Ceyhun Məhərrəmli: “Komandanın uğuru üçün məsuliyyəti öz üzərimə götürməyi bacarıram” UĞUR YOLU
Artıq ikinci ildir ki, İqtisadiyyat Nazirliyi öz əməkdaşlarının potensialından səmərəli istifadə etmək, onların hərtərəfli inkişafı, peşə bacarıqlarının artırılması, yeni nəsil idarəçilərin hazırlanması və yüksək potensiallı əməkdaşlardan rəhbər vəzifələr üçün ehtiyat kadrlar bazasının formalaşdırılması məqsədilə “Uğur yolu” karyera inkişafı proqramını həyata keçirir. Müsabiqə iştirakçıları seçim mərhələlərində qabiliyyət, sosial intellekt, idarəçilik potensialı testlərindən keçir, onlayn və əyani formada komanda daxilində biznes tapşırıqlarının həlli ilə bağlı müvafiq səriştələr üzrə qiymətləndirilir və təqdimatlarla çıxış edirlər. Bu il nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların müsabiqənin finalında iştirak edən 47 əməkdaşından 16 nəfəri "Uğur yolu" karyera inkişafı proqramının qalibi olub.
Həmin qaliblərdən biri - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Maliyyə və təminat departamentinin direktor müavini Ceyhun Məhərrəmli müsabiqə ilə bağlı təəssüratlarını “vergiler.az”la bölüşüb.
C.Məhərrəmli ADA Universitetində Biznesin idarə edilməsi ixtisası üzrə bakalavriat səviyyəsini və Fransanın İESEG Menecmentlik Məktəbinin mübadilə proqramını bitirib. 2021-ci ildən ACCA-nın (İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) üzvüdür. Həmin ilin dekabr ayından İqtisadiyyat Nazirliyində çalışmağa başlayıb.
Keçənilki qaliblərin keçdiyi təlimlər məni bu yarışmaya qatılmağa həvəsləndirdi
C.Məhərrəmlinin sözlərinə görə, “Uğur yolu” müsabiqəsi müxtəlif alətlərdən istifadə edərək fərdin öz bacarıqlarını daha böyük müstəvidə göstərə bilməsinə yardım edir. İştirakçıların əldə etdikləri bütün səriştə və biliklər müsabiqə zamanı real komanda, rəqabət və vaxt məhdudiyyəti mühitində qiymətləndirilir. Qiymətləndirmədə rəhbər şəxslərin iştirakı namizədləri daha yaxından tanımağa, onların bilik və bacarıqlarından müxtəlif istiqamətlər üzrə daha səmərəli istifadə etməyə zəmin yaradır: “Keçənilki qaliblərin keçdiyi təlimlər və iştirak etdiyi layihələr məni bu yarışmaya qatılmağa həvəsləndirdi. Builki qaliblər də onlar kimi müxtəlif təlimlər və mentorluq proqramlarında iştirak edəcəklər. Bu, bizə nisbətən zəif olan tərəflərimizin fərqinə varmağa və onları inkişaf etdirməyə kömək göstərəcək. Kadr ehtiyatı bazasına daxil olduqdan sonra İqtisadiyyat Nazirliyinin müxtəlif bölmələrində yaranan vakansiyalar üzrə üstünlüyün bizə veriləcəyini gözləyirik”.
C.Məhərrəmlinin sözlərinə görə, “Uğur yolu” müsabiqəsi müxtəlif alətlərdən istifadə
edərək fərdin öz bacarıqlarını daha böyük müstəvidə göstərə bilməsinə yardım edir.
Qalib deyir ki, təkcə final mərhələsində deyil, ondan əvvəlki test və yarımfinal mərhələlərində də rəqabət kifayət qədər güclü idi. Namizədlər yarımfinal və finalda masa arxasında tapşırıqları icra edərkən artıq özləri necə nəticə göstərdiklərini, təqribi olaraq, müəyyən edə bilirdilər. Yarışın fasilələrində isə iştirakçılar digər masalardakı iştirakçılarla biznes həlləri müzakirə edərək öz çıxışlarını təhlil edirdilər: ”Müsabiqənin ən çətin mərhələsi finalda İqtisadiyyat Nazirliyinin rəhbərliyinə komanda şəklində təqdimatın hazırlanması idi. Təqdimatın məzmun və forması çox diqqətlə tərtib edilməli idi ki, belə bir təqdimatın hazırlanması üçün də, adətən, günlərlə vaxt tələb olunur. Bizim isə həm təqdimatı, həm də mətni hazırlayıb məşq etmək üçün yarım gün vaxtımız var idi. Bu işdə bizə təcrübəli mütəxəssislər istiqamət verirdi. Düşünürəm ki, öhdəsindən layiqincə gələ bildik”.
