7 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Uğur yolu” müsabiqəsi iştirakçıları müxtəlif istiqamətlər üzrə sınayır” UĞUR YOLU

İqtisadiyyat Nazirliyi artıq ikinci ildir ki, əməkdaşlarının potensialından səmərəli istifadə, onların hərtərəfli inkişafı, peşə hazırlığının artırılması, yeni nəsil idarəçilərin hazırlanması və yüksək potensiallı əməkdaşlardan rəhbər vəzifələr üçün ehtiyat kadrlar bazasının formalaşdırılması məqsədilə “Uğur yolu” karyera inkişafı proqramını həyata keçirir. 2021-ci ildə ilk dəfə keçirilmiş müsabiqənin 22, bu il isə 16 qalibi olub. “vergiler.az” portalı qaliblərlə “Uğur yolu” karyera inkişafı proqramı barədə söhbətləşib.

Qaliblərdən biri olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin Xidmət Mərkəzləri İdarəsinin 4 saylı şöbəsinin baş dövlət vergi müfəttişi Hacəsgər Əsgərli deyir ki, "Uğur yolu"nun ilk müsabiqəsinin qalibi ola bilməsə də, ruhdan düşməyib.

“Birinci müsabiqədə qalib ola bilməməyim mənə əlavə güc və əzmkarlıq verdi. Bunun nəticəsidir ki, bu gün qaliblərdən biriyəm” deyən həmsöhbətimiz "Uğur yolu" müsabiqəsinin qalibi olmağın gələcək karyerasında böyük rol oynayacağı qənaətindədir: “Düşünürəm ki, “Uğur yolu” karyera inkişaf proqramı vasitəsilə mövcud olan liderlik potensialımı daha da yüksəldərək, fərqli intellektual səviyyələrə malik həmkarlarım ilə bir ortamda olaraq, yüksək liderlik qabiliyyəti olan rəhbər şəxslərin təcrübələrindən yararlanaraq bilik və bacarıqlarımı inkişaf etdirəcəyəm. Bu baxımdan inanıram ki, "Uğur yolu" müsabiqəsində iştirak etmək karyeramda böyük rol oynayacaq”.

“Uğur yolu”nda məğlub olmaq anlayışı yoxdur”

H.Əsgərlinin fikrincə, “Uğur yolu”nda məğlub olmaq deyilən bir anlayış yoxdur, hər kəs müsabiqədən öz inkişafı naminə fayda qazanır. Onun sözlərinə görə, müsabiqə zamanı onlara müxtəlif situasiyalar üzrə tapşırıqlar veriblər ki, bu situasiyalar zamanı da o özündə daha çox liderlik potensialının olduğunu aşkar edib: “Müsabiqədə iştirak edənlər öz bilik və bacarıqlarını, intellektual səviyyələrini, eləcə də liderlik potensiallarını nümayiş etdirərək uğur əldə edə bilərlər. Namizədlər bilməlidirlər ki, bu müsabiqədə iştirak etməklə onlar yalnız çalışdıqları qurumlarda deyil, həmçinin İqtisadiyyat Nazirliyi səviyyəsində intellektual səviyyələrini və liderlik qabiliyyətlərini nümayiş etdirmək imkanı qazanırlar. Müsabiqə boyunca namizədlərin məntiqi təfəkkür, komandada işləmək, kommunikasiya bacarıqları, strateji və analitik düşünmə qabiliyyəti qiymətləndirilir”.

"Uğur yolu"nda iştirak edən namizədlərdə yüksək intellektual səviyyənin və liderlik qabiliyyətinin olmasını zəruri sayan H.Əsgərli bir iştirakçı olaraq müsabiqədə fərqli rəqabətlilik mühiti görüb. Onun qənaətincə, “Uğur yolu”nun iştirakçıları İqtisadiyyat Nazirliyi kimi böyük bir dovlət qurumunda fərqli vəzifələrdə çalışan ali təhsilli, peşəkar şəxslər olduqlarından onlarla mübarizə aparmaq heç də asan olmayıb.

Müsabiqənin tapşırıqlarının çətinlik səviyyəsinə gəlincə, H.Əsgərli hesab edir ki, “Uğur yolu” qaliblərinə mühüm üstünlüklər qazandırdığından və onlar üçün karyera inkişaf proqramı təqdim etdiyindən müsabiqənin buna adekvat çətinlikdə olması normal sayıla bilər.

H.Əsgərli müsabiqənin hər bir mərhələsini həyəcanlı və məsuliyyətli sayır. Qalibin sözlərinə görə, ilk mərhələləri onlayn formatda olan müsabiqənin ən məsuliyyətli hissəsi final mərhələsinin sonuncu günündə, yəni 16 sentyabr 2022-ci il tarixində rəhbər şəxslər qarşısında "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na uyğun olaraq hazırladıqları təqdimatın auditoriyaya çatdırılması olub. Həmin təqdimatın hazırlanmasına 3 saat vaxt verilsə də, komanda olaraq, bu məsuliyyətli tapşırığın öhdəsindən gələ biliblər.

