9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rövşən Nəzərov: “Özbəkistan Zəngəzur dəhlizinin açılmasında maraqlıdır” MÜSAHİBƏ

Özbəkistan Respublikası Elmlər Akademiyasının eksperti, fəlsəfə elmləri namizədi Rövşən Nəzərov Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun nəqliyyat-tranzit sahəsində perspektiv və imkanları ilə bağlı “vergiler.az”ın suallarını cavablandırıb.

- Çin-Qırğızıstan-Özbəkistan-Xəzər marşrutunun perspektivlərini necə qiymətləndirirsiniz? Həmin marşrut ölkələrimiz arasında yükdaşımaların səviyyəsinin artırılmasına necə təsir göstərəcək?

- Yeni Çin-Qırğızıstan-Özbəkistan-Xəzər dəmir yolu Avrasiya məkanında mühüm nəqliyyat və logistika layihələrindən biridir. Maraqlı tərəflər onun tikintisi ilə bağlı planları çoxdan razılaşdırıblar. Lakin hazır olan layihənin praktiki icrası subyektiv və obyektiv səbəblərdən təxirə salınırdı. Bu dəmir yolu marşrutu ekspertlər tərəfindən “Bir kəmər, bir yol” irimiqyaslı beynəlxalq layihəsinin və Transxəzər Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) mühüm elementlərindən biri kimi qiymətləndirilir. Hazırda layihənin icrası ilə bağlı problemlərin əksəriyyəti ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində öz həllini tapıb. Texniki-iqtisadi əsaslandırma tərtib edilib, İrkeştam-Sarıtaş-Oş-Əndican marşrutunun son variantı təsdiq edilib, maliyyələşdirmə tədbirləri hazırlanıb.

Layihənin müzakirəsinin lap əvvəlində xərclərin əsas hissəsinin Çin tərəfindən ödəniləcəyi ehtimal edilirdi. Bu, orijinal layihədə Çin standartından istifadə edilməsinin planlaşdırılması ilə əlaqədar idi. Daha sonra tərəflər Çin standartının yalnız sərhəd xəttinə qədər uzanması barədə razılığa gəldilər. Orta Asiya ərazisində isə Rusiya standartı ilə ölçü götürülməsi nəzərdə tutulur. Bununla bağlı Rusiya da layihənin qismən maliyyələşdirilməsində iştirak etməyə söz verib. Özbəkistan və Qırğızıstan dəmir yolunun tikintisinə işçilər və texniki heyət, tikinti materialları, tikinti texnikası vasitəsilə töhfə verəcəklər.

Yeni dəmir yolu ilə ilkin olaraq Türkmənistan, İran, Azərbaycan, Türkiyə, Yaxın Şərq ölkələrinə istiqamətlənmiş yüklərin daşınması planlaşdırılır. Çin-Qırğızıstan-Özbəkistan-Xəzər dəmir yolunun tikintisinin mühüm cəhəti ondan ibarətdir ki, o, Çinin, Mərkəzi Asiya və Cənubi Qafqaz dövlətlərinin nəqliyyat-logistika kommunikasiyalarını sıx birləşdirəcək.

Yeni Çin-Qırğızıstan-Özbəkistan-Xəzər dəmir yolu Avrasiya
məkanında mühüm nəqliyyat və logistika layihələrindən biridir.

- Özbəkistanla Azərbaycan arasında münasibətlərin hazırkı səviyyəsini və inkişaf dinamikasını qısaca necə qiymətləndirə bilərsiniz? Bu əlaqələrin səviyyəsi Sizi qane edirmi və münasibətləri daha da yaxşılaşdırmaq üçün nə etmək lazımdır?

- Özbəkistan və Azərbaycan tarixi, mədəni, dil və s. baxımından çox yaxın olan dövlətlərdir. Müstəqilliyin qarşılıqlı tanınması 1992-ci ilin yanvarında baş verib, 2 oktyabr 1995-ci ildə diplomatik əlaqələr qurulub. 1996-cı ilin avqustundan Azərbaycanın Daşkənddə, 1998-ci ilin iyulundan isə Özbəkistanın Bakıda səfirliyi fəaliyyət göstərir. Dövlətlər arasında 150-dən çox müqavilə və saziş bağlanıb.

İki dövlət arasında ticarət dövriyyəsi 2020-ci ildə 82,3 milyon dollar, 2021-ci ildə isə 111,9 milyon dollar olub, yəni il ərzində artım 36% təşkil edib. Mədəni və humanitar əməkdaşlıq fəal şəkildə həyata keçirilir.

- Ölkələr arasında əməkdaşlığın hansı prioritet sahələrini qeyd edə bilərsiniz? Özbəkistan iqtisadiyyatının hansı sahələri azərbaycanlı investorları daha çox maraqlandıra bilər?

- 2022-ci ilin avqustunda Özbəkistan və Azərbaycanın Energetika nazirlikləri arasında bu sahədə əməkdaşlığı genişləndirmək üçün Yol Xəritəsi imzalanıb. Bu Saziş tərəflərə bərpa olunan enerji mənbələrinin tətbiqi üzrə müsabiqələrdə iştirak etməyə, həmçinin özəl investorların vəsaiti ilə yeni istilik elektrik stansiyalarının tikintisi sahəsində bilik mübadiləsinə imkan verəcək. Enerji sektorunda bərpa olunan mənbələr, elektrik enerjisi və qaz enerjisi sahəsində perspektivli layihələrə qarşılıqlı sərmayə qoyuluşunun təşviq edilməsi nəzərdə tutulur.

