13 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kamal Bayramov: “Özümə güvənir və qalib gələcəyimə inanırdım” UĞUR YOLU

Artıq ikinci ildir ki, İqtisadiyyat Nazirliyi öz əməkdaşlarının potensialından səmərəli istifadə etmək, onların hərtərəfli inkişafı, peşə bacarıqlarının artırılması, yeni nəsil idarəçilərin hazırlanması və yüksək potensiallı əməkdaşlardan rəhbər vəzifələr üçün ehtiyat kadrlar bazasının formalaşdırılması məqsədilə “Uğur yolu” karyera inkişafı proqramını həyata keçirir.

Müsabiqə iştirakçıları seçim mərhələlərində qabiliyyət, sosial intellekt, idarəçilik potensialı testlərindən keçir, onlayn və əyani formada komanda daxilində biznes tapşırıqlarının həlli ilə bağlı müvafiq səriştələr üzrə qiymətləndirilir və təqdimatlarla çıxış edirlər. Bu il nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların müsabiqənin finalında iştirak edən 47 əməkdaşından 16 nəfəri "Uğur yolu" karyera inkişafı proqramının qalibi olub. Həmin qaliblərdən biri - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi vergi idarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin baş dövlət vergi müfəttişi Kamal Bayramov müsabiqə ilə bağlı təəssüratlarını “vergiler.az”la bölüşüb.

Kamal Bayramov bakalavr təhsilini Bakı Dövlət Universitetində Turizm və mədəni sosial servis ixtisası üzrə alıb. Hərbi xidməti basa vurduqdan sonra Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə (MBA proqramı) magistr təhsilinə yiyələnib. Əmək fəaliyyətinə 2013-cü ildən başlayıb, 2019-cu ilin iyun ayından isə Dövlət Vergi Xidmətində çalışır.

“Namizədlərin yüksək istedada malik olması mübarizənin gərgin keçəcəyini göstərirdi”

K.Bayramov deyir ki, birinci “Uğur yolu” müsabiqəsində iştirak edə bilməyib. Lakin ilk müsabiqənin qalibləri və finalçılarının özünüinkişaf yollarını gördükdən sonra ikinci müsabiqəyə qatılmaq qərarına gəlib.

“Mən müsabiqə başlayandan özümə güvənir və qalib gələcəyimə inanırdım” söyləyən qalib bildirir ki, bilik və bacarıqları yüksək olan, rəhbərlik xüsusiyyətlərini özündə daşıyan gənclərin müəyyən edilməsi, rəhbər vəzifələr üçün dayanıqlı və güclü kardların hazırlanması İqtisadiyyat Nazirliyi və onun qurumları üçün çox böyük əhəmiyyət kəsb edir. “Uğur yolu” müsabiqəsi qeyd olunan xüsusiyyətlərə malik gənclərin özlərini daha yaxşı göstərə bilməsi üçün bir şansdır: “Bu müsabiqə gənc kadrlar üçün karyera inkişafında açılmış bir qapıdır. Bu qapıdan içəriyə bir addım atmış gənc əməkdaş gələcək özünüinkişaf yolunda daha etibarlı və əmin addımlarla irəliləmək imkanı əldə edir. Mən yeni bilik və bacarıqlara yiyələnərək karyera pillələrində yüksəlməyi qarşıma məqsəd qoymuşam. Müsabiqənin qalibləri və finalçıları üçün təşkil olunacaq seminarlar, təlimlər, özünüinkişaf proqramları sayəsində idarəetmə və menecerlik sahəsi üzrə lazımlı biliklərə yiyələnəcəyimə, bu istiqamətdə bacarıqlarımı daha da inkişaf etdirəcəyimə inanıram. Mentorluq proqramında iştirak etmək, karyeramızda çatmaq istədiyimiz pillələrdə olan rəhbər şəxslərin təcrübəsindən yararlanmaq əvəzolunmaz bir təcrübə olacaq”.

