Elmar Mirsalayev: “İcbari sığortadan faydalanmayan çox sayda daşınmaz əmlak mövcuddur” MÜSAHİBƏ
Maliyyə sahəsində çeviklik və rəqabətqabiliyyətliliyin təmin edilməsi baxımından sığorta bazarının da davamlı inkişafı mühüm əhəmiyyət kəsb edir. Bazar iştirakçıları üçün əlverişli mühitin formalaşdırılması, şirkətlərin dayanıqlı mövqeyə sahib olması, kapitallaşması, müştərilərin hüquqlarının müdafiəsi üzrə etibarlı mexanizmlərin yaradılması, idarəetmənin təkmilləşdirilməsi və s. Azərbaycanda sığorta bazarının inkişafı üçün əsas hədəflər olaraq müəyyən edilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev “vergiler.az”a ölkəmizin sığorta bazarının mövcud vəziyyəti ilə bağlı müsahibə verib.
- Azərbaycanın mövcud sığorta bazarını, eləcə də bu bazardakı aktivliyi necə dəyərləndirmək olar?
- İlk olaraq qeyd etmək istəyirəm ki, bu gün Azərbaycanın sığorta sektoru yeni inkişaf mərhələsindədir. Bildiyiniz kimi, ötən il yerli sığorta bazarı yığımlar üzrə 843 milyon manatla rekordu təzələyərək 16% böyüməyə nail oldu. Bu, sığorta bazarının stabil davamlı böyümə trendini təmin etdiyinə əyani bir sübutdur. Heç şübhəsiz ki, müvafiq artım tendensiyasının 2022-ci ildə də davam edəcəyi gözlənilirdi və bu baş verdi. Azərbaycan Mərkəzi Bankının yanvar-avqust ayları üzrə açıqladığı sığorta icmalına nəzər salsaq, görərik ki, hesabat dövrü ərzində sığorta yığımları 74.4 milyon manat artaraq 654.9 milyon manat təşkil edib. Maraqlı və sevindirici haldır ki, müvafiq dövr ərzində sığorta yığımlarının təmin edilməsində icbari sığorta növləri ilə yanaşı, könüllü növlər də aktiv rol oynayıb.
Cari ilin yanvar-avqust aylarında həyata keçirilən sığorta ödənişlərində isə 56.2 milyon manat azalma qeydə alınıb. Əslində bu da sevindirici haldır. Çünki bu rəqəm onun göstəricisidir ki, sığortalı predmetlərdə hadisələrin sayı azalıb, yəni sığortalılar həm sığorta, həm də qarşısıalınma tədbirləri haqqında artıq daha bilgilidirlər.
- Son illər ərzində Azərbaycan sığorta bazarının hansı istiqamətləri daha çox inkişaf edir?
- Hər bir ölkədə olduğu kimi bu gün Azərbaycanda da icbari sığorta növləri sığorta bazarı üçün drayver rolunu oynayır. Çünki potensial sığortalılar sığorta ilə məhz icbari sığorta vasitəsilə tanış olurlar. Əminliklə qeyd edə bilərəm ki, bu gün Azərbaycan Mərkəzi Bankının sığorta sektorunun inkişafı istiqamətində həyata keçirdiyi məqsədyönlü və uğurlu fəaliyyət nəticəsində icbari sığorta istiqaməti üzrə nəzarət və təkmilləşdirmə işləri intensiv olaraq həyata keçirilir.
Azərbaycan Mərkəzi Bankının yanvar-avqust ayları üzrə açıqladığı sığorta
icmalına nəzər salsaq, görərik ki, hesabat dövrü ərzində sığorta yığımları
74.4 milyon manat artaraq 654.9 milyon manat təşkil edib. Maraqlı və sevindirici
haldır ki, müvafiq dövr ərzində sığorta yığımlarının təmin edilməsində
icbari sığorta növləri ilə yanaşı, könüllü növlər də aktiv rol oynayıb.
Digər tərəfdən, könüllü sığorta növləri say etibarilə sığorta bazarında çoxluq təşkil edir və dövri hesabatlarda yığımlar üzrə ciddi paya sahibdir. Bu baxımdan qeyd edə bilərəm ki, könüllü sığortaların geniş sığortalı trayektoriyasında yayılması bu gün sığorta şirkətlərinin həyata keçirdiyi uğurlu məhsul strategiyasından bilavasitə asılıdır.
Bu iki məqamı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, real vəziyyətdə ölkəmizdə sığortanın bütün istiqamətləri kompleks inkişafa yönəlib.
“Sığorta bazarının başlıca problemi sığortalıların kifayət qədər məlumata sahib olmamasıdır”
- Hansı xidmətlərin sığortası üçün daha çox və ya daha az müraciətlər edilir?