H.Əsgərli tövsiyə edir ki, müsabiqədə iştirak etmək istəyənlər mütəmadi olaraq mütaliə etməli, yeniliklərə açıq olmalı, özlərinə kompleks yaratmadan bu tip müsabiqələrə qatılmalı və daim öz üzərlərində çalışmalıdırlar.

Müsabiqənin keçirilmə formatından razı qalan H.Əsgərli "Uğur yolu"nun səhnəarxası qəhrəmanlarının bu sahə üzrə kifayət qədər məlumatlı, beynəlxalq təcrübə qazanmış şəxslər olduğunu söyləyərək belə bir karyera inkişafı proqramını ərsəyə gətirdikləri, istedadlı gənclərin üzə çıxarılmasında əvəzsiz xidmətlər göstərdikləri üçün onlara təşəkkürünü bildirir.

“Belə müsabiqələr imkan verir ki, inkişaf platformalarında özünü tanıdasan”

İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin Beynəlxalq layihələrin idarə olunması sektorunun müdiri Türkan Vüsət qızı müsabiqənin ilk günündən bütün mərhələlərdən keçərək qalib olacağına inanıb: “Nikbinlik mənim xarakterimə xas xüsusiyyətdir. Nikbin olduqda hər zaman istədiyin nəticəni əldə edirsən. Bu müsabiqədə öyrəndim ki, mən çətin tapşırıqları nikbinliklə, stres olmadan yerinə yetirə bilirəm.

Digər tərəfdən, bəzən çox maraqlı ideyaların, olduqca yaxşı bacarıqların olur, lakin rəhbərlik bundan xəbər tutmur. Belə müsabiqələr imkan verir ki, inkişaf platformalarında özünü tanıdasan, bilik və bacarıqlarını daha da artırasan. Bu müsabiqədə iştirak etməklə mən özüm üçün qızıldan da qiymətli olan digər bir nəticə əldə etdim- gözəl dostluq münasibətləri qazandım”.

Qalibin fikrincə, final mərhələsində rəhbərlər qarşısında olan çıxış müsabiqənin ən məsuliyyətli mərhələsi sayıla bilərdi. O hesab edir ki, “Uğur yolu” müsabiqəsinin final mərhələsinə gəlib çıxan hər bir iştirakçı çox güclü namizəd idi: “Komanda işlərində namizədləri müşahidə edərkən gördüm ki, onların hər birinin çox sayda bacarığı var. Yəqin ki, ekspertlər üçün onların arasında seçim etmək heç də asan olmayıb. Mən müsabiqənin münsiflər heyətinin hər bir üzvünə sonsuz dərəcədə minnətdaram. Belə savadlı əməkdaşları olan qurumda çalışdığım üçün də çox qürurluyam”.

T.Vüsət qızı qeyd edib ki, “Uğur yolu” müsabiqəsi özünüinkişaf və karyeranın yüksəlişi baxımından böyük əhəmiyyətə malikdir: “İnsanlar daha çox “sərt bacarıqları” (insanın işini edə bilməsi üçün lazım olan texniki biliklər) öyrənməyə can atır. Amma zaman onu göstərir ki, “yumşaq bacarıqlar” (həyat problemlərini həll etməyə və digər insanlarla işləməyə kömək edən bacarıqlar) olmasa, “sərt bacarıqlar” heç bir işə yaramır və effektiv olmur. “Sərt bacarıqlar”ı öyrənmək asandır. Buna cəmi bir neçə ayımızı sərf edə bilərik, amma “yumşaq bacarıqlar”ı əldə etmək kifayət qədər zaman alan prosesdir, bu, hətta insanın illərini ala bilər. Uğurlu gələcək karyera üçün “sərt bacarıqlar”la yanaşı, “yumşaq bacarıqlar”ın da olması çox vacibdir. Kiçik bir bənzətmə deyim: Quşun səmada uça bilməsi üçün onun hər iki qanadının olması lazımdır. “Sərt bacarıqlar” və “yumşaq bacarıqlar” da insanın sağ və sol qanadlarıdır. Quş bir qanadı ilə uça bilmədiyi kimi insan da bu bacarıqlardan biri olmasa normal fəaliyyət göstərə bilməz. Buna görə də “yumşaq bacarıqlar”ı inkişaf etdirmək üçün mütəmadi olaraq öz üzərinizdə çalışın, bu bacarıqlar sizin köməyinizə daim gələcək. “Uğur yolu” müsabiqəsi də iştirakçıları bu istiqamətlər üzrə sınayır və onları daha sonra əlavə təlimlərə cəlb etməklə elə bu istiqamətdə də yetişdirir”.

İlhamə İSABALAYEVA

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?