Bu müsabiqə gənc kadrlar üçün karyera inkişafında açılmış bir qapıdır.
Bu qapıdan içəriyə bir addım atmış gənc əməkdaş gələcək özünüinkişaf
yolunda daha etibarlı və əmin addımlarla irəliləmək imkanı əldə edir.

Müsabiqənin ilkin seçim, yarımfinal və final olaraq üç mərhələdən ibarət olduğunu xatırladan K.Bayramovun sözlərinə görə, ilkin seçim mərhələsində namizədlərdən daha çox çevik hesablama və ümumi dünyagörüşü tələb olunurdusa, yarımfinal və final mərhələlərində qarşıya çıxan problemlərin effektiv həlli yollarının araşdırılması istiqamətində riyazi, məntiqi biliklərinin, strateji və dərin düşünmə bacarıqlarının olması tələb olunurdu. Ona görə də qalib olmaq üçün bilik və bacarıqların hər birinin ayrılıqda olması zəruridir: “İqtisadiyyat Nazirliyində və onun qurumlarında çalışan əməkdaşların yüksək təhsil, bilik və istedada malik olduqları hər kəsə bəllidir. Bu da müsabiqənin rahat keçməyəcəyini, rəqabətin yüksək olacağını və qaliblik uğrunda mübarizənin gərgin keçəcəyini göstərirdi”.

Müsabiqə mənim fərdi və komanda şəklində işləyə bilmə bacarıqlarımı,
strateji düşünmə, riyazi və məntiqi biliklərimi göstərməyim üçün gözəl imkan
yaratdı. Hər kəsdə olduğu kimi, məndə də zəif olan məqamlar var idi.

“Uğur yolu”nun hər bir iştirakçısı özünü yenidən kəşf edir”

“Uğur yolu”nun qalibi bildirir ki, bu müsabiqədə iştirak edən hər bir iştirakçı özünün güclü və zəif tərəflərini aşkara çıxarır, başqa cür ifadə etsək, özünü yenidən kəşf edir: “Müsabiqə mənim fərdi və komanda şəklində işləyə bilmə bacarıqlarımı, strateji düşünmə, riyazi və məntiqi biliklərimi göstərməyim üçün gözəl imkan yaratdı. Hər kəsdə olduğu kimi, məndə də zəif olan məqamlar var idi. Filan mərhələsində beynəlxalq təcrübənin önəmini və bu sahədə biliklərimin artırılması zərurətinin olduğunu hiss etdim. Lakin fikirləşirəm ki, gələcək təlimlər, seminarlar bu arzuolunmaz zəif tərəflərin aradan qaldırılmasına kömək edəcək”.

Müsabiqənin hər bir mərhələsinin olduqca önəmli və məsuliyyətli olduğunu düşünən K.Bayramov hesab edir ki, “Uğur yolu”nun hər sonrakı mərhələsi çətinlik səviyyəsinə görə əvvəlkindən fərqlənirdi.
Müsabiqə iştirakçısı “Uğur yolu”nun qiymətləndirmə meyarlarının da tam obyektiv və qərəzsiz olduğunu söyləyir: “Final və yarımfinal mərhələlərində iştirakçıların bir neçə nəfər tərəfindən ayrı-ayrılıqda qiymətləndirilməsi qərarvermədə vacib məqamlardan idi. Müsabiqənin təşkilatçılığının yüksək səviyyədə olması da heç kəsin gözündən yayınmadı. Buna görə “Uğur yolu” komandasına öz təşəkkürümü bildirirəm. İnanıram ki, “Uğur yolu” komandası hər il inkişaf edərək səviyyəsini daha da yüksəldəcək”.

K.Bayramov hər kəsi keçiriləcək yeni müsabiqələrdə iştirak etməyə dəvət edir: “Hər bir əməkdaş bu müsabiqədə iştirak edərək özünün güclü və zəif tərəflərini üzə çıxara, karyera yolları, həyat təcrübəsi üçün gərəkli olan bilik və bacarıqlara yiyələnə bilər. Gənclər özlərinə güvənsinlər, bəlkə də bu müsabiqə onların gələcək yüksək karyera planlarının bir pilləsi oldu”.

İlhamə İSABALAYEVA

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?