C.Məhərrəmli əlavə edir ki, komanda üzvlərinin lazımi vaxtda düzgün istiqamətləndirilməsi ümumi komanda işinə töhfə verib.
“Zaman məhdudiyyətinin olması bizi vaxtdan səmərəli istifadə etməyə sövq edirdi”
“Müsabiqənin gedişatı zamanı özüm üçün bunu da aydınlaşdırdım ki, komandanın uğuru üçün lazım gəldikdə məsuliyyəti öz üzərimə götürməyi bacarıram”, - deyən qalib əlavə edir ki, müsabiqədə verilən tapşırıqlar bir çox istiqamətləri - strategiya qurma, real biznes problemləri, layihələrin və əməkdaşların idarəolunması, kommunikasiya və koordinasiya, ətraf mühit, yeni texnologiyalar və innovasiyaların tətbiqi və s. üzrə idi: “Tapşırıqların bəziləri asan, bəziləri orta, bəziləri isə çətin hesab olunurdu. Hər tapşırıq üçün zaman məhdudiyyətinin olması bizi həm də vaxtdan səmərəli istifadə etməyə sövq edirdi. Namizədlər arasında ayrı-ayrılıqda rəqabət mövcud olsa da, ümumi komandanın fəaliyyətinin qənaətbəxş hesab olunmasından ötrü bütün namizədlərin uğurlu iştirakı və vahid nəticəyə gəlməsi tələb olunurdu. Namizədlər başa düşürdülər ki, həllin səhv olması bütün komanda üzvlərinin zəif bal almasına gətirib çıxaracaq. Buna görə də üzvlərin yekun həll yolunu qəbul etməsi çox məsuliyyətli addım idi”.
“Bəzi hallarda siz təqdimatı texniki olaraq hazırlamalı, bəzən isə yeni
ideyalar ortaya qoymalı olacaqsınız. Daha yaxşı olardı ki, tapşırıqları
seçərkən müxtəlif ekspertlərlə məsləhətləşərək qərar verəsiniz. Hər bir
tapşırığı həll edərkən rolları rotasiya etməyiniz çox vacibdir”.
Təkliflərin böyük auditoriya tərəfindən necə qəbul ediləcəyi nəzərə alınmalıdır
C.Məhərrəmli “Uğur yolu”nun gələcək iştirakçılarına tövsiyə edir ki, internetdə mövcud olan resurslardan istifadə edərək komanda tapşırıqlarını sınaq mühitində işləsinlər. Onun fikrincə, yarışmaya bu formada hazırlaşmaq daha yaxşı nəticələrin əldə edilməsinə yardım edər: “Bəzi hallarda siz təqdimatı texniki olaraq hazırlamalı, bəzən isə yeni ideyalar ortaya qoymalı olacaqsınız. Daha yaxşı olardı ki, tapşırıqları seçərkən müxtəlif ekspertlərlə məsləhətləşərək qərar verəsiniz. Hər bir tapşırığı həll edərkən rolları rotasiya etməyiniz çox vacibdir”.
C.Məhərrəmli qeyd edir ki, müsabiqədə iştirak edən namizədlər ümumi biliklər, məntiq, iqtisadi əsaslandırma, sosial intellekt, liderlik, komanda daxilində tapşırıqların həlli, fərdi təqdimatlar, ümumi dunyagörüşü, biznes həlləri istiqamətlərində səriştələrini artırmalı və səsləndirilən təklif, arqumentlərin böyük auditoriya tərəfindən necə qəbul ediləcəyini nəzərə almalıdırlar. Namizədlər bu sahədə biliklərini artırmaq üçün müxtəlif bilik yarışmalarında iştirak etməli, mütaliə ilə məşğul olmalı, komanda daxilində tapşırıqların həlli üçün mexanizm qurmalıdırlar. Komanda daxilində öz rolunu bilmək və onu verilən məlumatlara əsasən icra etmək tapşırığın həll yolunun düzgün olması imkanlarını bir az da artırır: “Burada bir məsələni də əlavə etmək istərdim. Qlobal dünya trendlərində fərdin qiymətləndirmə meyarlarından biri onun ani baş verən dəyişikliklərə hansı dərəcədə adaptasiya olmaq və unikal həllər tapmaq bacarığının mövcudluğudur. Bəzi tapşırıqların həllində yalnız verilən məlumatlarla kifayətlənmək balın itirilməsinə səbəb olur”.
C.Məhərrəmli yarımfinal və final mərhələləri ilə bağlı bəzi dəyişikliklərin edilməsini də arzulayır. Onun fikrincə, həmin mərhələlərdə ekspertlər müəyyən suallar verməklə komandanın verilən tapşırığı hansı dərəcədə həll edə bildiyini yoxlaya bilərlər.
İlhamə İSABALAYEVA