8 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Adil Rəfili: "Uğur yolu”nda iştirak etdikdən sonra qaliblərin özünə inamı daha da artdı" UĞUR YOLU

Artıq ikinci ildir ki, İqtisadiyyat Nazirliyi öz əməkdaşlarının potensialından səmərəli istifadə etmək, onların hərtərəfli inkişafı, peşə bacarıqlarının artırılması, yeni nəsil idarəçilərin hazırlanması və yüksək potensiallı əməkdaşlardan rəhbər vəzifələr üçün ehtiyat kadrlar bazasının formalaşdırılması məqsədilə “Uğur yolu” karyera inkişafı proqramını həyata keçirir.

Müsabiqə iştirakçıları seçim mərhələlərində qabiliyyət, sosial intellekt, idarəçilik potensialı testlərindən keçir, onlayn və əyani formada komanda daxilində biznes tapşırıqlarının həlli ilə bağlı müvafiq səriştələr üzrə qiymətləndirilir və təqdimatlarla çıxış edirlər. Bu il nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların müsabiqənin finalında iştirak edən 47 əməkdaşından 16 nəfəri "Uğur yolu" karyera inkişafı proqramının qalibi olub. Həmin qaliblərdən biri - İqtisadiyyat Nazirliyinin Dövlət investisiya layihələrinin monitorinqi şöbəsinin Normativ-medodiki təminat və icmal sektorunun məsləhətçisi Adil Rəfili müsabiqə ilə bağlı təəssüratlarını “vergiler.az”ın oxucuları ilə bölüşüb.

A.Rəfili 2010-cu ildə 695 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Menecment ixtisasına daxil olub. Bakalavriat səviyyəsi üzrə təhsil aldığı 2010-2014-cü illər ərzində Prezident təqaüdçüsü olub. Magistr təhsilini “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində İngiltərənin Birmingem Universitetində Maliyyə menecmenti ixtisası üzrə alıb. Hazırda İqtisadiyyat Nazirliyində çalışmaqla yanaşı, Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes Məktəbində Korporativ maliyyə fənnini tədris edir.

“İdarəetmə qabilliyyətimin yüksək olduğuna hər zaman inanmışam”

“Uğur yolu”na özünə güvənərək qoşulan A.Rəfili “Bu müsabiqədə iştirak etməyə başladıqda bütün mərhələlərdən keçərək qalib olacağımı düşünürdüm. Əmək fəaliyyəti ilə məşğul olduğum yerlərdə də idarəetmə qabilliyyətimin yüksək olduğuna hər zaman inanmışam. Ətrafımdakı insanlar da belə qabiliyyətimin olduğunu mənə söyləyirdilər”,- deyir.

Qalibin sözlərinə görə, bu müsabiqə nəticəsində iştirakçılar ümumi idarəetmə qabiliyyətlərinin ayrı-ayrılıqda hansı hissələrinin özlərində olub-olmadığını müəyyən edirlər. O da müsabiqədə iştirak edərkən xüsusilə kommunikasiya və strateji düşüncə istiqamətləri üzrə özündə daha çox potensialın olduğunu üzə çıxarıb.

A.Rəfili bildirir ki, bu müsabiqədə iştirak etdikdən sonra qaliblərin özünə inamı daha da artdı.

Bu müsabiqədə iştirak etməyə başladıqda bütün
mərhələlərdən keçərək qalib olacağımı düşünürdüm.

“Müsabiqə karyeramın bundan sonrakı mərhələsində də çox mühüm rol oynayacaq”

“Uğur yolu”nun qaliblər üçün böyük imkanlar yaratdığını vurğulayan müsahibimiz bildirir ki, müsabiqə onun bilik və bacarıqlarının yoxlanılmasında, zəif və güclü tərəflərinin müəyyən olunmasında çox mühüm rol oynayıb: “Bu müsabiqənin karyeramın bundan sonrakı mərhələsində də çox mühüm rol oynayacağını istisna etmirəm. Xüsusilə mentorluq proqramı bizə çox böyük təcrübə qazandıracaq, bilik və bacarıqlarımızı daha da genişləndirəcək. Mentor olan şəxslərin təcrübəsi bizə mövcud olan bilik və bacarıqlarımızın real iş prosesinə tətbiqi üçün çox yaxşı yol göstərəcək. İqtisadiyyat Nazirliyi tərəfindən təşkil olunan müxtəlif treninq və seminarlar şəxsi inkişafımıza çox kömək edəcək. Müsabiqədə iştirak etmək bizə nazirliyin müxtəlif strukturlarında çalışan əməkdaşlarla tanış olmağımıza imkan verməklə yanaşı, gələcəkdə çox potensiallı gənclər ilə fikir mübadiləsi aparmağımıza da səbəb olacaq”.

Mentor olan şəxslərin təcrübəsi bizə mövcud olan bilik və
bacarıqlarımızın real iş prosesinə tətbiqi üçün çox yaxşı yol göstərəcək.

“Yüksək potensiallı gənclər arasında fərqlənmək çox çətin idi”

“Uğur yolu” müsabiqəsində rəqabətliliyin çox yüksək səviyyədə olduğunu deyən A.Rəfilinin sözlərinə görə, yarışmada iştirak edən hər kəsin fikri bir-birindən fərqlənirdi və ən əsası, hamı öz fikrini güclü arqumentlərlə ortaya qoyurdu. Bu da iştirakçıların çox yüksək bilik və bacarıqlara sahib olmasının göstəricisi idi: “Müsabiqənin ilk mərhələlərində namizədlərin məntiqi təfəkkürü və dünyagörüşü, sonrakı mərhələlərdə idarəetmə bacarıqları sınanılırdı. İdarəetmə bacarıqları dedikdə, buna namizədin komandada iş, kommunikasiya, strateji düşüncə, nəticələrə yönəlmə və s. bacarıqları aiddir. Müsabiqənin ən çətin və daha məsuliyyətli mərhələsi, mənim fikrimcə, final idi. Mövcud “keys”lərdə iştirak etmək, özünü orada göstərmək, yüksək potensiallı gənclər arasında fərqlənmək çox çətin idi. Finalın ikinci günü rəhbərlik qarşısında təqdimatlar etmək isə bu mərhələni iştirakçılar üçün daha məsuliyyətli edirdi. Amma bütün bunlara baxmayaraq, mən heç düşünmədən hər kəsə bu müsabiqədə iştirak etməyi tövsiyə edirəm. Qalib olmasanız belə, bu müsabiqə sizə güclü və zəif tərəflərinizi göstərəcək. Müsabiqədə iştirak etməklə siz həm də yeni məlumatlar əldə etmiş olacaqsınız”.

İlhamə İSABALAYEVA

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?