- Bir az əvvəl haqqında danışdığım yanvar-avqust aylarını əhatə edən sığorta icmalına nəzər salsaq, görürük ki, yığımlarında artım qeydə alınan, əsasən, “Həyatın yaşam sığortası” (75.6 milyon manat artım), “Könüllü tibbi sığorta” (9.4 milyon manat artım), “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” (6 milyon manat artım), “Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası” (5 milyon manat artım), “Daşınmaz əmlakın icbari sığortası” (3 milyon manat artım), “Kasko” sığorta (1 milyon manat artım) və “Xaricə səfər edən vətəndaşların sığortası” (2 dəfəyə yaxın artım) növləridir.
Daha az yığıma sahib sığorta növlərini isə daha az populyar növlər olaraq təqdim edə bilərik. Bunlar indiki dövr üçün “Dəmiryol nəqliyyatı vasitələrinin sığortası”, “Pul və pul sənədlərinin saxtalaşdırılmasından sığorta”, “Su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası”, “Yük daşıyanın mülki məsuliyyətinin sığortası”, “Dəmiryol nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası”, “Mülki hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası” növləridir.
Bu gün yerli sığorta bazarının başlıca problemi mövcud və potensial sığortalıların
sığorta xidmətləri və risk fərqindəliyi ilə bağlı kifayət qədər məlumata sahib olmamasıdır.
- Hazırda Azərbaycanda sığorta bazarındakı ən əsas problem nədir və onun aradan qaldırılması üçün hansı işlər görülür?
- Qeyd etmək istəyirəm ki, ölkəmizdə sığorta fəaliyyəti istiqamətləri əsas iki qanunla – 2007-ci ildə qəbul edilmiş “Sığorta fəaliyyəti haqqında” və 2011-ci ildə qəbul edilmiş “İcbari sığortalar haqqında” qanunlarla tənzimlənir. Qeyd etdiyim qanunlara müxtəlif dövrlərdə bazar reallıqlarına uyğun müvafiq düzəlişlər edilib və qanunvericiliyin mövcud dövrlərə uyğun təkmilləşdirilməsi bu gün də davam etməkdədir. Hesab edirəm ki, bu gün Azərbaycan sığorta sektoru fundamental əsasları özündə əks etdirən qanunverici bazaya malikdir.
Bu gün yerli sığorta bazarının başlıca problemi mövcud və potensial sığortalıların sığorta xidmətləri və risk fərqindəliyi ilə bağlı kifayət qədər məlumata sahib olmamasıdır. Biz sığorta bazarı iştirakçıları olaraq bu istiqamətdə artıq əsaslı tədbirlər görməyə başlamışıq. Belə ki, 2020-ci ildə Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum imzalanıb. Artıq 2021-ci ildən qeyd olunan memorandumdakı 3 tərəf və sığorta şirkətləri ümumrespublika səviyyəsində sığorta maarifləndirməsi layihəsini icra edir. Layihə 2021-2023-cü illəri əhatə edir. Layihənin ilk mərhələsini artıq ötən il başa çatdırdıq. 3 ili əhatə edən bu maarifləndirmə layihəsinin ilk mərhələsi əhalidə sığorta fərqindəliyinin formalaşdırılmasına istiqamətlənmişdi. Sığorta maarifləndirməsi layihəsinin ilk mərhələsi öz uğurlu nəticəsini sığorta yığımlarında da göstərdi. Belə ki, bir az əvvəl qeyd etdiyim kimi, 2021-ci ildə yerli sığorta bazarı 16% böyüdü və sığorta sektorunun ÜDM-dəki payı 1%-ə yüksəldi. Hazırda layihənin 2-ci mərhələsini icra etməkdəyik. Bu mərhələ əhalidə sığorta sinifləri haqqında məlumatın formalaşdırılmasına yönəlib. İkinci mərhələnin ilk hissəsi əsasən “Daşınmaz əmlakın icbari sığortası” növünə həsr olunmuşdu. Növbəti hissədə isə əhalidə ”Kasko” sığorta növü haqqında məlumatlılıq təmin olunur. Layihənin 2023-cü ilə təsadüf edəcək son mərhələsində isə vətəndaşlarımıza ümumi sığorta xidmətləri və sığorta davranışları ilə bağlı məlumatlar təqdim olunacaq. Hesab edirəm ki, bu maarifləndirmə layihəsi orta və uzunmüddətli perspektiv üçün hesablandığına görə qarşıdakı illərdə əhalidə sığorta vərdişlərinin daha aktiv formalaşmasının şahidi olacağıq.
“Sığortalanmamış daşınmaz əmlaklar da sığortaya cəlb olunacaq”
- Daşınmaz əmlakın icbari sığortasına görə cərimələrin tətbiqi daşınmaz əmlakın icbari sığortası bazarına necə təsir edib?
