlayaraq mədəniyyətimizi, tariximizi, müasirliyimizi təbliğ etmək məqsədilə ölkəmizdə hasil edilən qızıldan yerli bazara məhsullar təqdim edir. Üçüncü kolleksiyamız Qarabağ xanlığının sonuncu varisi Xan qızı Xurşudbanu Natəvana həsr olunub. Sikkənin üzərində onun həyat və yaradıcılığından elementlər təsvir olunub. Hazırda biz bazara 5,10 və 20 qramlıq qızıl və gümüş sikkələri təqdim etmişik. Birinci kolleksiyamız Heydər Əliyev Mərkəzi, Qobustan qayaüstü təsvirləri, Qarabağ xalçasının Cələbi naxışına həsr olunub. Onun ardınca “Qarabağ inciləri və Şuşa” adlanan kolleksiyamız bazara təqdim edilib. Üçüncü kolleksiya da bunların məntiqi davamıdır və növbəti kolleksiyalarımız da nəzərdə tutulub. Tariximizi və mədəniyyətimizi təbliğ etmək məqsədilə, demək olar ki, hər il bazara yeni kolleksiya təqdim edirik. Ümid edirik ki, üçüncü kolleksiyamız da əvvəlkilər kimi uğurlu olacaq.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?