Yeni dəmir yolu ilə ilkin olaraq Türkmənistan, İran, Azərbaycan, Türkiyə,
Yaxın Şərq ölkələrinə istiqamətlənmiş yüklərin daşınması planlaşdırılır.
Çin-Qırğızıstan-Özbəkistan-Xəzər dəmir yolunun tikintisinin mühüm
cəhəti ondan ibarətdir ki, o, Çinin, Mərkəzi Asiya və Cənubi Qafqaz
dövlətlərinin nəqliyyat-logistika kommunikasiyalarını sıx birləşdirəcək.

İqtisadiyyatın enerji sektorunun liberallaşdırılması üzrə təcrübə mübadiləsinin aparılması, bu sektorun obyektlərinin özəlləşdirilməsində qarşılıqlı iştirakın təmin edilməsi də nəzərdə tutulub. Özbəkistan və Azərbaycan arasında müxtəlif növ enerji resurslarından daha səmərəli istifadə, özəl investorların cəlb edilməsi, ixtisaslı kadrların hazırlanması, habelə ticarət dövriyyəsi üçün birgə tədbirlərin təşkili sahəsində əməkdaşlığın inkişaf etdirilməsi planlaşdırılır.

“Uzbekneftegaz” (Özbəkistan) və SOCAR (Azərbaycan) şirkətləri geoloji kəşfiyyat, karbohidrogen hasilatı, işçilərin qarşılıqlı təcrübə mübadiləsi üzrə layihələrin həyata keçirilməsində tərəfdaş olublar.

Bu gün Özbəkistan ərazisində Azərbaycan kapitalının iştirakı ilə ticarət, maşınqayırma, metal emalı, maliyyə, sığorta, daşınmaz əmlak, enerji, zərgərlik istehsalı, təmir, yeyinti və yüngül sənaye sahələrində 234 müəssisə fəaliyyət göstərir.

- Azərbaycanın tranzit potensialını necə qiymətləndirirsiniz?

- Təbii ki, Azərbaycan Özbəkistan (və ümumilikdə Mərkəzi Asiya dövlətləri) Türkiyə, Yaxın Şərq və Avropa dövlətləri ilə ticarət-iqtisadi əlaqələr üçün yaxşı tranzit variantdır. Özbəkistan xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsində, Türkiyə və Mərkəzi Asiya regionu üçün mühüm təşəbbüs olan Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Ümumiyyətlə, bu, böyük bir regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb ola bilər.

- Sonuncu sual isə regional geosiyasətlə bağlıdır. Özbəkistan uzun müddət Böyük İpək Yolunun əsas ölkələrindən biri olub. Ölkə “Bir kəmər, bir yol” layihəsində iştirakını necə görür?

- “Bir kəmər, bir yol” strategiyasında (28.03.2015) “İpək Yolu İqtisadi Məkanı”nın tikintisi üçün əsas prioritet Qərbi Çindən Mərkəzi Asiyaya və Cənubi Asiyadan Avropaya quru yoludur. Sənəddə Özbəkistan ayrıca qeyd olunub.

Özbəkistan xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata
keçirilməsində, Türkiyə və Mərkəzi Asiya regionu üçün mühüm
təşəbbüs olan Zəngəzur dəhlizinin açılmasında maraqlıdır.

2017-ci ilin mayında Çin lideri Si Cinpin tərəfindən təklif edilən Çin-Qırğızıstan-Özbəkistan beynəlxalq tranzit dəhlizi əslində Özbəkistanın “Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsi çərçivəsində layihəsidir. Çin davam edən layihədə Özbəkistanı əsas oyunçu hesab edir. Bu, aşağıdakı amillərlə bağlıdır:

1. Öz geostrateji mövqeyinə görə Özbəkistan “Bir kəmər, bir yol” təşəbbüsünün ayrılmaz hissəsinə çevrilib;

2. Özbəkistan müəyyən mənada Şərq və Qərb ölkələri arasında ən qədim zamanlardan da vasitəçi kimi çıxış edir;

3. Özbəkistan Mərkəzi Asiyanın bütün dövlətləri ilə fəal şəkildə mehriban qonşuluq siyasəti yürüdür;

4. Özbəkistan təbii ehtiyatlar və enerji baxımından kifayət qədər zəngindir.

Enerji sahəsi Çin və Özbəkistan arasında əməkdaşlıqda strateji rol oynayır. Özbəkistan ən böyük təbii qaz istehsalçılarından biridir, Çin isə iki ölkəni sıx birləşdirən neft və qaz karbohidrogenlərinin ən böyük istehlakçısıdır.

“Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsi zamanı Özbəkistan ümumi maraqlara doğru irəliləyərkən iqtisadi inkişafı təşviq etmək üçün öz maraqlarını güdəcək. Hazırda Özbəkistan öz iqtisadiyyatında islahatlar aparmaq üçün böyük səylər göstərir.

Özbəkistanın 2030-cu ilə qədər Enerji Strategiyasında qeyd olunur ki, Özbəkistan Avrasiya regionunda beynəlxalq bazarları sürətlə genişləndirir və enerji sektoruna xarici investisiyaların cəlb edilməsi şərtlərini sadələşdirir.

Tamilla MƏMMƏDOVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?