Ahmet Burçin Yereli: “Zəngilan Beynəlxalq Hava Limanı ilə bərabər Zəngəzur dəhlizi bölgənin əhəmiyyətini daha da artıracaq” MÜSAHİBƏ
Son dövrlərdə Azərbaycanla Türkiyə arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlıq artıq regional çərçivədən kənara çıxaraq beynəlxalq əhəmiyyət kəsb edir. Oktyabrın 20-də ölkəmizə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad edilmiş ərazilərimizdə keçirilən təməlqoyma mərasimlərində, xüsusilə Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak etməsi bu münasibətlərin inkişafında yeni bir mərhələ təşkil edir.
Türkiyənin Hacettepe Universitetinin professoru, iqtisadçı alim Ahmet Burçin Yereli bu səfərlə, eləcə də digər regional layihələrlə bağlı “vergiler.az”ın suallarını cavablandırıb.
- Ahmet bəy, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana son səfəri zamanı Zəngilan Beynəlxalq Hava Limanının açılışında, eləcə də Cəbrayılda “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Komplekslərinin təməlqoyma mərasimində iştirak etdi. Sizcə, Ərdoğanın bu tədbirlərdə iştirakı region üçün hansı əhəmiyyətə malikdir?
- Son illər Türkiyə ilə Azərbaycan arasındakı siyasi və hərbi əməkdaşlıq hər iki ölkənin beynəlxalq aləmdə mövqeyini daha gücləndirib. Qarabağın 30 ilə yaxın davam edən işğalının hərbi əməliyyatla başa çatması və bunun beynəlxalq siyasi nəticələri iki ölkə arasında bütün sahələrdə güclü əməkdaşlığın yaratdığı sinerjinin ən yaxşı göstəricisidir. Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının açılması Türkiyənin bu bölgəyə verdiyi dəyər baxımından son dərəcə əhəmiyyətlidir. Zəngilan və Zəngəzur tarixin bizə qoyduğu mirasdır. Azərbaycan və Türkiyə bu torpaqların həm cənubuna, həm də şimalına verdikləri mesajla həmin mirası sona qədər qoruyacaqlarını bütün dünyaya bəyan etdilər.
Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının
açılması Türkiyənin bu bölgəyə verdiyi dəyər baxımından son dərəcə əhəmiyyətlidir.
- Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə ikinci hava limanını açması region iqtisadiyyatına hansı töhfələri verəcək?
- Türkiyə və Azərbaycanın tikinti şirkətlərinin birgə işi olan Zəngilan Beynəlxalq Hava Limanı və Qarabağdakı digər infrastruktur layihələri hər iki ölkənin tikinti şirkətlərinin beynəlxalq biznesdəki tərəfdaşlıqlarının başlanğıcıdır. Ümid edirəm ki, bu əməkdaşlıq digər türk dövlətlərində və başqa ölkələrdə də davam etdiriləcək. Türkiyənin beynəlxalq səviyyədə tanınan inşaat şirkətləri ilə Azərbaycanın tikinti şirkətlərinin əməkdaşlığı hər iki ölkənin qlobal bazardakı rəqabət qabiliyyətini artıracaq, yeni imkanlar açacaq. Bu bölgədəki hava limanı həm sülh dövründə Qarabağ bölgəsinə iqtisadi canlılıq gətirəcək, həm də bölgəni münaqişə vəziyyətində ciddi hava hücumundan qoruyan müdafiə qüvvələri ilə təmin edəcək.
- Zəngilan Beynəlxlaq Hava Limanından sonra Zəngəzur dəhlizinin də açılması bu bölgənin inkişafına necə təsir göstərəcək?
- Zəngəzur Türkiyədən Azərbaycana uzanan ticarət yolu üzərində strateji bölgədir. Bu dəhliz Avrasiyanın ortasındadır və Şərq-Qərb ticarət yollarının ən strateji coğrafiyasına aiddir. Dəhlizin reallaşması Avropanın bir ucundan Asiyaya qədər fasiləsiz avtomobil yolu ticarətinin fəaliyyətinə imkan verəcək. Məsələyə təkcə Türkiyə-Azərbaycan ticarət əlaqələri baxımından deyil, Türkiyə ilə türk dövlətləri, Azərbaycan ilə Avropa İttifaqı arasında ticarət yönündən baxmaq daha düzgün olardı. Zəngilandakı hava limanı ilə bərabər tranzit dəhlizinin də olması bu bölgənin əhəmiyyətini daha da artıracaq. Türkiyə ilə Azərbaycan arasında ticarət yolları aktivləşdikcə bunun yerli və regional inkişafa təsirinin nəticələri sürətlə görünməyə başlayacaq. Bu bölgənin yükdaşıma və loqistika sektorundakı üstünlükləri ilə yanaşı, zəngin tarixini və təbiət gözəlliklərini də nəzərə alaraq deyə bilərik ki, yaxın gələcəkdə burada turizmin inkişaf edəcəyi gözlənilir.
Zəngəzur Türkiyədən Azərbaycana uzanan ticarət yolu üzərində strateji bölgədir.
Bu dəhliz Avrasiyanın ortasındadır və Şərq-Qərb ticarət yollarının ən strateji
coğrafiyasına aiddir. Dəhlizin reallaşması Avropanın bir ucundan
Asiyaya qədər fasiləsiz avtomobil yolu ticarətinin fəaliyyətinə imkan verəcək.
- Azərbaycanla Türkiyə arasında ilbəil genişlənən iqtisadi münasibətlərin, sizcə, bundan sonra daha hansı istiqamətlər üzrə inkişaf etdirilməsi üçün potensial mövcuddur?
- Türkiyə ilə Azərbaycan arasındakı möhkəm qardaşlıq əlaqələri Azərbaycan müstəqillik əldə etdikdən sonra güclü iqtisadi əlaqələr şəbəkəsinin qurulmasına yol açdı. Əlaqələrimiz son vaxtlar yeni mərhələyə qədəm qoyub. Türkiyə son on ildə müdafiə sənayesi sahəsində ciddi irəliləyişlər əldə edib. Bundan əlavə, innovativ sektorlarda tədqiqat və inkişaf fəaliyyəti artmaqda davam edir. Türkiyə ilə Azərbaycan arasında xüsusilə e-hökumət və e-ticarət tətbiqləri sahəsində yaranmış güclü əməkdaşlıq genişlənəcək. Bu sahələrlə bağlı hər iki ölkədə gedən proseslər bir çox Avropa ölkələrini qabaqlayır. Ölkələrimizin əhalisinin gənc və dinamik olması innovativ sektorların inkişafı üçün böyük üstünlükdür. Növbəti mərhələdə hər iki ölkənin enerji sahəsində birgə investisiyalarını artırması daha yaxşı seçim olardı. Xüsusilə elektrik enerjisi istehsalı sahəsində yeni investisiyalara ehtiyac gündən-günə artır. Türkiyə elektriklə işləyən avtomobil istehsalında təşəbbüsü ələ alıb. Ölkə lokomotiv və vaqon sənayesinə də sərmayə qoyur. Hər iki ölkənin həm avtomobil, həm də dəmir yolu nəqliyyatında infrastruktur və təchizat üzrə ümumi fəaliyyət kursu işləyib hazırlaması regionun geostrateji əhəmiyyəti baxımından son dərəcə vacibdir. Trabzon, İzmir, Mersin və Bakı limanları arasında dəmir yolu, avtomobil yolu ilə əlaqə gücləndikcə bölgəmiz logistik mərkəzə çevriləcək və bu inkişafdan ölkələrimiz öz paylarını alacaqlar.
İlhamə İSABALAYEVA