- İlk olaraq onu qeyd etmək istəyirəm ki, ölkəmizdə daşınmaz əmlakın icbari sığortası ilə bağlı proseslər 2011-ci ildə qəbul edilmiş “İcbari sığortalar haqqında” qanunla tənzimlənir. Adıçəkilən növün icbariliyinin tələb etdiyi cərimələr də məhz həmin tarixdən etibarən tətbiq edilir. Xatırladım ki, müvafiq cərimələr İnzibati Xətalar Məcəlləsinin 469.1.-ci maddəsinə əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər üçün 30, vəzifəli şəxslər üçün 80, hüquqi şəxslər üçün isə 200 manat məbləğində müəyyən olunub. Lakin cərimələr müəyyən edilmiş olsa da, hazırda bu cərimələrin tətbiqi üçün hər hansı bir mexanizm yoxdur. Doğrudur, cərimə mexanizmi olmadığı təqdirdə növ üzrə stabil böyümə trendinin təmin olunması bizi sevindirir. Lakin məlumat olaraq bildirmək istəyirəm ki, ölkəmizdə sığorta sektoruna nəzarətedici orqan olan Azərbaycan Mərkəzi Bankı tərəfindən daşınmaz əmlakın icbari sığortasının elektronlaşması ilə bağlı ciddi tədbirlər görülür. Bu da onu deməyə əsas verir ki, haqqında danışdığımız növün nüfuzetmə arealı daha da genişlənəcək və sığortalanmamış daşınmaz əmlaklar da sığortaya cəlb olunacaq.
Hesab edirəm ki, növbəti dövrlərdə sığortalı davranışlarından asılı olaraq
və ya zamanın yaradacığı tələbə uyğun yeni icbari növlər nəzərdə tutula və
müzakirə edilə bilər. Lakin indiki dövr üçün yeni icbari növlərin bazara
çıxarılması gündəliyimizdə duran prioritetlər sırasında yer almır.
- Sizcə, icbari sığortanın əhatə dairəsinin genişlənməsinə ehtiyac var? Əgər varsa, daha hansı sahələrdə bu sığorta növündən istifadə edilməlidir?
- Hər bir xidmət sahəsində olduğu kimi sığorta sektorunda da tələb-təklif faktoru vacib rol oynayır. Biz sığorta bazarı iştirakçıları olaraq hazırda mövcud icbari növlərin əhatəliliyinin, yəni penetrasiyasının artırılması ilə bağlı tədbirlər görürük. Bu, istər maarifləndirmə, istərsə də elektronlaşma və təkmilləşdirmə ilə bağlı olan islahatlardır.
Hesab edirəm ki, növbəti dövrlərdə sığortalı davranışlarından asılı olaraq və ya zamanın yaradacığı tələbə uyğun yeni icbari növlər nəzərdə tutula və müzakirə edilə bilər. Lakin indiki dövr üçün yeni icbari növlərin bazara çıxarılması gündəliyimizdə duran prioritetlər sırasında yer almır.
“İlk mərhələdə sənədli, amma icbari sığortadan faydalanmayan əmlaklar sığortaya cəlb ediləcək”
- Sənədsiz evlərin mövcudluğu daşınmaz əmlakın icbari sığortası bazarına necə təsir göstərir? Sizcə, hazırkı vəziyyətdə bu problemdən çıxış yolu nədədir?
- Daşınmaz əmlakın icbari sığortasında uzun müddətdir ki, boşluq olaraq qalan məsələ, yəni növün elektronlaşması artıq həllini tapmaq üzrədir, bu istiqamətdə ilkin addımlar atılıb. Bu addım ölkəmizdə mövcud olan daşınmaz əmlakların sığortaya cəlb edilməsini sürətləndirəcək. Çünki indiki məqamda haqqında danışdığımız sığorta növü icbari olsa da və növ üzrə yığımlarda stabil artım trendi təmin edilsə də, mövcud penetrasiyanı qənaətbəxş hesab etmirik. Çünki bu gün ölkəmizdə çox sayda sənədli, amma icbari sığortadan faydalanmayan daşınmaz əmlak mövcuddur. İlk mərhələdə həmin əmlakların sığortaya cəlb edilməsi təmin ediləcək. Növbəti mərhələdə isə sənədsiz evlərin qeydiyyat və sənədləşdirilməsi ilə bağlı proseslərə nəzarət edən aidiyyəti qurumlar bu istiqamətdə müvafiq addımlar atdıqdan sonra həmin daşınmaz əmlaklar da elektronlaşmanın gətirdiyi üstünlüklə avtomatik olaraq icbari sığortaya cəlb edilmiş olacaq.
- Sizcə, bazarda fəaliyyət göstərən sığorta şirkətlərinin hamısının nizamnamə kapitalının həcmi yetərli qədərdirmi? Ümumiyyətlə, sığorta şirkətlərinin kapital tələbi ilə bağlı vəziyyəti necə qiymətləndirmək olar?
- Mərkəzi Bank ölkəmizdə fəaliyyət göstərən sığorta şirkətlərinin maliyyə dayanıqlığını mütəmadi olaraq nəzarətdə saxlayır. Bu istiqamətdə müəyyən neqativ hallar müşahidə edilərsə, qanunvericiliyə müvafiq şəkildə tədbirlər həyata keçirilir. Bu gün Azərbaycan sığorta sektoruna nəzarətedici orqan olan Mərkəzi Bankın fikrinə əsaslanaraq deyə bilərəm ki, ölkəmizdə fəaliyyət göstərən sığorta şirkətlərinin maliyyə vəziyyəti qənaətbəxşdir.
İlhamə İSABALAYEVA